II Milli Qurama Festivalı çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək, musiqili proqramla bitib.
Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.
Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlil ürəyi ilə sənəti arasında sərhədi, səddi olmayan şair idi. O öz hisslərini, düşüncələrini gizləməyi bacarmırdı.
Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini günü-gündən püxtələşdirərək onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etmişdi. Əsl poeziya, əsl sənət əsəri üçün zaman həddi, zaman sərhədi olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Zeynal Xəlil xoşbəxt şairlərdəndir ki, zəngin poeziyası ona, belə ölməzliyi bəxş etdi.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin vəfatından 50 il ötür.
XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın keşməkeşli yollarında ağır sınaqlarla üzləşən, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımıza imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürmüş bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan insani məhəbbətlə vəsf etməyi bacardı. Hər şeydən öncə Zeynal Xəlil dövrünün övladı idi. Əgər o, bir tərəfdən insanın daxili aləmi, yüksək amallar uğrunda mübarizəsi barədə yazırdısa, digər tərəfdən XX əsrin diktəsi, tələbləri də bir şairin yaradıcılığında öz əksini göstərirdi. Zeynal Xəlil XX əsrin ən gözəl lirik şairlərindən biri idi. Onun qələmindən çıxan məhsul çoxcəhətli, həm də bu gün öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyeslər olmuşdur. Zəngin yaradıcılığa malik olan Zeynal Xəlil öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin, mərkəzində insan və onun arzuları dayanırdı.
Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. O, şeirlərinin birində öz tərcümeyi-halını belə dilə gətirir: “Atam papaqçıydı, varı-yoxu bir qəlib idi, bir də iynə”. Hər zaman öz şeirlərində ağrı və məhəbbətlə atasını yad edən Zeynal Xəlil yeddi yaşında ikən atasını itirib. Böyük qardaşlarının himayəsində yaşayan şair əvvəl yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitirmişdir. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş, “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlmişdir. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qazanmışdır. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhval-ruhiyyədir.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.
Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Soltan Hacıbəyova məxsus “Kimlər gəldi, kimlər getdi”, musiqisi Emin Sabitoğluya məxsus “Bu gecə”, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-14-cü kilometrlik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.
Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.
Bu gün Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalı keçirilib.
Reportun Şimal-qərb bürosunun məlumatına görə, festivalda nazirliyin digər qurumları və aidiyyəti dövlət müəssisələri, toxum istehsalçıları və satışı ilə məşğul olan yerli şirkətlər, eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Tədbirdə dənli bitkilər (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş etdirilib.
Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib.
Bundan başqa, tədbir çərçivəsində toxumçuluq üzrə sərgi-satış yarmarkası təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və "Azərbaycan Toxumçular Assosasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarmarkanın məqsədi toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etməkdir.
Növbəti festival və yarmarka avqustun 18-də Şamaxı rayonunda təşkil olunacaq.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu il 29-cu dəfə təşkil edilən Sarayevo Film Festivalı (SFF) sabah qırmızı xalça mərasimi ilə qapılarını kinosevərlərin üzünə açmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, festivalda bu il 70 ölkədən 230-dan çox film nümayiş etdiriləcək.
Festival zamanı bir həftə ərzində bölgənin mədəniyyət mərkəzinə çevrilən Sarayevo bu il dünyaca məşhur qonaqları qəbul edəcək.
Bu il “Sarayevonun ürəyi” fəxri mükafatı amerikalı rejissor, kinoprodüser və ssenarist Çarli Kaufmana təqdim olunacaq. Kaufman Sarayevoda pərəstişkarları ilə qırmızı xalçada görüşəcək.
Bu gün axşam baş tutacaq qırmızı xalça mərasimindən sonra festival sloveniyalı rejissor Nenad Cicin-Sainin “Gələcəyi öp” filmi ilə açılacaq. Ekran əsəri Bosniya və Herseqovina müharibəsi zamanı mühasirədə qalan Sarayevo xalqının mübarizəsindən bəhs edir.
Festival Sarayevoda, eləcə də ölkənin digər böyük şəhərləri Mostar və Tuzlada davam edəcək. Bu dəfə festivalda bədii filmlər, qısametrajlı filmlər, sənədli filmlər və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda 49 film mübarizə aparacaq.
Festival çərçivəsində “Bədii filmlər” kateqoriyasındakı filmlərdən 2-nin dünya, 5-nin isə regional premyerası olacaq.
Festival avqustun 18-i axşam keçiriləcək mükafatlandırma mərasimi ilə başa çatacaq.
Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrində sabah axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Buna səbəb yolun sözügedən hissəsində yerləşən yerüstü piyada keçidində aparılacaq təmir-bərpa işləridir.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurub.
Bu barədə Reporta Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, iyunun 23-də Müsabiqə Komissiyası iddiaçıların təklif zərflərini açıb, təklifləri qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Glass Vay” MMC müsabiqənin qalibi elan olunub. Avqustun 2-də müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manatlıq İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində soba və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.
Xatırladaq ki, "Qaradağ Şüşə Zavodu" "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Şüşə" MMC-nin bazasında yaradılıb. Bu müəssisə isə vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə girov qoyulmuş "İnterGlass" ASC-nin bazasında təşkil edilib. Onun İdarə Heyətinin sədri olmuş İlal Əhmədov hazırda qalib şirkətin qanuni nümayəndəsidir. "Glass Vay" bu il iyunun 21-də 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Birinci Elizabetə aid olan “İncil” kitabının üz örtüyü hərracda rekord məbləğə satılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rəngli və gümüş saplarla işlənilmiş əşya hərrac zamanı 120 min funt sterlinqə alınıb.
Qeyd edək ki, əşyanın 10 min funt sterlinqlə 20 min funt sterlinq arasında bir məbləğə satılacağı gözlənilsə də, hərracda iştirak edənlər arasındakı rəqabət qiymətin artmasına səbəb olub.
"Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasında platformanın tavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.
Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm nəzarət altında saxlanılır. Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub. Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.
Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq.
Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sazişə əsasən hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında razılığa gəliblər.
Memorandum sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi; beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. kimi məsələləri əhatə edir.
Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində bu ilin aprel ayının 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi keçirilib.
Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar baş tutan sərgi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.