Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatıb

    Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10 gün davam edən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı yaddaşlarda silinməz iz qoydu.

    AZƏRTAC xəbər verir ki, festivalın bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

    Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

    Bağlanış mərasimində almaniyalı dirijor Valentin Egelin rəhbərliyində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə solistlər Chloe Kiffer (violin, Fransa), Henri Demarquette (violonçel, Fransa) Aleksandr Mutuzkin (piano, ABŞ) çıxış etdilər.

    Proqramda L.V.Bethoven, K.Debüssi və F.Qarayevin əsərləri səsləndirildi.

    Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il keçirilən festival bu il də müxtəlif ölkələrdən tanınmış ifaçı və kollektivləri, dirijorları bir araya gətirdi. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur, Almaniya və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olundu. 15-ci festivalın ən əlamətdar hadisəsi isə açılış mərasiminin görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında nümayişi oldu. Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən “Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də rol almışdı.

    Xatırladaq ki, dahi Üzeyir bəyin doğum gününün (18 sentyabr) musiqi bayramı kimi qeyd edilməsi ənənəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.

    Beləliklə, ölkəmizin suverenliyinin tam bərpa olunduğu çox əlamətdar bir dönəmdə Üzeyir bəy soraqlı daha bir musiqi bayramı tarixə qovuşdu.

  • Azərbaycan və İsrail arasında Turizm üzrə İşçi Qrupu yaradılır

    Noyabrın 19-23-də Bakıda Azərbaycan və İsrailin turizm sektoru üzrə rəsmi şəxslərinin görüşü keçiriləcək.

    Reportun əldə etdiyi məlumata görə, görüşün məqsədi iki ölkə arasında Turizm üzrə İşçi Qrupunun təşkil edilməsidir.

    Artıq Dövlət Turizm Agentliyi bununla bağlı hazırlıqlara başlayıb. Görüş çərçivəsində xarici qonaqlar üçün Bakı-Abşeron və Bakı-Quba turları təşkil ediləcək.

  • Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu işinə başlayıb

    Bu gün Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçiriləcək.

    Reportun yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

    Daha sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Onun hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

    Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir çərçivəsində "enerji keçidi", "yaşıl enerji zonası", "Naxçıvanın yaşıl enerji potensialı" və digər mövzularda plenar sessiyaların keçirilməsi, Azərbaycan və Türkiyənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.

    Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

  • Azərbaycan və Çinin şəhərləri arasında birbaşa avaireyslər bərpa oluna bilər

    Azərbaycan və Çin iki ölkənin şəhərləri arasında birbaşa avaireyslərin bərpa olunmasını müzakirə edib.

    Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    "Çinə səfər çərçivəsində bu ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşdük. İki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması müzakirə olundu, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulandı", - deyə nazir qeyd edib.

    Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) vaxtilə Çinin paytaxtı Pekinə, eləcə də bu ölkənin Urumçi şəhərinə uçuşlar həyata keçirib.

  • Azərbaycanda 2-ci dəfə Ümumdünya Kosmos Həftəsi keçiriləcək

    Oktyabrın 4-10-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") təşkilatçılığı ilə Azərbaycanda 2-ci dəfə Ümumdünya Kosmos Həftəsi ("World Space Week") keçiriləcək.

    Report bu barədə “Azərkosmos”a istinadən xəbər verir.

    Məlumata görə, gəncləri kosmik sahəyə həvəsləndirmək, maarifləndirmək, innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin təşkil edilməsi planlaşdırılır.

    Xatırladaq ki, Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən başlayaraq hər il 4-10 oktyabrda keçirilir. 4 oktyabr (1957) Yerin ilk süni peyki “Sputnik-1”in orbitə çıxarıldığı gün, 10 oktyabr (1967) isə “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqavilənin imzalandığı tarixdir.

    Builki Kosmos Həftəsi Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi ilə eyni vaxta təsadüf edəcək. Buna görə Bakı konqresinə gələn qonaqlar ölkədə təşkil olunacaq tədbirlərdə fəal iştirak edə biləcəklər. "Azərkosmos" bu məqsədlə Kosmik Fond, Ümumdünya Kosmos Həftəsi Assosiasiyası, İtaliya Kosmik Agentliyi, “Leanspace” şirkəti, həmçinin yerli qurumlar­– nazirlik yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də universitetlərlə əməkdaşlıq edəcək.

    Həftə ərzində Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə, “Pitch Deck” master-klassı, panel müzakirələri, astronavtlar və kosmik sahə mütəxəssisləri ilə görüşlər təşkil olunacaq.

    Builki Ümumdünya Kosmos Həftəsi "Kosmos və sahibkarlıq" mövzusuna həsr olunub.

    Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. Həftə çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmos elminin təbliğinə dair müxtəlif tədbirlər keçirilir.

  • Milli Kitabxanada Anım Gününə həsr edilən tədbir keçirilib

    Azərbaycan Milli Kitabxanasında “27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Milli Kitabxananın direktoru, professor Kərim Tahirov üç il əvvəl sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın ayağa qalxaraq, canı, qanı bahasına torpaqlarımız uğrunda gedən haqq mübarizəsindən danışıb.

    Natiq öz çıxışında bir neçə gün əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən və əldə edilən möhtəşəm qələbədən söz açıb. O, Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də öz haqq işi uğrunda silaha sarıldığını, qəhrəman Azərbaycan oğullarının 30 il işğal altında qalan torpaqlarımızı azad etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Azərbaycan əsgərinin düşməndən fərqli olaraq, dinc əhaliyə qarşı humanist davrandığını, tezliklə hadisələrin bitəcəyini, xalqımızın sülh şəraitində yenidən oradakı həyatı bərpa edəcəyini söyləyib.

    Direktor, eyni zamanda, yaxın günlərdə baş tutan İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclasında 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını, yandırılaraq məhv edildiyini söyləyib. Həmçinin İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif etdiyini və təklifin dəstəklənərək qəbul olunduğunu diqqətə çatdırıb.

    Kərim Tahirov çıxışında 44 günlük müharibədə savaşımızda çoxsaylı şəhidlər verildiyini, bu günümüzə görə onlara borclu olduğumuzu, yüz illər keçsə də, Azərbaycan xalqının heç vaxt öz şəhidlərini unutmayacağını, onların xatirələrinin ehtiramla yad ediləcəyini, onlar haqqında yazılan kitabları təbliğ etməyin Milli Kitabxananın vəzifəsi olduğunu söyləyib.

    Çıxışının sonunda direktor bildirib ki, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

    Sonda iştirakçılar Anım Günü ilə bağlı kitab sərgisi ilə tanış olublar.

  • Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidləri anılıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə tədbir təşkil olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Zəfər tariximizdən, torpaqlarımızın azad edilməsində misilsiz igidlik, vətənpərvərlik nümayiş etdirən Vətən müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət və fədakarlıqdan söhbət açılıb.

    Anım Günü tədbirində kitabxanada hazırlanan silsilə materiallar – “44 Günlük İkinci Qarabağ müharibəsi” adlı biblioqrafik göstərici, “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videomaterial və kitab sərgisi nümayiş olunub.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı videomaterialda 44 günlük Vətən müharibəsi hadisələrinin xronikası, döyüş meydanında, informasiya məkanında aparılan mübarizə haqqında məlumatlar təqdim edilir. Materialda müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, Vətən müharibəsi qəhrəmanlarının, geri qaytarılmış əzəli Azərbaycan torpaqlarında dövlətimizin, Qələbənin simvolu olan Azərbaycan Bayrağının sancılması, “Böyük qayıdışın”, yenidənqurma işlərinin foto və videogörüntüləri əks olunur.

    “44 günlük İkinci Qarabağ müharibəsi” adlı biblioqrafik göstəricidə Azərbaycan tarixinin ən parlaq və şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi haqqında 2020-ci ildən bu günə qədər yazılan 56 adda (42 Azərbaycan, 6 türk, 5 rus, 3 ingilis dilində) elmi, siyasi, tarixi, publisistik, bədii kitabların şəkilləri və annotasiyalı biblioqrafik təsvirləri, rəsmi sənədlər, dövri mətbuatda çıxan məqalələrin təsvirləri, Vətən müharibəsinə dair şeirlər toplanıb. Kitab təsvirləri dillər üzrə, daxildə əlifba ardıcıllığı ilə təqdim edilir. Vəsaitdə İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Müzəffər Ordunun qalib igidləri”, “44 gün" zəfərə doğru”, “Vətən aşiqləri”, “İkinci Qarabağ müharibəsi: Zəfər salnaməsi”, “Sən azadsan!”, “44 günlük diplomatiya dərsləri”, “Əziz Şuşa! Biz qayıtmışıq”, “Qanları ilə dastan yazanlar”, “Vatan savaşı tarihi”, “Vatan Savaşı ve ya “Demir Yumruk” Operasyonu”, “История Отечественной войны. Фактор личности”, “Уроки дипломатии длиною в 44 дня”, “The history of the Patriotic War. Personality factor” kimi Azərbaycan, türk, rus və ingilis dilində olan kitabların biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

    Qeyd edək ki, Prezidentin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın bariz nümunəsidir.

  • “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub

    Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, “DokuBaku”nun təsisçisi və direktoru, kino və teatr rejissoru İman Həsənov çıxış edərək festivalın keçən il olduğu kimi bu il də gender bərabərliyinə sadiqliyini qeyd edib. Belə ki, bu il qalib adını qazanaraq, festivalda iştirak edən filmlərin 40 faizi məhz qadın əməyinin məhsuludur.

    Sonra “Yüz yaşa” filmi nümayiş olunub.

    Ekran əsəri dünyanın ən uzunömürlü sakini kimi “Ginnesin rekordlar kitabı”na düşmüş Şirəli Müslümov və onun ailəsindən bəhs edir. Həmçinin Lerik rayonunda yaşayan digər uzunömürlü şəxslərin həyat və yaşayış tərzləri haqqında maraqlı kadrlar yer alıb.

    Rejissor film haqqında festival iştirakçılarını məlumatlandırıb. Bildirib ki, onun Azərbaycanda çəkdiyi ilk filmdir: “Çox sevinirəm ki, filmin premyerası məhz milli kinonun yaranmasının 125 illiyinə təsadüf etdi. Arzu edirəm ki, uzunömürlü Azərbaycan kinosu qəlbimizdə həmişə yaşasın”.

    Qeyd edək ki, 2017-ci ildən keçirilən festival Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Builki festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü” adlanır. İndi bəşəriyyət Dolça əsrinə qədəm qoyduğuna görə, biz qloballaşmaya və sehrdən fərqlənməyən elmin sürətli inkişafına hazır olmalıyıq. 30 il əvvəl bizə yalnız ssenaristlərin və yazıçıların ixtirası kimi görünən ideyalar artıq həyata keçir və varlığımızın bir hissəsinə çevrilir.

    Festivalın proqramı 43 nümayişdən ibarətdir. Festivalda 29 ölkədən 61 sənədli film nümayiş etdiriləcək.

    Festival ən yaxşı tammetrajlı film, ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main müsabiqə, müsabiqədən kənar və DokuKids olmaqla beş kateqoriyaya bölünür. Festival ərzində istehsal olunan yeni filmlərin premyeralarının da keçirilməsi nəzərdə tutulur.

    Hər nominasiya üzrə qalibləri isə Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları təqdim olunacaq. Qaliblər “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı ilə də təltif olunacaqlar.

    Festivalın builki rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi, Almaniyanın ölkəmizdəki səfirliyidir.

    Festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək, eləcə də dövrümüzün reallığı olan rəqəmsallaşma və həyatın çılğın tempi ilə bəşəriyyət necə ayaqlaşa bilər, insana dəyər biçən kimdir, insan texnologiyadan istifadə etmədən uğur qazanmaq arzusunun öhdəsindən ən yaxşı şəkildə necə gələcək kimi suallar çərçivəsində kinematik araşdırmaları bölüşməkdir.

  • Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Şəkidə çıxış edib

    Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

    Teatrdan AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edib.

    Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşada İbrahim xan ictimai-siyasi, ailə-məişət hadisələri burulğanında mürəkkəb, təzadlı, faciəvi xarakter kimi təsvir edilir. Məmləkətin xanlıqlara parçalanması, düşmənə qarşı gizli ittifaqın olmaması məğlubiyyətin və faciənin əsas amilləridir.

    Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.

    Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

    Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.

    Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.

    Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

  • Milli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim olunub

    27 Sentyabr - Anım Günü ilə əlqədar Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər