Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb

    Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihəyə yekun vurulub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.

    Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

    Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Yaxın günlərdə audiodiskin geniş ictimaiyyətə təqdimatı olacaq.

  • Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür

    Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 136-cı ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.

    Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.

    İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.

    Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedib. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alıb.

    Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.

    Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görüb.

    O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə "Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.

    Yusif Vəzir həmin dövrdə "Azərbaycanın Muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi–coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazıb.

    Yusif Vəzir "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.

    1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.

    1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.

    O, “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.

    1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

  • Opera və Balet Teatrı oktyabr repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Opera və Balet Teatrı oktyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-də sənət ocağının səhnəsində “Qaratoxmaq qadın”, 5-də “Sevil” operaları, 7-də isə “Romeo və Cülyetta”, “Bolero” baletləri nümayiş olunacaq.

    Bundan başqa, oktyabrın 14-də növbəti dəfə “Qaratoxmaq qadın” operası, 24-də “Məhəbbət əfsanəsi”, 26-da isə “Orfey və Evridika” baletləri təqdim ediləcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • YUĞ Teatrı “BİKEN” Beynəlxalq Teatr Festivalında iştirak edəcək

    Azərbaycan Dövlət YUĞ Teatrı Qazaxıstanda keçiriləcək “BİKEN” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, sözügedən festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar 29 sentyabr – 4 oktyabr tarixlərində Rimovoy adına Taldıkorqan Dram Teatrında keçiriləcək. Festival çərçivəsində YUĞ Teatrı oktyabrın 3-də C.Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında rejissor Günay Səttarın quruluşunda hazırlanmış “Toy dəstgahı” tamaşası ilə çıxış edəcək.

    Səhnə əsərində xan ilə xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.

    Tamaşada rolları aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova canlandırırlar.

  • Ustad xanəndə Tələt Qasımovun xatirəsi yad olunacaq

    Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində ustad xanəndə, Xalq artisti Tələt Qasımovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən xanəndənin repertuarında yer alan muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.

    Konsertdə Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zabit Nəbizadə , Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov , Beynəlxalq Muğam Mərkəzinin solistləri və muğam sənətimizin sevilən xanəndələri çıxış edəcəklər.

  • Güney Azərbaycana işıq tutan tədqiqatlar

    Güney Azərbaycanda elm, mədəniyyət, mətbuat və ictimai fikrin dünəni və müasir problemləri ilə bağlı “Güney Azərbaycana işıq tutan tədqiqatlar” adlı kitabça çap edilib.

    AZƏRTAC xəbər verir ki, kitabça “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin “Cənubi azərbaycanlı tanınmış elm, mədəniyyət, ictimai xadimlər və onların fəaliyyəti barədə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə işıq üzü görüb.

    Yeni nəşrdə Güney Azərbaycanda elm, mədəniyyət, maarif məsələləri, ədəbiyyat, mətbuat tarixi və müasir problemləri barədə tədqiqatçı-alimlərin məqalələri yer alıb. Müəlliflərin elmi-publisistik məqalələri İrandakı soydaşlarımızın elmi-ədəbi dünyagörüşü, intellektual vəziyyəti və oradakı ziyalıların həyat və fəaliyyətinə həsr olunub.

    Kitabça geniş oxucu auditoriyası, həmçinin mövzu barədə araşdırma aparanlar üçün nəzərdə tutulub.

  • “Soldier” ən gəlirli film olub

    Dünyaşöhrətli hind aktyoru Şahrux Xanın baş rolda çəkildiyi “Soldier” filmi qısa zamanda böyük uğur qazanıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sentyabrın 7-dən kütləvi nümayişə buraxılan film Hindistanda 9.4, dünya nümayişindən isə 53.3 milyon dollar gəlir əldə edib.

    Qeyd edək ki, ümumilikdə 62.7 milyon dollar gəlirlə “The great equalizer 3” də daxil olmaqla digər bütün rəqiblərini üstələyən film 85.3 milyon dollar gəlir qazanan “The curse of the nun 2” qorxu filmindən geri qalaraq 2-ci sırada qərarlaşıb.

  • Altıncı “Animafilm” festivalı başa çatıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı ilə Bakıda beş gün davam edən 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya və Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumların tərəfdaşlığı ilə gerçəkləşən builki festivalın mövzusu “Qadın haqları” idi.

    AZƏRTAC xəbər verir ki, festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi Nizami Kino Mərkəzində keçirilib.

    Festivalda filmləri beynəlxalq münsiflər heyəti – İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oqtay Yusibov (Azərbaycan, Finlandiya), Olivye Kateğin (Fransa) və Təhzib Kurana (Hindistan) kimi peşəkarlar dəyərləndirib.

    Festivalın beynəlxalq müsabiqəsinin “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran-pri mükafatına çinli rejissor Lei Chenin “Müharibənin sonu” (The End of War) filmi layiq görülüb.

    Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə honqkonqlu rejissorlar Step Cheung və Kai Chung Ngin “Hər bir yerdə” (Everywhere) filmi qalib adını qazanıb.

    Festivalın yerli müsabiqəsinin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə qalibinin adını Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu açıqlayıb. Mükafata rejissor Aleksandra Şirinovanın “Baharın oğurlanması” (Stolen Spring) filmi layiq görülüb. Bu kateqoriya üzrə digər qalibin adı isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tərəfindən açıqlanıb. Mükafatı rejissor Rəvan Muradovun “Birdən ölsək” (The Half – If WeDie) filmi qazanıb. Səfir bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq Fransada dünyanın ən böyük animasiya layihəsi festivalı olan “Annecy” Beynəlxalq Animasiya Film Festivalına qatılmaq imkanı qazanıb.

    "Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi" kateqoriyası üzrə rejissor Ayan Novruzlunun “Boş yerlər” (Empty Spaces) filmi qalib gəlib. Bu film həmçinin tamaşaçı seçimi müsabiqəsinin də qalibi olub.

    İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsi üzrə rejissor Mehriban Əliyevanın “Züleyxa Seyidməmmədova” filmi I, rejissor Leyla Novruzovanın “Üzük” (Ring) filmi isə II yerə layiq görülüb. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.

    Tədbirdə "TOTD" ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olunub.

    Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və kreativ direktor Nəzrin Ağamalıyeva çıxış edərək festivalın bütün dəstəkçilərinə və heyətinə minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, festivala Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və “Oskar” mükafatlı Maykl Dudok de Vit (Niderland, İngiltərə) kimi məşhur rejissor və animatorlar da qatılıb.

    Festivalda ümumilikdə uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirilib.

  • Filarmoniya yeni mövsümdə tamaşaçılara zəngin proqram vəd edir

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcılıq mövsümünün açılışına hazırdır. Yay aylarında kollektivlər və inzibati işçilər geniş tədbirlər planı hazırlayıb, çoxsaylı festival və müsabiqələrin, beynəlxalq və yerli layihələrin yüksək səviyyədə təqdim olunması məqsədilə gərgin fəaliyyət göstərib.

    Filarmoniyanın mətbuat katibi Camalə Abdinzadə sentyabrın 18-də başlayacaq yeni mövsümlə bağlı AZƏRTAC-a ətraflı məlumat verib.

    Mətbuat katibi deyib: “Sentyabrın 18-də - Milli Musiqi Günündə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır. Həmin gün Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin quruluşunda iştirak edəcək. Sentyabrın 19-da isə filarmoniyanın yay zalında Azərbaycan kinematoqrafiyasının 125 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.

    Onun sözlərinə görə, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orqan musiqisi zalında müxtəlif konsertlərin və yaradıcılıq axşamlarının keçirilməsi nəzərdə tutulur.

    Agentliyin müsahibi qeyd edib: “Bu il çoxlu tədbirlər keçiriləcək. Filarmoniyanın səhnəsində tanınmış bəstəkarların bir sıra tədbirləri və yaradıcılıq gecələri təşkil ediləcək. Onların arasında Azərbaycanın Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illiyi, Azərbaycan Xalq artistləri Tofiq Bakıxanovun və Nəriman Məmmədovun yaradıcılıq gecələri, görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş fortepiano axşamı, Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi, violonçelçi Sabir Əliyevin 95 illiyi ilə bağlı tədbir, İlyas Mirzəyevin 60 illiyinə və Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş yaradıcılıq axşamları var. Həmçinin xarici ifaçıların və tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransanın Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva öz çıxışı ilə klassik musiqi həvəskarlarını sevindirəcək”.

    Filarmoniyanın innovasiyalara həmişə açıq olan rəhbərliyi gənc ifaçıları da yaddan çıxarmır. Təcrübə və müasirliyin sintezinə əsaslanan layihələrin həyata keçirilməsi zamanı səhnə həmişə yaradıcı gənclərin ixtiyarına verilir.

    Gənc və istedadlı ifaçılara və bəstəkarlara öz yaradıcılıqlarını böyük səhnədə nümayiş etdirmək imkanı verən layihələrdən biri “Gənclərə dəstək” adlanır. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadədir, koordinatoru isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

    Camalə Abdinzadə qeyd edib ki, layihənin əsas məqsədi ölkədə gənc istedadların aşkar edilməsi və dəstəklənməsi, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafı, musiqi maarifləndirməsi vəzifələrinin həllinə yönəlmiş proqramların həyata keçirilməsi və musiqiçilərimiz arasında hüquqi biliklərin formalaşmasıdır. Bu layihə çərçivəsində konsertlər ölkəmizin müxtəlif səhnələrində təşkil edilir.

    2017-ci ildən bu layihənin iştirakçıları hər il ölkəmizin ən mənzərəli guşəsində keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək imkanı əldə edirlər. Xüsusən, bu ilin iyulunda keçirilmiş XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında sözügedən layihə çərçivəsində tamaşaçılara gənc istedadların iki konserti təqdim edilib.

    Mətbuat katibi vurğulayıb: “Daha bir maraqlı və mühüm yenilik Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yeni adlar” layihəsidir. Bu layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanıdılmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və böyük sevgi ilə ifa edən gənclərin üzə çıxarılmasına xidmət edir. Gənc ifaçılar filarmoniyanın səhnəsində tanınmış dirijorlar və bədii rəhbərlər – Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, Mustafa Mehmandarovun, Orxan Həşimovun, Xalq artisti Ağaverdi Paşayevin və Əməkdar artist İlahə Hüseynovanın idarə etdikləri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Yeni mövsümdə tamaşaçılar üçün çox maraqlı proqram hazırlanıb”.

    Bakılılar və paytaxtın qonaqları üçün daha bir sürpriz abonement konsertlərinin bərpasıdır.

    Camalə Abdinzadə əlavə edib: “Uzun fasilədən, 2022-ci ilin noyabrından sonra filarmoniyanın Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi abonement konsertləri yenidən başlayır. Konsertlər hər şənbə günü saat 15:00-da kamera və orqan musiqisi zalında keçiriləcək. Bu konsertlərdə müxtəlif kollektivlər rəngarəng proqramlarla çıxış edəcək.

  • Bakı Aeroportu ilə Səudiyyə Ərəbistanın hava limanı əməkdaşlığı genişləndirmək istəyir

    Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanı arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

    Bu barədə Reporta Heydər Əliyev Beynəlxalq Aeroportdan bildirilib.

    Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov nümayəndə heyətinə Bakı hava limanının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tanışlıq Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turist axınının inkişafı üçün yeni imkanlar açacaq.

    Hava limanına uğurlu səfərin təşkilinə görə nümayəndə heyəti dərin minnətdarlığını ifadə edərək bunu yüksək peşəkarlığının və səmərəli əməyinin nümunəsi kimi qiymətləndirilib. Həmçinin, Bakı hava limanının əməkdaşlarına təşəkkürnamə təqdim olunub.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu müasir infrastrukturu, yüksək xidməti və davamlı inkişafa sadiqliyi ilə aparıcı beynəlxalq aviaşirkətlərin və hava limanlarının diqqətini cəlb edir ki, bu da ona yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə imkan verir.