Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9-10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib.

    Report xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

    Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:10-da yola düşəcək.

    Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.

  • “Aqroservis”in sədri Xaçmazda vətəndaşları qəbul edəcək

    Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov sentyabrın 12-də, saat 10:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

    Reportun nazirliyə istinadən verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

    Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə 050-524-84-15 zəng etməklə qeydiyyatdan keçə bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

  • “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

    Sentyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Əməkdar artist Lalə Məmmədova ilə gənclərin görüşü keçiriləcək.

    “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir müddətində, həmçinin “Populyar musiqi ifaçılığı mədəniyyətində milli ənənələr”, “Müasir trendlər: kreativ musiqi sənayesi və inkişafı amilləri” və “Estrada sənətimiz: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Əməkdar artistin ifasında ən sevilən nəğmələr, eləcə də gənc musiqiçilərin ifasında milli və xarici musiqi nümunələri təqdim ediləcək.

    “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Lalə Məmmədova mövcud kreativ sənaye, gənclərin müasir musiqi üslubu ilə ayaqlaşması, habelə milli estrada sənətinin inkişafı istiqamətlərindən söhbət açacaq.

    Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

    Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/djtxQ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

  • Bakı Dövlət Sirkinin payız proqramı hər kəsi heyrətləndirəcək

    Bakı Dövlət Sirki yeni payız proqramını - Allahverdi İsrafilovun rəhbərliyi ilə “Möcüzələr şəhəri” beynəlxalq su sirk şousunu təqdim edir.

    AZƏRTAC xəbər verir ki, sirk arenasında ilk dəfə olaraq tamaşaçılara 100 ton su ilə əhatə olunmuş 600 fəvvarənin simfoniyasının müşayiəti ilə çox maraqlı nömrələr təqdim olunacaq.

    Şou artistləri qəhrəmanların möcüzələr dünyasına nağıl gəmisi ilə gedəcəkləri inanılmaz səyahət haqqında hekayəni təqdim edəcəklər. Şou artistləri arasında tayı-bərabəri olmayan təlxək, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar, itlər, meymunlar və tutuquşular da olacaq. Maraqlı şou həm uşaqları, həm də böyükləri heyran edəcək.

    Oktyabrın 10-da keçiriləcək "Möcüzələr şəhəri" ilk su sirk şousu xeyriyyə tədbiridir, bilet satışından əldə olunan bütün vəsait İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə veriləcək.

    Biletləri şəhərin bütün kassalarında və onlayn olaraq iTicket.az saytında əldə etmək olar.

  • Yeni təhsil ilinə yeni nömrə ilə!

    “Azercell” yeni tədris ili münasibətilə 010 prefiksli nömrələrə endirimli kampaniya elan edir

    “Azercell Telekom” yeni təhsil ilinin başlanması münasibəti ilə “Yeni Dərs ili 2023” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində 7 sentyabr tarixindən etibarən lider mobil operator 010 prefiksli seçilmiş seriyalardan nömrələrə ilk dəfə olaraq endirim tətbiq edəcək. Müştərilər www.azercellim.com saytına keçid edib 010 380 seriyalı fakturasiz xətt (SimSim) və ya 010 223 seriyalı fakturalı xətt nömrələri arasından seçdikləri istənilən nömrəni 30% endirimlə əldə edə biləcəklər. Kampaniya 31 Oktyabr 2023 tarixinədək davam edəcək.

    Qeyd edək ki, lider mobil operatorun təqdim etdiyi texnoloji yeniliklərdən biri olan onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkündür. İlk dəfə olaraq nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirmək imkanına malikdir.

  • “O olmasın, bu olsun” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında baxımlı tamaşalardan hesab olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.

    Xatırladaq ki, sentyabrın 17-də təqdim olunacaq tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

    Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

  • Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb

    Bakının bir neçə küçəsində yeni tipli işıqfor dirəkləri quraşdırılıb.

    Bu barədə Reporta Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində aparılan monitorinqlər zamanı bəzi yolayrıcılarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülər işıqforları görməkdə çətinlik çəkirlər, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verib.

    Bu baxımdan bir sıra ərazilərdə artıq işlərə başlanılıb və Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni L-tipli dirəklərlə əvəz edilib və sürücüləri narahat edən problem aradan qaldırılıb.

    Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işləri davam etdirir.

  • “Əlibaba və qırx quldur” tamaşası Şuşa teatrının səhnəsində

    Sentyabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a verilən məlumata görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

    Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları canlandıracaq.

  • Ümumdünya Turizm Təşkilatı G-20 çərçivəsində turizmə dəstək layihəsi hazırlayıb

    Ümumdünya Turizm Təşkilatı (ÜTT) G20 qrupu çərçivəsində turizmi dəstəkləmək üçün idarəetmə panelini işə salır.

    AZƏRTAC ÜTT-nin bəyanatına istinadla xəbər verir ki, sentyabrın 9-10-da keçiriləcək G20 ölkələrinin Zirvəsi görüşü ərəfəsində bu təşkilatın işçi qrupu sammitə ev sahibliyi edəcək Hindistanın Turizm Nazirliyi ilə birlikdə turizmin dəstəklənməsi üzrə yeni layihə təqdim edib.

    ÜTT hesab edir ki, BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində təsbit olunmuş hədəflərinə nail olunmasında turizm sektorunun inkişafının mühüm rolu var. İşçi qrupu tərəfindən təqdim edilən yeni təşəbbüsə uyğun olaraq hazırlanmış yol xəritəsi beş prioritet komponenti ehtiva edir: yaşıl turizm, turizm sektorunun rəqəmsallaşması, peşəkarlığın artırılması, turizm sahəsində kiçik və orta sahibkarlığa dəstək verilməsi, turizm istiqamətlərinin idarə edilməsi.

    ÜTT-G20 İdarəetmə Panelinə bu beş sahə üzrə 20-dən çox nümunə araşdırması daxildir. 2023-cü il ərzində və gələcək illərdə bu nümunələr müntəzəm olaraq yenilənəcək, onların dayanıqlı inkişaf məqsədlərinə töhfələrində turizm siyasətləri və təşəbbüsləri üçün unikal istinad təmin ediləcək. ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyir: "G20 ölkələri dünya üzrə turizmin 70 faizdən çoxunu təmsil edir. Sektorun transformasiyasında onların liderliyi həlledicidir. G20 çərçivəsində yaradılan Turizm İşçi Qrupu konkret nəticə əldə etmək istiqamətində istinad alətidir”.

  • Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür

    Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Özünəməxsus sənəti ilə seçilənlər arasında Xalq artisti İlham Əsgərovun də öz yeri var. İ.Əsgərovun istər klassik, istərsə də müasir qəhrəmanları hər biri dərin fəlsəfi, lirik, dramatik məzmun kəsb edən portretə çevriliblər.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İlham Əsgərovun vəfatından 8 il ötür.

    1958-ci il iyulun 16-da anadan olan İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirib.

    1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. O, Azərbaycan Dövlət Radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

    O, 2000-ci il oktyabrın 28-də Əməkdar artist, 2006-cı il mayın 15-də Xalq artisti fəxri adlarını alıb. 2012, 2014 və 2015-ci illərdə isə Prezident mükafatına layiq görülüb.

    "Közərən ocaqlar" Mirzə İbrahimov – Əli, "İblis" Hüseyn Cavid - Ərəb, "Atabəylər" Nəriman Həsənzadə - Əbubəkir, "Fəryad" Bəxtiyar Vahabzadə - Loğman və Əmir, "Dar ağacı" - Sabutay, "Rəqabət" - Nadir, "Büllur sarayda" İlyas Əfəndiyev - Həbib, "Mahnı dağlarda qaldı" - Nicat, "Sevgililərin cəhənnəmdə vüsalı" - Anaşkin, "Tənha iydə ağacı" - doktor Altay, "Hökmdar və qızı" - Məhəmməd xan, "Qarabağnamə" - İbrahim xan, "Kral Lir" Uilyam Şekspir - Fransa kralı, "Bu dünyanın adamları" Hidayət Orucov - Nemət Səmədzadə, "Eşq və intiqam" Süleyman Sani Axundov - Piri baba, "Qaraca qız" - Piri baba, "Füzuli və Əsmər" Mirmehdi Seyidzadə - Həbibi, "Mesenat" Əli Əmirli - N.Nərimanov, "Qürbətdən gələn məktublar" Həsən Həsənov - Mirzə Fətəli Axundzadə rollarını məharətlə ifa edib.

    İ.Əsgərov, həmçinin “Afaqın məhəbbəti”, “Anlamaq istəyirəm”, “Aşıq Məhəbbət Sadaxlı”, “Bitməyən ömür”, “Cavad xan”, “Cavid ömrü”, “Biz qayıdacağıq”, “Böyük ömrün anları”, “Doğma sahillər”, “Sübhün səfiri”, “Mən sənin dayınam”, “Dönüş”, “Ər və arvad”, “İki veronalı”, “Kimdir Haqlı?”, “Qanun naminə” bədii filmlərində, seriallarda yaddaqalan obrazlar qalereyası yaradıb.

    Azərbaycan Dövlət Televiziyasında Uilyam Şekspirin "İki veronalı" tamaşasında Valentin, İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı"da Valeh, Aslan Qəhrəmanovun "Səndən xəbərsiz”də Fərrux, Mar Bayciyevin "Ər və arvad" tamaşasında Əziz, Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?"da Fikrət, Mövlud Süleymanlının "Fatehlərin divanı" səhnə əsərində Bilgə xaqan kimi rolları dərin psixoloji, romantik xarakterləri ilə seçilir.

    Qeyd edək ki, İlham Əsgərov 2015-ci il sentyabrın 6-da Bakıda vəfat edib. O, Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib.