Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-da mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələri, fotolar, kitablar, təsviri incəsənət nümunələri nümayiş olunur.
Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyasi (ÇKP) mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar.
İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Bu ilki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxtəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir.
Nazir Adil Kərimli Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun ilə görüşüb.
Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartı qəbul edilib.
Report bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabətqabiliyyətinin artırılması, sahibkarların dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsi üçün mebel sənayesi üzrə müasir standartların qəbul edilməsinə zərurət yaranıb.
Standart məişətdə istifadə olunan qatlanan çarpayıların təhlükəsizliyinə və möhkəmliyinə dair tələbləri müəyyən edir. Həmçinin müvafiq hallarda divar bərkidicilərinin möhkəmliyi tələblərini də əhatə edir.
“Furniture - Foldaway beds - Safety requirements and testing - Part 1: Safety requirements” Avropa standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartının layihəsi Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə rəsmi qaydada razılaşdırılıb.
“Bakıxanov Mall” Ticarət Mərkəzində yeni “CinemaPlus” kinoteatrı fəaliyyətə başlayıb.
Report xəbər verir ki, kinoteatr dünya standartlarına cavab verən 3D texnologiyası ilə təchiz olunmuş 2 zaldan ibarətdir.
Qeyd edək ki, “CinemaPlus” şəbəkəsinə 11 kinoteatr, 52+ ekran və 5200+ oturacaq daxildir. Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.
Həmçinin kinoteatrda zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərə kimi oturacaqları olan 6 şüşəli mini Skybox zalları var. Tamaşaçılar fərdi işıqlandırma və gadjetlərin şarj cihazı ilə təchiz olunmuş rahat oturacaqlarda film izləməkdən zövq ala biləcəklər. Hər bir Skybox zalına giriş lift ilə mümkündür.
Kinoteatrda xüsusi qonaqlar üçün quraşdırılmış masalar və ayaq dayağı olan geniş, rahat, avtomatik qatlanan oturacaqlarla təchiz olunmuş iki VIP DIAMOND zalları var. Bütün oturacaqlar bir-birindən müəyyən məsafədə yerləşir, bu da rahatlıq mühiti yaradır. Son sıralarda, ev şəraitini xatırladan rahat divanlar var.
Bundan əlavə “CinemaPlus” Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası tətbiq edib.
Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.
Həmçinin, 4DX formatı ölkəmizdə yalnız “CinemaPlus” kinoteatrında tətbiq olunur. 4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslodan titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan milli ideologiyasının əsas nümayəndələrindən biri, bədii fikrinin görkəmli siması, istiqlal şairimiz Əhməd Cavad haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Ahmad Javod” adlı bölmə istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə şairin həyatı, yaradıcılığı, Azərbaycan ədəbiyyatına və milli məfkurəyə verdiyi töhfələr, ictimai fəaliyyəti barədə məlumatlar yer alıb.
Ümumilikdə 5 bölmədən (15 yarımbölmə) və zəngin ədəbiyyat siyahısından, keçidlərdən ibarət vikiməqalədə Əhməd Cavadın həyatı və yaradıcılığı, əsərləri ilə bağlı hərtərəfli, geniş məlumatlar öz əksini tapmışdır. Bölmədə qeyd olunur ki, şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Əhməd Cavadın ilk şeirləri klassik rübai, qəzəl formalarında yazmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.
Vikiməqalədə Əhməd Cavadın yaradıcılığında xüsusi yer tutan “Çırpınırdı Qara dəniz”, “Göy-göl” və başqa şeirləri haqqında məlumat verilir, şair yaradıcılığının şah əsəri hesab edilən Azərbaycanın Dövlət Himnin müəllifi olması xüsusi vurğulanır.
“Ahmad Javod” adlı bölmədə vurğulanır ki, qəlbi Vətən eşqi ilə yanan şair əsərlərində Vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır.
Qeyd olunur ki, 30-cu illər Sovet repressiyası nəticəsində xalqımızın ən istedadlı ziyalılarının, söz ustalarının, müstəqilliyimiz uğrunda böyük mübarizləri məhv edilmiş, ədəbiyyatımız, mədəniyyətimizin inkişafına böyük zərbələr vurmuşdur. Bu cür repressiya qurbanlarından biri də istiqlal şairimiz Əhməd Cavaddır.
Yaradılmış bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavad yaradıcılığı və ədəbiyyatımızda mövqeyinə dair fikirləri yer almışdır. “Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir”.
Bölmədə Əhməd Cavadın müəllifi olduğu Dövlət Himninin musiqi notu, şairin özbək dilinə tərcümə olunmuş “Меn haqiqat sadosiman” adlı şeir kitabı haqqında məlumat və ədəbiyyat siyahısı verilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib.
Reportun SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf İslam ICIEC-in baş icraçı direktoru Ussama Kayssi ilə keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycan və İsDB arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu xüsusda ötən il ölkəmiz tərəfindən “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Təsis Müqaviləsi”nin təsdiq edildiyi məmnunluqla qeyd edilib.
Görüş çərçivəsində SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri, şirkətin uzunmüddətli korporativ strategiyası, bu istiqamətdə görülən işlər və gələcək hədəflər barədə məlumat verilib.
Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mədəniyyət Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq rəqabətliliyin artırılması məqsədilə “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsinin son müraciət tarixini uzadır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir. Müsabiqə qaliblərinin adları 2023-cü il oktyabr ayının 31-də elan olunacaq.
Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 2023-cü il oktyabrın 10-dək onlayn şəkildə təqdim edə bilərlər.
Yekunda ən çox bal toplamış ilk üç namizəd nazirlik tərəfindən mükafatlandırılacaq. Mükafatlandırmada birinci yerin qalibinə 6 000 AZN, ikinci yerin qalibinə 3000, üçüncü yerin qalibinə 1000 manat mükafat təqdim olunacaq.
Bakıdakı Rus evində yeni mövsüm rəssam Esmira Güləhmədovanın “Rənglərin enerjisi” sərgisi ilə açılıb.
AZƏRTAC Rus evinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Esmira Güləhmədova beynəlxalq rəsm sərgiləri və festivallarının iştirakçısı, “Artschool by Esmira Gul” yaradıcılıq məkanının təsisçisi və müəllimidir. Ekspozisiya parlaq təəssüratları, xatirələri və onlara uyğun hissləri ifadə edən 40 rəsm əsərini ehtiva edir. Rəsm əsərləri kətan üzərində yağlı boya və akril ilə yazılıb. Onlarla yanaşı sərgidə rəssamın keramik əsərləri də nümayiş olunub.
Sərginin açılışında yaradıcı ziyalılar, ictimai xadimlər, həmvətənlər iştirak ediblər.
Sərgi sentyabrın 15-dək davam edəcək.
Bundan əvvəl Rusiya-İnformasiya Mədəniyyət Mərkəzi (RİMM) sentyabr ayına tədbirlər proqramını açıqlayıb. Bu aya planlaşdırılmış tədbirlər həm Rus evində, həm də digər platformalarda keçirilərək. Ənənəvi hala çevrilmiş gənc istedadların sərgiləri və “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə yarışlarla yanaşı, RİMM sentyabrda ən müxtəlif auditoriyalarda maraq doğuracaq onlarla digər tədbirlər təşkil edəcək. Ümumilikdə, proqrama 30-dan çox tədbir daxildir.
Bakıdakı Rusiya-İnformasiya Mədəniyyət Mərkəzi 2009-cu ilin mart ayından fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəlib.
Prezident İlham Əliyev sentyabrın 4-də “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Sərəncamda deyilir: “Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq) elan edilsin”.
Azərbaycan Dövlət Film Fonduna Əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradovun şəxsi arxivindən “Uzaq sahillərdə” bədii filminə aid kinoafişa təqdim olunub.
AZƏRTAC xəbər verir ki, 1958-ci ildə lentə alınmış filmin bu nadir afişası çap olunduğu dövrdə cəmi 300 nüsxə buraxılıb. Təhvil verilən kinoafişanın vəziyyəti qənaətbəxş deyil və itkiyə məruz qalan hissələri var.
Qeyd edək ki, artefakt Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təqdim olunub.