Bu gün görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin anım günüdür.
AZƏRTAC xəbər verir ki, bəstəkarın vəfatından 13 il ötür.
1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olan Oqtay Kazımi 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. O, 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, piano və orkestr üçün poema-konsertin, xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyası”nın, təntənəli uvertüranın, xor və simfonik orkestr üçün “Trilogiya”, eyni zamanda kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları”, “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodikası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadənin və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O.Kazımi ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, həmçinin 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.
Bu gün musiqişünas, Xalq artisti, pedaqoq Əşrəf Həsənovun anım günüdür.
AZƏRTAC xəbər verir ki, görkəmli dirijorun vəfatından 40 il ötür.
1909-cu il yanvarın 24-də Nuxada (indiki Şəki şəhərində) anadan olan Əşrəf Həsənov 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933-1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil alıb. Eyni zamanda 1938-1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik edib. 1932 və 1938-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. O, həmçinin 1949-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik edib.
Ə.Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyli), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. O, bir çox dünya ölkələrində qastrol səfərlərində olub.
Görkəmli dirijor Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1959) fəxri adları ilə təltif edilib.
Qeyd edək ki, Əşrəf Həsənov 1983-cü ildə Bakıda vəfat edib.
Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu möhtəşəm gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Bu isə kitabsevərlər üçün ən gözəl bayramdır. Kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.
Əgər siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə ona kitab hədiyyə edin.
Avqustun 8-də mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sədrliyi ilə Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 16 nəfər namizədin apellyasiya şikayətlərinə baxılıb. 16 nəfər namizəddən 5 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilib, 11 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.
İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. İbrahimzadə Lalə İlqar qızı, Qasımlı Ceyhun Elşən oğlu, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Novruzov Nicat Habil oğlu Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunub.
Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilib.
Hüseynova Türkan Şükür qızı, İbrahimzadə Lalə İlqar qızı, Rəhimli Fidan Məmmədağa qızı, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Quluyev Aqil Əkbər oğlu, Əliyeva Sevinc Zeynal qızı, Qasımlı Ceyhun Elşən oğlu, Novruzov Nicat Habil oğlu, Qəniyev Cəbrayıl Nəriman oğlu və Həsənova Aygün Vidadi qızının şikayətləri ilə əlaqədar Apelyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.
İbrahimova Aidə Kamandar qızı, Rəhimova Əzizə Cəlil qızı, Cümşüdlü Pərviz Telman oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Ələkbərov Müşviq Azər oğlunun şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilib.
“Stage 6 Films” və “Blumhouse Productions”ın birgə istehsalı olan “Astral 5: Qırmızı qapı” filmi 182,5 milyon dollar gəlir əldə edərək, cari ilin ən çox gəlir gətirən qorxu filmi olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Patrik Vilsonun rejissorluğu ilə çəkilən ekran əsəri nümayişlərdən gələn gəlirə görə, 180,8 milyon dollar qazancı olan “M3Qan” filmini üstələyib.
Ekran əsərində əsas rollarda Rous Börn, Tay Simpkins, Lin Şaye və Li Uannell çəkiliblər.
Qeyd edək ki, bu günə qədər “Astral” layihəsinin bütün bölümləri dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.
Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, idarəetmə sisteminin təkmilləşdirilməsi, müasir innovasiyaların tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi sahəsində bir sıra yeniliklər tətbiq edib.
Report xəbər verir ki, nağdsız hesablaşma dövriyyəsinin sürətlə artması, istismarda olan ödəniş cihazlarının, yanacaq kartlarının, müvafiq proqram təminatın (PT) yenilənməsi və mobil tətbiqin hazırlanmasını labüd edib. “Azpetrol” şirkətində tətbiq edilən yeniliklərin başlıca məqsədi -“Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərinin icrası və nağd hesablaşmaların nağdsız hesablaşmalarla əvəzlənməsinə tövhə verməkdən ibarətdir.
“Azpetrol” şirkətində nağdsız hesablaşmalar sisteminin təkmilləşdirilməsi və mobil idarəetmə sisteminə keçid 2023-cü ilin əvvəlindən başlayıb. Cəmi bir neçə ay ərzində, dövriyyədə olan 100 000-ə yaxın yanacaq kartı yenilənib və müştərilərə ödənişsiz təqdim edilib , istismarda olan POS-terminallar isə “Verifone X990” cihazları ilə əvəzlənib. Yeni, çoxfunksiyalı “Verifone X990” - portativ POS-terminal, təhlükəsiz tranzaksiyaların həyata keçirilməsi, platformanın genişləndirilməsi tələblərinə tam cavab verir. Bu cihaz, NFC (Near Field Communication) texnologiyası ilə təmassız ödənişləri həyata keçirməyə imkan verir.
Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün hazırlanan və istifadə olunan xüsusi proqram təminatı, kartla əməliyyatların emalını sürətləndirir, şəxsi məlumatların qorunmasını təmin edir, əməliyyatların daha təhlükəsiz və etibarlı olmasına zəmanət verir. Bununla da, YDM ərazisində həyata keçirilən ödənişlər daha operativ, keyfiyyətli və təhlükəsizdir.
Yeni proqram təminatı ilə əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulan istifadəçi təlimatları ilə tanış olmaq üçün linkə keçid edin: https://www.azpetrol.com/useruploads/Karttelimat.pdf
Daha bir yenilik isə, ilk dəfə olaraq “Azpetrol Online” mobil tətbiqinin (mobile application) istismara verilməsidir. Tətbiq həm “Android”, həm də “İOS” əməliyyat sistemlərini dəstəkləyir. Bununla da, müştərilər mobil tətbiq üzərindən yanacağın sərfiyyatı, istifadə olunan yanacağın növü və digər məlumatları dəyişdirmək və həmin dəyişiklikləri dərhal sistemdə görmək imkanı əldə edirlər. Mobil idarəetmə sisteminin istifadəsi istehlakçılarla “Baş ofis” əməkdaşları arasında təmasın minimuma endirilməsi və xidmətlərin daha çevik təşkil edilməsini təmin edir. Yeni, daha müasir və rahat sistemin tətbiqi nəticəsində “Azpetrol” müştəri bazası daha da genişləndirilib və artıq 11 000-i ötüb.
Yarandığı gündən, “Azpetrol” şirkətinin fəaliyyətinin başlıca məqsədi - müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi, dünyada tətbiq edilən yeniliklərin Azərbaycan istehlakçısına çatdırılması və ən son texnologiyaların tətbiqi və idarəetmə sisteminin daim muasirləşdirilməsi ilə ölkənin yanacaq bazarında liderlik mövqeyinin möhkəmləndirməkdən ibarətdir. Hazırda “Azpetrol” brendi altında Azərbaycanın müxtəlif bölgələrində 100 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və bütün məntəqələrdə müasir nağdsız hesablaşmalar sistemi tətbiq edilib.
"Azpetrol" – Daim inkişafa doğru!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA – yeni nəsil rəqəmsal imza istifadəçilər üçün maksimum əlçatanlığın təmin edilməsi istiqamətində daha bir addım atıb.
Artıq “Azercell Telecom” MMC-nin abunəçiləri SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər. Bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir. Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.
Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlük yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyova birbaşa uçuşlara başlamağı planlaşdırır.
Report xəbər verir ki, bu barədə Kişinyov Beynəlxalq Hava Limanı məlumat yayıb.
Məlumata görə, aviareyslər sentyabrın 15-dən başlayaraq bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Sabah “Qarabağ” Futbol Klubunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi beynəlxalq oyunla əlaqədar idman arenası yaxınlığında yerləşən “Gənclik” metrostansiyasının iş rejiminə dəyişiklik ediləcək.
Bu barədə Reporta “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Metropolitenin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planı əsasında qarşılaşmanın başlanma saatına doğru stansiyada gücləndirilmiş rejim tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək, stansiyadan stadiona yollanacaq sərnişinlər yönləndiriləcək, onların rahatlığı və təhlükəsizliyi məqsədilə tənzimləmə işləri görüləcək.
Futbol oyunu başa çatdıqdan sonra arenadan gələn sərnişin axınının tənzimlənməsi və nizamlı hərəkətinin təşkilinə diqqət yetiriləcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
Həmin gün “Neftçi” Futbol Klubunun “Neftçi Arena”da keçiriləcək beynəlxalq oyununa da maraq nəzərə alınaraq, “Xalqlar dostluğu” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.
Ümumən, yay qrafikinin tələbləri qüvvədə saxlanılmaqla, gün ərzində stansiyaların iş rejimi, sərnişin axını və qatarların hərəkəti nəzarətdə saxlanılacaq, lazım olan vaxt xəttə ehtiyat qatar çıxarılacaq.