Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərxalça” ilə AZCHEMCO gübrə istehsalı şirkəti əməkdaşlıq edəcək

    “Azərxalça” və gübrə və bitki mühafizə vasitələrinin istehsalı ilə məşğul olan AZCHEMCO şirkəti milli-mədəni dəyər olan xalçalarımızın məşhurlaşdırılması sahəsində birgə əməkdaşlığa başlayıb.

    AZƏRTAC xəbər verir ki, “Azərxalça” ASC tərəfdaşlıq çərçivəsində AZCHEMCO şirkətinin emblemi əks olunan məhdud sayda xalçalar istehsal edəcək. Şirkət gələcəkdə bu xalçaları aralarında iri beynəlxalq şirkətlərin və assosiasiyaların da olduğu tərəfdaşlarına təqdim etməyi planlaşdırır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış “Azərxalça” ASC-nin əsas vəzifələri xalçaların və xalça məmulatlarının istehsalı və ixracı zamanı Azərbaycanın mədəni irsinin qorunub saxlanmasından və inkişaf etdirilməsindən ibarətdir. Bu qədim xalq sənətinə bağlılıq xalçaların toxunması kimi yaradıcı bir prosesə dərin ehtiramı simvolizə edən və əl işi olan xalçaların toxunması, ruhu ehtizaza gətirən şeir nümunələrinin yazılması və misli-bərabəri olmayan kulinariya nümunələrinin hazırlanması prosesini tərənnüm edən “Əllərinizə sağlıq” ifadəsi ilə səsləşir.

    “AZCHEMCO” MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğun dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahələrində layihələrin icra edilməsini həyata keçirir.

    Şirkətlərin bu təşəbbüsü milli sərvətimiz olan Azərbaycan xalçalarının tanıdılmasının yaxşı üsuludur.

  • Məşhur Seretelinin kitabı Azərbaycan dilində nəşr olunub

    Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Akaki Seretelinin özü və sözü haqqında” adlı “Ön söz”lə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.

    Akaki Seretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da, kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.

    Kitabın “Ön söz”ünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.

    Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar.

  • Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb

    Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə kitabxanada qazax ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyinə və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, alim- pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

    Konfransdan öncə Qazax ədəbiyyatının görkəmli yazıçısı Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinin açılışı olub.

    Milli Kitabxananın direktoru Kərim Tahirov konfransın plenar iclasını açıq elan edib.

    Konfransda mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otorbayev, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, yüksək səviyyəli şəxslər, ziyalılar və ədəbiyyat sevərlər iştirak edirlər.

  • Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

    Sentyabrın 25-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə BMA nəzdindəki Opera Studiyası tərəfindən təşkil olunan sərginin ekspozisiyasına jurnalist-fotomüxbir Rüstəm Qasımovun Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından çəkdiyi şəkillər daxil edilib.

    Dahi Azərbaycan bəstəkarı, musiqişünas, dramaturq, pedaqoq və ictimai xadimin Üzeyir Hacıbəylinin yaradıcılığının geniş və çoxşaxəli olmasına baxmayaraq, ziyarətçilərə Rüstəm Qasımovun son bir neçə ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunan 4 tamaşadan çəkdiyi fotoşəkillər təqdim olunacaq.

    Ekspozisiyaya əvvəldən quruluş verilən heç bir fotoşəkil daxil edilməyib. Bütün kadrlar istisnasız olaraq tamaşaların nümayişi zamanı çəkilib. Sərgilənən fotoşəkillərin unikallığı da məhz bundadır. Bunlar sadəcə statik kadrlar yox, davam edən hadisəni, dinamikanı, emosiyanı, hissi, ovqatı, həyəcanı əks etdirən fotoşəkillərdir. Şəkillərdə əsas diqqət emosional tərkibə, mimika və jestlərə yönəldilib. Fotolar Azərbaycan incəsənət ustalarının ifasında canlandırılan Üzeyir Hacıbəylinin operalarının və musiqili komediyalarının sevilən obrazlarının xarakterini dolğun şəkildə açır.

    Sərginin əsas məqsədi Azərbaycan musiqisi və Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, o cümlədən ölkəmizdə bu il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına diqqətin artırılmasıdır.

    Həmin gün Opera Studiyasında “Arşın mal alan” musiqili komediyası da nümayiş etdiriləcək.

  • Bakının Binə qəsəbəsində su kəsiləcək

    Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından sabah günün I yarısına qədər Bakının Xəzər rayonunun Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Report bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

    Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

  • Azərbaycan və Bakı tarixinə dair unikal sənədlər Milli Kitabxanaya təhvil verilib

    Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası Azərbaycan və Bakının tarixi ilə bağlı unikal arxiv sənədlərinin surətlərini bu il 100 illiyini qeyd edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına təhvil verib.

    Bu barədə AZƏRTAC-a Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanasının mətbuat xidmətindən bildirilib.

    Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova müraciət edən Rusiya Prezidenti Kitabxanasının baş direktoru Yuri Nosov qeyd edib ki, sənədlər arasında Xəzər dənizinin XVII əsrdən başlayaraq XIX əsrin əvvəlinə qədərki dövrü əhatə edən nadir xəritələri, Bakı Quberniyasının XIX əsrə aid planları, o cümlədən Bakı şəhərinin və ona yaxın ərazilərin planları və digər materiallar var.

    “Elektrikli tramvay və 1898-1900-cü illərdə Bakının işıqlandırılması planı xüsusi maraq kəsb edir. Bakıda hələ 1900-cü ildə işlənib hazırlanan və elektrik dartma qüvvəsi ilə işə düşən tramvay rabitəsinin inkişaf planları artıq inqilabdan sonra icra edilib. 1924-cü il fevralın 8-də Bakı şəhərində SSRİ üzrə ilk elektrik tramvayı işə salınıb. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də SSRİ-də ilk elektrik dəmir yolunun vətənidir. 1926-cı ildə elektriklə işləyən Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti işə salınıb. Tarixi mənbələrə əsasən məlumdur ki, bu xəttin çəkilməsi üçün Leninqradda tikintisi başa çatdırılmamış Oranienbaumsk elektrik xəttindən sökülərək çıxarılmış relslərdən və müəyyən avadanlıqlardan istifadə edilib”, - deyə Rusiya Prezidenti Kitabxanasının baş direktoru vurğulayıb.

    Y.Nosov onu da diqqətə çatdırıb ki, milyondan artıq arxiv vahidinin saxlanıldığı Rusiya Prezidenti Kitabxanasının fondunda Rusiya dövlətçiliyinin, o cümlədən, daha əvvəl SSRİ-nin tərkibinə daxil olan ölkələrin tarixinə aid kitablar və dövri nəşrlər, kino xronikası, fotoşəkillər, elmi-maarifləndirici filmlər, dissertasiya avtoreferatları, arxiv sənədləri və materialları rəqəmsal formada təqdim olunur.

    “Kitabxananın portalında Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı münasibətlərin tarixinin əsas mərhələlərinə həsr olunmuş “Rusiya-Azərbaycan: qarşılıqlı münasibətlərin tarixi” kolleksiyası ilə tanış olmaq mümkündür. Bu kolleksiya Azərbaycanın diplomatik, ticarət və mədəni əlaqələri, qədim tarixə dair tədqiqatların inkişafı, habelə onun ərazisinin Rusiya İmperiyasının və Sovet İttifaqının tərkibinə daxil olduğu XIX–XX əsrlərə aid sənədləri əks etdirir.

    Kitabxananın baş direktoru onu da əlavə edib ki, Azərbaycan Rusiya ilə birlikdə XX əsrin bütün ən böyük və əlamətdar hadisələrində - 1917-ci il inqilabı, vətəndaş və İkinci Dünya müharibələrində iştirak edib və SSRİ Nazirlər Sovetinin, SSRİ Daxili İşlər Nazirliyinin fəaliyyəti, SSRİ Daxili İşlər üzrə Xalq Komissarlığının statistik məlumatları, əmrləri, məruzə qeydləri, şifrəli teleqramları və digər mənbələr bunu sübuta yetirir.

    Y.Nosov bildirib: “Sənədlər vahid dövlətin tərkibində birləşmə vaxtını ətraflı şəkildə təsvir edir: o zaman Bakı quberniyasında və Azərbaycan SSR-də kanallar, su xətləri, dəmir yolları (o cümlədən, Rusiyadan keçməklə Hindistan-Avropa tranzit yolu) inşa edilirdi, neftayırma zavodları və digər obyektlər tikilirdi. Kolleksiyadakı materialların bir hissəsi elm və maariflənmənin inkişafı, o cümlədən, Bakıdakı neft emalçılarının xalq maarifinə, gimnaziyaların açılmasına dair qurultay icmalları ilə əlaqədardır”.

  • Bakıda Rus evində keçirilən sərgidə emosional portretlər təqdim olunub

    Bakıdakı Rus evinin Foto klubunun layihəsi çərçivəsində “Emosional portret” fotosərgisi açılıb. Sərgidə tanınmış fotoqrafların - Vsevolod Tsurikov, Soul, Vaqif Muğallı, Coşqun Süleymanov və Rüstəm Hüseynovun 20 əsəri nümayiş olunur.

    Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.

    Sərgidə nümayiş etdirilən bütün fotoşəkillərin kadr arxasında öz maraqlı hekayəsi var. Sərgidə iştirak edən fotoqrafların hər birinin özünəməxsus üslubu və fotoportretlərin yaradılmasına yanaşması var ki, bunun sayəsində sərgi parlaq, qeyri-adi, yaddaqalan və tamaşaçılar üçün təsiredici oldu.

    Tədbirdə diplomatik korpusun nümayəndələri, yaradıcılıq icmalarının üzvləri, görkəmli rəssamlar iştirak ediblər.

  • “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir

    YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, layihənin növbəti ustad dərsi “Melanxoliya” mövzusuna həsr olunub.

    İştirakçılar tyutor Erkin Ələkbərli ilə birlikdə qadın obrazı əsasında melanxoliya vəziyyətini kətan üzərində, faktura pastası və akril boyalarla əks etdiriblər.

    Azərbaycan Rəngkarlığı Muzeyində reallaşan dərslərdə 16 yaşdan yuxarı şəxslər iştirak ediblər.

    Xatırladaq ki, ustad dərslərində iştirak etmək üçün qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 18:00-dək aparılır.

  • Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşları qəbul edəcək

    Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov sentyabrın 26-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

    Bu barədə Reporta Fonddan bildirilib.

    Məlumata görə, saat 10:00-da keçirilən qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

    Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-769-30-30) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

  • İtalyan pianoçu Lorenso Banyati Muğam Mərkəzinin səhnəsində çıxış edəcək

    İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.

    Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.

    Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.