Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Aşıqlar Birliyində yeni layihə yekunlaşmaq üzrədir

    Son illərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

    Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk buraxılacaq. Artıq Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərləri ilə yanaşı, “Çeşmə” və “Misri” qruplarının ifasında qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları səsyazma studiyasında lentə alınıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alacaq.

    Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

  • Zərdabın Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolu yenidən qurulur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunu V texniki dərəcəyə uyğun yenidən qurur.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, aparılan işlər çərçivəsində yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması, lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi, yol əsasının inşası aparılır, yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir, zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.

    Layihənin Nəzəralılı hissəsində sadalanan işlər artıq icra olunub və yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

    Yolun Şıxbağı hissəsi üzrə torpaq işləri və suötürücü boruların inşası yekunlaşıb, hazırda bu hissədə yol əsasının tikintisi işləri aparılır.

    Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

    4 min nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, 13 km uzunluğa malik Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

  • Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək

    Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.

    AZƏRTAC xəbər verir ki, avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.

    İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor “Oskar” mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi videotəbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: “Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər”.

    Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

    Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

    Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-Pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli filmlərini ərsəyə gətirib. O, “Həyat, deyəsən gözəldir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb.

  • 2024-cü ildə Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının təsis edilməsi nəzərdə tutulur

    2024-cü ildə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın bəstəkar icmalarının davamlı şəkildə qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyası təsis ediləcək.

    AZƏRTAC xəbər verir ki, bu fikri Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru Mixail Qolikov Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.

    Avqustun 23-də Həştərxanda “Xəzər fəsilləri” beynəlxalq klassik incəsənət festivalı çərçivəsində ilk dəfə olaraq Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu keçirilir. Azərbaycan, Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın mədəniyyət xadimləri və bəstəkarları bu tədbirdə iştirak ediblər.

    “Həştərxanda klassik incəsənət festivallarının keçirilməsi təcrübəsi göstərdi ki, Xəzəryanı dövlətlərin orkestri üçün proqram işləri axtararkən, əslində, bu ölkələrin bəstəkarlıq məktəbləri haqqında heç nə bilmədiyimiz məlum oldu. Eyni zamanda, bəlli oldu ki, klassik musiqi ilə yanaşı, sadəcə olaraq, yeni və müasir musiqilər ifa etmək, bu melodiyaların bugünkü tamaşaçılar tərəfindən sevilməsinə nail olmaq lazımdır. İndi biz forum iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalamışıq. Bu, Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması üçün müəyyən hüquqi formanın hazırlanması deməkdir. Yeni təşkilat bizə daimi əsasda daha səmərəli işləməyə, yerli bəstəkar icmaları ilə qarşılıqlı əlaqə qurmağa imkan verəcək”, - deyə M.Qolikov bildirib. O əlavə edib ki, 2024-cü ildə dövlətlərarası təşkilatın yaradılmasının detalları müzakirə olunur.

    M.Qolikovun sözlərinə görə, I Beynəlxalq Forum çərçivəsində onlar Xəzəryanı ölkələrin bəstəkarları arasında müsabiqənin hər il keçirilməsi perspektivi ilə bağlı təşəbbüs irəli sürüblər. Münsiflər heyətinə bütün iştirakçı ölkələrin mədəniyyət xadimləri, musiqişünaslar, ifaçılar və peşəkar tənqidçilər daxil olacaq.

    “Bəstəkar müsabiqəsi qalibinin adı 2024-cü ildə keçiriləcək növbəti “Caspian Seasons” beynəlxalq festivalının qala-konsertində açıqlanacaq və burada müəllifin əsəri Xəzəryanı ölkələrin orkestrinin ifasında səslənəcək. Həştərxan Filarmoniyasında müsabiqə laureatları üçün konsert təşkil olunacaq. Əminəm ki, bəstəkarlar forumu və sonradan Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması bizim bəstəkar icmalarını müxtəlif məkanlarda birgə konsertlər, forumlar və yaradıcılıq görüşləri ilə birləşdirəcək”, - deyə M.Qolikov vurğulayıb.

    Qeyd edək ki, avqustun 22-də Həştərxanda “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı başlayıb. Festival çərçivəsində avqustun 25-dən 28-dək Həştərxan Filarmoniyasında Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan günləri keçiriləcək. Xəzəryanı ölkələrdən 70-ə yaxın musiqiçinin daxil olduğu Xəzəryanı dövlətlərin simfonik orkestri “Xəzər fəsilləri”nin əksər tədbirlərinin fəal iştirakçısı olacaq.

  • Ağstafada Aqrar İnnovasiya Festivalı keçiriləcək

    Sabah Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçiriləcək.

    Report bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, tədbir Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində baş tutacaq. Festival çərçivəsində 3-cü toxum sərgi-satış yarmarkası təşkil ediləcək.

  • “Barbi” filmindən növbəti rekord nəticə

    Rejissor Qreta Qerviqin ekranlaşdırdığı “Barbi” filmi rekord məbləğdə gəlir əldə edib.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, film nümayişə çıxmasının beşinci həftəsində 20 milyon dollardan çox gəlir əldə edən 10-cu film olub.

    Qeyd edək ki, ilk onluğa daxil edilən ən yaxşı filmlərin arasında “Titanik” və “Avatar” da yer alır.

  • Dünyanın ən yaxşı kitabxanası Barselonada yerləşir

    Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası (IFLA) “Вiblioteca García Márquez” Barselona kitabxanasını 2023-cü ildə dünyanın ən yaxşı kitabxanası adlandırıb.

    AZƏRTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, bu il finalda Barselonanın rəqibləri Sloveniya, Avstraliya və Çinin kitabxanaları olub.

    Barselona kitabxanası San-Marti rayonunda yerləşir və heyranedici memarlıq və innovativ dizaynı ilə fərqlənir.

    “Вiblioteca García Márquez” İspaniyada beynəlxalq miqyasda tanınan ilk kitabxanadır. O, bu yaxınlarda - 2022-ci ilin may ayında açılıb, lakin artıq hamını dərhal heyran etməyə nail olub. Açılış ilində kitabxana memarlıq sahəsində Barselona Şəhər mükafatına layiq görülüb və nəticələri 2023-cü il oktyabrın 19-da məlum olacaq memarlıq və dizayn sahəsində FAD mükafatının finalçısıdır.

    “Вiblioteca García Márquez” kitabxanası 6 mərtəbəlidir, sahəsi 4 min kvadratmetr təşkil edir, orta hesabla gündə onu təxminən min nəfər ziyarət edir.

    Burada tez-tez konfranslar, kitab klubları və dünyanın müxtəlif guşələrindən olan yazıçılarla görüşlər keçirilir.

  • Muğam milli-mənəvi dəyərimizdir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 26 Avqust – Beynəlxalq Azərbaycan Muğam Gününə həsr olunmuş “Muğam milli-mənəvi dəyərimizdir” mövzusunda tədbir keçirib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən MKS-nin direktoru Lətifə Məmmədova muğam sənətinin təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsindən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda beynəlxalq muğam festivallarının keçirilməsindən danışıb. O bildirib ki, muğamlarımız dərin fəlsəfi məzmuna malikdir, onun bir janrı da simfonik muğamdır, əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulub.

    Abonement bölməsinin müdiri Lalə Səlimova Azərbaycan muğamının yaranma tarixi haqqında, Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova Azərbaycanda muğamın geniş yayılması barədə məlumat verib.

    Qonaqlardan Şəhla Vəliyeva, Raya Məmmədova, Mələk Nəcəfzadə, Tünzalə Nəsirova bütün Türk dünyasına xas olan muğamın vətəninin Azərbaycan olduğunu, bizi həyatımızın əvvəlindən sonuna qədər müşayiət etdiyini, insana ruhi saflıq və ucalıq bəxş etdiyini söyləyiblər.

    Kitabxananın fəxri oxucusu, xanəndə Maya Cəbrayılova Azərbaycan muğamları haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verib və müxtəlif növ muğamlar ifa edib.

    Tədbirin sonunda muğamla bağlı diskussiya keçirilib.

  • “Nar” “Stevie” mükafatına layiq görüldü

    “Nar” “Stevie® International Business Awards” beynəlxalq biznes mükafatını qazandı. “Nar” bu mükafatı “Müştəri məmnuniyyəti” nominasiyasında, son 2 il ərzində müştəri xidmətləri sahəsində uğurlarına görə layiq görüldü.

    Mükafatın müstəqil hakimlərinə “Nar”ın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş hesabat təqdim edildi. Şirkətin məsafədən göstərdiyi müştəri xidmətləri, yüksək rəqabət olan Azərbaycan bazarında Müştəri Loyallığı İndeksində (Net Promoter Score) liderliyi beynəlxalq münsiflər tərəfindən xüsusi vurğulanıb.

    Stevie® Awards 2002-ci ildə ABŞ-da təsis olunub və dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini qiymətləndirir və uğurlu nümunə kimi tanıdır. Qeyd ki, “Nar” artıq 2-ci dəfədir bu mükafata layiq görülür.

    Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

  • Azərbaycan IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında təmsil olunub

    Azərbaycan IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında təmsil olunub.

    Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Rusiyanın Yekaterinburq şəhərində IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında ölkəni təmsil edib. Festivala bədii rəhbər-direktor, dirijor, Əməkdar incəsənət xadimi Əlibala Rzayevin başçılığı ilə 36 nəfərlik heyət qatılıb.

    Eyni zamanda Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Krasnoyarsk vilayətində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı və beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident mükafatçısı, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin solisti Mahir Tağızadə də festivalda orkestrlə birgə çıxış ediblər.

    Festivalda Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub və böyük maraqla qarşılanıb. Konsertin sonunda orkestr festivalın təşkilat komitəsinin diplomu ilə təltif olunub.

    Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri nümunəvi çıxışları ilə festival boyu mədəniyyətimizin yüksək səviyyədə təqdimatına nail olub.