Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür

    Azərbaycanın nəsr tarixində tarixi roman janrı görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadə qələmi ilə yenidən canlanıb. 1963-cü ildə ərsəyə gətirdiyi “Natəvan haqqında hekayələr”də Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alan Xalq yazıçısı Əzizə Cəfərzadənin ədəbiyyatımızda öz yeri var.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin vəfatından 20 il ötür.

    1921-ci ildə Bakıda anadan olan Ə.Cəfərzadə 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı olduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o layiq görülüb. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Ə.Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

    1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb.

    Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-1978-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib.

    1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” romanı məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi”, “Gülüstandan öncə”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə sultanım” tarixi romanları Ə.Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.

    Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Ə.Cəfərzadə, eyni zamanda, Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.

    Yazıçının “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Sənsən ümidim”, “Xəyalım mənim” əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları da yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişik dili” kimi hekayə və nağıllar yazıb.

    Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları” (iki nəşrlə), “Şirvanın üç şairi”, “Mürcüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları yazıçıya xüsusilə şöhrət gətirib.

    Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur. Onun “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Ə.Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixini təbliğ etməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.

    Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib.

    Əzizə Cəfərzadə 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi torpaqları olan Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Ə.Cəfərzadə də olub. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlılığı nəticəsində ömrünün 80-ci ilində “Azərbaycan Anası” adını alıb.

    Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.

  • “Göyçək Fatma” yenidən Şuşa Teatrının səhnəsində

    Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma”nın motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

    Qeyd edək ki, tamaşada bütün hadisələr Fatmanın anası öldükdən sonra baş verir. Ögey ana yetim Fatmanı sevib əzizləmək əvəzinə onu amansız şəkildə istismar edir.

    Fatma isə saflığından və sadəliyindən əl çəkmir. Sonda Fatma heç ağlına da gəlmədiyi bir anda ölkə şahzadəsi ilə ailə qurur. Şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan “Göyçək Fatma” nağılının da insanlara vermək istədiyi mesaj ondan ibarətdir ki, dünyada heç vaxt pislər qalib gəlmir. İnsanın qəlbinin təmizliyi isə onu ən uca və ali təbəqələrə qaldırır.

  • İsrail şirkətləri Qarabağın reinteqrasiya layihələrinə cəlb ediləcək

    İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsi önəmlidir.

    Report İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşündə bildirilib.

    E. Əliyev qeyd edib ki, geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə işlər davam etdiriləcək.

    Qeyd edilib ki, Azərbaycanla İsrail müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərir. Yüksək səviyyəli səfərlər, keçirilən görüş və tədbirlər münasibətlərin inkişafında önəmli rol oynayır. 3-cü iclası bu ilin aprelində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya tərəfdaşlığın inkişafı üçün mühüm platformadır. Ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Ötən il İsraillə ticarət dövriyyəsi 85 %-dən çox artıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir.

    İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, energetika, sənaye zonaları və aqroparklar, turizm, su təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, humanitar və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

    İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə, o cümlədən, Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka marağını ifadə edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

    Görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

  • Kənd təsərrüfatı nazirinin müavini Bərdədə vətəndaşları qəbul edəcək

    Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov sentyabrın 8-də Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

    Bu barədə Reporta Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

    Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-93-60) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

  • Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr təyin olunub

    Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.

    Report xəbər verir ki, bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarının növbədənkənar iclasında qərar verilib.

    Məlumata görə, F. Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan "British Bank of the Middle East"də bir sıra rəhbər vəzifələrdə, "PAŞA Bank"da öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin sədri qismində başlayraq, 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

    F. Axundov 23 may 1971-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.

    1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk azərbaycanlılardan biri olub və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini alıb.

  • “Oppenheimer" filmindən növbəti rekord nəticə

    Kristofer Nolanın “Oppenheimer" bioqrafik dramı Çin kinoteatrlarında böyük maraqla qarşılanıb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, film bu həftəsonu 21,3 milyon dollar, nümayişlərin ilk beş günündə isə 30,7 milyon dollar gəlir əldə edib. Ekran əsəri beş gün ərzində milli siyahılarda birinci olmağı bacarıb.

    Qeyd edək ki, məşhur “Oppenheimer" filmi davamlı qazanılan rekord nəticələrlə ilk pillələrdə yer alır.

  • Mədəniyyət naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli sentyabrın 28-də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşlarla görüşəcək.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 22-dək Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin aghdash@culture.gov.az elektron poçt ünvanı, (020) 23 5 5619 telefon nömrəsi vasitəsilə müraciət edərək qəbula yazılmaq olar.

  • “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

    Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur “İmagine Dragons” qrupunun konsert proqramına marağı və təşkilat komitəsinin müraciətini nəzərə alaraq, Bakı metropolitenində bir sıra tədbirlər hazırlanıb.

    Reportun “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, konsertin başlanma vaxtı ərəfəsində Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.

    Stansiyada operativ qərargah fəaliyyət göstərməklə zəruri tənzimləmələr aparılacaq. Əlavə işçi qüvvəsi stansiyadan arenaya gedən sərnişinlərin səmti rahat müəyyən etməsi və nizamlı hərəkətinin təşkili məqsədilə fəaliyyət göstərəcək.

    Sərnişin axınının tənzimlənməsi məqsədilə axşam saatlarından Yaşıl və Qırmızı xətlər üzrə ehtiyat qatarlar xəttə veriləcək və müntəzəm sərnişindaşıma prosesinə cəlb ediləcək.

    Konsert başa çatdıqdan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin nizamlı hərəkəti, gedəcəyi istiqaməti rahat müəyyən etməsi və platforma boyunca bərabər paylanması üçün ehtiyat işçi qüvvəsi müxtəlif zonalarda tənzimlənmiş fəaliyyət göstərəcək.

    Həmin vaxt “Koroğlu” stansiyasında daşıma prosesinin operativliyinin təşkili və buradan yola salınan qatarların hərəkəti xüsusi qaydada tənzimlənəcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün ehtiyat qatarların sayı daha da artırılacaq və bununla xətlərdə qatarların hərəkəti intensivləşdiriləcək.

    Konsert proqramının başa çatması nəzərə alınmaqla, metropolitenin iş rejiminin qısa müddətlik uzadılmasının mümkünlüyü diqqətdə saxlanılacaq.

  • Şuşa Teatrının səhnəsində uşaq tamaşası - “Dovşanın ad günü”

    Sentyabrın 10-da yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərəfindən uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşası yenidən təqdim olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

    Tamaşada meşə heyvanlarının dili ilə uşaqlara mənəvi dəyərlər olan dostluqdan, sədaqətdən və səmimiyyətdən söhbət açılır. Səhnə əsəri şən musiqilər və aktyorların uşaqlarla ünsiyyəti fonunda öz dinamikliyi ilə davam edir.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • “Ferrari” filminin premyerası təşkil olunub

    Bioqrafik film olan “Ferrari”nin ilk kütləvi nümayişi Venesiya Film Festivalında keçirilib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rejissor Maykl Mannın ərsəyə gətirdiyi ekran əsəri tamaşaçıların böyük marağına səbəb olub.

    Qeyd edək ki, film məşhur idman avtomobil markası olan Ferrarinin yaradıcısı Enzo Ferrariyə həsr olunub. Əsas rollarda aktyorlar Adam Driver, Penelopa Kruz və Şaylin Vudli çəkiliblər.