Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Ay çiçəyi qatilləri” filmi kütləvi nümayişə buraxılacaq

    Rejissor Martin Skorsezenin çəkdiyi və baş rolda Hollivud ulduzları Robert De Niro və Leonardo Di Kaprionun yer aldığı “Ay çiçəyi qatilləri” filmi kütləvi nümayişə buraxılacaq.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin kütləvi nümayişi oktyabrın 20-dən başlayacaq.

    Qeyd edək ki, filmdə yer alan hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.

  • "Azəriqaz" bu dəfə "Açıq mikrofon"unu Yaşma bağlarında quracaq

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon"u Sumqayıt şəhərinin Yaşma bağlarında (53-cü Dalan) qurulacaq.

    Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya avqustun 31-də saat 11:00-dan 12:00-dək baş tutacaq.

    Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 2-3 sentyabr tarixlərinə əlavə qatar reysləri təyin edib.

    Report ADY-ə istinadən xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

    Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

  • Azərbaycanda ilk dəfə super intensiv texnologiya ilə fındıq bağları salınır

    Azərbaycanda ilk dəfə yeni super intensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb.

    Report bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bağların salınmasında nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Xorvatiya, Ukrayna, Böyük Britaniyadan olan həmkarları ilə birgə fəaliyyət göstərir.

    İnstitutun direktoru İlham Qaraqurbanlı bildirib ki, fındıq bitkisinin super intensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadəyə imkan verir: “Bu texnologiya üzrə fındıq bağlarının salınmasında əsasən 3x0,6m və 3x0,7m əkin sxemlərindən istifadə olunur. Onlar bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır”.

    Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib. Yeni üsulla salınan fındıq bağlarında quruma faizi demək olar ki, sıfıra endirilib.

    Quba və Zaqatalada “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar” elmi-praktiki seminarlarda fermerlərə super intensiv texnologiya əsasında fındıq bağlarının salınmasına dair geniş məlumat verilib.

    Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 2015-ci ilə nisbətən 47,7 min hektar artaraq 2021-ci ildə 80,4 min hektar təşkil edib. Ümumi məhsul istehsalı 67,6 min ton olmaqla, hektardan məhsuldarlıq 1,9 sentner artaraq 13,7 sentnerə çatıb. Lakin ölkənin ayrı-ayrı bölgələrinin fındıqçılıq üzrə ixtisaslaşdırılmış təsərrüfatlarında müxtəlif kompleks aqrotexniki qulluq tədbirləri tətbiq etməklə 17-28 s/ha və daha çox məhsul əldə edilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda fındıq bağlarının gübrələnməsi və cavanlaşdırılması üzrə aparılmış təcrübələrin nəticələri göstərir ki, məhsuldarlıq kəskin sürətdə artır.

  • Sel suları Şəkidə yol infrastrukturuna və qurğularına ziyan vurub

    Ötən gün Şəki rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib, yolun bəzi hissələrinə və suötürücü borulara ziyan dəyib.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, yolun 13-16-cı km-də Şirinbulaq kəndindən gələn sel suları yolun 15-ci km-də yerləşən suötürücü borunu tamamilə palçıq, lil, qum-çınqılla doldurmuş və sel suyu yolun üzərindən aşaraq Əlyar kəndinin daxili yollarını bərbad vəziyyətə salıb.

    Aşağı Daşağıl kəndi ərazisində yolun 250 metrlik hissəsində (əsasən yolun 13-16-cı km-də) çiyin hissələri tamamilə yuyulmuş, asfalt örtükdə hissə-hissə dağıntılar meydana gəlib.

    Şirinbulaq və Təpəcənnət yollarında suötürücü borular 80 % lil və qum-çınqılla dolub.

    Agentliyin apardığı təxirəsalmaz tədbirlər nəticəsində yollarda yaranmış problemlər aradan qaldırılıb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

    Hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazilərdə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən avtomobil yollarında yaranmış fəsadların aradan qaldırılması davam etdirilir.

  • “Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

    Xətai Sənət Mərkəzində “Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan əsərlərin müəlliflərinə sertifikat təqdim olunub.

    Həmçinin, sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb.

    Qeyd edək ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib. Nəzərdə tutulduğu kimi, təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçilib.

  • Bakıda “Nürnberq” filminin premyerası olacaq

    Sentyabrın 4-də Bakıdakı Rus Evində “Rusiyanın Hərbi Şöhrət Günü” münasibətilə İkinci Dünya müharibəsinə həsr olunan “Nürnberq” filminin premyerası olacaq.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Nikolay Lebedevin “Nürnberq” filmi (2023-cü il) nasist Almaniyasının elitasının beynəlxalq tribunalın qarşısında çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Filmdə müxtəlif ölkələrdən aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər, onların arasında Sergey Bezrukov, Lyubov Aksenova, Yevqeni Mironov, İqor Petrenko var.

    Filmin nümayişi çərçivəsində “Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olacaq, sərgi və filmin nümayişinə hüquqlar “Aleksandr Peçerskinin xatirə Fondu” qeyri-kommersiya təşkilatı tərəfindən təqdim olunub.

    Film Rus Evində (Üzeyir Hacıbəyli küçəsi, 77b) saat 20:00-da nümayiş etdiriləcək.

  • Dünyaşöhrətli müğənni Taylor Svift yeni rekorda imza atıb

    Məşhur amerikalı müğənni Taylor Svift yeni rekord nəticə əldə edib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, T.Svift mahnıları “Spotify” musiqi platformasında aylıq 100 milyon dinləyici yığan ilk qadın sənətçi olub.

    Qeyd edək ki, ifaçının “Speak now”, “Midnights”, “Lover” və “Folklore” kimi məşhur albomları var.

  • Cəlilabadda ilk tunc dövrünə aid miniatür qoç fiquru aşkarlanıb

    Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntı aşkarlanıb.

    Bu barədə Reportun yerli bürosuna Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.

    Onun sözlərinə görə, qoç tarixən Azərbaycan xalqının qədim mənəvi mədəniyyətində bolluq-bərəkət simvolu olub: "Xudutəpə yaşayış məskəninin ilk tunc dövrü təbəqəsindən arxeoloji qazıntılar zamanı tapılmış bu kiçik qoç nümunəsi Muğanın minilliklər tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir".

    Qeyd edək ki, əvvəlki qazıntılar zamanı sözügedən yaşayış məskəninin üst qatından orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri, eləcə də digər qoç fiqurları üzə çıxıb.

  • Vaqif Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

    Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar olaraq avqustun 28-də Sərəncam imzalayıb.