Sentyabrın 28-29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək.
Report xəbər verir ki, tədbirin təşkilatçısı Energetika Nazirliyidir.
Artıq qurum bununla bağlı hazırlıqlara başlayıb.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib. 1-ci forum 21-22 dekabr 2021-ci il tarixində Bakıda, 2-ci forum isə 5-6 oktyabr 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev sentyabrın 5-də, saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşları qəbul edəcək.
Report bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər qurumun “Çağrı Mərkəzi”nə (1652) və DAİM-ə (050-408-52-62) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələnlər şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
“X” sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək.
Report xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask (Elon Musk) özünün “X” hesabında bildirib.
Onun sözlərinə görə, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və “PC” (personal kompüter) üçün mümkün olacaq.
Bununla belə, iş adamı yeni, tamamilə pulsuz təqdim ediləcək xidmətin konkret nə vaxt aktiv olunacağını açıqlamayıb.
Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.
Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədi daşıyır.
Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.
Qeyd edək ki, “Mədəniyyət dalğası” verilişi, eyni zamanda, “CBC FM”in rəsmi sosial media hesabında da canlı izlənilə bilər.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyində müxtəlif layihələr icra olunmaqdadır. Muzey avqust ayından Ulu Öndərə həsr olunmuş yeni “Millətə adanan ömür” adlı layihəyə start verib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Qeyd edilib ki, layihə onlayn şəkildə həyata keçiriləcək. Muzeydə qorunan və vaxtilə Ümummilli Lider Heydər Əliyevə hədiyyə olunmuş və onun tərəfindən hədiyyə olunmuş eksponatlar nümayiş etdiriləcək.
Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 7 il ötür.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.
O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.
Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.
“The Pokemon Company” şirkətinin ərsəyə gətirdiyi Pokemonlardan bəhs olunan “Ciblərinizi macəra ilə doldurun” adlı yapon macəra serialı oktyabrın 19-da kütləvi nümayişə buraxılacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən jurnalistlərə məlumat verilib.
Qeyd edək ki, Pokemon macəralarından bəhs edən ekran əsəri oyun dramı kimi ilk layihələrdəndir. Bu serial Pokemonların iştirakı ilə insan dramı kimi təqdim olunur, çünki baş qəhrəman yetkinlik dövründə öz problemlərini Pokemonlarla həll edən bir insandır. Serialda eyni zamanda Tokioya köçmək üçün liman şəhərciyindəki işini tərk edən yeni kollec məzunu Madokanın hekayəsindən bəhs edilir. Tokioda Madoka macəraya yönəlmiş bir reklam agentliyində işə düzəlir. Tezliklə qəhrəman məşhur oyundan bəzi vacib həyat dərsləri öyrənir.
Məşhur amerikalı aktrisa Zendaya sənəti ilə bağlı gələcək planlarından söz açıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Emmi” mükafatı laureatı gələcəkdə mənfi obraz canlandırmaq istədiyini dilə gətirib.
“Mən məmnuniyyətlə mənfi obraz canlandırmaq istərdim. Düşünmürəm ki, bu mütləq superqəhrəman obrazlı film olmalıdır, bu hər hansı adi dram janrlı film də ola bilər. Mən çəkildiyim filmlərdə, əsasən, yaxşı insan rolunu canlandırmışam, lakin pis insan obrazını da ifa etmək maraqlı gəlir. Düşünürəm ki, film rejissorları mənim bu istəyimi nəzərə alacaqlar və filmdə mənfi obrazın da layiqincə öhdəsindən gələcəyəm”, - deyə aktrisa jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, 26 yaşlı aktrisa “Hörümçək adam” və “Dune” filmlərində rol alıb.
Sentyabrın 1-dən Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini göstərmək məqsədilə muzeyə turlar təşkil edəcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Yarımköçəri həyat” adlandıran turda proqrama uyğun olaraq, iştirakçılara yarımköçəri həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibiheybət məscidinə ziyarət təşkil ediləcək.
“Saray xalçaları” turuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dərsi keçəcəklər. Onlar üçün tanınmış xalçaçı-rəssamın emalatxanasında sənətkarla görüş təşkil olunacaq.
Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.
Turlar həftənin cümə və şənbə günləri saat 10:00-dan 18:00-dək bu sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq.
6 nəfər üçün nəzərdə tutulan turlara qatılmaq istəyənlər https://forms.gle/RJNMJM7uxoJDASu97 linkindən qeydiyyatdan keçməlidirlər.