Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edildikdən sonra turizm işçiləri bu bayramı sentyabrın 29-da qeyd edirlər.
Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir. 2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.
Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.
İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib.
İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.
Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.
Qarşıdakı növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir.
Hədəf 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edilir ki, 2026-cı ildə cəmi turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır.
Bu ilin əvvəlində turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq, yeni Turizm qanunu qəbul edildi. Burada Turizm reyestri, mülki məsuliyyət sığortası, otellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapır. Bu da bütövlükdə, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduzların tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur.
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. 2019-cu ildə cənab Prezidentin tapşırığı ilə “Yanardağ” Dövlət Tarix–Mədəniyyət və Təbiət Qoruğunda əsaslı təmir, rekonstruksiya işləri aparıldı, müasir turizm infrastrukturu quruldu.
Daha sonra, ötən il dövlət başçısının iştirakı ilə Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimi keçirildi. Hazırda orada tikinti-quraşdırma işləri layihəyə uyğun şəkildə davam etdirilir. Bu il “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əsaslı yenidənqurma və bərpa işlərindən sonra turistlərin ixtiyarına verildi.
Qeyd etməliyəm ki, əlavə olaraq, bir sıra tarixi tikililərin əsaslı təmiri, abadlıq işlərinin aparılması və digər işlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixini qorumaqla turizm potensialını inkişaf etdirməyə yönəlib.
Digər bir qoruğun – Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyəti nəzərə alınaraq, oradakı evlərin təmir və bərpa işləri mərhələli şəkildə icra olundu. Bu ilin fevralında “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədini hazırlayaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısı üçün təşkilatın Dünya İrs komitəsinə təqdim edildi. Sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” qurumun Ümumdünya İrs Siyahısına daxil edildi. Ölkəmizin geniş, zəngin və çeşidli turizm potensialı bizə müxtəlif turizm məhsullarını formalaşdırmağa imkan yaradır. Azərbaycanın sahib olduğu çoxsaylı turizm imkanlarından yararlanaraq, mədəni, təbiət, sağlamlıq, əyləncə, qastronomiya və s. istiqamətlərdə maraqlı və fərqli məhsullar üzərində işlənilir.
Turizm sahəsində bir çox ölkələrlə əməkdaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın əsası kimi, müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlanılır.
Bundan əlavə, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Ölkəmiz bu mötəbər təşkilatın beynəlxalq tədbirlərinə artıq bir neçə dəfə evsahibliyi edib. Onu da vurğulamalıyıq ki, 2023–2027-ci illər üçün ÜTT-nin İcraiyyə Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyini irəli sürülüb.
Qürurla deyə bilərik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Dövlət Turizm Agentliyi qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.
Son iki il ərzində DTA tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib. Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunur. Bunlar mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir.
Həmçinin, artıq bir neçə layihənin icrasına başlanılıb. Bildiyiniz kimi, bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri oldu. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulub. Bundan əlavə, DTA tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.
Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur.
"Christie's” Beynəlxalq Evi noyabr ayında Nyu-Yorkda müasir incəsənət hərracı keçirəcək. Hərracda Klod Monenin indiyədək sərgilənməmiş tablosu satılacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, "Le bassin aux nympheas" ("Su zanbaqları ilə gölməçə") adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsi kolleksiyada saxlanılır. Rəsmin təxmini dəyəri ən azı 65 milyon dollardır.
Su zanbaqları Monetin (1840-1926) rəsmlərindəki məşhur mövzulardan biridir.
UNESCO-da Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında tarixi şəxsiyyət, mesenat Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO-nun “Görkəmli şəxslərin və əlamətdar hadisələrin Yubileylər Proqramı” çərçivəsində H.Z.Tağıyevin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunmuş fotosərgidə azərbaycanlı mesenatın həyat və fəaliyyətini, eləcə də Milli Tarix Muzeyinin eksponatlarını əks etdirən fotolar nümayiş olunub.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO Baş Direktorun Ofisində Gender Bərabərliyi bölməsinin direktoru Mariya Beqona Lasaqabaster, UNESCO yanında akkreditə olmuş səfirlər, daimi nümayəndələr, diplomatlar iştirak ediblər.
UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək böyük xeyriyyəçi, öz dövrünün maarifçisi H.Z.Tağıyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Fəxrlə adını çəkdiyimiz Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda maarif və mədəniyyət sahəsində xidmətlərini diqqətə çatdırıb.
Vurğulayıb ki, ölkəsində və onun hüdudlarından kənarda bir çox xeyriyyə cəmiyyətlərinin təməlini qoymuş H.Z.Tağıyev 1901-ci ildə Bakıda ilk qız məktəbinin əsasını qoyub. “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız", - deyən H.Z.Tağıyev gənclərin, xüsusilə də qızların maariflənməsinə böyük töhfələr verib. O, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və inkişafının təhsillə, maariflə bağlı olduğunu vurğulayaraq, xalqı işıqlı gələcəyə, tərəqqiyə çatdırmaq üçün çox sayda məktəb açmaq lazım olduğunu bildirib. Böyük mesenat insanların qəlbində təhsil rəmzi kimi əbədiləşib.
E.Abdullayev, həmçinin H.Z.Tağıyevin Azərbaycan mədəniyyətinin, mətbuatının, eləcə də neft sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb.
UNESCO Baş Direktorun Ofisində Gender Bərabərliyi bölməsinin direktoru Mariya Beqona Lasaqabaster qurumun Katibliyi adından salamlayaraq bildirib ki, təhsil UNESCO-nun əsas prioritetidir, UNESCO BMT-nin təhsil üzrə ixtisaslaşmış qurumudur və onun Təhsil Sektoru bu sahədə qlobal və regional səviyyələrdə liderliyi təmin edir, milli təhsil sistemlərini gücləndirir və gender bərabərliyi və Afrikaya xüsusi diqqət yetirməklə təhsil vasitəsilə cari qlobal çağırışlara cavab verir. Təhsil UNESCO-nun əsas prioritetidir, çünki o, fundamental insan hüququ və sülhün qurulması və davamlı inkişafın irəliləyişinin əsasıdır. Azərbaycanlı filantrop H.Z.Tağıyev hələ ötən əsrin əvvəllərində təhsilin vacibliyini, eləcə də cəmiyyətin inkişafında təhsilin böyük rolu olduğunu görüb. Böyük mesenat Azərbaycanda təhsilin, mədəniyyətin inkişafına böyük töhfələr verib. O, hələ ötən əsrin əvvəllərində müsəlman qadınlarının, ümumiyyətlə regionda qadınların maarifləndirilməsinə çalışıb. H.Z.Tağıyev qadınların inkişafına verdiyi önəm və töhfəsi ilə bizim hər birimizi ilhamlandırıb. Tağıyev təkcə qadınların maariflənməsinə deyil, həmçinin UNESCO-nun böyük əhəmiyyət verdiyi mədəniyyətin inkişafına da dəstək verib. Tağıyev məktəblərlə yanaşı, teatrların, mətbuatın inkişafında da böyük rol oynayıb. Bu gün H.Z.Tağıyevin anadan olmasının 200 illiyini qeyd edirik. Onun qaldırdığı və önəm verdiyi məsələlər hələ də gündəmin vacib məsələləridir. O, bir əsr əvvəl qadının təhsil almasının vacibliyini vurğulayıb. Bu gün də hər kəs bilir ki, qadının təhsil alması təkcə bir ailə üçün deyil, cəmiyyət üçün vacibdir”,-deyə M.B.Lasaqabaster vurğulayıb.
Sonra tədbir iştirakçıları fotosərgini ziyarət ediblər. Sərgilənən fotolar maraqla qarşılanıb.
Sərgi zalında H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx yayımlanıb. Sərgi sentyabrın 30-dək davam edəcək.
Azərbaycanda turizm sektorunun inkişafı və iqtisadi səmərəliliyinin artırılması prioritet istiqamətlərdəndir.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Turizm işçiləri günü münasibətilə bu sahənin təmsilçilərinə təbriklərimizi çatdırır və işlərində uğurlar arzulayırıq", - deyə o qeyd edib.
Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvanda külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın ixracı strateji hədəfdir.
Reportun Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu işlərin görülməsinə artıq başlanılıb və bu, Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün hazırlanan Konsepsiyada nəzərdə tutulub: "Fransanın "TotalEnergies" və "Nobel Energy" şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik. "Nobel Energy" şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Çexiyanın "Czech Engineering" şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Həmçinin Almaniyanın "Notus" şirkəti Naxçıvanda "yaşıl enerji" layihələri reallaşdırmaq niyyətindədir".
P. Şahbazov qeyd edib ki, ilkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir: "Göründüyü kimi Naxçıvanın "yaşıl enerji" potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Qarşıda yeni generasiya güclərinin Naxçıvanın enerji sisteminə inteqrasiyası ilə yanaşı, elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi məqsədilə yeni enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, tezlik tənzimlənməsi, habelə enerji sisteminin "Elektrik Enerjisi üzrə Avropa Ötürücü Sistem Operatorları Şəbəkəsi"nə (ENTSO-E) qoşulması ilə əlaqədar həlli vacib məsələlər dayanır. Bütün bunlar Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində əməkdaşlığımızın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən İşçi qrupları üçün yeni gündəlik müəyyənləşdirir".
Azərbaycan və Çin arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinə səfər zamanı sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə görüşdük. İki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Çin şirkətlərinin Azərbaycanda elm tutumlu istehsalat müəssisələri qurması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkil edilməsinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” mövzusunda həyata keçirdiyi birgə layihə üzrə 18 Azərbaycan bəstəkarının not məcmuələrinin təqdimat mərasimi keçirilib. Tədbir sentyabrın 28-də Milli Kitabxanada XV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov Milli Kitabxananın 2019-cu ildən bu günə kimi Azərbaycan musiqisinin dünyada təbliği istiqamətində aktiv şəkildə səmərəli fəaliyyət göstərdiyini qeyd edib, həmçinin Beynəlxalq Petruççi Musiqi Kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat verib. Qeyd edib ki, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruççi Musiqi Kitabxanasının saytında yerləşdirilib.
K.Tahirov bildirib ki, Azərbaycan bəstəkarlarının Sovet dövründə Bakıda nəşr olunan not məcmuələri yenidən çap olunur və yerli musiqi məktəblərinə göndərilir. Direktor Üzeyir Hacıbəylinin, Süleyman Ələsgərovun, Cövdət Hacıyevin və digər Azərbaycan bəstəkarlarının not məcmuələrinin Azərbaycan bəstəkarlarının arxivindən istifadə edilərək yenidən tərtib edilib nəşr olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb, eyni zamanda, Milli Kitabxananın 100 illik yubileyi ilə bağlı bir sıra layihələr həyata keçiriləcəyini, Azərbaycan bəstəkarları ilə bağlı fundamental biblioqrafiyaların nəşr olunduğunu və bu istiqamətdə nəşrlərə davam edildiyini deyib.
Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxışında belə bir festivalın əsas məqsədinin klassik musiqimizi geniş kütlələrə çatdırmaq olduğunu qeyd edib. O, Azərbaycan bəstəkarlarının əsərlərinin geniş miqyasda təbliğ olunmasında Milli Kitabxananın rolundan söz açaraq, bunun üçün başda Kərim Tahirov olmaqla kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib. Natiq, həmçinin Üzeyir Hacıbəylinin yeni (nadir) əlyazmalarının aşkar olunduğunu və yeni əsərlərin çap olunmasının vacibliyini vurğulayıb.
Xalq artisti, professor Ramiz Quliyev çıxışında Milli Kitabxanada keçirilən tədbirin milli musiqimizin öyrənilməsi və təbliği istiqamətindəki əhəmiyyətindən danışaraq, kitabın bilik, idrak mənbəyi olduğu söyləyib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ilk olaraq professor Kərim Tahirov başda olmaqla Milli Kitabxananın əməkdaşlarını 100 illik yubiley münasibətilə təbrik edib, nəşr olunan not əsərlərinin, biblioqrafiyaların önəmindən danışıb.
Xalq artisti Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov böyük bəstəkarların əsərlərini çap etdiyi üçün Milli Kitabxanaya babasının sənətinin qoruyucusu kimi təşəkkürünü bildirib.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov bir çox əsərlərin birinci dəfə nəşr olunduğunu söyləyib.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, not məcmuələrinin redaktoru, Xalq artisti Sərdar Fərəcov keçirilən bu tədbirin musiqi festivalını daha da gözəlləşdirdiyini qeyd edib, bu ənənə vasitəsilə heç vaxt çap olunmayan Azərbaycan bəstəkarlarının əsərlərinin işıq üzü gördüyünü diqqətə çatdırıb və bu istiqamətdə Milli Kitabxanaya uğurlar arzulayıb.
Sonda professor Kərim Tahirov nəşrlərin hazırlanmasında əməyi keçən kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsinin əməkdaşlarına və Xalq artisti Sərdar Fərəcova təşəkkürünü bildirib, gələcəkdə ayrı-ayrı bəstəkarların əsərlərinin toplularının, daha az çap olunanların nəşrinin həyata keçiriləcəyini, tədbirdə çıxış edənlər tərəfindən səsləndirilən bütün təkliflərin nəzərə alınacağını qeyd edib.
“Turizm Oskarı” kimi tanınan beynəlxalq “World Travel Awards” mükafatının təqdimatı mərasimi ilk dəfə olaraq Gürcüstanda keçiriləcək. Batumi sentyabrın 28-29-da bu nüfuzlu tədbirə ev sahibliyi edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Acariya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstanın Qara dəniz sahilində yerləşən bu şəhərində aparıcı turizm şirkətlərinin 300-dək nümayəndəsinin, eləcə də 20-dən artıq ölkənin biznes və dövlət müəssisələrinin iştirak edəcəyi turizm forumu təşkil olunacaq.
Sentyabrın 29-da keçiriləcək tədbirdə Avropanın aparıcı turizm istiqamətlərinin adları açıqlanacaq. “World Travel Awards” mükafatının nominasiyalarından birində Botanika bağı və Batumi bulvarı təmsil olunacaq.
Tədbiri populyar səyahət blogerləri və “Euronews”, “Wanderlust”, “Emerging Europe” və “EarthPix” kimi beynəlxalq KİV-lər işıqlandıracaq.
“World Travel Awards” mükafatı 1993-cü ildə təsis edilib və bu gün turizm sektorunun beynəlxalq tədbirlər təqvimində əhəmiyyətli yer tutur.
Bu brend turizm sənayesinin aparıcı subyektlərini, qərar qəbul edən şəxslərini, habelə reytinqli KİV (jurnal və qəzetlər, televiziya, radio, onlayn platformalar, sosial şəbəkələr və s.) nümayəndələrini birləşdirir. Mükafat ən yaxşı turizm istiqamətlərinə, otellərə, turizm agentliklərinə, turizm və istirahət məkanlarına, həmçinin dəniz, avtomobil, hava nəqliyyatı şirkətlərinə və ölkələrə təqdim olunur.
Azərbaycan Akademik Milli Dram Teatrında yeni tamaşalardan sayılan “Filumena Marturano” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.
Sentyabrın 30-da göstəriləcək səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında böyük alim, Dövlət mükafatları laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 95 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmış akademik haqqında kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Azad Mirzəcanzadənin həyatı, elmi və pedaqoji fəaliyyəti, ölkəmizin elminə, təhsilinə əvəzsiz töhfələri, neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair apardığı qiymətli tədqiqatlar haqqında məlumatlar təqdim edilir.
Materialda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə haqqında söylədikləri dəyərli fikirlər, alimin Ulu Öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunması haqqında məlumatlar da əks olunur.
Virtual sərgidə Azad Mirzəcanzadənin dünyanın bir çox dillərində çap olunmuş, müəllifi olduğu “Azad yaradıcılıq haqqında düşüncələr”, “Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları” və akademik haqqında yazılmış “Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni”, “Dünya neft elminin birincisi”, “Azərbaycanın tanınmış riyaziyyatçıları”, “Dahilərin ömür yolu” kimi kitabların biblioqrafik təsviri təqdim edilir.
“Azad Mirzəcanzadə - 95” adlı virtual kitab sərgisi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında https://ryl.az/multimedia/azerbaycanli-alim-akademik-azad-mirzecanzade yerləşdirilib.