Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) görkəmli Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar kimi tarixə düşüb. Bu qüdrətli şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanıb. Tədqiqatçıların yazdığına görə, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstündə çalardılar) çalmağa başlayıb. Tədqiqatçılar yazır ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib.
AZƏRTAC xəbər verir ki, bu il görkəmli tarzənin anadan olmasının 177-ci ildönümü tamam olur.
Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayıb. Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı tarda ifa edir, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, burada musiqi məclislərində iştirak edirdi. Qafqazın birinci tarzəni kimi xarakterizə edilən sənətkar haqqında “Kafkazskoye obozreniye” qəzeti yazırdı: “Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib Sadıqdan Şərq motivlərini mənimsəyə bilsə idilər, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi”.
Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq ciddi-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni alim Sadıq adlandırmamışlar. Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verib. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O özünün virtuoz bacarığından istifadə edərək ilk dəfə tarı sinəsinə qaldırıb.
Mirzə Sadıq, eyni zamanda, istedadlı bir bəstəkar idi. O, “Orta Segah” və “Bayatı Şiraz” muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muğamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Sadıqcan Azərbaycan milli musiqisində misilsiz rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə misilsiz xidmət göstərib. Tarixdə adı qalan sənətkar Sadıqcan neçə əsr sonra da xatırlanacaq. Çünki onun ömrü tarda davam edəcək.
Sadıqcan 1901-ci ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa edir. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişir.
Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdır. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdir. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan vermişdir.
AZƏRTAC xəbər verir ki, bu gün milli musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış kamança ustası, Xalq artisti Habil Əliyevin vəfatından 8 il ötür.
Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.
Erkən yaşlarından kamançaya meyl salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.
Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.
Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.
Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.
Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.
Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.
İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilir.
Reportun yerli bürosu xəbər verir ki, festival iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqdan sonra festivalın keçirildiyi Sahil Parkına gəliblər.
Qeyd edək ki, 45 şirkət və 55 ailə təsərrüfatçılarının iştirak etdiyi festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilir.
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında mədəniyyət nazirinin müavini, bu ölkənin Milli İncəsənət Fondunun baş katibi və Çin Mədəni İrsin Təşviqi Assosiasiyasının prezidenti Li Çün ilə görüşüb.
Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.
Azərbaycan nümayəndə heyətini səmimi salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.
Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün eyni zamanda beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb.
Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb.
Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən Böyük İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər.
Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qoruması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur.
Nazir Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.
Ermənistan tərəfindən Azərbaycanın tarixi ərazilərinin 30 il ərzində işğal altında saxlanıldığını diqqətə çatdıran Adil Kərimli bu müddət ərzində bütün infrastrukturun, o cümlədən tarixi, mədəni və dini irsin vandalizmə məruz qaldığını, mənimsənildiyini və talan edildiyini vurğulayıb. Bildirilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq ərazilərimizin 30 illik işğalına son qoyub, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa edib. Müharibədən sonra Ermənistanın törətdiyi vandalizmin gerçək vəziyyəti ortaya çıxıb, yüzlərlə şəhər, qəsəbə və kəndlərimizin yer üzündən silindiyi məlum olub.
Müharibədən qısa müddət sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinə başlanılıb. Tarixi torpaqlarımızda mədəni irsin də bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi və dini abidələrin bərpası artıq başa çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sentyabrın 8-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət, turizm və təbliğat müşaviri Muhittin Macid, o cümlədən Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Serdar Keskin və Azərbaycan üzrə təmsilçisi Aynur Əlləzova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin turizm qurumları arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq perspektivləri, turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və turist cəlbediciliyinin artırılması məsələləri sentyabrın 8-də İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İsveçrə turizm nümayəndəliyinin MDB ölkələri üzrə rəhbəri Natalia Vart arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı ATAA sədri assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.
Müzakirələr zamanı turizm sahəsində iki tərəfli əlaqələrin formalaşdırılması, həm tibbi, həm də istirahət turizmi üzrə birgə iş birliyinin yaradılması, üzv şirkətlərlə əməkdaşlığın qurulması, eləcə də turist səfərlərinin sayının artırılması üçün B2B formatlı görüşlərin keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünyaca məşhur ifaçı Freddi Merkurinin royalı şəxsi əşyaları arasında rekord məbləğə - 2,2 milyon dollara satılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, sənətçiyə məxsus şəxsi əşyalardan ibarət kolleksiyanın yer aldığı satışı “Sotheby's” hərrac evi keçirib. Eyni zamanda, Freddi Merkurinin dəridən olan geyim dəsti 18 min dollara satılıb.
“Hərracda satılan piano 1975-ci ildən 1991-ci ilə qədər musiqiçidə olub. İfaçı nisbətən kiçik ölçülü, eyni zamanda, geniş diapazonlu səsə malik olan ideal musiqi alətini seçmək üçün həftələrlə vaxt sərf edib. Nəticədə o, “Yamaha G2” royalını seçib. Freddi bu musiqi alətinə xüsusi qayğı ilə yanaşırdı. O, bu əşyasını özünün yaradıcılıq aləti hesab edirdi. Heç vaxt bu pianoda ifa etdiyi vaxt siqaret çəkməz, üzərinə başqa bir əşya qoymaz və başqasına da bunu etməyə icazə verməzdi”, – deyə ifaçının yaxını Meri Ostin qeyd edib.
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində mədəniyyət naziri sentyabrın 6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.
Sergiu Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.
ABŞ Kino Akademiyası fəxri “Oskar” mükafatlarının təqdimat mərasimini təxirə salıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ssenaristlər və aktyorların tətili səbəbindən mərasim 2024-cü ilə keçirilib.
Fəxri mükafatların qaliblərinin aktrisa Ancela Basset, rejissor, ssenarist və prodüser Mel Bruks, redaktor Kerol Littleton və Sundance İnstitutundan Mişel Satter olacağı bildirilib.
Qeyd edək ki, mükafatları təqdim edən qurumun məlumatına əsasən, bu proseslə bağlı mümkün dəyişikliklər olduğu təqdirdə mediaya ümumi məlumat veriləcək.
“Arkadaşım” obrazı ilə milyonları güldürən Tolga Çevik “Tolgshow” adlı şousu ilə noyabrın 4-də Bakıda tamaşaçıların qarşısına çıxacaq.
AZƏRTAC xəbər verir ki, “Yönetmen” obrazını canlandıran Fırat Parlak və “Minik” ləqəbli musiqiçi Özer Atikin müşayiəti ilə tamamilə improvizasiya edilən şou Bakı Konqres Mərkəzində baş tutacaq.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.