Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində təmsil edəcək Fahree və İlkin Dövlətov İsveç səfirinin qonaqları olublar.
AZƏRTAC xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bu il müsabiqəyə ev sahibliyi edəcək İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzson təmsilçilərimiz ilə görüşdə onlara dəstək olduqlarını bildirib və müsabiqədə uğurlar arzulayıb.
Səfirliyin ticarət və mədəniyyət məsələləri üzrə müşaviri Sirus Rüstəmovun da iştirak etdiyi görüş Azərbaycanın tarixində vacib rol oynamış isveçli Nobel ailəsinin iqamətgahında, qeyri-rəsmi formatda baş tutub.
Təmsilçilərimiz səfirlə həmsöhbət olmaqdan məmnun olduqlarını, ondan faydalı məsləhətlər aldıqlarını və hər iki ölkənin mədəniyyəti haqqında səmimi ab-havada müzakirə apardıqlarını qeyd ediblər.
Bundan əlavə, Fahree və İlkin İsveçin Azərbaycandakı səfirliyinə “Avroviziya” final gecəsinin birgə baxışını təşkil etdikləri üçün təşəkkürlərini bildiriblər. Birgə baxışa Azərbaycanı Avroviziyada öncəki illərdə təmsil etmiş ifaçılar və müsabiqənin fan-cəmiyyətlərinin üzvləri də dəvət olunublar.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə qədim diyarın tarixini, mədəniyyətini, arxeologiyasını, abidələrini tədqiq edən ədəbiyyatlar, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileyləri ilə bağlı rəsmi sənədlər, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Naxçıvan diyarı əzəli və əbədi Azərbaycan torpağı, qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik milli dövlətçilik ənənələrinə malik olan bəşər sivilizasiyasının beşiklərindən biri, Şərqin məşhur ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindəndir. Naxçıvan Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb.
Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində öz xüsusi yeri olan mütəfəkkirlərin, filosofların, ustad qələm sahiblərinin vətənidir. Naxçıvan xalqımıza müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lideri Heydər Əliyev, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib.
Beşminillik tarixin ərməğanı olan qədim Naxçıvan 100 il əvvəl muxtariyyət statusu alıb. Artıq bir əsrdir ki, Naxçıvan muxtar respublika kimi yaşayır.
Bu gün Xalq artisti Həsənağa Turabovun doğum günüdür
Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Bu sırada XX əsrin səhnə salnaməmizin nadir simalardan biri - Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun öz yeri var.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Həsənağa Turabovun anadan olmasının 86-cı ildönümü tamam olur.
Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun rəhbərliyi dövründə teatr binası əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.
Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin (“Yeddi oğul istərəm”) misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına “bu rejissorun seçimidir” deyərdi, “mən yalnız onun dediklərini etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.
Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da ustalıqla oynayıb. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.
Həsənağa Turabovun “Axırıncı aşırım”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.
Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.
Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Xalq artisti Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat edib.
Beynəlxalq Rəqs Günü ilə əlaqədar aprelin 26-da Bakıdakı Rus evində “Hamı rəqs edir!” adlı böyük bayram konserti təşkil olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a verilən məlumata görə, konsert proqramında “Gülüstan”, “Dəcəl qızlar” ansambllarının, Xəzər Universitetinin, “Baku Lindy Hoppers”, “Baku Tango Therapy” və “Baila” məktəblərinin kollektivlərinin parlaq rəqs nömrələri yer alıb. İdeyanın müəllifi xoreoqraf Lenay Seyidəlizadədir.
Beynəlxalq Rəqs Günü aprelin 29-da qeyd olunur. O, baletdən hip-hopadək bütün tərz və istiqamətlərə həsr olunub, müxtəlif mədəniyyətlərə və millətlərə aid olan insanları birləşdirir və onların bir dildə - rəqs dilində danışmasına şərait yaradır.
Tədbir 19.00-da başlayır. Giriş sərbəstdir.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir. Yüzə yaxın ölkəni, onlarla beynəlxalq təşkilatı təmsil edən çoxsaylı yüksəkvəzifəli şəxslərin Forumda iştirakı nəzərdə tutulur.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov söyləyib.
“Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi planlaşdırılır. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi gözlənilir”, - deyə nazir müavini vurğulayıb.
Bu ilin may ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Bu ilki Forum əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcək.
Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
“VI Forum pandemiyadan - beş illik fasilədən sonra keçirilməkdədir. Forum çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir”, - deyə F.Cəfərov vurğulayıb.
Nazir müavinin sözlərinə görə, Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi “Dinlərarası Dialoq vasitəsilə Etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi nəzərdə tutulur.
Aprelin 27-də, Pasxa ərəfəsində Bakıdakı Rus evində ənənəvi Pasxa bazarı təşkil olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının, Azərbaycanın Rus İcmasının, “Yaşlek” Tatar Gəncləri Mərkəzinin dəstəyi ilə keçiriləcək.
Ziyarətçilərin ustaların əl işlərindən ibarət məhsulları və hədiyyələri əldə etmək fürsəti olacaq. Aksiyadan əldə olunan vəsait valideyn qayğısından məhrum olan uşaqlara yardıma yönəldiləcək.
Pasxa bazarı saat 12.00-dan 18.00-dək açıq olacaq. Giriş sərbəstdir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, görüş A.Raimkulovanın İsveçrəyə səfəri çərçivəsində keçirilib. O, Türk Əməkdaşlıq Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə Türk həftəsi” tədbirlərində iştirak edib.
Görüş zamanı Fondun gələcək planları müzakirə olunub və beynəlxalq mədəni əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.
A.Raimkulova Türk dünyasının mədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararası anlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlı olduğunu bildirib.
T.Valovaya Fondun diplomatiya vasitəsilə mədəni müxtəlifliyin vurğulanması səylərini qiymətləndirib.
Fond və UNESCO arasında türk xalqlarının mədəni irs obyektlərinin beynəlxalq irs siyahısına transsərhəd nominasiyalarının irəli sürülməsi və Divanü Lüğat-it-Türkün 950 illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənən əməkdaşlıq müsbət qiymətləndirilib.
Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanların araşdırılması yönündə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.
Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabda yer alan poeziya nümunələri müəllifin son illərdə yazdığı fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edib.
“Adını çəkirəm” adlı kitabın Azərbaycan və Türkiyədə imza günlərinin təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, əvvəlki illərdə şairin “İlk görüş”, “...və susarsan”, “Evdə yoxam” və “Bütün xatirələr sənə qalacaq” kitabları işıq üzü görüb.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır. Görüş zamanı qonaq olan şəxslər öz təcrübələrini, uğurlarını bölüşəcəklər.
İlk olaraq "Üzbəüz" layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, "Qızıl Qələm" mükafatı laureatı Şahin Musaoğlu olub. Görüşdə qonaq ona ünvanlanan sualları cavablandıraraq, gənclərlə maraqlı fikir mübadiləsi aparıb.
Tədbirdə Şahin Musaoğlunun müəllifi olduğu "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan", "Əsgər Vətən əmanəti", "Ağ ümid" və digər mahnılar Filarmoniyanın solistləri Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən səsləndirilib.
Qeyd edək ki, "Üzbəüz" layihəsi ayda bir dəfə Azərbaycanın tanınmış simalarının iştirakı ilə keçiriləcək.