Sentyabrın 15-də Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan da daxil olmaqla, ümumilikdə 30 ölkənin nümayəndələrinin iştirak etdiyi Qazaxıstan Turizm İnkişaf Forumu işinə başlayıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, forumda ölkəmizi Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar və işgüzar tədbirlər departamentinin rəhbəri Sevda Əliyeva təmsil edib.
Səfər zamanı bir sıra iştirakçı ölkələrin təmsilçiləri, Qazaxıstanın yeni təsis edilmiş Turizm və İdman Nazirliyi, Qazaxıstan Turizm Assosiasiyası (KTA) və turizm şirkətləri nümayəndələri ilə bir sıra görüşlər keçirilib.
Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı vəzifəsini icra edən Elçin Məmmədov iştirak edib.
Forum çərçivəsində çıxış edən Sevda Əliyeva Azərbaycan turizminin brendinq və marketinq siyasətinin təqdimatını keçirərək, iştirakçıları Azərbaycana turistlərin cəlb olunması təcrübəsi, eləcə də işgüzar tədbirlər sənayesinin cari vəziyyəti haqqında məlumatlandırıb.
Tədbirdə Qazaxıstanın müxtəlif dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, ötən il Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı 30 350 nəfər olub ki, 2023-cü ilin ilk səkkiz ayı üzrə bu rəqəm 35 471 nəfər təşkil edib.
Qazaxıstan vətəndaşları Azərbaycana səfər edən əcnəbilər sırasında ilk onluqda qərarlaşırlar.
Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifovanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin humanitar, mədəniyyət, ailə və sosial məsələlər üzrə müavini Tariq Əl Bəxit ilə görüşündə tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, görüş əsnasında Azərbaycan ilə İƏT arasında mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı üzrə yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd ediblər ki, Azərbaycanda bu sahədə təşkil ediləcək müxtəlif tədbirlər, o cümlədən İslam ölkələri nümayəndələrinin iştirakı ilə İƏT-in Mədəniyyət Festivalı əlaqələrin inkişafında mühüm mərhələ olacaq.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Vasif Adıgözəlovun yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. Vasif Adıgözəlov Azərbaycan musiqi tarixində öz yeri, öz dəst-xətti olan bəstəkarlardandır. Yaratdığı ölməz sənət inciləri ilə mənsub olduğu xalqın mədəniyyət tarixinə bənzərsiz töhfələr verən sənətkarın sənət dünyası əbədiyaşardır, bənzərsizdir...
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun vəfatından 17 il ötür.
Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 15-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.
Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.
Qeyd edək ki, görkəmli bəstəkarın 80 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.
Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq. Bax, əsl sənətkarın da gücü və istedadı ondadır ki, onun yaratdıqları hər zaman əbədiyaşar olaraq qalır.
Hər il 15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “15 Sentyabr - Bilik Günü” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Prezident İlham Əliyevin Bilik Günü ilə bağlı müraciəti, Azərbaycan təhsil sistemi, Azərbaycanda təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və digər mövzularda məqalələr, kitablar və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.
Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur. Milli Musiqi Günü münasibətilə sentyabrın 18-i saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil ediləcək.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin gün BMM-də “Açıq qapı” elan edilib və konsertə giriş sərbəstdir.
Konsert proqramında mərkəzin solistləri, Əməkdar artistlər Səbuhi İbayev, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Ayşən Mehdiyeva, Vəfa Vəzirova və Günay İmamverdiyeva muğamlar və xalq mahnılarından ibarət rəngarəng proqramla tamaşaçıların görüşünə gələcək. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə solistlərdən ibarət ansambl müşayiət edəcək.
Sentyabrın 29-da İstanbuldakı “Humanist Kitab evi” mərkəzində azərbaycanlı müəllif İranə Qasımovanın “Kino lirika” poetik ifası olacaq. Şairə musiqinin və məşhur filmlərdən kadrların müşayiəti ilə öz şeirlərini söyləyəcək.
İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır. Şairə, eyni zamanda, “İranə Qasımova ilə poeziya klassikası”, “Poetry battle with Irana Kasimova”, “İranə Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.
Şairə AZƏRTAC-a açıqlamasında “Kino lirika” layihəsindən ətraflı bəhs edib: “Məhəbbət haqqında lirik şeir yazdığım vaxt məndə bu poetik ifa ideyası yarandı və dərhal Patrik Sueyzinin iştirakı ilə “Ruh” filmindən təsiredici kadrları xatırladım. Düşündüm ki, effekti artırmaq üçün əlavə vasitələrdən istifadə etmək olar. Axı hissiyyat orqanları çox olduqca, şeirin təsiri də daha güclü alınır. Hərçənd, sonradan bəzi tamaşaçılar müraciət edərək bildirdilər ki, filmin kadrları onlara şeirin mənasını tam dərk etməyə mane olur və təxəyyüllərini canlandıra bilmirlər. Belə olan halda, mən onlara şeiri ekrana baxmadan gözüyumulu dinləməyi tövsiyə edirəm. Əgər ekran əsəri diqqəti yayındırırsa, onda diqqəti onun üzərində cəmləşdirmək lazım deyil. Amma xoşdur ki, çoxları bu layihəni bəyəndi. Ona görə də onu davam etdirirəm””.
Layihə Bakı ilə yanaşı, Tbilisi, Moskva və Sankt-Peterburqda da təqdim edilib, hər yerdə tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar Birinci Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını deyib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bəstəkarın yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident İlham Əliyev tərəfindən də Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi, sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar 2019-cu ildə imzaladığı Sərəncam bu diqqətin parlaq təzahürüdür.
Nazir diqqətə çatdırıb ki, görkəmli bəstəkarın 90 illik yubileydə geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın yubileyi həm də onun dünya klassik musiqisinin şah əsərlərindən sayılan “Məhəbbət əfsanəsi” baletinin yarım əsrdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulması ilə əlamətdar olacaq. Dünyanın bir sıra böyük səhnələrini fəth edən bu möhtəşəm balet nümunəsi 18-19 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib ki, Arif Məlikov görkəmli bəstəkar olmaqla yanaşı, həmçinin rəssam, pedaqoq və ictimai xadim idi: “Arif Məlikov SSRİ Ali Sovetinin deputatı kimi Azərbaycan xalqının haqq işinin dəstəklənməsinə də böyük töhfələr verib. Onun bütün janrlarda əsərləri var. Məni çox sevindirən odur ki, bu gün təhsil ocaqlarında Arif Məlikovun əsərləri tədris edilir. Arif Məlikov gözəl tələbələr yetişdirib, özündən sonra böyük irs qoyub”.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli vurğulayıb ki, Arif Məlikov böyük bəstəkar olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi: “O, xasiyyətcə sərt adam idi, çox insan ona görə ondan inciyirdi. Amma o, həqiqətləri insanların üzünə deyirdi. Ümidvaram ki, onun yetirmələri balet janrını da davam etdirəcəklər”.
Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası (Qara Qarayevin sinfi) üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Arif Məlikovun simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.
Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirovun, Bəsti Şərifin, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.
Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.
Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək.
Milli Musiqi Günü münasibətilə təşkil olunacaq konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə baş tutacaq. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim ediləcək, vətənpərvərlik ruhunda şeirlər səsləndiriləcək.
Dünyaşöhrətli bəstəkar, Xalq artisti Arif Məlikovun 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist İnarə Babayeva qeyri-adi layihə təqdim edib. Layihədə bəstəkarın “İki qəlbin dastanı” baletindən Komdenin göz yaşları musiqi nömrəsi beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova (royal) və Əməkdar artist Aleksey Miltıx (violonçel) tərəfindən ifa olunub.
Bu barədə AZƏRTAC-a İnarə Babayeva özü məlumat verib.
“Hazırlanan videoçarx geniş kütlə tərəfindən maraqla qarşılanıb. Görkəmli bəstəkarımız Arif Məlikovun Azərbaycanın musiqi mədəniyyəti tarixində mühüm rol oynayan yaradıcılığı bizim qəlbimizdə əbədi və sönməzdir. Bu parçanın qeyri-adi formatda ərsəyə gəlməsi ideyasının müəllifi tanınmış opera ifaçısı Əməkdar artist Ramil Qasımovdur. Əslində bizə layihəni təklif edəndə, təəccüblə qarşıladıq, çünki bu əsər həmişə instrumental səpkidə səslənir. Amma məşqlər zamanı gördük ki, həqiqətən əsərə yeni bir həyat verilir. Mən fürsətdən istifadə edib, mənimlə layihədə iştirak edən bütün dostlarıma təşəkkürümü bildirirəm”, - deyə İnarə Babayeva söyləyib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Arif Məlikovun 90 illiyi münasibətilə virtual sərgi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Arif Məlikovun həyat və yaradıcılığı, ölkəmizdə və ölkəmizdən kənarda qazandığı uğurlar, bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumatlar əks olunur.
Burada bəstəkarın neçə-neçə dəyərli simfoniya, balet, mahnı, romans və fortepiano əsərləri yaratması, zəngin irsinin Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindən biri olması təsvir edilir. Materialda Arif Məlikovun Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə olan görüşlərindən foto və videofraqmentlər nümayiş etdirilir. Virtual sərgidə Prezident İlham Əliyevin dəfələrlə Arif Məlikovun yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti haqqında söylədiyi dəyərli fikirlər yer alır.
Materialda dahi bəstəkara həsr olunmuş “Arif Məlikovun vokal və kamera-instrumental əsərlərinin bəzi ifaçılıq xüsusiyyətləri”, “Musiqi....poeziya”, “Azərbaycan musiqi ədəbiyyatı”, “Şərq muğamları” kimi kitabların və dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri təqdim edilir.
Hazırlanmış material kitabxananın rəsmi saytında (https://ryl.az/multimedia/xalq-artisti-bestekar-arif-melikov-90) və sosial şəbəkələrində yerləşdirilib.