Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan İndoneziya Ticarət Sərgisində iştirak edəcək

    Azərbaycan oktyabrın 18-22-də keçiriləcək 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi (TEI) sərgisində iştirak edəcək.

    Bu barədə Reporta İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

    Qeyd edilib ki, bununla əlaqədar, AZPROMO sərginin təbliğatı məqsədilə İndoneziyanın Azərbaycandakı Səfirliyi tərəfindən Bakıda təşkil olunan “Business Meeting 2023” tədbirində təmsil olunub.

    Tədbirdə İndoneziyada keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələrimizin işgüzar dairələri arasında əməkdaşlığın intensivləşdirilməsi üçün yaratdığı imkanlar müzakirə olunub.

    İndoneziyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi ölkəsinin Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir oktyabrda Cakarta şəhərində keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələr arasında ticarət tərəfdaşlığının inkişafı üçün yaratdığı imkanlar haqqında danışıb.

    AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən xaricdə, xüsusilə Asiyada təşkil olunan sərgilərdə AZPROMO tərəfindən sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, ölkəmizin qeyri-neft ixracının şaxələndirilməsində İndoneziya bazarı mühüm perspektivlərə malikdir.

    Qeyd edək ki, 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi seminar, B2B görüşlər və digər biznes platformaları özündə birləşdirən hibrid tədbirdir. Sərgidə enerji, kimya, qida, səhiyyə və tekstil sahələrini təmsil edən 1 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

  • Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub

    Sumqayıtda yerləşən “İstedad” liseyinin nəzdində STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub.

    Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    "Elm və təhsil naziri Emin Əmrullayevlə birgə mərkəzin açılışında iştirak etdik. İki nazirliyinin dəstəyi ilə yaradılan mərkəzdə riyaziyyat, kimya, informatika, robotiks sahələrində istedadlı şagirdlər aşkar edilərək potensialları inkişaf etdiriləcək, onlar yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanacaq", - deyə o qeyd edib.

    Nazir vurğulayıb ki, tədbir zamanı liseyin müəllim və şagirdləri ilə görüş keçirilib: "İKT, o cümlədən kibertəhlükəsizliklə bağlı bilikləri artırmağın yolları haqqında danışdıq".

  • Milli Kitabxana “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlayıb

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Beynəlxalq Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib. 2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq, dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb.

  • Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək

    Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.

    Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir ilk dəfə təşkil olunacaq.

    Çempinatda beşqat dünya çempionları, Azərbaycanın əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər.

  • Sabah Bakının iki rayonunda qaz olmayacaq

    Sabah paytaxtın Qaradağ və Səbail rayonlarında qaz olmayacaq.

    Bu barədə Reporta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Daşgil-8” ölçü qovşağının çıxış xəttində aparılacaq təmir işləri ilə bağlı sabah saat 10:00-dan 14:00-dək “Duvannı” və “Qobustan” Qaz Paylayıcı Stansiyalardan (QPS), “El Metal plus” MMC, “DSU-2”, “2 saylı Yol İstismar İdarəsi” və “Polad Yol YAPI sənaye MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Həmçinin Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən “Kristal Bakı” ASC-yə məxsus yaşayış kompleksinin tikinti sahəsindən keçən “Səbail QPS qolu” qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə yeni çəkilmiş magistral qaz kəmərinin bir hissəsinin qaznəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə saat 09:30-dan təmir işləri başa çatanadək “Səbail” və “Yasamal” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin (tam olaraq) eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinin (tam olaraq) və Badamdar qəsəbəsinin (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • “Yuğ” Teatrı yeni mövsümü “Şəbədə” tamaşası ilə açacaq

    Azərbaycan Dövlət “Yuğ” Teatrı 35-ci teatr mövsümünü M.F. Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında hazırlanmış “Şəbədə” tamaşası ilə açmağa hazırlaşır.

    AZƏRTAC xəbər verir ki, səhnə əsəri sentyabrın 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

    Mərhəmətsizlik aktı janrı kimi təyin olunan tamaşada Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Elgün Həmidov (Ağa Salman), Mətanət Abbas (Zübeydə), Amid Qasımov (Ağa Kərim), Ləman Mərrih (Səkinə), Elçin Əmirov (Əziz bəy) və Günəş Mehdizadə (Zeynəb) çıxış edəcəklər.

    “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz” ideyalı səhnə işinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

  • “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib

    Azərbaycan Milli Kitabxanasında dünya milli kitabxanalarının rəhbərlərinin iştirakı ilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Qarabağda lokal antiterror tədbirləri nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş videoçarx təqdim edilib.

    Konfransı giriş sözü ilə mədəniyyət naziri Adil Kərimli açıb.

    Konfrans plenar iclaslarla davam edib.

    Plenar iclasda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə Paşayeva, Türkiyə Milli Kitabxanasının İnzibati işlər şöbəsinin müdiri Filiz Berna Gültekin, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, elm və təhsil nazirinin müavini Firidun Qurbanov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Kampanyolo çıxış ediblər.

  • Bakıdakı Rus evində musiqiçilər və prodüserlər üçün unikal ustad dərsi keçiriləcək

    İstedadlı prodüser, müğənni və musiqiçi Yefim Zavalnı Bakıda özünün hitlərin yaradılması təcrübəsini bölüşəcək. Onun “ArXİTektura” adlı sentyabrın 22-də Bakıdakı Rus evində keçiriləcək mitapı (ingilis dilində “meetup” – görüş) həm yeni yazmağa başlayan müəlliflər, musiqiçilər və prodüserlər, həm də bu sahədə çoxdan fəaliyyət göstərən və yeni biliklərin axtarışında olanlar üçün maraqlı olacaq. Tədbirə giriş sərbəstdir, görüş saat 19:30-da başlayacaq.

    AZƏRTAC xəbər verir ki, “ArXİTektura” - mahnıları necə daha orijinal, peşəkar və yaddaqalan etməklə bağlı müzakirələrin aparılacağı görüşlər silsiləsidir.

    Proqramda təkcə nəzəri biliklərin yox, həm də təcrübənin öyrədilməsi nəzərdə tutulur. Yefim müəyyən bir mahnının və ya demo versiyasının nümunəsində musiqinin bəstələnməsi və aranjimanı ilə bağlı bütün aspektləri addım-addım izah edəcək, tez-tez yol verilən səhvlərdən və onları aradan qaldırmağın üsullarından bəhs edəcək.

    Yefim Zavalnı peşəkar müğənni və musiqiçidir, Avropa və ABŞ səhnələrində çıxış edən və Rusiyanın ən yaxşı prodüserləri ilə əməkdaşlıq edən Mariinsk teatrının solistidir. O, 15 ildir ki, musiqilərin bəstələnməsi və artistlərə prodüserliklə məşğuldur. Onun kompozisiyaları iri beynəlxalq müsabiqələrdə qalib gəlib, BBC Radiosunun efirində səsləndirilib.

  • Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Şəkidə çıxış edəcək

    Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

    Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 26-da “Qarabağnamə” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

  • “Silk Way West Airlines” “cargo.one” platforması ilə birlikdə gələcəyə addımlayır

    Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan “Silk Way West Airlines” “cargo.one” platforması vasitəsilə onlayn bronlaşdırma xidmətlərini istifadəyə verdi və bununla müştəri xidmətlərini təkmilləşdirməkdə mühüm addım atdı.

    Bu təşəbbüs qüsursuz bronlaşdırma təcrübəsini asanlaşdırmaqla yanaşı, “Silk Way West Airlines” şirkətinin innovasiyalara və müştəri yönümlü həllərə sadiqliyini nümayiş etdirir. “Silk Way West Airlines” səmərəli hava yükdaşıma xidmətləri vasitəsilə dünya üzrə biznesləri birləşdirən geniş transkontinental şəbəkəni idarə edir. “Cargo.one” platformasını öz əməliyyatlarına əlavə etməklə, aviaşirkət bronlaşdırma proseslərini sadələşdirən və daşınma həcmini optimallaşdıran, nəticədə xərcləri azaldan və ümumi səmərəliliyi artıran rahat interfeys təklif edir. Platforma intuitiv bronlaşdırma təcrübəsi, artan səmərəlilik, qlobal əhatə dairəsinin genişləndirilməsi və bizneslərə müstəsna müştəri xidmətlərinin göstərilməsi kimi üstünlükləri ehtiva edir.

    “Silk Way West Airlines”ın prezidenti Volfqanq Mayer bu yeni başlanğıc haqqında danışarkən deyib: "Biz “cargo.one” ilə bu səyahətə çıxmaqdan məmnunuq. Bu təşəbbüs innovativ həllər və mükəmməl müştəri təcrübəsi təqdim etmək öhdəliyimizlə tam şəkildə uyğunlaşan mühüm mərhələdir. İnanırıq ki, “cargo.one” rəqəmsal platformasının inteqrasiyası hava yük daşımalarının bronlaşdırması üçün yeni standart təyin edəcək."

    “Silk Way West Airlines” şirkətinin qlobal əhatə dairəsini və “cargo.one” platformasının qabaqcıl texnologiyasını birləşdirərək, hava yük daşımaları sənayesi yeni rahatlıq və səmərəlilik dövrünə qədəm qoyur. “Silk Way West Airlines” və “cargo.one” mövcud və yeni müştərilərini bu platformada səbirsizliklə gözləyir.