Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Böyük ekvalayzer 3” filminin reytinqi açıqlanıb

    Denzel Vaşinqtonun rol aldığı "Böyük ekvalayzer 3” filminin treylerinin reytinqi açıqlanıb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, hədəf auditoriyasını sevindirən "Böyük ekvalayzer 3” filmi Kino Filmləri Assosiasiyasından "R" reytinqini alıb.

    Döyüş filmi 2023-cü ilin sentyabrında kinoteatrlarda nümayiş olunacaq.

    Filmin rejissoru Antoine Fuqua qeyd edib ki, İtaliyada çəkilişlər sahilboyu çimərliklərlə yanaşı, Siciliya və Neapol kimi şəhərlərdə də aparılacaq.

    Qeyd edək ki, filmdə Robert McCall adlı şəxs keçmişindən qaçmaq üçün Cənubi İtaliyaya köçür, lakin tanış olduğu yeni dostlarının Siciliya mafiyasına aid yerli cinayət başçılarının nəzarəti altında olduğunu müəyyən edir. Robert yeni dostlarını qorumaq üçün keçmiş özünü sərbəst buraxır.

  • Xalq artisti İlhamə Quliyevanın xatirəsi anılıb

    Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti İlhamə Quliyevanın doğum günü münasibətilə məzarı ziyarət olunub.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, bir sıra tanınmış mədəniyyət və incəsənət xadimi və ictimaiyyət nümayəndələri mərhum sənətkarın məzarı üstünə güllər düzüb, onunla bağlı xatirələrini bölüşüblər.

    Qeyd edilib ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva, bütün fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsinə böyük əmək sərf edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb.

    Diqqətə çatdırılıb ki, İlhamə Quliyeva milli musiqimizi nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda təşkil olunan konsert proqramlarında uğurla təmsil edib.

    Vurğulanıb ki, mərhum sənətkarın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

    Sonra çıxış edənlər unudulmaz müğənninin sənət dünyasından, insani keyfiyyətlərindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

    Bildirilib ki, İlhamə Quliyeva səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, həm də Azərbaycan estrada sənətinə yeni nəfəs bəxş edib.

  • Kür çayı üzərində yeni dəmiryolu körpüsü istismara verilir

    Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

    Report bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir.

    Hər iki körpünün layihələndirilməsi 100 % yerinə yetirilib, tikinti işlərinin 98 %-i yekunlaşıb. Bu körpülər dəmiryolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq.

    Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

  • Azərbaycan Mərkəzi Bankının Sumqayıtdakı Ehtiyat Mərkəzinin ünvanı dəyişib

    Azərbaycan Mərkəzi Bankının (AMB) Sumqayıt şəhərində fəaliyyət göstərən Ehtiyat Mərkəzi yeni ünvana köçüb.

    Report xəbər verir ki, Mərkəz bundan sonra şəhərin Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsində fəaliyyət göstərəcək.

    İndiyə qədər isə qurumun ünvanı 40-cı məhəllə, C.Cabbarlı küçəsi, 1 idi.

  • AZAL Bakı-Kişineu reyslərinə bilet satmağa başlayıb

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişineu şəhərinə həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb.

    Report AZAL-a istinadən xəbər verir ki, uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

    Biletləri www.azal.az sayı, aviaşirkətin mobil əlavəsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

  • Azərbaycan və Özbəkistan digər ölkələrə zərgərlik məmulatları sata bilərlər

    Azərbaycan və Özbəkistan arasında III ölkələrə zərgərlik məmulatlarının satılması barədə danışıqlar aparılır.

    Bunu Reporta açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev bildirib.

    Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Özbəkistanın Zərgərlik Sənayesi Birliyi arasında 3 ildir ki, əməkdaşlıq edir və digər ölkələrə satış bu çərçivədə baş tuta bilər: “Biz çox məhsuldar əməkdaşlıq edirik. Azərbaycanın zərgərlik brendləri Özbəkistanda keçirilən sərgi və festivallarda təqdim edilib. Biz bir sıra biznes forumlar keçirmişik, Özbəkistana bir neçə təklif vermişik. Bunlardan biri brendlərimizin “Made in Azerbaijan” adı altında Özbəkistandakı ticarət mərkəzlərində, qarşı tərəfin brendlərinin də “Made in Uzbekistan” loqosu ilə Azərbaycandakı ticarət mərkəzlərində təmsil olunmasıdır. Bu, həm brendlərimizin məşhurlaşmasına, həm də ixrac səbətində zərgərlik məhsullarının geniş yer almasına gətirib çıxaracaq".

    "Özbəkistan dünyada ən böyük qızıl hasilatçılarından biridir. Özbəkistanın xam qızılından istifadə edərək Azərbaycanda istehsal olunan zərgərlik məhsullarının III ölkələrə ixrac edilməsi planlaşdırılır. Biz bu təklifləri Özbəkistan tərəfinə təqdim etmişik. Yəqin ki, qısa zamanda onlardan bizə cavab gələcək”, - deyə sədr əlavə edib.

  • Uşaq İncəsənət Festivalının finalına sayılı günlər qalıb

    Müstəqillik tariximizin ən böyük incəsənət layihələrindən olan Uşaq İncəsənət Festivalının final mərhələsinə sayılı günlər qalır.

    AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festival “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilir.

    21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festival üç turdan ibarətdir.

    Festivala respublikamızın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi isə iyul-avqust aylarını əhatə edir.

    İkinci – regional mərhələdə iştirak edənlər final mərhələsinə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az internet portalından ala bilərlər. Bunun üçün festivalın saytında “Final mərhələsi” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaq lazımdır.

    Müsabiqənin final mərhələsi sentyabr ayında Bakı şəhərində keçiriləcək.

    Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

  • Filarmoniyada maestro Niyazinin xatirəsi anılacaq

    Avqustun 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin 111 illiyinə həsr olunmuş konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək.

    Konsert çərçivəsində solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) tamaşaçılara öz ifalarını təqdim edəcəklər.

    Proqramda bəstəkarın “Rast” simfonik muğamı, “Arzu” romansı, “Qaragilə” xalq mahnısı (işlənmə Niyazinindir) və Konsert valsı səslənəcək.

  • Bütün zamanların sevimli sənətkarı

    Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

    Bəşəriyyət tarixində elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanır, adları ehtiramla yad edilir. Çünki həmin şəxsiyyətlər yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər.

    AZƏRTAC xəbər verir ki, belə ölməz, parlaq şəxsiyyətlərdən biri də bu gün anadan olmasının 81-ci ildönümü nəinki doğulduğu Azərbaycanda, həm də dünyanın bir çox yerlərində qeyd edilən SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevdir.

    On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.

    Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib.

    Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

    Dünyaşöhrətli müğənninin repertuarında 600-dək əsər var. O, həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.

    Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

    Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

    Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

    M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

    Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: “Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir”.

    Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu sevənlərin sayı heç zaman azalmayacaq.

  • AZAL Avropa və BƏƏ-də baş satış nümayəndəsini təyin edib

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) turizm və hava yolları üzrə satış və marketinq sahəsində ixtisaslaşan “Aviareps” beynəlxalq şirkətini Avropa və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş satış nümayəndəsi təyin edib.

    Report şirkətə istinadən xəbər verir ki, bundan sonra “Aviareps” AZAL-a Avstriya, Almaniya, İspaniya, Fransa, Niderland, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində hava yolları üzrə satış və bilet xidmətləri üçün tam dəstək göstərəcək.

    “Aviareps” AZAL-ın baş satış nümayəndəsi olaraq şirkətin əsas bazarlarda iştirakını gücləndirməyə kömək edəcək.

    AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov bunu şirkətin beynəlxalq aviadaşımalar bazarda mövqelərini inkişaf etdirmək və möhkəmləndirmək üçün atdığı mühüm addım kimi dəyərləndirib: “Bu əməkdaşlıq bizə rəqabətli bazarlarda mövqeyimizi gücləndirməyə yardımçı olacaq”.

    Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı Avropa, Asiya və Şimali Amerika da daxil olmaqla 72 istiqamətə uçuşlar həyata keçirir.

    Hazırda AZAL iki “Boeing 787-8 Dreamliner” də daxil olmaqla 26 “Airbus” və “Boeing” təyyarələrinə sahibdir.

    “Aviareps” 1994-cü ildə Almaniyada yaradılıb və müştərilərinə qlobal bazarlara çıxmağa kömək edir. Şirkətin dünyanın 61 ölkəsində 67 ofisi var.