Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.
Report bu barədə Baş İdarəyə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətini və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.
Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.
Azərbaycan və Rusiya pianoçusu, bəstəkarı Riad Məmmədov “Live at The Pushkin Museum” albomunun işıq üzü görməsi münasibətilə xüsusi hazırlanmış yeni konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Moskvada “Muzeon” parkında təşkil olunub. “For All We Know” (“Bildiyimiz qədər”) adlı konsert proqramında musiqiçinin həm pianoçu, həm bəstəkar kimi axtarışları, eləcə də müxtəlif əsrlərin klassik bəstələrinin günümüzün musiqisində, o cümlədən kinofilmlər üçün musiqidə öz əksini necə tapması barədə düşüncələri ifadə olunub.
Riad Məmmədov konsertin birinci hissəsində İohann Sebastyan Baxın əsərlərini öz transkripsiyasında və bu əsərlərə improvizələri təqdim edib. Daha sonra proqram caz standartlarının ifası ilə davam edib.
Caz standartları, muğam, eləcə də Riad Məmmədovun öz pyesləri bir daha nümayiş etdirib ki, musiqi çox müxtəlif ola bilər, lakin o, həmişə insanları birləşdirir.
Konsert proqramına İohann Sebastyan Bax, Vaqif Mustafazadə, Con Kuts, Riçard Rocers və digər bəstəkarların əsərləri daxil edilib.
Mədəniyyət naziri Adil Kərimli tərəfindən avqust ayının 23-də Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi, 3) keçirilməsi nəzərdə tutulan Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, qəbulun avqustun 29-da keçirilməsi planlaşdırılır.
Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri "AzerTelecom" və "Kazakhtelecom" "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin icrası istiqamətində birgə səylərini davam etdirir.
Əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən AzerTelecom, Qazaxıstan tərəfindən isə Kazakhtelecom şirkətləri Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.
Daha əvvəl imzalanmış Səhmdarlar müqaviləsi əsasında "AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko və "Kazakhtelecom" şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov şirkətin qeydiyyata alınmasına dair sənədi imzalayıblar. Tərəflər Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisinin həyata keçirilməsi üçün yeni təsis olunan birgə müəssisəyə öz dəstəyini ifadə ediblər.
“Birgə müəssisənin yaradılması tərəflərin Transxəzər kabel sisteminin qurulması istiqamətində atdıqları daha bir mühüm addımdır. Bu addım hər iki şirkətin bu beynəlxalq əhəmiyyətli layihənin icrasına sadiqliyini təsdiqləyir. Birgə müəssisə “Rəqəmsal İpək Yolu” layihəsinin vacib elementi olan, Asiya və Avropa arasında çoxterabitli həcmdə məlumat ötürülməsini təmin edəcək Transxəzər Fiber-Optik Kabel Xəttinin yaradılmasına sərmayə yatıracaq. “Rəqəmsal İpək Yolu” marşrutu biznes mühitinin yaxşılaşdırılmasında, iqtisadi inkişafda və ölkələrin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq. Bu, regional əməkdaşlıq üçün də yeni imkanlar açacaq”, - deyə "AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko bildirib.
Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.
“Bu layihəni regionun ən əhəmiyyətli layihəsi etmək üçün əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq. Hədəflərimiz, həmçinin Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımını sürətləndirəcək yeni tərəfdaşlıqların qurulmasını da özündə ehtiva edir”, - deyə "Kazakhtelecom" şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov bildirib.
“Rəqəmsal İpək Yolu” layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.
"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding" 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
"Kazakhtelecom" Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.
“Zeytun bağları” brendi və Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə elan olunmuş “Təbiətin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən bildirilib.
Mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib.
Nəzərdə tutulduğu kimi, təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçilib.
“Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi avqustun 28-də saat 14:00-da Xətai Sənət Mərkəzində açılacaq.
Seçilən əsərlər avqustun 25-dək Xətai Sənət Mərkəzində təhvil verilməlidir.
Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaq və həmin əsərlər “Zeytun bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyasına “Kapital Bank” ASC və “Qırmızı Ürəklər” Fondu da qoşulub. Ötən həftəsonu baş tutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri Xəzərin Hövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak ediblər.
Təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Saipem” və “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahət edən sakinlər də qatılıblar.
Aksiya zamanı ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdən daşınıb.
“Qırmızı Ürəklər” Fondunun vitse-prezidenti Yusif Poladov bildirib ki, təmizlik aksiyasının keçirilməsində məqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməklə sahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizə qayğı ilə yanaşmağa çağırdı.
“Qırmızı Ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılacaq.
"Report" nazirliyə istinadən xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 606 reys həyata keçirilib, 24 826 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Avqutsun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin hissədə yerüstü piyada keçidinin tikintisidir.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.
Kinorejissor Fariz Əhmədov “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri seçilib.
AZƏRTAC xəbər verir ki, festival avqustun 25-də Sankt-Peterburqda start götürəcək.
Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan rejissorların 40-dan çox bədii və sənədli filmlərinin nümayiş olunacağı festival sənədli və bədii filmlər olmaqla iki istiqamətdə keçirilir. Sənədli filmlərin münsiflər heyətinin sədri rejissor və prodüser Fariz Əhmədov, bədii filmlərin münsiflər heyətinin sədri özbəkistanlı rejissor, ssenarist Əli Xamrayevdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Dünya Fotoqrafiya Günü münasibətilə foto müsabiqəyə start verilib.
Report xəbər verir ki, iştirakçılar fotoqraf və mobilqraf olmaqla 2 kateqoriya üzrə müsabiqəyə qatıla bilərlər.
“İçərişəhərin həyatı” mövzusuna uyğun olaraq 2 ədəd fotoşəkil 10 sentyabr 2023-cü il saat 18:00 qədər qeydiyyat anketi ilə birgə fotomusabiqe@icherisheher.gov.az. ünvanına göndərilməlidir.
Şərtlər və qaydalar haqda əlavə məlumatı https://icherisheher.gov.az/az/news/584 saytından əldə etmək olar.
Müsabiqə ilə bağlı əlavə sualları İçərişəhər Qoruq İdarəsinin sosial media kanallarından ünvanlamaq olar.