Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanlı üç şagird TÜRKSOY-un inşa müsabiqəsinin qalibi olub

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY - türk dünyasının qızıl körpüsüdür” mövzusunda inşa müsabiqəsinin qalibləri təltif edilib.

    AZƏRTAC xəbər verir ki, azərbaycanlı üç məktəbli qız da müsabiqənin mükafatçıları arasında yer alıb.

    Türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Dövlət ümumtəhsil məktəblərində təhsil alan 13-15 yaşlı şagirdlərin qatıldıqları müsabiqədə Azərbaycan məktəbliləri Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da qalib elan edilərək mükafatlara layiq görülüblər.

  • Azərbaycan dünya poeziya festivalında təmsil olunub

    Kolumbiyanın Medellin şəhərində keçirilən Dünya Poeziya Hərəkatının Beynəlxalq Konqresində, eləcə də 60 ölkədən 104 şairin qatıldığı ən məşhur dünya poeziya festivalı - Medellin Festivalında Azərbaycanı tanınmış şair Nigar Həsənzadə təmsil edib.

    AZƏRTAC xəbər verir ki, şairin festivalın 30 illik zəngin tarixi ərzində dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insanı möcüzəvi işığında, sözə və sənətə sevgi ruhunda birləşdirən beynəlxalq Medellin Festivalının səhnəsində ilk dəfə Azərbaycan dilində səsləndirdiyi şeirlərinin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan şairi, “Qızıl Kəlmə” mükafatı laureatı Salam Sarvandır.

    Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş səfər çərçivəsində Nigar Həsənzadə Dünya Poeziya Hərəkatı İdarə Heyətinin qərarı ilə beynəlxalq qurumun Azərbaycan üzrə nümayəndəsi seçilib.

  • Tailand turistlər üçün 45 günlük vizasız qalma rejimini yenidən tətbiq etməyi planlaşdırmır

    Tailand ölkədə vizasız qalma müddətini yenidən 45 günə qədər artırmağı planlaşdırmır. Aprelin 1-dən qonaqlar əlavə sənədlər olmadan krallıqda 30 gün ərzində qala biləcəklər.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir çox turist daha uzun müddətli vizasız rejimin qaytarılacağına ümid edirdi, lakin krallığın hökumət orqanları bunda zərurət görmürlər.

    Tailandın Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin baş direktoru Naruçai Ninnadın sözlərinə görə, bundan əvvəl ölkə pandemiya vaxtı qonaqların karantindən keçməsi vaxtını kompensasiya etmək üçün onların qalma müddətinə 15 gün əlavə edirdi, indi isə buna ehtiyac yoxdur. “Bu epidemioloji vəziyyət ilə əlaqədar müvəqqəti uzadılma idi, indi isə biz yenidən 30 günlük rejimə qayıtdıq”, - deyə o əlavə edib.

  • Pikasso muzeyinin əməkdaşları tətilə hazırlaşırlar

    Malaqadakı Pikasso muzeyinin bir qrup işçisi Pikassonun vəfatının 50 illiyinə həsr olunmuş “Pikasso əks-sədası” adlı sərginin açılışından bir qədər əvvəl, sentyabr ayında beş günlük tətil keçirmək planlarını açıqlayıb.

    AZƏRTAC “artnews” saytına istinadla xəbər verir ki, tətil sentyabrın 18-22-nə planlaşdırılıb, lakin şirkət təkidlə qüvvədə olan əmək sazişinə riayət etməməyə davam edərsə, tətil daha uzun müddət davam edə bilər.

    Qarşıda keçirilməsi nəzərdə tutulan tətilə baxmayaraq, muzeyin rəhbərliyi əvvəl olduğu kim, muzeyin 20 illiyinin qeyd olunmasında diqqətini cəmləyib və açıq-aydın olaraq fəhlələrin aksiyasını dəstəkləmədiyini bildirib.

    Bu yay muzeyin işçiləri bir neçə etiraz aksiyası keçirib. May ayında onlar texniki tətil keçirib, nəticədə muzey müvəqqəti olaraq Pikasso heykəli sərgisini bağlamaq məcburiyyətində qalıb. Ziyarətçilər yalnız daimi kolleksiyanın qalereyalarını ziyarət edə bildikləri zaman, etiraz edənlər Pikasso rəsmlərinin obrazları olan maskaları geyinərək muzeyin qarşısında durublar.

    Pikasso muzeyinin işçiləri əməkhaqqının artıq 11 il ərzində artmadığından şikayət edirlər, əksinə o, 3-5 faiz azalıb, qiymətlər isə daim artmaqdadır. Onlar əməkhaqqını ildə 80 min avroya qədər artırılmasını və iş saatlarının sayının ildə 1710 saata qədər azaldılmasını tələb edirlər. Muzey rəhbərliyi tərəfindən təklif olunan güzəştlər hələ ki əməkdaşları qane etməyib. Yerli Həmkarlar İttifaqı sorğu keçirərək müəyyən edib ki, İspaniyanın digər mədəniyyət müəssisələrində əməkhaqqı əhəmiyyətli dərəcədə daha yüksəkdir.

  • Şahzadə Harri və Meqan cütlüyü haqqında yeni film çəkilib

    Britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsindən ayrıldıqdan sonra barələrində söz-söhbət səngimir. Onlar gah “Netflix”də çəkilən sənədli filmə görə kral ailəsindən üzr istəyir, gah da müxtəlif televiziya proqramlarına müsahibə verməklə də gündəmdən düşmürlər.

    AZƏRTAC “The İndependent” agentliyinə istinadla xəbər verir ki, bu dəfə cütlük haqqında sevgi filmi çəkilib. Görəsən, “Meet me” adlanan bu film Harri və Meqan cütlüyünün nüfuzunu özünə qaytara biləcəkmi? Demək çətindir.

    Romanın süjet xətti heç də “Netflix”də çəkilən sənədli filmdəki kimi deyil. Romanda hadisələr belə cərəyan edir - avtomobil qəzasında faciəvi şəkildə həlak olan ana, anasının ümidini doğrultmağa çalışan və ailənin yükünü çiynində daşıyan gənc Harri, bir-birini çox sevən iki gənc.

    Xatırladaq ki, Harri-Meqan cütlüyü “Netflix”dəki film üçün 100 milyon dollar əldə edib.

  • “Təbiətimizin sovqatı” adlı müsabiqəyə əsər qəbulu başa çatıb

    “Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

    Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.

    Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaq və həmin əsərlər “Zeytun bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

  • Azərbaycan və Pakistan audit sahəsində Anlaşma Memorandumu imzalayacaq

    Azərbaycan Auditorlar Palatası və Pakistanın Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu (ICAP) arasında Anlaşma Memorandumu imzalanacaq.

    Report bu barədə Palataya istinadən xəbər verir.

    Məlumata görə, bu məsələ qurumun Şurasının videokonfrans formatında keçirilmiş növbəti iclasında müzakirə edilib.

    İclasda həmçinin 2022-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi, Palatada 2023-cü ilin I yarısında keçirilmiş tədbirlərdə (konfrans, simpozium, “dəyirmi masa”, seminar və ustad dərsləri) Palata üzvlərinin iştirakının monitorinqi, Palata ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair bu il iyulun 28-də keçirilmiş tədbirin nəticələri, Azərbaycanda auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan nəzərdən keçirilib.

  • Gəncədə “Azəriqaz”ın sahibkarlarla görüşü keçiriləcək

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü avqustun 16-da Gəncə şəhərində keçiriləcək.

    Bu barədə Reporta “Azəriqaz”dan məlumat verilib.

    Bildirilib ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncədə görüşü təşkil olunacaq.

    Aksiya Füzuli Parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

    İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

  • Bakıda Pakistanın mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir

    Bakıda Pakistanın Müstəqilliyinin 76-cı ildönümü münasibətilə bu ölkənin mədəniyyətinə və milli mətbəxinə həsr olunan festival keçirilir.

    Report xəbər verir ki, tədbir Pakistanın görməli yerlərini əks etdirən videoçarxla başlayıb.

    Festivalı giriş sözü ilə açan Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında əlaqələrin əsrlərə gedib çıxdığını qeyd edib: “Bundan başqa, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub”.

    Səfir həmçinin 20-ci əsrin əvvəllərində Pakistanda vəba xəstəliyinin yayılmasına qarşı mübarizədə Hacı Zeynalabdin Tağıyevin müstəsna rolundan danışıb: “Azərbaycanlı xeyriyyəçi öz vəsaiti hesabına Pakistana yüz minlərlə ampula vəba peyvəndi alıb göndərib, bu da ölkənin ölümcül xəstəliyə qalib gəlməsində mühüm rol oynayıb”.

    Diplomat bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq arenada həmişə bir-birini dəstəkləyib: “Bu gün Kəşmirlə azad edilmiş Qarabağın bir çox oxşar cəhətləri var. Ümid edirik ki, Azərbaycanın və digər dost ölkələrin dəstəyi ilə Kəşmir tezliklə azad olacaq”.

    Tədbir zamanı Azərbaycan və Pakistanın milli rəqsləri ifa olunub.

  • The Sun: “Barbi”nin prodüserləri filmin ikinci hissəsi üzərində işləyirlər

    İyulun ikinci yarısında dünya nümayişinə çıxan “Barbi” (Barbie) filminin prodüserləri rekord qonorar fonunda artıq ikinci hissə üzərində işlərə başlayıblar.

    “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Sun” qəzeti film sənayesindəki mənbələrə istinadən məlumat yayıb.

    “Barbi” filmini hazırlamış komanda davamı üzərində işləri müzakirə etmək üçün əlaqə saxlayıb. Bu hələ ilkin mərhələdədir, lakin aydındır ki, boslar sikvel üçün birinci filmi çəkən eyni komandanı istəyirlər” , - mənbə bildirib.

    Qeyd edək ki, “The New York Times” qəzetinin avqustun 6-da yaydığı məlumatına görə, “Barbi” digər “Warner Bros” filmlərindən daha tez 1 milyard dollar qazanıb. Bunun üçün baş rollarda Marqo Robbi və Rayan Qoslinqin çəkildiyi filmə 17 gün kifayət edib. Bundan öncə rekord “Harri Potter və ölüm yadigarları: II hissə” (2011) lentinə məxsus idi - 19 gün.