Bakıda 12 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 20 avtobus cəlb edilib.
Bu barədə Reporta Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Ümumilikdə 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus buraxılıb. Bunlar 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətləridir.
Hazırda müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1 886-dır. Ötən ilin eyni dövründə 1 697 olub.
İncəsənət tarixinin ən görkəmli simalarından olan holland rəssam Vinsent Van Qoqa məxsus olan oğurlanmış rəsm əsəri öz doğma vətənində Hollandiyada tapılıb.
AZƏRTA TASS-a istinadla xəbər verir ki, Van Qoqun “The Parsonage Garden at Nuenen” əsəri məşhur dedektiv Artur Brand və Hollandiya polisinin birgə səyi nəticəsində aşkarlanıb.
Rəsm əsərinin dəyəri 3-6 milyon avro aralığında qiymətləndirilir.
Xatırladaq ki, əsər üç il bundan əvvəl Hollandiyanın Amsterdam şəhərində yerləşən Singer Laren muzeyindən oğurlanmışdır.
Bakıdakı Rus evində Günel Ravilovanın “Mənim həyatım” adlı fərdi sərgisi keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgi sentyabrın 15-də saat 19:00-da açılacaq.
Tamaşaçıların diqqətinə təqribən 40 rəsm işi təqdim olunacaq. Burada "sürrealist görünüş anları - adi süjetə qeyri-ənənəvi yanaşma mövcuddur. Rəsm əsərlərində müəllifin gözü ilə tamaşaçıya dünyanı göstərən inandırıcı mənzərələr var", - mətbuat xidmətinin məlumatında qeyd olunur.
Günel Ravilova 2011-ci ildən Azərbaycanın Rəssamlar İttifaqının üzvüdür.
Bütün maraqlanan şəxslər sərgini ziyarət edə bilər.
“Micon International Ltd” beynəlxalq konsaltinq şirkəti Gədəbəydə filiz hasilatı və emalı müəssisələri haqqında ilkin hesabat hazırlayıb.
Bu barədə Report "Anglo Asian Mining" (AAM) şirkətinə istinadən məlumat verib.
“Anglo Asian Mining” hesabatın gələn həftə tamamlanacağını gözləyir və bildirir ki, hesabat açıqlandıqdan sonra daha ətraflı məlumat veriləcək.
Şirkət hazırda “Micon” və Azərbaycan hökuməti ilə birgə hesabat layihəsini nəzərdən keçirir.
Xatırladaq ki, “Micon” müstəqil konsaltinq şirkətinin hesabatında göstərilən ətraf mühitin qorunması və təhlükəsizlik sahəsində bütün çatışmazlıqlar aradan qaldırılana qədər iyulun 31-dən Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Gədəbəy müqavilə sahəsində flotasiya qurğusunun işini və filiz hasilatını dayandırıb.
“Micon” komandası Azərbaycan hökuməti adından və Azərbaycanın “İqlim” ekoloji şirkətinin dəstəyi ilə Gədəbəydə filiz hasilatı və emalı obyektlərində tam ekoloji yoxlama aparıb. Buna əsasən hökumətə və şirkətə öz nəticələri haqqında tam hesabat təqdim etməli olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirir.
2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan ABB yeni nəsil rəqəmsal imza vasitəsilə həyata keçirdiyi daha bir xidməti müştərilərinə təqdim edib. Belə ki ABB-nin yeni rəqəmsal kart məhsulu olan “Tam DigiCard”ı banka gəlmədən və bank əməliyyatlarına əlavə vaxt sərf etmədən “SİMA İmza” ilə sifariş etmək mümkündür. Bunun üçün sadəcə “ABB mobile” tətbiqinə daxil olub müraciət göndərmək və sonda sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə elektron qaydada imzalamaq kifayətdir. İllik istifadə limiti olmayan ilk rəqəmsal kart – “Tam DigiCard” pulsuzdur.
Müştərilər kart sifarişini və “SİMA İmza” ilə sənədlərin imzalanması prosesini qeyri-iş günləri də daxil olmaqla günün istənilən saatında “ABB – Mobile” tətbiqi vasitəsilə həyata keçirə bilərlər.
Xatırladaq ki, 2023-cü ilin aprelindən etibarən SİMA yeni nəsil rəqəmsal imza ilə “ABB mobile” tətbiqi üzərindən debet kartı da sifariş etmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün “AzInTelecom” və ABB birgə layihələr üzərində çalışır.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edir.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə oval tipli piyada pandusları quraşdırılacaq. Yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Sentyabrın 12-də Milli Aviasiya Akademiyasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb və ölməz musiqi əsərləri səsləndirilib.
Bildirilib ki, böyük bəstəkarın yaradıcılığında kinofilmlərə və teatr tamaşalarina yazdiğı musiqilər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanib. Onun "Sehrli xalat", "Ulduzlar sönmür", "Axirıncı aşırım " kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşalarına yazdiğı musiqi əsərləri bu gün də sevilə-sevilə dinlənilir.
A.Məlikovun çoxşaxəli yaradıcılığında estrada əsərləri də mühüm yer tutub. Bəstəkarın yazdığı "Yaşatdi məni", "Dənizdə ay çiməndə", "Gəl bizim dağlara" və digər mahnılar taninmış mügənnilərimizin ifasinda böyük şöhrət qazanıb. Bəstəkarın bəstələdiyi mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova və digər tanınmış müğənnilərimiz böyük məharətlə ifa ediblər.
Milli Aviasiya Akademiyasının tələbələri və professor müəllim heyətinin qarşısında çıxış edən Xalq artisti Fidan Haciyeva, Əməkdar artist Ramil Qasımov, müğənnilər Kamilə Nəbiyeva, İnarə Babayeva bəstəkarın müxtəlif illərdə yazdığı estrada, operetta və klassik janrda bəstələdiyi mahnıları təqdim ediblər.
İfaçıları Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" instrumental ansamblı müşayiət edib.
Sentyabrın 12-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət-özəl sektoru arasında əlaqələrin genişləndirilməsi istiqamətində Assosiasiyanın həyata keçirdiyi işlər, həm gəlmə, həm də getmə turizmin inkişafı yönündə atılan addımlar, turizm bazarının sağlamlaşdırılması, eləcə də xarici bazarlarda ölkənin turizm potensialının təşviqi, xarici tərəfdaşlarla turizm əlaqələrinin inkişafında həyata keçirilən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbirdə turizm sahəsində qazanılan uğurlar və görüləcək işlərdən danışan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib: “2023-cü ilin yanvar–avqust ayında Azərbaycana 1 milyon 344 mindən çox əcnəbi qonaq səfər edib ki, bu da postpandemiya dövründə ölkə turizminin sürətlə bərpa olunduğunu deməyə əsas verir. Bizim əsas məqsədimiz ölkə turizmini inkişaf etdirməkdir. İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır. Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir”.
Dünyada cərəyan edən iqtisadi-siyasi problemlərə baxmayaraq, qlobal turizmin inkişafı fonunda ölkə turizminin də əhəmiyyətli dərəcədə bərpa edildiyini qeyd edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov son zamanlar bir sıra ölkələrin Azərbaycanı turizm destinasiyası olaraq seçmələrini ölkə turizminin inkişafı baxımından böyük uğur olduğunu və ictimai qurumun ölkə turizminin bərpası və inkişafı, eləcə də ölkəyə turist axınının artırılması və xarici ölkələrdə təşviqi istiqamətində aktiv fəaliyyət göstərdiyini bildirib.
Tədbir çərçivəsində ATAA-nın illik fəaliyyətinin yekunlarına həsr olunan video-hesabat təqdim olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxsləri, eləcə də turizm sənayesinin nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bu gün Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz rayonundan olan vətəndaşları qəbul edib.
Bu barədə Reporta Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiyanın verilməsi, regionda kənd təsərrüfatı təyinatlı texnikaların satışı, “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində at gücü çox olan traktorların istifadəyə verilməsi, istifadədə olan köhnə kombaynların yenilənməsi, torpaqların sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub.
“Aqroservis” sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı daycest oxuculara virtual şəkildə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daycestdə görkəmli ədib haqqında qısa xülasə, görkəmli şəxsiyyətlərin onun haqqında dəyərli fikirləri, həmçinin, Mir Cəlalın əsərlərində işlətdiyi atalar sözləri və aforizmlər yer alıb.
Xülasədə 24 adda kitab və 131 adda dövrü mətbuat məqaləsinin tammətnli siyahısı, yazıçının 5 kitabı yer alıb.