Kanadanın Ontario əyalətində yerləşən Niaqara-Fols şəhərindəki “Mount Carmel Spiritual Centre” konsert zalında avqustun 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil ediləcək. Heydər Əliyevin milli incəsənət və onun incisi olan Azərbaycan muğamının ölkə hüdudlarından kənarda da tanınması və ən geniş mədəni ictimaiyyətin qəlbini fəth etməsi üçün əlindən gələni etməsi, Azərbaycan mədəniyyətinə daim diqqət və qayğı göstərməsi barədə məlumatı olan Beynəlxalq Niaqara Musiqi Festivalının (“Music Niagara Festival”) rəhbərliyi onun xatirəsini anmaq, əlamətdar Beynəlxalq Azərbaycan Muğamı Gününü (“International Day of Azerbaijani Mugham”) Ulu Öndərin 100 illik yubileyinə həsr etmək qərarına gəlib.
Bu barədə AZƏRTAC-a “Music Niagara Festival”ın “İpək yolu” komitəsinin sədri, Kanadada “Mədəniyyətlərin və sivilizasiyaların dünya irsi” devizi altında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin prezidenti, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev bildirib.
“Azərbaycan muğamı bütün dünyada təntənəli surətdə və qalibiyyətlə irəliləyir və dünyanın ən geniş mədəni ictimaiyyətinin rəğbətini qazanır. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin bütün sahələrdə, ilk növbədə, mədəniyyət sferasında böyük ənənələrini davam etdirərək və zənginləşdirərək Azərbaycanın dünyanın əsas mədəniyyət paytaxtlarından birinə çevrilməsi üçün əlindən gələni edir.
Bu gün muğam bütün bəşəriyyətin nemətinə çevrilib ki, bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətidir. Mehriban xanımın beynəlxalq fəaliyyəti Azərbaycan muğamının qədim yüksək mənəvi sənətinin inkişafına və tərəqqisinə, onun qədim ifa ənənələrinin dirçəldilməsinə məqsədyönlü şəkildə istiqamətlənib”, - deyə İ.Hacıyev qeyd edib.
Dünyanın unikal möcüzəsi olan Niaqara şəlaləsinin yaxınlığındakı nüfuzlu “Mount Carmel Spiritual Centre” konsert zalında keçiriləcək tədbir Azərbaycanın təkcə hərbi-siyasi müstəvidə deyil, eləcə də beynəlxalq mədəniyyət cəbhəsində ön mövqedə qələbəsinin bariz nümunəsidir.
“Kanadada Heydər Əliyev Mərkəzinin “Mədəniyyətlərin və sivilizasiyaların dünya irsi” adlı devizini diqqətə alaraq biz müxtəlif ölkələrdən olan musiqiçiləri konsertimizdə iştirak üçün dəvət etmək və tədbiri “One World Family” şüarı altında keçirmək qərarına gəldik. Konsertdə əsasən Böyük İpək yolu üzərində yerləşən ölkələrdən olan nümayəndələr – Çin, Hindistan, türk və İran əsilli musiqiçilər iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək konsertdə Bakıdan istedadlı musiqiçi Elnur Mikayılov da iştirak edəcək. Elnurun kamançada ifasını əks etdirən yazıları onu dinləyən Niaqara festivalının direktorlar şurasının böyük rəğbətini qazanıb”, - deyə “İpək yolu” komitəsinin sədri bildirib.
Məşhur amerikalı müğənni Madonna səhhəti ilə əlaqədar olaraq təxirə salınan "The Celebration" yubiley konsertinin tarixini açıqlayıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, ilk çıxış cari il oktyabrın 14-də Londonda təşkil olunacaq.
Müğənni daha sonra Belçika, Danimarka, İsveç, İspaniya, Portuqaliya, Fransa, Almaniya, İtaliya və Hollandiyada çıxışlarını davam etdirəcək.
Xatırladaq ki, iyulun 10-da müğənninin bakterial infeksiyaya yoluxması səbəbi ilə konsertləri təxirə salınmışdı.
Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkarlanıb. Orta əsrlər dövrünə aid qəbiristanlıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur. Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir.
Tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcək.
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.
AZƏRTAC xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 98-ci ildönümü tamam olub.
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".
Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-10-da Nizami Kino Mərkəzində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb. (https://tripsome.az/az/animafilm)
Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) son günlər “Volt Azərbaycan” MMC ilə bağlı yaranmış vəziyyətə dair şirkət rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə Reporta KOBİA-dan bildirilib.
Görüşdə son bir neçə gün ərzində şirkətlə bağlı yaranmış vəziyyətə dair fikir mübadiləsi aparılıb, məsələyə dair şirkət rəhbərliyinin fikirləri dinlənilib.
Qeyd edilib ki, KOBİA mandatına uyğun olaraq daima sahibkarların yanındadır və onların qanuni maraqlarının müdafiəsi üçün səlahiyyətləri çərçivəsində biznes subyektlərinə dəstək göstərir.
Bildirilir ki, mövcud vəziyyətlə bağlı KOBİA şirkətin qanuni maraqlarının qorunmasına, yaranmış vəziyyətin həllinə dəstək olmağa hazırdır: "Eyni zamanda istehlakçıların hüquqlarının və sağlamlıqlarının qorunması, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin maraqlarının təmin olunması məsələlərinin diqqətdə saxlanılması da şirkət rəhbərliyinin diqqətinə çatdırılıb".
İndi “Nar” abunəçiləri heç bir parkinq ödəmə cihazından istifadə etmədən, sadəcə SMS ilə parklanma üçün nəzərdə tutulmuş ərazilərdə avtomobillərini mimimum 30 qəpikdən başlayan ödənişlə park edə bilər.
Parkinq üçün uyğun yer tapdıqdan sonra xidmətdən istifadəyə başlamaq çox sədədir. Ardıcıllığa əməl etməklə, avtomobilin qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini (Məsələn: 10XX000 – 10001 – 1) yazıb 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladırsınız. Parkinqdən çıxarkən isə “SON” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu zaman parkinqdən istifadə müddətiniz hesablanacaq və ödəniş məbləği “Nar”ın öncədən ödənişli tarifində olan abunəçilərin balansından avtomatik çıxılacaq. Korporativ müştərilər isə AzParking tətbiqi üzərindən müxtəlif üsullarla ödənişi həyata keçirə bilərlər . Ətraflı məlumat üçün nar.az/parkinq səhifəsinə daxil ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19-20 avqust tarixlərinə əlavə qatar reysləri təyin edib.
Report ADY-ə istinadən xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.
Bu ilin sonuna "Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: “Görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində iş aparılır. Layihə üzrə işlər başa çatdıqdan və prosedur qaydalarına uyğun tədbirlər görüldükdən sonra təmir işlərinə başlanılacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orda hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək və ictimaiyyətin bilməli olduğu məqamlar çox olacaq. Təmir işlərinə stansiyanın dönmə kamerasında, yəni qatarların dalan yollarında başlanılacaq. Daha sonra proses stansiyanın özündə davam etdiriləcək. Bütün proses tam dəqiqləşdikdən sonra ictimaiyyətə məlumatlar tam açıqlanacaq”.
“Cəfər Cabbarlı” metrostansiyasında bu ilin sonuna qədər əsas inşaat işləri başa çatdırılacaq.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Gələn il platforma səviyyəsində son tamamlama, yəni üzlük işləri və infrastrukturun qurulması ilə bağlı digər işlər aparılacaq. Daha sonra vestibül səviyyəsində və “28 May” stansiyasına keçid səviyyəsində təmir-bərpa işlərinə başlanılacaq. Görüləcək işlərin həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə o qeyd edib.