Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Respublika Gənclər Kitabxanasında 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 avqust – Laçın şəhəri günü elan olunması ilə bağlı silsilə materiallar, virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Laçın rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları, tarixi-mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Laçın rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.

    Hazırlanan materiallarla bu linklər https://ryl.az/multimedia/biz-geldik-lacinhttps://ryl.az/multimedia/26-avqust-lacin-seher-gunu vasitəsilə tanış olmaq olar.

    Materiallarda, həmçinin Laçın rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə laçınlıların öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər təqdim edilir.

    Qeyd edək ki, “Laçın şəhəri günü” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Öz doğmalarını gözləyən şəhər – Laçına böyük qayıdış” adlı görüntülər, “Laçın həsrətim”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın antologiyası”, “Laçın rayonu və onun toponimiyası”, “Laçın qaya, Çal yadıma düşəndə”, “Müharibə və tarixi-mədəniyyət abidələrimiz”, “Qarabağ vətəndir” kimi 20-dən çox kitabın, “Ay Laçın, can Laçın!”, “Belə məkan idi mənim Laçınım” kimi dövri mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

  • Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

    Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır. Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Fikrət Qocanın anadan olmasının 88-ci ildönümü tamam olur.

    1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olan Fikrət Qoca ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

    Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub.

    Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil", "Hələlik,-qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.

    Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

    Şeirlərinə musiqilər bəstələnib ("Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilib.

    Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

    Bu günə qədər şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və s. kitabları oxucuların ixtiyarına verilib.

    Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. F.Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

    Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  • Bakı metrosu 2-ci xanım maşinisti işə götürüb

    Bu gün "Bakı Metropoliteni" QSC 2-ci xanım maşinisti işə qəbul edib.

    Report xəbər verir ki, bu, Türkan Bəylərdir.

    Əslən Füzuli rayonundan olan xanım Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur və işə yeni qəbul olunan 8 maşinistdən biridir.

    Onun yeni nəsil qatarları idarə edəcəyi bildirilir.

    Xatırladaq ki, müdavimlər kurslarda əvvəlcə nəzəri biliklərə yiyələnərək, metropolitenin əsas sahələri ilə əyani tanış olublar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilib.

    İkinci mərhələdə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi aparılıb. Kursda iştirak edən müdavimlər hər tədris mərhələsindən digərinə yalnız imtahan sınağı ilə nəticə əldə edərək keçiblər.

    Üçüncü mərhələdə iddiaçılar metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunublar. Bu mərhələdə onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olaraq praktiki imtahanlarda yoxlanılıblar.

    Sonuncu mərhələdə isə xətlərdə idarəetmə normativləriniuğurla yerinə yetirən gənc maşinistlər kadr komissiyası qarşısında imtahan verib.

    Bakı metrosunda qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir.

  • Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edib

    Bu gün energetika naziri Pərviz Şahbazov Gədəbəydə vətəndaşları qəbul edib.

    Reportun Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, qazlaşdırma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

    Qəbulda Gəncə şəhəri və Gədəbəy rayonundan olan vətəndaşlar iştirak edib.

  • Oktyabrda Bakıda bal yarmarkası keçiriləcək

    Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 2-22-də arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

    Reportun Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

    Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək qeydiyyatdan keçməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara 7 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.

    Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək.

    Yarmarkaya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

    Bal nümunələrinin qəbulu sentyabrın 11-17-də baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyətini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 manatdır. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir. İştirak üçün ödənişlər yalnız plastik kart (nağdsız ödəniş) vasitəsilə qəbul olunacaq.

    Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.

  • Puşkin haqqında filmin çəkilişlərinə başlanılıb

    Məşhur rus ədibi Aleksandr Puşkin haqqında filmin çəkilişlərinə start verilib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Aleksandr Puşkinin hekayəsi” adlı tarixi ekran əsərində böyük rus şairinin ömür yolundan bəhs olunacaq. Rus poeziyasının zirvələrindən olan A.Puşkinin tələbə vaxtlarından ölümcül duelə qədər olan həyatı haqqında geniş miqyaslı hekayə təqdim ediləcək.

    “Biz ideyamızı orijinal musiqi və rəqs nömrələri ilə nadir janrda həyata keçirmək qərarına gəldik. Heyrətamiz və unudulmaz film yaratmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə filmin rejissoru Feliks Umarov vurğulayıb.

    Qeyd edək ki, çəkilişlər Sankt-Peterburq və şəhərətrafı ərazilərdə, o cümlədən ədibin ev-muzeyində aparılacaq. Bundan başqa, çəkiliş qrupu Mixaylovskoye muzey-qoruğunda da çalışacaq. “Aleksandr Puşkinin hekayəsi” filmi 2025-ci il fevral ayında ekranlara çıxacaq.

  • Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır

    Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi - “Georgian Wings" beynəlxalq uçuşlara başlamağa hazırlaşır, onun ilk istiqaməti Azərbaycan olacaq.

    Report xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

    Bildirilir ki, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Amma biletlər hələ satışa çıxarılmayıb.

    İndiyə qədər Tbilisi-Batumi-Tbilisi marşrutu ilə həftədə 12 dəfə uçuşlar həyata keçirən “Georgian Wings” bu günlərdə 70 sərnişin tutumlu, İtaliya-Fransa istehsalı olan ATR-72 markalı təyyarə alıb. Bu da aviaşirkətə parkını böyütməklə daxili reyslərdən beynəlxalq reyslərə keçməyə imkan verəcək.

  • Füzulidə məskunlaşan əhali içməli su ilə təmin edilib

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhali, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihə həyata keçirib.

    Report bu barədə Agentliyə istinadən xəbər verir.

    İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Füzuli şəhərini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, şəhərdə yeni içməli su təchizatı sistemləri yaradılana qədər mövcud imkanlardan istifadə olunması qərara alınıb. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Su mənbəyindən Füzuli şəhərinə qədər 630 mm diametrli magistral su kəməri inşa edilib. Magistral kəmər hazırda inşa edilən Füzuli yaşayış kompleksinin paylayıcı şəbəkəsinə qoşulub, binalara suyun verilişi təmin edilib. Kompleksdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması üçün təxirəsalınmaz tədbir kimi 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Bu qurğularda sutka ərzində 600 kubmetr tullantı suları təmizlənərək kənarlaşdırılacaq.

    Təxirəsalınmaz tədbirlərlə yanaşı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası davam etdirilir. Bu il mayın 5-də Prezident İlham Əliyevin təməlini qoyduğu infrastruktur 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən, Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 yeni subartezian quyusu qazılacaq, şəhər ərazisində ümumi tutumu 22 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Su mənbəyindən Füzuli şəhərinə 10,7 km uzunluğunda magistral su kəmərinin inşasına başlanılıb və kəmərin tikintisi işləri intensiv qaydada davam etdirilir.

    Layihəyə əsasən Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Füzuli şəhərində formalaşacaq tullantı sularının ekoloji baxımdan təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

    Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Subartezian quyularının işçi vəziyyəti, anbarlarda suyun səviyyəsi, paylayıcı şəbəkədə hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

    Yaradılacaq infrastrukturun imkanları hesabına gələcəkdə Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur.

  • “Sirab” şahmat üzrə Dünya Kubokunun rəsmi tərəfdaşı olub

    Azərbaycan paytaxtı növbəti mötəbər yarışa ev sahibliyi edib.

    30 iyul-25 avqust tarixlərində Bakıda Şahmat üzrə Dünya Kuboku keçirilib.

    Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edib. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinala qədər irəliləməklə Dünya Kubokunda ən güclü dörd iştirakçısından birinə çevrilib.

    Bakıda ikinci dəfə keçirilən Dünya Kubokunun su təminatçısı “Sirab” olub. 24 gün ərzində bütün iştirakçılar “Sirab” ilə su ehtiyaclarını qarşılamışdır.

    “Sirab”ın CEO-su Alper Yaycılı Dünya Kubokunda tərəfdaş olmaqlarından məmnun olduğunu bildirib: “Azərbaycan dünyada şahmat ölkəsi kimi böyük nüfuz sahibidir. Bakıda daim beynəlxalq şahmat yarışları təşkil olunur. Şahmat üzrə Dünya Kuboku kimi nüfuzlu turnirin bir hissəsi olmaq bizim üçün çox önəmlidir. Şahmatçıların yarış zamanı ən çox istifadə etdiyi qida məhz sudur. Bir ay ərzində Dünya Kubokunda iştirak edən 309 şahmatçının məhz “Sirab”ı seçməsi qürurvericidir. Burada çempion şahmatçılar çempion marka olan “Sirab”la birgə mübarizə aparıb. Dünya Kubokunda zəka sahiblərinin yanında olmaq bizə çox xoşdur”.

    “Sirab” rəsmisi gələcəkdə də Azərbaycandakı idman tədbirlərində yaxından iştirak edəcəklərini sözlərinə əlavə edib: “Azərbaycanda dövlət idmanın inkişafı üçün daim diqqət və qayğı göstərib. Biz də çalışırıq idman layihələrindən kənarda qalmayaq. “Sirab” uzun müddətdir futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın tərəfdaşıdır, su təminatçısıdır. Digər layihələrdə də mütəmadi olaraq yaxından iştirak etmişik. Bundan sonra da “Sirab”ı Azərbaycanda idman tədbirlərində görəcəksiniz”.

    “Sirab” rəhbərliyi Dünya Kubokunun bağlanış mərasimində iştirak edərək Azərbaycan şahmatçısı Nicat Abasovla görüşüb və onu yarışda uğurlu çıxış etməsi münasibət ilə təbrik edib.

  • “Oppenheimer” filmi ən çox gəlir gətirən filmlər siyahısında

    Kristofer Nolanın “Oppenheimer” bioqrafik filmi nümayiş olunduqdan sonra ən çox gəlir gətirən ekran əsərlərinin siyahısına daxil olub.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, film "R" reytinqi ilə kino tarixində ən çox gəlir gətirən ilk beş filmdən birinə çevrilib.

    “Oppenheimer” dünya üzrə 727,5 milyon dollardan çox qazanc əldə edərək, 701 milyon dollarlıq ümumi gəliri ötüb.

    Qeyd edək ki, beşlikdə yer alan növbəti filmlər “ The Matrix 2 Reloaded”, “Deadpool”, “Deadpool 2” və “Joker”dir.