Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

    Avqustun 23-də Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları İkinci Fəxri xiyabana gələrək Şahmar Ələkbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Şahmar Ələkbərov böyük aktyor, rejissor olmaqla yanaşı, həm də xoşbəxt insan idi. Onun sənəti bizim qəlbimizdə, kinomuzda, incəsənətimizin tarixində əbədi yaşayacaq.

    Aktyorun ömür yolundan və yaradıcılığından danışan tanınmış rejissor Cəmil Quliyev deyib: "Bu gün Şahmar Ələkbərovun əziz xatirəsini hörmətlə anırıq. O, böyük sənətkar, çox işıqlı insan idi. Hətta bu tədbirdə də biz onun işığını hiss edirik. Azərbaycan kinosunun salnaməsinin yaranmasında, Azərbaycan kinosunun ötən əsrin 70-80-ci illərdəki inkişafında Şahmar müəllimin müstəsna xidmətləri olub. Onun yaratdığı surətlər, çəkdiyi filmlər, xüsusilə "Qəzəlxan" filmi daim tamaşaçıların qəlbində yaşayır və yaşayacaq. O, həmçinin gözəl dublyaj ustası idi, onun səsləndirdiyi filmlər bu gün də qorunub saxlanılır”.

    Xalq artisti Həmidə Ömərova Şahmar Ələkbərovla bağlı ürək sözlərini belə ifadə edib: “Biz tez-tez qastrollara gedirdik. Şahmar müəllim çox təmkinli, az danışan insan idi. Səfərlər zamanı oxuduğu mahnılar zövqümüzü oxşayırdı. Çox gülərüz siması var idi. Xəstə olanda belə pozitivliyini saxlayırdı. “Qəzəlxan” filmini çəkən zaman da ruhdan düşmürdü. Kiminsə kefi olmayanda da çalışırdı ki, onun könlünü açsın. Şahmar müəllim bizim ürəyimizdə böyük iz qoydu”.

  • Xalq artisti Şahmar Ələkbərovun 80 illiyi ilə əlaqədar videomaterial hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq Azərbaycan kinosu tarixinə yazan Şahmar Ələkbərovun yubileyi münasibətilə aktyorun həyat və yaradıcılığından bəhs edən videomaterial hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşlarının hazırladığı “Görkəmli aktyor Şahmar Ələkbərov” adlı videomaterialda aktyorun zəngin yaradıcılıq yolu, rol aldığı filmlər haqqında maraqlı məlumatlar təqdim edilib. Videomaterialda Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında ilk çıxışı, rejissoru və ssenari müəllifi olduğu bədii filmləri, təltif edildiyi mükafatlar haqqında məlumatlar əks olunub. Hazırlanan materialda Şahmar Ələkbərovun rol aldığı filmlərdən görüntülər də yer alıb.

    Xatırladaq ki, bu gün Azərbaycanın Xalq artisti, aktyor, ssenarist, səs aktyoru, rejissor Şahmar Ələkbərovun anadan olmasının 80 illik yubileyi tamam olur.

  • Yunus Oğuzun “Cığır” tarixi romanının təqdimat mərasimi olub

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin “Şuşa sən azadsan, Biz səni dirçəldəcəyik” şüarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği istiqamətində atılan hər bir addımın tarixi əhəmiyyət daşıdığını söyləyib. “Cığır” romanının bədii dəyərini, gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün dəyərli dərslik olacağını qeyd edib.

    "Cığır" romanının redaktoru, yazıçı Elçin Hüseynbəyli müharibə mövzusunda əsərlərin yazılmasının çox çətin olmasına baxmayaraq, Yunus Oğuzun “Cığır” romanında yaratdığı obrazlar vasitəsilə qəhrəmanlığın yüksək səviyyədə tərənnüm edildiyini bildirib.

    "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrında bir sıra uğurlu əsərlərin müəllifi olan Yunus Oğuzun “Cığır” romanının tarixi əhəmiyyətinin illər ötdükcə daha aydın hiss ediləcəyini söyləyib.

    Şair, tərcüməçi Elxan Zal Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanda da bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini, yazıçı Əyyub Qiyas isə romanda müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışıb.

    Yazıçı-publisist Yunus Oğuz qələmə aldığı tarixi romanlarda iki cür yanaşmanın olduğunu qeyd edib. Müəllifin sözlərinə görə, "Ovçu" və "Cığır" əsərlərində özü şəxsən iştirak etdiyi halda, qalan əsərlərdə yalnız hadisələrin müşahidəçisi olub. Müəllif bu tədbirin məhz mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd edib, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirib.

  • Oktyabrda Azərbaycanda payız sərgi mövsümünə start veriləcək

    Oktyabrın 19-21-də Azərbaycanda Xəzər İnşaat Həftəsi start götürəcək.

    Report xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri olan "Caspian Event Organisers" şirkəti məlumat yayıb.

    Bildirilir ki, bu ildən Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərin sırasına daha bir sərgi əlavə olunub. Belə ki, bu il Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh"), 28-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild") və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku") ilə yanaşı 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi ("Road&Traffic") də bir ad altında birləşdirəcək.

    Tədbir Bakı Ekspo Mərkəzində baş tutacaq. Keçən il tədbir Mərkəzin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zalın istifadəyə verilməsi gözlənilir. Sərgilər Mərkəzin həm də açıq sahəsini əhatə edəcək.

    İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.

    Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaq.

    Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan "Rebuild Karabakh" bu il artıq 3-cü dəfədir ki, təşkil ediləcək. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.

    "Rebuild Karabakh" sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə cəlb edir. Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

    "Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.

    "BakuBuild" sərgisi interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələri əhatə edir.

    "Aquatherm Baku" sərgisində hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi sektorlar təqdim olunur.

    "Road&Traffic" sərgisi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.

    Xəzər İnşaat Həftəsinin işgüzar proqramında Azərbaycan işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B), Qarabağ Dirçəliş Fondu və "Caspian Event Organisers" şirkətinin birgə təşkilatçılığı ilə Ağdamda xüsusi sessiyanın təşkili və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

  • “Sarı gəlin”i oxuyan əfsanəvi müğənni Toto Kutunyo vəfat edib

    Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo vəfat edib.

    Report xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

    Məlumata görə, pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.

    İfaçının meneceri Danilo Mancusonun agentliyə verdiyi məlumata görə, uzun sürən xəstəlikdən sonra müğənninin vəziyyəti son aylarda pisləşib.

    Toto Kutunyo 1943-cü ildə Fosdinovo şəhərində anadan olub. 1975-ci ilin əvvəlində Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayır. 1990-cı ildə Toto Kutunyo "Insieme: 1992" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olur. 1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında "Sizin faktlar" ("I fatti vostri") proqramının aparıcısı olur və öz musiqi fəaliyyətini davam etdirərək müxtəlif ölkələrdə qastrollarda olur.

    2008-ci il noyabrında Toto Kutunyo Bakıda olub. Heydər Əliyev Sarayında, "Qatar" adlı konsert proqramı ilə çıxış edib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa edib.

  • Şahdağda Motosiklet Festivalı təşkil edilib

    Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ Motosiklet Festivalı” keçirilib.

    Bu barədə Report-a Agentlikdən bildirilib.

    Məlumata görə, Şahdağda ilk dəfə olaraq baş tutan festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar qatılıb. İki gün davam edən tədbirdə motosikletçilər təşkilatçıların hazırladığı müxtəlif müsabiqələrdə iştirak ediblər.

    Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motosiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.

    Öz bacarıqları və istedadları ilə seçilən qaliblər sonda münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.

    Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər də keçirilib.

    Həm yerli, həm də əcnəbi qonaqlarının böyük maraqla qarşıladığı festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou proqramlar təşkil edilib.

  • "SOCAR AQŞ" və "Türkiyə Neft Şirkəti" qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb

    Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti "SOCAR AQŞ" MMC-nin törəmə şirkəti “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” ("SOCAR AQŞ Türkiyə"), Türkiyənin dövlət neft şirkəti olan "Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edir.

    Müqaviləyə əsasən, "SOCAR AQŞ Türkiyə" Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək.

    Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir.

    Əlamətdar hadisəni şərh edən "SOCAR AQŞ"nin Baş direktoru Samir Mollayev bildirib: “SOCAR AQŞ Türkiyə" zəngin təcrübəsindən, müasir texnologiyalardan istifadə edərək, layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub”.

    “SOCAR AQŞ Türkiyə" və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - "SOCAR AQŞ Türkiyə"nin üzrə menecer Famil Xələfov əlavə edib.

    "SOCAR AQŞ" innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq.

  • Haruki Murakami Nobel mükafatına namizədlərin reytinqinə başçılıq edir

    Nobel həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq indidən reytinqlər tərtib etməyə başlayıblar. Belə ki, artıq “Nicerodds” saytında dünyanın ən nüfuzlu mükafatının ədəbiyyat sahəsində namizədlərinin siyahısı dərc edilib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu cədvələ görə, bukmeyker reytinqinin çoxillik favoriti Haruki Murakami liderlik mövqeyində qalır. Avqustun 22-nə olan məlumata əsasən, onun qələbə şansının nisbəti daha çoxdur. Bukmeykerlərin reytinqində ikinci yerdə çinli avanqard yazıçısı Den Syaohua qərarlaşıb. O, əsərlərini Tsan Syue təxəllüsü ilə yazır. Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir. Lakin onunla birlikdə İbsendən sonra əsas norveçli dramaturq olan Yuna Fossenin və rusiyalı yazıçı Lyudmila Ulitskayanın da qələbəyə şansları var.

    Ədəbiyyat sahəsində 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi, özbəkistanlı jurnalist və yazıçı Hamid İsmailov və başqalarının da adları var.

  • İsmayıllının Zərgəran avtomobil yolu təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İsmayıllı rayonunda respublika əhəmiyyətli Muğanlı–İsmayıllı avtomobil yolunun 20-ci km-dən ayrılan Zərgəran avtomobil yolunu təmir edir.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, təmir olunan yolun uzunluğu 2,9 km, eni ortalama 5 metr təşkil edir. Yolboyu yararsız qrunt qazılıb kənarlaşdırılıb, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

    Yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunaraq, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.

    Sonda yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

  • Elektron Təhlükəsizlik Xidməti “WhatsApp”la bağlı vətəndaşlara müraciət edib

    Son zamanlar kütləvi şəkildə “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

    Report xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində bildirilir.

    Qurumun bu məsələ ilə əlaqədar apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.

    "Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır.", - deyə müraciətdə qeyd olunub.