Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb

    Bu gündən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

    Qurum vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən ölkə qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırıb.

  • “İqtisadi artım üzrə işçi qrupu”nun ilk iclası keçirilib

    2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəfə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun ilk iclası keçirilib.

    Report bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, iclasda çıxış edən işçi qrupun sədri, nazir müavini Sahib Məmmədov ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı, rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. O, işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə bu ilin I yarısında görülmüş işləri diqqətə çatdırıb, qeyd edib ki, strategiya üzrə işlərin effektivliyinin təmin edilməsi məqsədilə monitorinq və qiymətləndirmə portalı yaradılıb.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə dair I yarımili üzrə hazırlanmış hesabatları təqdim edib.

    İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

    “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.

  • Məcnun Məmmədovun Şəkidəki vətəndaş qəbulu təxirə salınıb

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sabah Şəkidə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə ətraflı məlumat veriləcək.

  • “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub

    Sentyabrın 19-da Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı keçirilib.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən bildirilib.

    Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri giriş sözü ilə açaraq bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, üç ay ərzində həyata keçirilən layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

    Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış aşıqlardan Nəbi Nağıyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

    Xatırladaq ki, layihənin rəhbəri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

  • Elektron Təhlükəsizlik Xidməti: "Müxtəlif platformalarda vətəndaşlara qarşı kiberdələduzluq edilir"

    Son vaxtlar müxtəlif internet resursları vasitəsilə Azərbaycan vətəndaşlarına xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

    Bu barədə Report Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

    Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.

  • Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib

    Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir. Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir. Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir. Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır. Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur. Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır”.

  • Bakıda Günel Ravilovanın fərdi sərgisi açılıb

    Bakıdakı Rus evində rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günel Ravilovanın “Mənim həyatım” adlı ekspozisiyası açılıb.

    AZƏRTAC-a Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, sərgidə 40 sənət nümunəsi qonaqların diqqətinə təqdim edilib. Əl işlərində sürrealist dünyagörüşünün məqamları – adi süjetə qeyri-ənənəvi yanaşma, cəsur rəssamlıq fəndləri öz əksini tapıb. Təsvirlərin hər biri müəllifin dünyaya inandırıcı baxış mövqeyini əks etdirir.

    Diplomatik korpus nümayəndələri, yaradıcı birliklərin təmsilçiləri, görkəmli incəsənət xadimləri sərgi ilə tanış olublar.

  • “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

    Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.

    AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

    UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.

    UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib.

    Fuad Nağıyev ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərilən daimi diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək məhz bu dəstək sayəsində Xınalıq və Köç yolu ənənələrinin Ümumdünya İrs Ərazisinə salınmasının mümkün olduğunu bildirib.

    UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir.

    Dünya İrs Siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.

    İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya Dünya İrsinin 3-cü (ııı) və 5-ci (v) meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub.

    Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.

    Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs Siyahısına daxil edilib.

    Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

  • Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının saytı istifadəyə verilib

    Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir.

    Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq festivalın saytı (https://uhf.culture.az) hazırlanaraq istifadəyə verilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, musiqisevərlər sayt vasitəsilə musiqi bayramının tarixi, 15-ci festivalın proqramı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat ala bilərlər.

    Qeyd edək ki, Bakı ilə yanaşı, Gəncə və Şəmkirdə reallaşacaq festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Almaniya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunacaq.

  • Gənclər Kitabxanasında Milli Musiqi Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Milli Musiqi Günü ilə əlaqədar olaraq silsilə materiallar – videomaterial, virtual və ənənəvi kitab sərgisi hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edir.

    AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Milli Musiqi Gününün tarixi, bu günün təsis edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin tam mətni təqdim olunur. Materiallarda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bəstəkar, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli fikirlər yer alır. Videomaterialda milli musiqi tariximiz, onun dərin kökləri, zəngin koloriti, Türk mədəniyyəti paytaxtı, Qarabağın incisi Şuşa şəhərində keçirilən mədəniyyət, ədəbiyyat tədbirləri, “Xarıbülbül” festivalı haqqında geniş məlumat verilir, foto və video görüntülər təqdim edilir.

    Virtual kitab sərgisində “İlham Əliyev və musiqi mədəniyyəti”, “Oxu, tar...”, “Üzeyir Hacıbəylinin publisistikasında musiqi məsələləri”, “Azərbaycan xalq musiqisinin əsasları”, “Musiqi əsərlərinin təhlili”, “Azərbaycan musiqi tarixi” kimi on beşdən çox kitabın biblioqrafik təsviri verilir.

    “18 sentyabr Milli Musiqi Günü” adlı ənənəvi kitab sərgisində Azərbaycanın qədim musiqi tarixi, görkəmli bəstəkarların həyat və yaradıcılığı, muğam, aşıq sənəti, musiqi çalğı alətləri haqqında kitablar sərgilənməkdədir.