Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Həştərxanda keçirilən beynəlxalq festivalda uğurla təmsil olunub

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Həştərxan vilayətində tarzən Arslan Növrəsli və onun “Ethno-jazz” qrupu “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə beynəlxalq festival çərçivəsində keçirilən “Azərbaycan günü”ndə ölkəmizi uğurla təmsil ediblər.

    AZƏRTAC xəbər verir ki, festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevrilmək məqsədi daşıyır.

    Azərbaycan çağdaş tar ifaçılıq sənətinin təmsilçisi Arslan Növrəsli və onun “Ethno–jazz” qrupunun (tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bas gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalov) Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti böyük maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik caz standartları, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub.

    Qeyd edək ki, gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı ölkəmizin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib.

  • Məşhur rok qrupu “Imagine Dragons” Bakıda çıxış edəcək

    Sentyabrın 2-də Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turnesi çərçivəsində Bakı Olimpiya Stadionunda çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, stadionları pərəstişkar kütləsi ilə doldurmaqda çətinlik çəkməyən, hər addımda rekordlara imza atan, “Qremmi” musiqi mükafatına layiq görülmüş Las Veqas kvarteti öz möhtəşəm ifaları ilə pərəstişkarları qarşısına çıxacaq.

    Qeyd edək ki, “Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti olduğunu qeyd edib. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə “Qremmi” mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.

  • Paytaxt və region teatrlarının nəzdində teatr-studiyaları yaradılır

    Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində “Mən aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası fəaliyyət göstərir.

    Xatırladaq ki, bu ilin aprel ayının 11-12-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb. Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu an regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.

  • Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür

    Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 88-ci ili tamam olur.

    AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”... əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.

    Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlmişdi. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.

    Partiya üzvü olmayan şərqşünas alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.

    Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.

    Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.

    Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.

    “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkir.

    İllər ötsə də onun yazdığı əsərlər nəinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.

  • Ustad aşıqların yubileyləri qeyd olunub

    Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Aşıqlar Birliyi və Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə ustad aşıqlar Əkbər Cəfərovun 90, Əlixan Niftəliyevin isə 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib.

    AZƏRTAC xəbər verir ki, Tovuz rayon Nizami adına mədəniyyət evində reallaşan tədbirdə görkəmli folklorşünas alim, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı hər iki ustadın bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən söz açıb. O deyib: “Bu gün unudulmaz tarixi bir gündür. Bugünkü tədbirin təqdimatı da qeyri-adidir. Əməkdar mədəniyyət işçiləri Ə.Cəfərov və Ə.Niftəliyevin yubileyi bərabər qeyd olunur. Bu iki böyük sənətkar Azərbaycan aşıq sənətini təkcə Tovuz və ölkəmiz miqyasında deyil, bütövlükdə Türk dünyasında, beynəlxalq miqyasda çox ləyaqətlə təmsil ediblər. Əkbər Cəfərov böyük bir ənənənin içərisindən gəlirdi. O, Mirzə Bayramov və Əsəd Rzayev kimi böyük ustadların sənət ənənəsini davam etdirib. Eləcə də Əlixan Niftəliyev də Azərbaycan aşıqlığını hər yerdə ləyaqətlə təmsil edib”.

    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son zamanlar ölkəmizdə aşıq sənətinə göstərilən qayğı və diqqətdən danışaraq, aşıq sənətinin milli mədəniyyətimizin incisi olduğunu qeyd edib. “Bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, o cümlədən aşıq sənətinə xüsusi diqqət yetirib. Heydər Əliyevin təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2019-cu ildə möhtərəm Prezidentimiz rayonumuzda aşıq sənəti muzeyinin tikintisi barədə Sərəncam imzalamış, 2020-ci ildə isə rayona səfəri çərçivəsində ölkəmizdə ilk və yeganə olan bu muzeyin açılışını etmişdir. Eyni zamanda aşıq Əkbərin yaratmış olduğu böyük ifaçılıq məktəbi xüsusilə qeyd olunmalıdır. Bu məktəbdən bəhrələnənlərin miqyası çox-çox uzaqlara şaxələnib. Onlar bilavasitə aşıq Əkbərdən dərs almasalar da, böyük ustadın sənəti onlarla gənclərə sirayət edib. İndi də Əkbər yolu gedənlərin, onun sənətinə tapınanların sayı heç də az deyil. Bununla belə, aşığın ustadlıq statusu həm də onun bilavasitə yetirmələri ilə ölçülüb. Aşıq Əkbər ustadlar yetirən ustad idi. Onlardan biri də 80 illik yubileyini qeyd etdiyimiz aşıq Əlixan Niftəliyevdir”, - deyə M.Məmmədov vurğulayıb.

    Daha sonra Milli Məclisin deputatı Arzu Nağıyev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, həmçinin Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov və digər tədbir iştirakçıları çıxış edərək saz-söz sənətkarları Ə.Cəfərov və Ə.Niftəliyevin Azərbaycan aşıq sənətinə verdikləri töhfələrdən danışıblar.

    Böyük maraqla qarşılanan yubiley tədbiri aşıqların ifaları ilə davam edib.

    Sonda rəssam Fərman Hüseynov aşıq Əkbər Cəfərovun portretini onun ailəsinə hədiyyə edib. Aşıqların ailə üzvləri aşıq sənətinə, mədəniyyətə, xalq yaradıcılığına və folklora verilən yüksək qiymətə görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

  • Bakıda “Rusiya Kinosu Günləri” çərçivəsində Oleq Səfərəliyevin filmi nümayiş olunub

    Bakıda “Rusiya Kinosu Günləri” qeyd olunub. Tamaşaçıların diqqətinə rusiyalı və azərbaycanlı rejissor, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqı yanında Kino Məktəbinin direktoru Oleq Səfərəliyevin “Qorxu mağarası” filmi təqdim olunub.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, film “Zagulba FM”də nümayiş etdiriləcək.

    Oleq Səfərəliyev 30 ilə yaxın Rusiyada yaşayıb və yaradıb, məhz orada ən yaxşı əsərləri olan – “Savva Morozov”, “Qadınlar və digər xoşagəlməz hallar”, “Birbaşa yayım”, “Qorxu mağarası” seriallarını ərsəyə gətirib.

    Rejissor Azərbaycan tamaşaçısı üçün kinodramaturq və kinorejissor, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan SSR və Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Əlvida, cənub şəhəri” filmi ilə yadda qalıb.

    “Zagulba FM” platforması artıq üçüncü dəfədir ki, Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunan “Rusiya Kinosu Günləri” layihəsi çərçivəsində Oleq Səfərəliyevi qonaq qismində qəbul edir. Bundan əvvəl rejissorun “Savva Morozov” və “Əlvida, cənub şəhəri” filmləri nümayiş etdirilib.

  • Bakının Fətəli xan Xoyski küçəsində sürət həddi endirilib

    Bakının Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

    Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.

  • Azərbaycanda “Kibercinayətlər” elektron informasiya sistemi formalaşdırılacaq

    Azərbaycanda “Kibercinayətlər” elektron informasiya sisteminin formalaşdırılması, bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

    Report xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

    Sənədə əsasən, ilkin mərhələdə informasiya sisteminin operatorunun müəyyən olunması, texniki şərtin hazırlanması, daha sonra həmin texniki şərtin və səlahiyyətlərin müvafiq qurumlarla razılaşdırılması, yekun olaraq isə sistemin operatoru tərəfindən sistemin yaradılması və fəaliyyətinin təşkili planlaşdırılır.

  • Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartlar formalaşdırılacaq

    Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Milli Standartların formalaşdırılması nəzərdə tutulur.

    Report xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nda öz əksini tapıb.

    Bundan başqa, Strategiyada informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ölkədə geniş tətbiq olunmasına təşkilati və metodiki dəstək verilməsi, o cümlədən müxtəlif standartlaşdırma təşkilatlarının ölkəmizdə istifadə olunan məhsullarının uyğunluq baxımından vahid yanaşma ilə icmallaşdırılması da öz əksini tapıb.

  • Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi təqdim olunub

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanaraq təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, muğamımızın tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

    Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaradıb. O, bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi yaradıcılığı sahəsində qiymətli sərvətlər meydana gətirib. Muğam dünya musiqi xəzinəsinin incisidir. Xalqımız üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan sənət nümunəsidir.

    Xalqımızın mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr müstəsna rol oynayır. O, muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

    Qeyd edək ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.