18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Bakı metropoliteni ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edib. Rəngarəng musiqi çələngi səhər saat 10:30-da “İçərişəhər” stansiyasında başlanıb.
AZƏRTAC xəbər verir ki, hər biri bir saat yarım davam edən proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri daxil edilib. Daha sonra konsert “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında davam etdirilib.
Nizami Kino Mərkəzində “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə, mərhum aktyorumuz, Azərbaycanın Əməkdar artisti, kinorejissor Elxan Qasımova həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Elxan Qasımovun baş rolların birində iştirak etdiyi “Əhməd haradadır”? bədii filmindən kadrlar nümayiş olunub.
Sonra tədbirdə çıxış edən “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə Elxan Qasımovla olan dostluğundan, onun həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, E.Qasımov ADİİ-nin aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nin Rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır?" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bildirilib ki, çoxlu sayda bədii filmdə çəkilən E.Qasımov, eyni zamanda, bir neçə bədii filmin də müəllifi olub. O, bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Tədbirdə Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanov, dramaturq Əli Əmirli, Əməkdar jurnalist Mətanət Ağamirova, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva və digərləri mərhum aktyorla bağlı xatirələrini bölüşüblər.
Sonda Elxan Qasımovun ailəsi adından çıxış edən Qalib Qasımov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Rejissor Kristofer Nolanın “Oppenheymer” filmi dünya prokatında 900 milyonluq hədəfi ötüb keçib. Cümə günü ehtimal olunan ümumi məbləğ 903 milyon dollara çatıb ki, bunun 586 milyon dolları beynəlxalq prokatın payına düşür.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şənbə və bazar günləri də nəzərə alınarsa, proqnozlara görə, bu qlobal vəsaitin həcmi 912 milyon dollara çatıb. Sözügedən ekran əsəri bu göstərici ilə “Bohema rapsodiyası” filmini üstələyərək, ən gəlirli bioqrafiya filmi olub.
“The Dark Knight Rises” ekran əsərindən sonra “Oppenheymer” Kristofer Nolanın üçüncü ən çox gəlir gətirən ekran əsəridir. Onun süjeti dünyada ilk atom bombasının yaradıcısı Robert Oppenheymerin həyatından bəhs edir. Baş rolda Killian Mörfi oynayıb. “Oppenheymer”, eyni zamanda, “Coker” ekran əsərindən sonra (1,074 milyard dollar) yaşlılar üçün “R” reytinqi olan ən çox gəlir gətirən filmdir.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanla Avstraliya arasında qarşılıqlı investisiyaların artırılması sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.
Report Agentliyə istinadən xəbər verir ki, bu barədə müzakirələr KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Astraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri Natali Süleyman arasında keçirilən görüşdə aparılıb.
Görüşdə, kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin təcrübəsinə, ticarət sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Xatırladaq ki, KOBİA nümayəndələri Qlobal Sahibkarlıq Şəbəkəsi tərəfindən keçirilən Startap Ölkələri Sammitində iştirak etmək məqsədilə Avstraliyada işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri Avstraliyanın sahibkarlıqla əlaqəli qurumlarında bir sıra görüşlər də keçirəcəklər.
Dekabrın 7-9-da Bakı İdman Sarayında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə I Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.
Bu barədə Reporta KOBİA-dan bildirilib.
Məlumata görə, sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır.
Sərgidə yerli istehsalçıların son illər ərzində əldə etdikləri nailiyyətlər, yerli brendlər və onların istehsal texnologiyaları barədə məlumat almaq mümkün olacaq.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sərgidə məhsullarını təqdim etmək istəyən yerli istehsalçılar *0555 nömrəsinə müraciət edə bilərlər.
Sentyabrın 15-də Özbəkistan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Özbəkistan Dövlət İncəsənət Muzeyinin direktoru Vasila Fayziyeva tərəfindən imzalanıb. Tərəflər dost və qardaş olan iki ölkə arasında mədəni əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edərək, bu sazişin muzeylər arasında gələcək əlaqələrin inkişafına, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər.
5 il müddətinə imzalanan memorandum iki nüfuzlu muzey arasında elmi tədqiqat və bərpa-konservasiya işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, birgə sərgilərin təşkili, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bilik Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgisi təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “15 Sentyabr-Bilik Günü” adlı virtual sərgidə Azərbaycanda bu günün təsis edilməsinin tarixi haqqında məlumat, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin şərəfli müəllimlik peşəsi haqqında söylədikləri dəyərli fikirlər yer alır. Virtual sərgidə Şanlı Zəfər tarixindən sonra işğaldan azad olunmuş ərazilərdə təhsil sisteminin canlanmasına dair məlumatlar, fotogörüntülər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Azərbaycan təhsili müstəqillik illərində”, “Təhsil millətin gələcəyidir”, “Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı”, “Azərbaycan təhsilinin inkişaf strategiyası”, “Dərslik siyasəti: köhnə və təzə problemlər” kimi 15-dən çox kitabın və dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.
Kitabxanada “15 Sentyabr-Bilik Günü” münasibətilə təşkil edilən kitab sərgisində müxtəlif elm sahələrinə dair kitablar, dərsliklər, ensiklopediyalar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Bilik Günü” adlı məlumat bülleteni sərgilənməkdədir.
Sözügedən materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/15-sentyabr-bilik-gunu yerləşdirilib.
Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 16-da saat 17:00-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların və kinosevərlərin iştirak edəcəyi tədbirdə Elxan Qasımov haqqında videoçarx nümayiş olunacaq, sənət yoldaşları onun həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcəklər.
1945-ci ildə Naxçıvanda anadan olan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Əhməd haradadır?” bədii filmində sürücü Əhməd obrazı ilə tamaşaçıların sevgisini qazanan sənətkar “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “İnsan məskən salır”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Otel otağı” və s. bədii filmlərdə aktyor kimi yaddaqalan obrazlar yaratmış, “Köhnə bərə”, “Nizami Gəncəvi”, “Müstəqilliyin keşiyində”, “Uçurum üzərində cığır”, “Biz qayıdacağıq”, “Böyük anda sadiqik”, “Ürək yaddaşı”, “Qocalar, qocalar” və digər bədii və sənədli filmlərin rejissoru olub. Əməkdar artist 2023-cü il mayın 29-da Bakıda vəfat edib.
Sentyabrın 15-dən 22-dək Azərbaycanda “Sevilfest-2023” IV Beynəlxalq Qadın Sənədli Film Festivalı start götürəcək. Filmlərin nümayişi Bakı, Şəki və Lənkəran şəhərlərində olacaq. Festivalını açılış mərasimi sentyabrın 15-də saat 19::00-da Bakıda keçiriləcək.
Azərbaycanda müstəqil sənədli film festivalı olan “Sevilfest” qadınların problemlərinə həsr olunub və 2020-ci ildən bəri keçirilir. Builki festival “Bu, sizin ölkənizdə yoxdur” devizi altında və təcrübə mübadiləsi şəraitində təşkil olunur və unikal mədəniyyət hadisəsi kimi, bir sıra imkanlar təqdim edəcək. Kinofestival yerli və beynəlxalq kinematoqrafçılara regional tədbirlərdə iştirak etmək və əhalini sənədli film sənayesi haqqında geniş məlumatlandırmaq imkanı yaradır.
“Sevilfest” qadınların və marginal qrupların həyat hadisələrini paylaşmaq və diqqəti onların sosial problemlərinə yönəltmək məqsədilə kinematoqrafçıları və kino həvəskarlarını öz ətrafında birləşdirir. Bu tədbir çərçivəsində dörd il ərzində ölkənin müxtəlif regionlarında çoxsaylı film nümayişləri təşkil olunub. Ümumilikdə, Azərbaycanın 8 şəhərində 2600-dən çox iştirakçının cəlb edildiyi 125 nümayiş keçirilib.
Festivalın münsiflər heyətinin üzvləri arasında rejissor və jurnalist Atanur Nəbiyeva, sənədli filmlərin rejissoru Ketevan Vaşaqaşvili, ictimai xadim və qadın hüquqları müdafiəçisi Ülviyyə Babasoy, rejissor və kinoşünas Şarofat Arabova, fotoqraf Rəna Əfəndi, prodüser, “Qızlar kinoda” platformasının nümayəndəsi Rebekka Reyni var.
Festivalın adı Cəfər Cabbarlının qadın azadlığı mövzusunda qələmə aldığı “Sevil” pyesindən götürülüb.
Sentyabrın 16-17-də “Azərbaycan” pavilyonunun Ticarət evində XTNS-in qonaqları üçün istirahət günlərində “Buta” rəsm studiyasının təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, bu proqram pavilyona gələn azyaşlılar və onların valideynləri üçün Şərqin ecazkar atmosferinə qərq olmaq, milli naxışları daha yaxından öyrənmək və onları gips, keramik və gil məmulatlarında düzgün təsvir etmək üzrə unikal imkan yaradır.
Layihə ustad dərsi formatında məmulatların rənglənməsi prosesinin dərindən mənimsənilməsini nəzərdə tutur. Ziyarətçilər xoşladıqları məmulatları əldə etdikdən sonra təcrübəli ustaların köməyi ilə onların üzərində nadir şedevrlər yarada, müxtəlif naxışların qədim mənşəyini öyrənə, həmçinin incəsənətin bu növləri üzrə işgüzar məsləhətlər verə bilərlər.
Proqramın sonunda üzərində naxışlar çəkilmiş əşyaları xatirə olaraq götürmək və ya eksklüziv hədiyyə kimi istifadə etmək mümkün olacaq.