Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ankarada möhtəşəm qəhvə festivalı keçiriləcək

    Sentyabrın 22-24-də Ankarada möhtəşəm qəhvə festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festivalda böyük qəhvə markaları, maşın və avadanlıq istehsalçıları və digər qəhvə sənayesi müəssisləri bir araya gələcəklər.

    İştirakçılar, həmçinin festival çərçivəsində xüsusi dequstasiya və seminarlarda iştirak edə biləcək, canlı konsertlər və səhnə tamaşalarına baxmaq imkanı əldə edəcəklər.

    Peru, İndoneziya, Qvatemala, Vyetnam və Rusiyadan olan qəhvə şirkətlərinin də qatılacağı festivalda İtaliya və Yunanıstandan mütəxəssislər müxtəlif tədbir və seminarlarda qəhvə həvəskarları ilə görüşəcəklər.

  • Beynəlxalq İpək Yolu Film Festivalına müraciətlər başlayıb

    Bu il 11-ci dəfə təşkil olunacaq Beynəlxalq İpək Yolu Film Festivalı dekabrın 15-18-də keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, İstanbulda təşkil olunacaq festival Türkiyənin Kino və Televiziya İşi Sahibləri Peşəkar Dərnəyi (SETEM) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşacaq.

    Festivalda İpək Yolu coğrafiyasından seçilən filmlər nümayiş etdiriləcək.

    Festivalın builki poster dizaynında Qırğızıstanda Çingiz Aytmatov Muzeyinin bağçasında yerləşən Göytürklər dövrünə aid Umay Ana heykəlindən istifadə olunacaq.

    10 fərqli milli və beynəlxalq kateqoriyada mükafatların təqdim ediləcəyi festivalda münsiflər heyətinin seçdiyi film “İpək Yolu qardaşlıq mükafatı”na layiq görüləcək.

    Festivala qatılmaq istəyənlər oktyabrın 1-dək müraciət edə bilərlər. Ətraflı məlumatı “setem.org.tr” saytından əldə etmək mümkündür.

  • 6-cı ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli olub

    Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 6-10-da Bakıda, Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

    Filmlər beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

    Festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

    Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

    Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi ¬ GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

    Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

    Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

    Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 300 ABŞ dolları.

    Xatırladaq ki, 2022-ci ilin payızında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda keçirilmiş 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN = 412 ağac) işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə edilib. Beləliklə, bu il ANİMAFİLM festivalının dəstəyi ilə Zəngilanda 412 ağac əkildi.

    ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil edilən gerçək bir platformaya çevrilib.

    Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

  • “The Band” qrupunun üzvü Robbi Robertson vəfat edib

    Məşhur “The Band” qrupunun üzvü kimi tanınan gitaraçı Robbi Robertson 80 yaşında vəfat edib.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, sənətçi uzunsürən xəstəlikdən sonra Los-Ancelesdə dünyasını dəyişib.

    Qeyd edək ki, R.Robertson “Raging Bull”, “The King of Comedy”, “Shutter Island", "The Wolf of Wall Street" kimi filmlərdə bəstəkar və musiqi prodüseri kimi çalışıb.

  • Bu gün Xalq rəssamı Kazım Kazımzadənin doğum günüdür

    Xalq rəssamı Kazım Kazımzadə Azərbaycan fırça sənətinin görkəmli nümayəndələrindən biridir. Onun fırçasından çıxmış qrafik əsərlər yaradıcılığı üçün daha səciyyəvidir və üstünlük təşkil edir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat ən incə zövqlü şəxslər tərəfindən də rəğbətlə qarşılanır. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd idi. “Kitabi-Dədə Qorqud” eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla çəkdiyi illüstrasiyalar bunları bir daha sübut edir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin anadan olmasından 110 il ötür.

    Kazım Kazımzadə 1913-cü il avqustun 10-da Bakı şəhərində doğulub. Əmək fəaliyyətinə də müəllim kimi başlayıb. Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Şabran rayonunda müəllimlik edib, kənd məktəbinin direktoru işləyib.

    Hələ texnikumda təhsil alarkən rəssamlığa böyük həvəs göstərib. Texnikumda sənət dərslərini tədris edən müəllimləri onun rəssamlıq istedadını hiss edərək bu sahədə təhsil almasını məsləhət görüblər. Nəhayət Kazım Kazımzadə Bakı Rəssamlıq Texnikumunu da bitirib. Daha sonra bu sahədə ali təhsil alıb. Kazım müəllim o dövrün işıqlı simalarının əhatəsində olub, onlardan öyrənib. O, Əzim Əzimzadədən dərs alıb, Üzeyir Hacıbəyli, Səməd Vurğun kimi şəxsiyyətlərlə oturub-durub.

    Kazım Kazımzadə Böyük Vətən müharibəsinin iştirakçısı olub, həmin illərdə, hətta müharibədən sonra bu mövzuda dəyərli əsərlər yaradıb. Rəssamın əsərləri keçmiş SSRİ-nin müxtəlif guşələrində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Kazım müəllim teatr və kino rəssamlığı sahəsində də çalışıb, onun eskizləri əsasında gözəl xalçalar toxunub. O, sənət sahəsindəki uğurlarına görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, orden və medallarla təltif edilib.

    Xalq rəssamı əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına çəkdiyi illüstrasiyalar onu daha da məşhurlaşdırıb.

    Yaradıcılığında siyasi plakat və karikaturalara da geniş yer ayıran rəssamın “Cəbhə yollarında” rəsmlər silsiləsində İkinci Dünya müharibəsinin fəlakətləri əks etdirilib.

    Bütün bunlarla yanaşı, Kazım müəllim milli dəyərlərimizin təəssübkeş qoruyucusu və təbliğatçısı olub. Yarım əsr Dövlət İncəsənət Muzeyində direktor vəzifəsində çalışan K.Kazımzadə bu sahədə də səmərəli fəaliyyət göstərib. Məhz onun rəhbərliyi dövründə muzeyin fondları ən dəyərli sənət əsərləri ilə zənginləşdirilib, eyni zamanda, Azərbaycanda, habelə dünyanın bir çox guşələrində nümayiş etdirilib, təsviri sənətimizin təbliğinə, fırça və tişə ustalarımızın geniş miqyasda tanınmasına, şöhrətlənməsinə mühüm təsir göstərib.

    Dövlət İncəsənət Muzeyi 1951-ci ildə, məhz Kazım müəllimin rəhbərliyi dövründə Bakının mərkəzində ikimərtəbəli binaya köçürülüb. 1991-ci ildə Kommunist Partiyasının ləğvindən sonra Bakı Şəhər Partiya Komitəsinin binası da muzeyə verilib. Kazım müəllimin rəhbərliyi ilə qısa müddətdə burada muzeyin yeni ekspozisiya bölmələri yaradıldı, fond və xidmət otaqlarının sayı artırılıb.

    Kazım müəllim dünya miqyasında tanınan muzey mütəxəssisi idi. O, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olub, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilib.

    Respublikamızda muzey şəbəkəsinin inkişafına da dəyərli töhfələr bəxş edən Kazım Kazımzadə Bakı şəhərində Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını verib. O, eyni zamanda, respublikamızda sənətşünasların və muzey kadrlarının yetişdirilməsinə böyük əmək sərf edib.

    Xalq rəssamı Kazım Kazımzadə 1992-ci il oktyabrın 4-də dünyasını dəyişib.

  • İrlandiyanın “Rhythm of the Dance” qrupu yenidən Bakıda çıxış edəcək

    Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.

  • Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

    Avqustun 25-də energetika naziri Pərviz Şahbazov Gədəbəy, Şəmkir və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Bu barədə Reporta Energetika Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qəbul saat 12:00-dan başlayaraq Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) keçiriləcək.

    Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

    Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

  • Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq

    İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərşəkər" MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair Anlaşma Memorandumu imzalanıb.

    Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

    Nazir qeyd edib ki, layihə yerli istehsalın inkişafına və idxaldan asılılığın azalmasına mühüm təkan verəcək.

  • Şahzadə Diananın bulimiya xəstəliyi ilə mübarizəsindən bəhs edən kitab yazılıb

    Mərhum şahzadə Diananın kral ailəsindəki həyatından bəhs edən yeni kitab işıq üzü görüb.

    AZƏRTAC “The Daily Mail” nəşrinə istinadla xəbər verir ki, müəllifi Maria İsabel Sançes Veqara olan kitabda nevroloji xəstəliklərin səbəb və nəticələri, həmçinin törətdiyi fəsadlardan danışılır, vəziyyətdən çıxış yolu göstərilir.

    Kitabda Uels şahzadəsi Diananın həyatı və üzləşdiyi əzab və əziyyətlər, o cümlədən bulimiya xəstəliyi ilə mübarizəsi təsvir olunub.

    “Kiçik insanlar, böyük xəyallar” seriyasından olan yeni kitab sentyabrın 7-də satışa çıxarılacaq.

    Qeyd edək ki, bulimiya nevroloji pozuntu səbəbindən həddindən artıq qida qəbulundan sonra özünü qusdurma, uzun müddət yemək yeməmə ilə müşayiət olunan ciddi xəstəlikdir.

  • Məşhur reper həbs olunub

    Məşhur kanadalı reper Tori Lanez həbs olunub.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, reper Los-Anceles əyalətinin Ali Məhkəməsinin qərarı ilə həmkarı Meqan Thee Stalliona ayağından odlu silahla atəş açdığına görə 10 il həbs cəzasına məhkum edilib.

    Qeyd edək ki, T.Lanez qanunsuz odlu silah saxlama və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham olunub.