Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Xəzər” Festivalı “Coke” Studio ilə Sumqayıt və Bakıya gəlir

    “Coca-Cola”nın əməkdaşlığı ilə baxımlı telekanallardan olan Xəzər TV ölkədə ilk dəfə “Coke Studio” ilə birgə təşkil etdiyi “Xəzər” Festivalı çərçivəsində növbəti konsert proqramını Sumqayıt və Bakı şəhərlərində təqdim edəcək.

    Natavan Həbibi, Hiss, Nigar Camal, Cin, Azad Şabanov, Könül Kərimova kimi ölkənin məşhur sənətçilərinin çıxış edəcəyi konsert avqustun 19-da Sumqayıt, 23-də isə Bakıda təşkil olunacaq. Saat 20:00-da start götürəcək konsertlərə giriş sərbəstdir.

    “Coca Cola” şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, insanların festivala böyük marağı var: “Festival çərçivəsində artıq iki konserti geridə qoymuşuq və növbəti konsertlərə hazırlaşırıq. Sevindirici haldır ki, insanlar konsertlərdən xoş əhval-ruhiyyəylə ayrılırlar. Əsl musiqi möcüzəsinin yaşandığı festivalın növbəti konsertlərində Sumqayıt və Bakı sakinlərini gözləyirik”.

    Hər konsertdə musiqi ab-havasında Coke Zone da təşkil olunur.

    Xatırladaq ki, festival çərçivəsində bundan əvvəl Gəncə və Qəbələ şəhərlərində konsertlər təşkil edilib.

    Qeyd edək ki, “Coca-Cola” şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. “Coca-Cola” Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Coke Studio ilə Xəzər Festivalı” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir.

  • Bakıda ilk dəfə “Səhiyyə Menecmenti Zirvəsi” keçiriləcək!

    Bu gün Azərbaycan səhiyyə sistemi dünya səhiyyə sisteminin bir parçası kimi rəqəmsal inqilab, iqlim dəyişikliyi və dayanıqlı həllərə ehtiyac fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Post-pandemiya dövrünün yaratdığı çətinliklərdən biri kimi əhalinin və ətraf mühitin dəyişən ehtiyaclarını qarşılamaq səhiyyə sisteminin yenidən transformasiyasına tələbi artırır, sahə mütəxəssislərindən strateji düşüncə və davamlı həllər tələb edir. Dəyişikliklərlə ayaqlaşmaq üçün səhiyyə sistemi və xidmətlərinin idarəedilməsində peşəkarların olması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, tibbi xidmətlərin təşkili ilk növbədə peşəsinin peşəkarı olan mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır. Mürəkkəb problemlərin innovativ həllərinin axtarışı, həyata keçirilən layihələr, dövlətin dayanıqlı inkişafı təmin edən proqramları, yüksək keyfiyyətli tibbi xidmət təşkil etmək səhiyyə sistemi üzrə gerçəkləşən siyasətin əsas prioritetlərindəndir.

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə noyabrın 16-da gerçəkləşəcək olan “Səhiyyə Menecmenti Zirvəsi”ndə panellər üzrə müzakirə olunacaq mövzular tibb müəssisələrinin rəhbərlərinin ümumi idarəetmə bacarıqlarının inkişafını, səhiyyə sistemi üzrə biznes proseslərin xüsusi alqoritm üzrə qurulmasını, idarəetmə potensialının gücləndirilməsini, kadr resurslarının inkişaf etdirilməsini, xidmət standartları çərçivələrinin yaradılmasını, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması üçün atılmalı olan addımları və eyni zamanda ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək digər mövzuları özündə ehtiva edir.

    Tədbirin keçirilməsində məqsəd səhiyyə sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yalnışları müəyyənləşdirmək, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

    Ənənəvi üsullarla idarəetmə bəzən fərqli innovativ üsulları tətbiq etməyə imkan vermir, bu inteqrasiya istəyi adətən cəhd olaraq qalır. Müasir səhiyyə sisteminin idarəedilməsində bir sıra problemlər hələ də davam etməkdədir. İdarəetmə işi düzgün qurularsa, proseslərin idarə edilməsi də vahid sistem əsasında çalışar. Məhz bu səbəbdən, Zirvədə “Fərq yaradır” konsept mesajı ilə özəl sektorun Azərbaycanda yayılma vəziyyəti, dövlət və özəl tibb müəssisələri arasında effektiv kommunikasiya, özəl və dövlət sektorunda tibb müəssisələrinin idarəetməsində olan fərqlər müzakirə olunacaq.

    Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel və 15-ə qədər spiker və moderatorun iştirakı ilə “Fərq Yaradır” şüarı altında öz sahəsinin 400-ə qədər rəhbər və idarəedici, qərarverici şəxslərinin iştirakı ilə keçiriləcək. “Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə baş tutacaq “Səhiyyə Menecmenti Zirvəsi”ndə özəl və dövlət tibb müəssisələrinin rəhbərləri, icraçı direktorları, baş həkimləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə səhiyyə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənib.

    Zirvə haqqında ətraflı məlumatı www.hmsbaku.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.

  • Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları təsdiqlənib

    Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiqləyib.

    Report xəbər verir ki, yeni qanunla Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib.

    Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manat, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 75 manat olacaq.

  • Masallıda yol tikintisinə 14,6 milyon manat ayrılıb

    Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisinə 14,6 milyon manat ayrılıb.

    Reportun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon manat ayrılıb.

  • Musiqili Teatrın əməkdaşları Sankt-Peterburqda beynəlxalq tədbirdə iştirak edəcəklər

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları avqustun 20-dən 25-dək Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilmiş Sankt-Peterburq şəhərində “Akademik İncəsənət Birliyi” festival-simpoziumunda iştirak edəcəklər.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində “Akademik incəsənət birliyi: tarix və müasirlik” beynəlxalq forumunda sənət ocağının beynəlxalq layihələr rəhbəri Rəcəb Məmmədov "Azərbaycan musiqili teatrının milli ənənələri" mövzusunda məruzə ilə çıxış edəcək.

    Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçiriləcək yekun qala-konsertində isə Musiqili Teatrın gənc solisti, Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülmüş Emin Zeynallı səhnəyə çıxacaq.

    MDB ölkələrinin mədəniyyət, incəsənət, siyasət və biznes sahələrini təmsil edən ekspertlərinin də dəvət olunduğu bu mötəbər tədbirin əsas məqsədi Birlik ölkələrinin mədəniyyət xadimləri arasında uzunmüddətli yaradıcılıq əlaqələrinin və əməkdaşlığın qurulmasına şərait yaratmaqdır.

  • Türkiyədə 3300 illik tarixi olan tikili aşkarlanıb

    Arxeoloqlar Türkiyənin Çorum şəhərində yerləşən Şapinuva ərazisində 3 min 300 illik tarixi olan qədim tikili aşkarlayıblar.

    AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar bu tikilinin taxıl anbarı olduğunu bildiriblər.

    Qazıntı işlərinin rəhbəri Öndər İpək anbarın 150 ton taxıl tutumuna malik olduğunu və bu cür anbarların xüsusilə qıtlıq dövründə son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

    Qeyd edək ki, hetitlər üçün önəmli şəhərlərdən biri olan Şapinuvada 1990-cı ildə başlayan arxeoloji qazıntılar Türk Tarix Qurumunun maliyyə dəstəyi ilə davam etdirilir.

  • Dünyaşöhrətli müğənni Robbi Uilyams Bodrumda konsert verib

    Dünyaşöhrətli britaniyalı müğənni Robbie Uilyams Bodrum şəhərində səhnəyə çıxıb.

    AZƏRTAC xəbər verir ki, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən sənətçi konsertə "Let Me Entertain You" mahnısı ilə başlayıb.

    Müğənni təxminən bir saat yarım davam edən konsertdə mahnılar arasında tamaşaçılarla söhbət də edib.

    Qeyd edək ki, “Feel", "Strong", "Come Undone", "Don't Look Back in Anger", "Kids" mahnıları ifaçının ona şöhrət gətirən ən populyar mahnılarıdır.

  • AYNA: "Sərnişin və yük daşımaları üçün icazələr 7 il müddətinə veriləcək"

    Oktyabrın 1-dən Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslərə və fərdi sahibkarlara icazələr veriləcək, onların qüvvədə olma müddəti 7 ildir.

    Report xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilir ki, icazələri “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunların tələblərinə uyğun olaraq AYNA verəcək. Məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarını qorumaq, bu sahədə haqsız rəqabətin və inhisarçılığın qarşısını almaq, daşımaların təhlükəsizliyini, ətraf mühitin və əməyin mühafizəsini təmin etməkdir.

    Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində sifarişli daşıma ilə, yəni qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.

    Taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul olmaq istəyənlər isə buraxılış vəsiqəsini əldə etmək üçün 125 manat dövlət rüsumu ödəməlidirlər. Buraxılış vəsiqəsi əldə edən hüquqi şəxslər və ya fərdi sahibkarların nəqliyyat vasitələrinə verilən icazənin əlavəsi olaraq buraxılış kartı alması da mütləqdir. Bunun üçün tələb olunan dövlət rüsumu isə 25 manatdır.

    Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün də buraxılış vəsiqəsi və buraxılış kartı tələbi müəyyən edilib. Bu fəaliyyət növü üçün buraxılış vəsiqəsi 250 manat, buraxılış kartı isə 75 manat dövlət rüsumu ödənilməklə təqdim olunacaq.

    “Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbinə əsasən ölkə ərazisində taksi sifarişi operatoru fəaliyyəti də icazə əsasında mümkün olacaq. Sözügedən icazə növü üçün dövlət rüsumu 3000 manatdır.

    Hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan icazələri əldə etmək üçün “Avtomobil nəqliyyatı haqqında” Qanunda tələb olunan sənədləri AYNA-ya təqdim etməlidirlər.

    Avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır və buna yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq. Belə ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1 000 manat cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 2 000 manat cərimələnir.

    Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat cərimələnir.

    Buraxılış vəsiqəsi, yəni icazə olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 2400 manat cərimələnir.

    Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 100 manat cərimələnir.

    İnzibati Xətalar Məcəlləsinə əsasən, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə də cərimə nəzərdə tutulub. Belə ki, qeyd olunan xətalara yol verən vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 20000 manat cərimə olunacaq. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmi yaratmayan və ya həmin mexanizmi fəaliyyət göstərməyən vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər isə 20000 manat cərimələnəcək.

  • David Harbour “Qəribə şeylər”in 5-ci sezonu ilə bağlı açıqlama verib

    Aktyor David Harbour məşhur “Qəribə şeylər” serialının 5-ci sezonu ilə bağlı açıqlama verib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aktyor filmin yaradıcı heyəti ilə beşinci mövsümün ssenarisini nəzərdən keçirdiklərini və məmnun qaldıqlarını bildirib.

    “Bizi heyrətamiz bir sezon gözləyir. Filmin çəkiliş meydançasında və ssenaridə gördüklərimiz bu sezonun bizim bu vaxta kimi gördüyümüz işlərdən daha böyük olacağı qənaətinə gəlməyimizə səbəb oldu. Yazıçı qardaşlar Matt Duffer və Ross Duffer serialın beşinci mövsümünü indiyə qədərki ən iddialı sezon etmək üçün əllərindən gələni edirlər”- deyə aktyor vurğulayıb.

    Qeyd edək ki, elmi fantastika və qorxu serialı ilk dəfə 2016-cı il iyulun 15-də nümayişə buraxılıb.

  • Azərbaycan və Özbəkistan qarşılıqlı investisiya qoyuluşunu artırmağı müzakirə edib

    İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Oybek Xamrayevlə görüşərək onunla qarşılıqlı investisiya qoyuluşunun artırılmasını müzakirə edib.

    Report bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, S.Məmmədov ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb, qeyd edib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

    Ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığını inkişaf etdirmək məqsədilə görülən işlərə gəlincə, nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası iyul ayında Şuşada keçirilib və iclasdan ötən dövr ərzində önəmli işlər görülüb, Özbəkistan şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub. O, bildirib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

    Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası Sazişdə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

    O.Xamrayev ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.

    Görüşdə iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər də müzakirə olunub.