Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Kürdəmirdə keçiriləcək

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda keçiriləcək.

    Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmirdə görüşü təşkil olunacaq.

    Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 13-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

    İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

  • Azərbaycan və Macarıstan energetika sahəsində əməkdaşlığı müzakirə edib

    Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla energetika sahəsində əməkdaşlığı müzakirə edib.

    Report xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin Ofisinin mətbuat xidmətinin rəhbəri Zoltan Kovacs "X" sosial şəbəkəsindəki hesabında yazıb.

    Z.Kovacs deyib ki, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

    O qeyd edib ki, tərəflər Azərbaycan enerji şirkətinin Macarıstan təsislərində qaz depolamaya başlamasının və iki ölkə arasında fiziki qaz tranzitinin yaradılmasının vacibliyi vurğulayıb: “Həmçinin, onlar macar şirkətlərinin Azərbaycanda uğurlu genişlənməsini və gələcəkdə potensial macar investisiyasını müzakirə ediblər. Qarabağın yenidən bərpası sahəsində macar şirkətlərinin inşa prosesində iştirakı üçün bir Azərbaycan şəhəri müəyyənləşdirilib”.

    Görüşdə qeyd edilib ki, Macarıstan azərbaycanlı tələbələrə Macarıstanda təhsil almaq üçün hər il 200 təqaüd imkanı təklif edir.

  • Rəşad Nəbiyev Astarada vətəndaşları qəbul edib

    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

    Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

    Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

    Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

    Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

    Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

  • “Nine Senses” incəsənət mərkəzində “Həyat dairəsi” adlı sərginin açılışı olub

    “Nine Senses” incəsənət mərkəzində kosmoqraf və astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” adlı sərgisinin açılışı olub.

    Report xəbər verir ki, bu, oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” böyük beynəlxalq festival ərəfəsində ilk tədbirdir və bu tədbirlə festivalın təməl daşı qoyulub. İncəsənət mərkəzi beynəlxalq və azərbaycanlı ekspertlərlə görüşlərin keçiriləcəyi, təcrübə mübadiləsi aparılacağı, onların fiziki və mənəvi təcrübələrinin bölüşüləcəyi məkana çevriləcək.

    “Əsas məqsədimiz Azərbaycanı minillik ənənələrə, zamanın sınağından çıxmış dəyərlərə, eləcə də biznesə, təhsilə və özünüinkişafa müasir yanaşmalara malik bir dövlət kimi dünyaya tanıtmaqdır. Bundan əlavə, biz qarşılıqlı hörmət, maraq və qonaqpərvərliyə əsaslanan mədəniyyətlərarası ünsiyyət platforması yaratmaq istəyirik.

    Biz qonaqlara müxtəlif növ sağlamlıq, idman və tarixi-mədəni turizm fəaliyyətlərini təqdim etmək istəyirik. Bir çox qədim təlimlərin və dinlərin vətəni olan Azərbaycanın qüdrətini dünyaya göstərmək, insanları ölkənin mədəni ənənələri, həmçinin milli mətbəximizlə tanış etmək bizim üçün vacibdir”, - “Nine Senses” incəsənət mərkəzinin akademik direktoru və sərginin kuratoru Natalya Jukova bildirib.

    Onun sözlərinə görə, bura bir çox mədəniyyətlərin və təlimlərin ənənələrini əhatə edən yaradıcılıq və özünü inkişaf məkanına, üfüqləri, şüur və cismani təcrübəni genişləndirən yerə çevriləcək. Bu, geri çəkilmə mərkəzi, yaradıcı özünüifadə yeri və bədən, ağıl və ruh üçün bir məkandır.

    Sənət mərkəzinin direktoru qeyd edib ki, qarşıdan gələn tədbirdə şəxsi baxış təcrübəsi verən Kriyya yoqa ustası, bəstəkar və multi-instrumentalist İmram Kriyya iştirak edəcək.

    N.Jukova vurğulayıb ki, mandalalarda Günəşin kristallaşmış formaları məkan və mənəvi əhvali-ruhiyyənin harmoniyasını dəstəkləyir.

    Onun sözlərinə görə, hinduizm və buddizm kimi bir çox dini ənənələrdə mandalalar mənəvi yüksəlişin, aydınlanma yolunun rəmzi kimi istifadə olunur. Onlar şüur və daxili rahatlığı inkişaf etdirməyə kömək edən meditativ mərkəz kimi xidmət edə bilərlər.

    Qeyd edək ki, sərgi dairənin arxetipik rəmzinin bir ekspozisiyadakı əlaqəsi üzərində qurulub. O, kosmosun əbədiliyini və sonsuzluğunu, Günəşi simvollaşdırır. Hər bir əsər öz qoxusu ilə müşayiət olunur, bir sıra səslərlə əhatələnir və özünəməxsus vibrasiya dalğası yayır.

    “Biz "Həyat Dairəsi" mandala terapiyası layihəsini həyata keçiririk. Mənim ən yaxşı mandalalarım məhdud sayda olsa da, burada sərgilənir. Onlar bir növ enerji portalıdır. Onlar məkanı harmoniyalaşdırır, insanları mənfi enerjidən qurtarmaq, onu işıqla doldurmaq üçün unikal qabiliyyətə malikdirlər”, - kosmoqraf və astropsixoloq Fərhad Sadıxov bildirib.

    “Mandala vasitəsilə biz kainatın fraktal modelini yenidən yaradırıq və onun bir hissəsi olmaqla insan yaradılışla vəhdət təşkil edir”, - sənət mərkəzinin direktoru N.Jukova deyib.

    Onun sözlərinə görə, bu gün mandalalar unikal simvolik mənaları və istifadələri ilə dünyanın müxtəlif mədəniyyətlərinə yol tapıb: “Azərbaycanda buna bənzər istiqamət şəbəkə adlanır: ornamental məbəd vitrajları. Şəbəkələri ərsəyə gətirmiş ustalar yalnız xüsusi ayinlər yerinə yetirdikdən və dualar oxuduqdan sonra öz işlərinə başlayırmışlar”.

    Hinduizmdə mandalalar dərin mənəvi məna daşıyır, dini və ritual praktikalarda geniş istifadə olunur. Buddizmdə isə mandalalar tez-tez meditasiya və vizuallaşdırma üçün istifadə olunur. Onlar həyat və ölüm dairəsini simvollaşdıra bilərlər.

    Məsələn, Rusiyada qadınlara, uşaqlara, döyüşçülərə, ovçulara və balıqçılara müxtəlif məsələlərdə kömək etmək və onları qorumaq üçün saplardan toxunan bilərziklər verilirdi.

    Bəzi Şimali Amerika hind xalqları arasında mandalalar qum və ya daş kimi təbii materiallardan hazırlanır, ayin və mərasimlərdə istifadə olunur. Onlar təbiət və mənəvi aləmlərlə əlaqələri simvollaşdıra bilərlər.

    Tibet rahibləri tanrıları və kosmik strukturları təsvir etmək üçün mürəkkəb qumdaşı mandalaları yaradırlar. Bu mandalalar daha sonra dünyanın dəyişkənliyinin və davamlılığının əlaməti olaraq məhv edilir.

    Xristianlıqda mandalalar kilsə vitrajlarını və ya pəncərələrini bəzəmək üçün istifadə edilə bilər. Onlar üçün xaç və ya külək gülü iman və mənəvi yolun simvollarıdır.

    Müasir incəsənət və psixologiyada mandalalar özünüifadə və terapiya vasitəsi kimi istifadə olunur. İnsanlar rahatlıq və daxili harmoniyaya nail olmaq üçün mandalalar yarada və rəngləyə bilərlər.

    “Nine Senses” yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzidir – Xəzər dənizinin sahilindəki atmosfer məkanıdır. Mərkəzin missiyası bütün yaş və peşələrdən olan sənətsevərlər üçün təhlükəsiz və harmonik ictimai məkan yaratmaqdır. Onlar hər kəsin daxilindəki yaradıcı və əyləncəli ruhun ortaya çıxacağına inanırlar.

  • "Bakı payızı 2023 - 35 il sonra" yarışmasının qalibləri məlum olacaq

    "Bakı payızı 2023 - 35 il sonra" yarışmasının qalibləri açıqlanacaq.

    Reportun xəbərinə görə, noyabr ayının 3-ü qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

    Konsertdə 5 müxtəlif janr üzrə qaliblər birlikdə səhnəyə çıxacaq, iştirakçılara qələbə bəxş edən yeni mahnılar səsləndiriləcək. Qruplar ən yaxşı xoreoqraflarla, vokalçılar orijinal janrın ən uğurluları ilə, yeni ulduzlar estradamızın məşhurları və ən çox sevdiyiniz müğənnilərlə duet oxuyacaqlar.

    Xatırladaq ki, konsert proqramı noyabrın 3-ü saat 19:00-da Heydər Əliyev sarayında baş tutacaq.

    Qeyd edək ki, biletləri şəhərin kassalarından və onlayn (https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234) almaq mümkündür.

  • Bakıda marşrut xətlərinə əlavə 112 avtobus cəlb edilib

    Bakıda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 112 avtobus cəlb edilib.

    Bu barədə Reporta Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Həmin nəqliyyat vasitələri sərnişin tələbatının daha çox müşahidə edildiyi 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətləri üzrə istifadəyə verilib. Hazırda müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir.

    Məlumata görə, daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib. Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb. Eyni zamanda paytaxtda yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.

  • “One Life” filminin ilk treyleri təqdim olunub

    Hollivud istehsalı olan və real hadisələrə əsaslanan “One Life” filminin ilk tizer-treyleri yayımlanıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünyaca məşhur britaniyalı aktyor Entoni Hopkinsin rol aldığı ekran əsərindəki hadisələrin çoxu İkinci Dünya müharibəsi ərəfəsində baş verir.

    Qeyd edək ki, filmin nümayişi cari ilin dekabr ayı üçün nəzərdə tutulub.

  • Milli Kitabxanada “Rəsul Həmzətov -100” adlı virtual sərgi təqdim olunub

    Tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, virtual sərgidə fotolar, Rəsul Həmzətovun müəllifi olduğu kitablar, həmçinin haqqında Azərbaycan və rus dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi, eyni zamanda ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur.

    Virtual sərgi ilə http://anl.az/el/vsb/Resul_Hemzetov/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.

    Qeyd edək ki, 1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi məşəli və acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub.

    Rəsul Həmzətov 2003-cü il noyabrın 3-də vəfat edib.

  • “Bəxtiyar” tamaşası yenidən Musiqili Teatrın səhnəsində

    Yeni mövsümdə, sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi tərəfindən “Bəxtiyar” musiqili komediyası növbəti dəfə teatrsevərlərə təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında hazırlanan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyev tərəfindən səhnələşdirilib.

    Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizovadır.

    Səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

  • “Warner Bros.” bir çox əməkdaşlarla müqavilələri dayandırıb

    Hollivudun əsas kinostudiyalarından olan “Warner Bros.” rəhbərliyi bir neçə məşhur prodüser və ssenaristlə müqavilələri dayandırıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu siyahıya Cey Cey Abrams, Qreq Berlanti, Cak Lorre, Bill Lourens, Con Uells və bir çox başqaları daxildir.

    Qeyd edək ki, sadalananların hamısı artıq öz sözünü demiş məşhur prodüserlərdir. Bu prosesə ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətillərin də səbəb olduğu vurğulanır. Buna görə də artıq bir çox digər şirkətlərdə işçilərin ixtisarı başlayıb.