2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında - Batabat gölünün yaxınlığında və Ordubadda Tematik Parkların yaradılması nəzərdə tutulur.
Report xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.
Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Dövlət Turizm Agentliyidir.
Bundan başqa, muxtar respublikada turizm növlərinin inkişafına dair layihələrin, həmçinin dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələrinin, turizm üçün əlverişli yaşayış məntəqələrinin qiymətləndirilməsi, qış, kənd və ekoturizm üzrə layihələrinin və Ağbulaq massivində qiymətləndirmə işlərinin aparılması, yay-qış turizm kompleksinin yaradılması planlaşdırılır.
Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin tikintisi də nəzərdə tutulur.
Azərbaycan energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalayıb.
Reportun İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövşən Nəcəf energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə keçirilən görüşdə məlum olub.
Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. Bildirilib ki, qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çev¬rilmə Azərbaycanda əsas prioritetlərdəndir. İqtisadiyyat naziri həmçinin, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib.
“Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpa olunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində “Trafigura Pte Ltd” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar.
Görşüdə həmçinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar.
Sənədlərdə, bərpa olunan və yaşıl enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Qeyd edək ki, Sinqapurun “Trafigura” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi 300 milyard ABŞ dollarından çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.
Sabah “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Reportun quruma istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Matç başa çatdıqdan sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.
Bunlardan əlavə olaraq, “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.
Sentyabrın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, saat 11:00-da Masallı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Masallı rayonu “47 №-li Yol İstismarı” və Yardımlı rayonu “51 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur.
Report xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Bundan başqa, muxtar respublikada elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması, elektriklə işləyən nəqliyyat vasitələri üçün doldurma məntəqələrinin qurulması planlaşdırılır.
Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqının (AZDC) prezidenti, Xalq artisti Təranə Muradova, təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərlik etdiyi “Smooth Rhythm Dance Style” (SRDS) şirkətidir.
Təşkilatçıların missiyası Azərbaycanın mədəni dəyərlərini daha da gücləndirmək, ölkədə idman bal rəqsinin inkişafına təkan vermək, həm idman, həm də incəsənət elementlərini özündə cəmləşdirən, şəxsiyyətin, onun mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən bal rəqsinin mahiyyətini təqdim etməkdir. Dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı belə səviyyəli turnirdə beşqat dünya çempionları, Azərbaycanın Əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina çıxış edəcəklər.
Festivalda 50-yə yaxın ölkə təmsilçisinin çıxışı gözlənilir.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi (İB) “Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində yeni kitab nəşr etdirib.
AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunan şeirlər kitabı Güllü Eldar Tomarlı tərəfindən uzun illər araşdırılaraq toplanıb.
Qız-gəlinlərin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayını vəsf edən şeirlər kitabında 76 müəllifin kəlağayıya aid şeirləri yer alıb, Birinci vitse-prezident Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağını əks etdirən məqalə və şəkillər toplanaraq oxucuların ixtiyarına verilib. Kitab kəlağayıya aid ilk şeirlər kitabı kimi gənc nəslə bir töhfə, bir sevincdir.
Kitabın redaktoru Vüsal Sehranoğlu, layihə rəhbəri Güllü Eldar Tomarlıdır. Üz qabığındakı ''Kəlağayı əlvan qıyqacı'' rəsm əsərinin müəllifi rəssam Gülnarə Məmmədlinin və "Heratı" kəlağayı isə Basqallı kəlağayı ustası Abbasəli Talıbova məxsusdur.
Kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib. Kitabın adı aşıq sənətinin görkəmli nümayəndəsi, zirvəsi olan Dədə Ələsgərin şeirindən götürülüb.
“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Amerika yazıçısı Anna Toddun əsəri əsasında çəkilmiş “Bundan sonra. Hər zaman” filminin son hissəsinin premyeradan əvvəlki nümayişi olub.
AZƏRTAC-a kinoteatrın mətbuat xidmətindən bildirilib ki, film dünyada milyonlarla pərəstişkarı olan və kommersiya baxımından çox uğurlu müstəqil kinofranşizalardan biridir.
Sonuncu hissədə filmin pərəstişkarları tərəfindən uzun müddət izlənilən Tessa və Hardi arasındakı sevgi hekayətinin nə ilə başa çatacağı məlum olacaq. Tessa ilə küsən Hardin özünə gəlmək və öz keçmişinin səhvlərini düzəldə bilmək üçün Atlantik okeanın sahilinə - günəşli Lissabona yollanır. Bu filmdə tamaşaçıları Portuqaliyaya romantik səyahət gözləyir.
Daha ənənəvi olan əvvəlki hissələri ilə müqayisədə, bu film daha parlaq təsir bağışlayır, Portuqaliya peyzajları isə sənət əsərinə dolğunluq və canlılıq qatır.
Filmin rejissoru Kastill Lendondur. Əsas rolları Cozefina Lenqford, Hiro Fayns Tiffin, Luiza Lombard, Stiven Moyer, Cessika Vebber və Kora Kirk ifa edirlər.
“Party Time” şirkətinin tərtibatı, işıqlandırma və dekoru, eləcə də, “А1” rəqs qrupunun parlaq şousu “CinemaPlus” kinoteatrında keçirilən tədbirə filmin məzmununa uyğun olaraq romantik ab-hava bəxş etdi.
Tədbirin təşkil olunmasına dəstək “VOLGA” kinoşirkəti, “Cinema Distribution”, “Brand Media Groups”, “Light in Black” foto və videoyaradıcılıq şirkəti, MADO restoranı, “Çetkaya” orqanik vodkası və “Red Bull” tərəfindən göstərilib.
Tədbir filmin nümayişi ilə başa çatıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılması üzrə nəzəri-praktiki seminar təşkil olunub. Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan etdiyi müsabiqədə Muzey Mərkəzi qalib gəldikdən sonra “Fotolarda canlanan tarix” adlı layihəyə başlanılıb.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Muzey Mərkəzinin fondundan XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid nadir fotoların və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Bərpa prosesi üçün Muzey Mərkəzi tərəfindən xüsusi avadanlıq alınmışdır, nadir fotoların bərpası üzrə Gürcüstan Milli Muzeyinin ekspertləri dəvət edilmişdir.
Seminar zamanı muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında ətraflı əyani təqdimat olacaq və iştirakçılara fond nümunələri əsasında bərpa prosesi nümayiş olunacaq. Fondun fotoneqativləri arasında Bakının, Abşeron və Qarabağın abidələrinə aid unikal foto nüsxələr mühafizə edilməkdədir.
Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünya görüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun vəfatından 49 il ötür.
Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.
İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.
S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.
1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.
1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.
Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.
1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişib.
Zaman keçəcək, görkəmli bəstəkarın ölməz əsərləri, yaratdığı musiqi irsi daima öz populyarlığını qoruyacaq və xalqımızın musiqi kimliyini dünya arenasında qürurla tanıdacaq.