Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.
Report xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib.
Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək, ölkəmizdə ilk dəfə təşkil olunan Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Forumun təşkili Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə layihənin tərkib hissəsidir. Ümummilli Liderin 100 illiyinə həsr edilmiş Forumun xüsusi önəm kəsb etdiyi diqqətə çatdıran nazir deyib: “Ulu Öndər Heydər Əliyev hər zaman ana dilimizin - Azərbaycan dilinin inkişafına və təmizliyinə xüsusi diqqət yetirib. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır”.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı və müfəssəlləşməsi qarşıda duran ümdə vəzifələrdəndir. Dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsillə bağlı problemləri olduğunu vurğulayan nazir bildirib: “Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən artıq müraciət olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir”.
Açılış çıxışlarından sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Forum “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri” mövzusunda panel iclası ilə davam edir.
Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 3-4-də Bakıda davam edəcək. Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılacaq.
Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq.
Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb.
Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") məlumat verilib.
Bildirilir ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən Konqresləri geridə qoyub.
Konqresin “Premyer”, “Platinium”, “Qızıl”, “Gümüş” və “Bürünc” adlı sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom”, “Blue Origin”, “Lockheed Martin”, “Black Sky” “Vast Space”, “The Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “PLAN S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, İsrailin “IAI” şirkəti, BƏƏ-nin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “I Space”, “JGC” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat” və Avstriyanın “Asgardia Space” şirkətləri yer alır.
Qeyd edək ki, Bakı Konqresi təkcə sponsorluq paketinin sayına görə deyil, həmçinin, elmi məqalələrin təqdim olunduğu ölkələrin sayına görə də rekord əldə edib. Əvvəlki konqreslərdən fərqli olaraq Bakı Konqresinə 95 ölkədən kosmos sahəsində fəaliyyət göstərən elm və tədqiqatçılar tərəfindən 3 600 elmi məqalə təqdim olunub.
"İstər sponsor sayı, istərsə də elmi məqalələrin təqdim olunduğu ölkə sayına görə rekordun olması onu göstərir ki, Bakı Konqresi kosmosun həm elmi, həm də biznes imkanları üçün qlobal səviyyədə seçilmiş diskussiya və dialoq məkanıdır.
2023-cü il özündə qlobal kosmik hadisələri cəmləşdirməyə davam edir. Buna misal olaraq, “SpaceX” şirkətinə məxsus tarixin ən güclü raketi “Starship”in kosmosa uçuş cəhdləri, Hindistanın “Çandrayaan-3” kosmik aparatının Aya enməsi, NASA-nın Artemis II missiyası üzrə Ay ətrafında dövr edəcək astronavtların adlarını açıqlaması, Türkiyənin ilk kosmonavtlarının bəlli olması, Böyük Britaniyanın aerokosmik şirkəti “Virgin Galactic”in ilk turistlərini kosmosa göndərməsi, Avropa Kosmik Agentliyinin ilk dəfə “Jupiter Icy Moons Explorer” (JUICE) adlı kosmik aparatını Yupiterə göndərməsi, Çinin “Tiangong” kosmik stansiyasının tam istifadəyə verilməsi kimi hadisələri göstərmək olar.
Məhz bu kimi qlobal kosmik fəaliyyətlər ətrafında Bakıda, Beynəlxalq Astronavtika Konqresində kosmos ictimaiyyəti tərəfindən müzakirələr və fikir mübadiləsi aparılacaq.
Beynəlxalq Astronavtika Konqresinə qeydiyyatdan keçməklə kosmosa dair aktual mövzuların bir parçası olmaq mümkündür", - deyə məlumatda bildirilir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) sentyabrda keçiriləcək mədəni tədbirlər proqramını açıqlayıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ay keçiriləcək tədbirlər həm Rus evində, həm də digər məkanlarda olacaq.
Artıq ənənə halını almış gənc istedadların sərgisi və “Nə? Harada? Nə vaxt?” intellektual oyunu yarışları ilə yanaşı, RİMM sentyabrda ən müxtəlif auditoriyaların marağına səbəb olacaq onlarla başqa tədbirlər təşkil edir. Gözlənilən mədəniyyət hadisələri arasında sentyabrın 3-də “Zağulba FM” əyləncə mərkəzində keçiriləcək “Rus rokunun hitləri”, sentyabrın 4-7-də Rus evində təşkil ediləcək Rusiya Hərbi Şöhrət Gününə və İkinci Dünya müharibəsinin başa çatmasına həsr olunmuş “Nürnberq” bədii filminin premyerasını və açıq tanqo dərsini göstərmək olar.
Sentyabrın 22-də Rus evində mahnıların daha orijinal, peşəkar və yaddaqalan olması mövzusunda müzakirələr təşkil ediləcək. Ustad dərsinin prodüseri qismində müğənni və musiqiçi Yefim Zavalnı çıxış edəcək. O, konkret nümunələrlə daha çox rast gəlinən səhvləri göstərəcək, kompozisiyaları təfsilatı ilə təhlil edəcək və mahnıların daha yaxşı alınması ilə bağlı məsləhətlərini verəcək. Sentyabrın 29-da isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Vladimir Qubernator Simfonik Orkestrinin konserti olacaq.
Ümumilikdə, proqramda 30-da çox tədbir var.
Bakıdakı RİMM 2009-cu ilin martından fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəlib. RİMM-in sərgi, kinokonsert və konfrans zalları, həmçinin kitabxanası, tədris kabinələrində rus dilinin Azərbaycan cəmiyyətində təşviqi və iki ölkə arasında humanitar əlaqələrin inkişafı üzrə bir sıra tədbirlər keçirilir.
Tanınmış Misir arxeoloqu Zaid Havass Britaniya muzeylərində olan artefaktların qaytarılması üçün UNESCO-ya müraciət ünvanlayıb.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, arxeoloq müxtəlif vaxtlarda Misirdən təxminən 2 min artefaktın oğurlandığını bildirib və hazırda Britaniyanın muzeylərində olan qədim abidələrin, xüsusən məşhur “Rozetta daşı” yazılı kitabəsinin qaytarılmasını tələb edib. O, bu qədim əşyaların Misirdən çıxarılmasını və bir çoxunun şəxsi kolleksiyaçılara satılmasını dünya mədəni irsinə qarşı cinayət adlandırıb.
Britaniya Muzeyinin qəyyumlar şurasının sədri Corc Osborn bu həftənin əvvəlində bildirib ki, qızıl zinət əşyaları və qiymətli daşlar da daxil olmaqla, oğurlanmış artefaktların qaytarılması üzrə səylər davam edir.
Misirli arxeoloq həm UNESCO-nu, həm də Misirin Turizm və Qədim Əsərlər Nazirliyini qiymətli eksponatların Britaniya Muzeyində saxlanmasının riskləri barədə xəbərdar edib və onların qanuni sahiblərinə qaytarılması üçün atılacaq addımları müzakirə etmək məqsədilə beynəlxalq konfrans təşkil etməyə çağırıb. Havass əlavə edib ki, Avropa ölkələri keçmiş müstəmləkələrindən apardıqları bütün artefaktları geri qaytarmalı və bunun üçün xüsusi kampaniya təşkil edilməlidir.
Arxeoloq 2022-ci ildə Britaniya Muzeyindəki “Rozetta daşı” və Parisdəki Luvr Muzeyindəki “Dendera Bürcü”nün də daxil olduğu iki məşhur qədim artefaktın Misirə qaytarılmasını tələb edən petisiyaya başladıb. O, 2005-ci ildə Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi vəzifəsində işlədiyi müddətdə beş əsas Misir artefaktının geri qaytarılması üçün hökumətlərarası komissiyaya lobbiçilik edib.
Sentyabrın 22-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı kollektivi tərəfindən Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Otelloya xəyanət” tamaşası növbəti dəfə teatrsevərlərə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulya Türkkandır.
Səhnə əsərində Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Əməkdar artistlər Salman Bayramov, Natavan Hacıyeva, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova, Rüfət Əliyev, Ruslan Pavlov, İoanna Ferştandt, Səbinə Asim, Cəhər Abdullayev, Tamerlan Abdullayev, Səma Vəliyeva, Samirə Rüstəmova və Dilarə Nəzərova iştirak edirlər.
Bakıda sentyabrın 6-10-da keçiriləcək VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində Azərbaycana “Oscar” mükafatlı rejissor gələcək.
Report xəbər verir ki, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq. Ötən həftələrdə festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.
Festivalın beynəlxalq münsiflər heyəti və xarici qonaqlarının siyahısı da bəlli olub. Belə ki, festivalın beynəlxalq münsiflər heyətinə 6 xarici peşəkar daxil edilib: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan).
Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar da qatılacaq: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş krallıq).
Qeyd edək ki, Michaёl Dudok de Wit 2001-ci ildə “Ata və Qız” (Father and Daughter) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında nüfuzlu “Oscar” mükafatı qazanmış niderlandəsilli rejissor və illüstratordur.
O, bu filmə görə “BAFTA” və “Annecy” (Ansi) festivalında Qran-Pri mükafatlarına da layiq görülüb. Rejissor festivala digər bir filmi – Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmini şəxsən təqdim etməyə gəlir. Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli masterklası keçiriləcək. Masterklas həm peşəkar animasiya, kino və incəsənət mütəxəssisləri, həmçinin, bu sahənin həvəskarları üçün nəzərdə tutulub.
Festivalın bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlarımıza ianə ediləcək. Festival çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı da təşkil olunacaq. Proqramda beş müəllif iştirak etmək hüququ qazanıb.
Layihə iştirakçılarına münsiflər heyətinin üzvləri – Isabelle Favez və Olivier Catherin peşəkar təlimlər keçəcək. Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.
Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini festivalın “ANIMAFILM School: Pitçinq müsabiqəsi” tədbirində ictimaiyyətə təqdim edəcəklər. Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq.
Sentyabrın 17-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında balaca tamaşaçılar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Sentyabrın 9-da yeni teatr mövsümündə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını təqdim edəcək.
Bu barədə AZƏRTAC-a Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.
Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Sentyabrın 5-dən 10-dək Lipetskdə keçiriləcək III Beynəlxalq İnklüziv Yaradıcılıq Oyunlarında Rusiya və 19 ölkədən 3,1 mindən çox insan iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Lipetsk vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 5-dən 10-dək Lipetsk ilk dəfə olaraq III Beynəlxalq İnklüziv Yaradıcılıq Oyunlarına ev sahibliyi edəcək. Müsabiqə proqramının finalında Rusiyanın 79 regionundan və 19 ölkədən 3134 nümayəndə iştirak edəcək. Lipetsk vilayətindən oyunlara 120 nəfər qatılacaq”, - deyə məlumatda bildirilir.
Region hökumətinin müraciətində göstərildiyi kimi, yarışda Rusiyanın regionlarından, həmçinin Azərbaycan, Latviya, İsrail, Özbəkistan, Malayziya, Hindistan, Çin, Tacikistan, Əlcəzair, Seneqal, Keniya, Nepal və s. ölkələrdən olan iştirakçılar final mərhələsində mükafatlar uğrunda mübarizə aparacaq. Oyunlarda səkkiz sənət növü üzrə nominasiyalarda 1200-dən çox, qiyabi olaraq isə 1800-dən artıq insan iştirak edəcək.
Lipetsk vilayəti hökumətinin məlumatına görə, regionun hakimiyyət orqanları iştirakçılara kömək etmək məqsədilə 70-dən çox sosial işçi cəlb edəcək. Hazırda nümayəndə heyətlərinin kuratorları onlarla əlaqə saxlayır, məlumatları dəqiqləşdirir.
Beynəlxalq İnklüziv Yaradıcılıq Oyunları mədəniyyət və incəsənətdə ən yüksək nailiyyətlər üzrə müsabiqələrdən ibarətdir. 2016-cı ildən keçirilən müsabiqələrdə əlilliyi olan şəxslər, inklüziv yaradıcı kollektivlər, regional festival və müsabiqələrin qalibləri iştirak edirlər. Tədbir dünyada bu miqyasda yeganə oyunlardır, eyni zamanda, möhtəşəm mədəni hadisə, Rusiya və digər ölkələrdən gələn qonaqlar üçün sosial əhəmiyyətli hadisədir.
Azərbaycan və Fransanın "Total Energies" şirkəti energetika sahəsində həyata keçirilən birgə layihələri müzakirə edib.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.