“Transformerlər” seriyasının ən son filmi olan “Transformerlər: vəhşi botların yüksəlişi” gəlirlərə görə antirekord nəticə göstərib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nümayişindən 2 ay keçməsinə baxmayaraq, dünya üzrə 437 milyon dollar gəlir əldə edən film indiyə qədərki ən aşağı gəlir gətirən “Transformerlər” filmi olub.
Rejissoru Steven Caple Jr. olan ekran əsəri seriyanın əvvəlki filmlərindən 465,2 milyon dollar qazanan “Bamblebee” və 602,9 milyon dollar gəlir əldə edən “Sonucu cəngavər”dən geridə qalır.
Qeyd edək ki, film ilk dəfə cari il iyunun 7-də kütləvi nümayişə buraxılıb və seriyanın yeddinci filmidir.
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılan Azərbaycanın gənc rəssamlarının “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.
Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.
“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir.
Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər üçün açıqdır.
Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Maestro Niyazinin anadan olmasının 111 illiyi münasibətilə onun mənzil-muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
O vurğulayıb ki, Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Dirijor Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdi. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.
Sonra Ulu Öndər Heydər Əliyevin Maestro Niyazinin 90 illik yubileyində görkəmli sənətkar haqqında çıxışının videoyazısı nümayiş olunub.
Tədbir Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas Sevinc İbrahimova (f-no, vokal), Mircəfər Mövsümzadə (tar, vokal), Beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanovun (onlayn f-no) ifalarında konsert proqramı ilə davam edib.
Tədbirin sonunda Maestro Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov Buenos-Ayres şəhərində argentinalı rejissor Hüqo de Ana ilə görüşüb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində “Aida” operasının yeni tərtibatda səhnələşdirilməsi məşhur rejissorla müzakirə edilib.
Xatırladaq ki, Hüqo de Ana karyerası boyu "La Skala", "Arena di Verona", "Covent Garden", "Opera Australia", "Teatro Colon", "Teatro San Carlo Cancels", "Teatro Real" kimi dünyanın məşhur opera teatrlarında bir çox opera tamaşalarını səhnələşdirib.
Rejissor Taika Vaititinin ekranlaşdıracağı “Tor 5” filminin hazırlıqlarına başlanıb.
AZƏRTAC xəbər verir ki, rejissor hələlik bu layihədə iştirak etmək üçün müqavilə imzalamayıb.
Ekran əsərində baş rolda çəkiləcək avstraliyalı aktyor Chris Hemsworth “Entertainment Weekly” jurnalına verdiyi müsahibəsində növbəti hissədə personajının taleyinin necə olacağı barədə heç bir fikri söyləməyib.
Qeyd edək ki, 2022-ci ildə ekranlara çıxan “Tor 4: Sevgi və İldırım ” filmi 760 milyon dollardan çox gəlir əldə edib.
Sentyabrın 1-dən Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini görmək istəyən şəxslər üçün turlar təşkil edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Yarımköçəri həyat” adlandırılan turda proqrama uyğun olaraq iştirakçılara yarımköçəri həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibiheybət məscidinə ziyarət təşkil ediləcək.
“Saray xalçaları” turuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dərsi keçəcəklər. Onlar üçün tanınmış xalçaçı-rəssamın emalatxanasında sənətkarla görüş təşkil olunacaq.
Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.
Turlar həftənin cümə və şənbə günləri saat 10:00-dan 18:00-dək bu sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq.
6 nəfər üçün nəzərdə tutulan turlara qatılmaq istəyənlər ən gec bir həftə öncə https://forms.gle/RJNMJM7uxoJDASu97 linkindən qeydiyyatdan keçməlidirlər.
Azərbaycanda yeni, müasir standartlara uyğun koşer restoranı fəaliyyətə başlayıb.
İki dost ölkə - Azərbaycan və İsrail arasında növbəti körpü salınıb. Hər iki ölkənin ləziz təamlarını öz mətbəxinə gətirən “Rimon” restoranı artıq qonaqlarını qəbul etməyə hazırdır.
Möhtəşəm interyer, kaşrut (yəhudi xalqının qaydalarına uyğun hazırlanmış qida məhsulları) üsulu ilə hazırlanmış ləziz Azərbaycan, İsrail, Asiya və Avropa yeməkləri, canlı musiqi, şou-proqram “Rimon” restoranında sizi gözləyir.
İstirahətinizi banket zalı və terrasımızda səmərəli keçirə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 74.
“AzerGold” QSC ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün üçüncü “Təqaüd proqramı” müsabiqəsi elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən müsabiqədə 2023-2024-cü tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Ötən illərdən fərqli olaraq bu il dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri ilə yanaşı, ekologiya, kimya mühəndisliyi, elektrik və energetika mühəndisliyi, iqtisadiyyat, inzibati idarəetmə və kommersiya, menecment və filologiya sahələri üzrə təhsil alan tələbələrin də müsabiqədə iştirakı nəzərdə tutulub.
Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Təqaüd komissiyası tərəfindən aparılacaq qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə qeydiyyat 21 avqust 2023-cü il tarixindən başlanılır. Müraciət üçün son tarix 21 sentyabr 2023-cü ildir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən elan edilən “Təqaüd proqramı” müsabiqələrində müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində təhsil alan 18, peşə təhsili müəssisələrində isə təhsil alan 27 tələbəyə təqaüd verilib. Proqram çərçivəsində 2 nəfər ali təhsil müəssisələrində, 4 nəfər peşə təhsili müəssisəsində təhsil alan tələbə “AzerGold” QSC-də işə qəbul edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şəmkir rayonunda keçiriləcək.
Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Məşhur amerikalı aktyor Timoti Şalamet “Barbi” filmində rol almaq istəyib.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, rejissorluğunu Qreta Qerviqin etdiyi “Balaca qadınlar” filmində rol alan Timoti Şalamet “Barbi” filmində də onunla çalışmaq arzusunda olub.
Qreta Qerviq mətbuat turu zamanı Timoti Şalametin Londonda filmin çəkiliş meydançasını ziyarət etmək istədiyini və bunu edə bilmədiyi üçün təəssüfləndiyini açıqlayıb.
Qeyd edək ki, Saoirse Ronan “Barbi” filmi çəkilən zaman “Otlaq" dramına hazırlaşırdı.