Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

    Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Şirin Məlikova çıxış edərək sərgidə rəssamın həm 60-70-ci illərin eskizlərinin, həm də həyatının son onilliyində ərsəyə gətirdiyi əsərlərinin ilk dəfə nümayiş edildiyini deyib. O, bu ideyanı dəstəklədiyi üçün rəssamın oğlu İmad Mustafayevə və sərginin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib. Sərgidə rəssamın 30-dan çox əsərinin nümayiş olunduğu vurğulanıb.

    Tədbirdə Xalq rəssamları Səlhab Məmmədov, Hüseyn Haqverdiyev, Bakı İncəsənət Məktəbinin rəhbəri Rafael Gülməmmədli çıxış ediblər.

    Qeyd olunub ki, rəssam yaradıcılığında rəngkarlıq, qrafika, assamblyaj və installyasiya obyektlərinə müraciət edib.

    Qrafika və rəngkarlığın qovuşduğu, kollaj və qarışıq texnika ilə yaradılan monoxrom abstrakt əsərlər, ağ və qara boyalarla işlənilmiş, vizual formaların maraqlı eksperimenti ilə maraq doğuran rəngkarlıq nümunələri tamaşaçını rəssamın özünəməxsus yaradıcı təfəkkürü ilə cəlb edir.

    Sonda İmad Mustafayev çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini ifadə edib, iştirakçılar və təşkilatçılara minnətdarlığını bildirib.

    Sərgi oktyabrın 24-dək davam edəcək.

  • Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

    Mozaika incəsənət və memarlıqda həmişə mühüm rol oynayıb. Azərbaycanda sovet dövrünün mozaika irsinə gəlincə, burada tariximizin unikal, zəngin mədəni müxtəliflik və texniki bacarıq səhifəsi açılır.

    Sovet dövründə mozaika müxtəlif memarlıq obyektlərini və ictimai yerləri, o cümlədən dövlət qurumlarını, mədəniyyət evlərini, teatrları, abidələri, yaşayış binalarını, parkları və ictimai yerləri bəzəyirdi. Azərbaycanda həmin dövrə aid mozaikalar indi də qorunub saxlanılır.

    SSRİ dövründən qalan parlaq mozaikalardan biri də Cəfərov qardaşları küçəsindəki uşaq parkında yerləşir. “Azərbaycan xalq nağılları” adlı bu mozaika 1983-cü ildə yaradılıb. Onun müəllifi Vaqif Məmmədovdur. Bu unikal sənət əsəri uşaqların və böyüklərin diqqətini cəlb edən müxtəlif mövzuları əks etdirir. Uşaq parkındakı mozaika balacaların təxəyyülünün inkişafına töhfə olub, yaradıcı təfəkkürə təkan verib və həm gənc, həm də yaşlı ziyarətçilərə sevinc bəxş edib.

    Uşaq meydançasını bəzəyən rəngarəng mozaika işi qiymətli kiçik yerli sənət əsəri idi. Ancaq 2010-cu ilə qədər bu məkan əvvəlki gözəlliyini və cazibəsini itirərək tərk edildi. Amma vəziyyətinə baxmayaraq, bu rəngarəng panno bu gün də diqqəti cəlb edir və şəhərin bəzəyi olaraq qalır.

    İstedadlı rəssamlar və sənətkarlar sayəsində 1960-1990-cı illər arasında digər heyrətamiz mozaika şah əsərləri də yaradılıb, onlar indi də öz rəngarəngliyi və bənzərsizliyi ilə şəhər sakinlərini heyran edir. Rəssamların canlı və yaradıcı əsərləri zamanın ruhunu və dövrün mədəni meyillərini əks etdirən müxtəlif mövzu və üslubları əhatə edirdi.

    Həmin onilliklərdə yaradılmış bir çox mozaika kompozisiyaları müasir tarixi, mədəni ənənələri, milli elementləri, elmi nailiyyətləri, tərəqqini əks etdirən hadisələrə həsr olunmuş, həmçinin mücərrəd və fantastik süjetləri təsvir etmişdir.

    Sovet İttifaqı dövründə mozaika əsasən smaltdan yaradılıb. Bu, yüksək gücü və ətraf mühitin təsirlərinə qarşı müqaviməti ilə xarakterizə olunan tutqun qeyri-şəffaf şüşədir. Smalt çox məşhur material idi, davamlılığı və parlaq rəngləri sayəsində mozaika kompozisiyaları yaratmaq məqsədilə istifadə olunurdu. Bu material sayəsində mozaika uzun illər öz cəlbedici görünüşünü saxlaya bilib, memarlıq obyektlərinin və ictimai yerlərin etibarlı və davamlı bəzəyinə çevrilib.

    Həmin dövrdə yaradılmış mozaika panelləri öz orijinallığı, sənətkarlıq üslubu və parlaq rəngləri ilə insanı valeh edir. Bu sənət əsərləri öz dövrünün tarixini və mədəniyyətini əks etdirməklə yanaşı, həm də gələcək nəsillər üçün qoruyub saxlamalı olduğumuz irsimizin bir hissəsidir. Onlar öz dəyərini və cəlbediciliyini bu günə kimi qoruyub saxlamaqla, həm də Azərbaycanın memarlıq landşaftının və mədəni irsinin ayrılmaz hissəsinə çevrilib.

  • Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

    “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

    Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatına istinadən xəbər verir.

    Bildirilir ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.

    Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.

    Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

    Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    "Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 27-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 28-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

  • Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Agentliyin digər vəzifəli şəxsləri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib.

    "Report" bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, bu çərçivədə paytaxtın 8 Noyabr prospekti, Zığ-Hava limanı avtomobil yolunda və Əhməd Rəcəbli küçəsində əsaslı təmir işləri aparılır.

    Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılan təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. Bunun üçün ərazilərə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.

  • Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

    Azərbaycan Dövlət Yuğ Teatrı türk dramaturq Toyqun Orbayın eyniadlı pyesi əsasında “21:15 qatarı” tamaşasını hazırlayır.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, may ayında premyerası keçiriləcək səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov və Zümrüd Qasımova iştirak edir.

    Tamaşa ekzistensial oyun janrında nümayiş ediləcək.

    Qeyd edək ki, “21:15 qatarı” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.

  • Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrini təqdim edib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, universitetin Özbək dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən dekan Firuzə Bərxanova “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. O, Özbək dili və ədəbiyyatı fakültəsi tələbələrinin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiklərini vurğulayaraq romanın özbək dilində nəşrinin müəllim və tələbələr üçün çox dəyərli bir əyani vəsait olacağını diqqətə çatdırıb.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən, bu istiqamətdə Mərkəzin reallaşdırdığı layihələrdən danışıb.

    Klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarından bəhs edən “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan Qurdoş Qəhrəmanov əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılanacağını deyib.

    Universitetinin dosenti Davron Qodirov çıxışında tarixi romanın Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

    Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin dosenti Mahbuba Orozbayeva isə məruzəsində M.S.Ordubadi və roman barədə tədbir iştirakçılarına geniş məlumat verib.

    Tədbirin sonunda universitetin tələbələri tərəfindən Azərbaycan klassiklərinə aid poeziya nümunələri səsləndirilib.

    Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi isə özbək alim Abdulla Uluqovdur.

    Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.

  • “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

    Bakının mərkəzində 3 min nəfərlik zala sahib “Jolly Joker Bakı” Yıldız Tilbenin konserti ilə qapılarını sevənlərinə açdı.

    “Jolly Joker”in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı.

    Tilbe səsləndirdiyi Azərbaycan mahnıları ilə böyük maraq və coşquya səbəb oldu. 30 illik karyerasının ən məşhur hit mahnılarını səsləndirən Yıldız Tilbe pərəstişkarlarına sürpriz edərək “Jolly Joker” səhnəsində ard-arda Azərbaycan mahnıları da səsləndirdi. Bakı tamaşaçıları Yıldız Tilbenin canlı performansını alqışlarla dinlədi. Həm şən, həm də təsirli mahnıları ilə tamaşaçılara unudulmaz axşam yaşadan Tilbe özünəməxsus rəqsləri ilə də gecəyə rəng qatdı.

    16 ildir yüksək keyfiyyət standartlarında tərtib edilmiş konsert məkanlarında ulduzlarla pərəstişkarlarını birləşdirən “Jolly Joker”in Bakıdakı səhnəsində Levent Yüksel, Yüzyüzeyken Konuşuruz qrupu, Gökhan Türkmen, İrem Derici, Son Feci Bisiklet qrupu və Adamlar qrupu kimi türk sənətkarlarla yanaşı, yerli və xarici ulduzlar da yer alacaq.

    Gələcək konsertlərə rezervasiya və ətraflı məlumat üçün +994 50 700 70 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

    Konsertin biletlərini iTicket.az veb-saytından əldə etmək mümkündür.

  • Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

    Dünyaşöhrətli aktyorlar Al Paçino və Den Stivens qorxu janrında ekranlaşdırılan “The Ritual” adlı filmdə əsas rolları canlandıracaqlar.

    AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, David Midellin rejissorluq etdiyi filmin 2025-ci ildə nümayiş olunması planlaşdırılır.

    Ekran əsərinin aktyor heyətində Aşley Grine və Abigail Kovan da yer alıb.

    Real hadisələrə əsaslanan film inancını şübhə altına alan və keçmişinin nəticələri ilə mübarizə aparmağa çalışan iki keşişin başına gələn əhvalatları özündə əks etdirir.

  • Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

    Aprelin 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası teatrsevərlərin ixtiyarına veriləcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs edilir.

    Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır.