Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Milli Xalça Muzeyi “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb

    Azərbaycan Milli Xalça Muzeyi peşəkarların rəyləri əsasında, Bakının ən yüksək reytinqli görməli yerlərindən biri kimi dünyanın ən yaxşılarının siyahısında yer alaraq, “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, dünyanın məşhur səyahət saytlarından olan “Tripexpert”in təqdim etdiyi mükafat 100-dən artıq səyahət bələdçilərinin, jurnal, eləcə də qəzetlərin rəy və materiallarına əsasən təqdim olunur.

    Qeyd edək ki, ən gözəl rəyləri alaraq qalib olan turizm obyektləri ilə bağlı xəbərlər “The New York Times”, “The Daily Telegraph” və “GQ” kimi önəmli nəşrlərdə işıqlandırılır.

  • “Barbi” filmi dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edib

    Premyerasından 17 gün sonra “Barbi” filmi həftəsonu 1 milyard dollardan çox gəlir əldə edib.

    “Report” “Variety”yə istinadən xəbər verir ki, film Şimali Amerikada 459 milyon dollar, digər ölkələrdə isə 572 milyon dollar gəlir qazanıb.

    Nəşrin məlumatına görə, Qreta Gerviq filmi bu qədər pul qazanan ilk qadın rejissor olub. Bu, həm də “Warner Bros” üçün rekorddur. 19 gündə 1 milyard dollar qazanan ən sürətli film "Harri Potter və Ölüm Yadigarları: 2-ci hissə" olub.

    Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Margo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb. Filmin süjetinə görə, baş qəhrəman mükəmməlsizliyinə və gözəllik qanunlarına uyğun gəlmədiyinə görə Barbilenddən qovulacaq, bundan sonra Barbi adi insanların dünyasında yaşamağı öyrənməli olacaq.

  • Mədəniyyət Nazirliyində Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib

    Avqustun 7-də Mədəniyyət Nazirliyində müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, nazir Adil Kərimli bu günlərdə 65 yaşı tamam olan sənətkarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

    Qeyd edilib ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması, eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.

    Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

    Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Məşhur italiyalı bəstəkar Bakıya gələcək

    Dünyaşöhrətli italiyalı bəstəkar Ludovico Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşəcək.

    AZƏRTAC xəbər verir ki, oktyabrın 2-nə nəzərdə tutulan görüşdə tamaşaçılar bəstəkarın ən məşhur filmlər üçün yazdığı əsərlərini canlı dinliyə biləcəklər.

    Ludovico Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.

    Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.

    Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.

  • İtalyan musiqisinin sehri Bakıda hiss olunacaq

    Oktyabrın 13-də Bakıda İtaliyadan olan dörd ifaçı və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcəklər.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Sarayında reallaşacaq konsertdə tamaşaçılar italiyalı məşhurlar Stefano Bersola, Martina Stiano, Canni Skribano və Lara Pasqualinin bir-birindən maraqlı ifalarını dinləyəcəklər. Bunlar dünya məkanlarını fəth etmiş və ən məşhur mahnıların əhvalını mükəmməl şəkildə çatdıran möhtəşəm səslərdir.

    Konsert çərçivəsində tamaşaçılar bir axşam İtaliyanın Sanremo şəhərinə köçəcək, bayram ab-havasına qərq olacaq, şirin nostalji hiss yaşayacaqlar.

  • Azərbaycana şöhrət gətirən rənglər

    Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 93-cü ildönümü tamam olur.

    Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb.

    O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Bu böyük sənətkar ömürboyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürüb. İçindəkiləri solmayan rənglər dünyasına danışıb. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, Göyçay narına əbədi xoşbəxtlik gətirib, harada oldusa Azərbaycanı düşünüb, Vətəni təmsil edib. Bu sevgi ilə dünyanı dolaşıb, mərd, məğrur, qürurlu bir insan ömrü yaşayıb, sənəti ilə şəxsiyyətini tamamlaya, kamillik zirvəsinə ucala bilib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 93-cü ildönümü tamam olur.

    T.Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.

    Fransada yaşayan ailənin ilk övladı Vidadi də elə orada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.

    Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

    Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.

    1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.

    Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.

    Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən Vətənə qayıdır.

    Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir.

    Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.

    Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.

    Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

    O, müsahibələrindən birində deyib: “Rəssam olmasaydım, yəqin ki, heykəltaraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”.

    T.Nərimanbəyovun zəhməti heç də hədər getməyib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünyaşöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı", 1980-ci ildə isə "Min bir gecə" əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb.

    Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.

    2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ilin avqustunda isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.

    Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.

    Dünyaşöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

  • “Warner Bros. Discovery” tətil zamanı 100 milyon dollardan çox qənaət edib

    Hollivudun ssenarist və aktyorlarının davam edən tətili “Warner Bros. Discovery” şirkətinə cari ilin ikinci rübündə 100 milyon dollardan çox qənaət etmək imkanı verib.

    AZƏRTAC xəbər verir ki, şirkətin rəhbəri David Zaslav film istehsalının cari ilin sentyabrında bərpasının proqnozlaşdırıldığını bildirib.

    “Əslində ilk olaraq ABŞ Kinematoqrafçılar Gildiyasından əvvəl Ssenaristlər Gildiyası tətil edirdi. Hətta ssenaristlərin fəaliyyətinin dayanması artıq televiziya və film istehsalının işinə xeyli ciddi təsir göstərib. Həmkarlar ittifaqları və studiyalar arasında danışıqlar hələ bərpa edilməsə də, gildiyalar tətillərin sentyabrda bitəcəyini, bunun da sayəsində film və serial istehsalına başlanacağını proqnozlaşdırırlar”, - deyə şirkətin rəhbəri qeyd edib.

    Kinematoqrafiya biznesinin hekayə danışmaq üzərində qurulduğundan bəhs edən D.Zaslav gildiya tətillərinin yaxın zamanda bitəcəyini və yenidən kino istehsalının bərpa ediləcəyini vurğulayıb. O deyib: “Məqsədimiz istehsal etdiyimiz filmlər vasitəsilə izləyiciləri əyləndirmək və insanlara maksimum istirahət yaşatmaqdır. İşimiz tam olaraq bizi və digər insanları qane etdiyi zaman məqsədimizə nail olduğumuzu və gördüyümüz işin vacibliyini anlayırıq. Yaradıcı birlik olmadan biz bunların heç birini edə bilmərik. Ssenaristlər, aktyorlar, rejissorlar, redaktorlar, prodüserlər, bütün yaradıcı kollektiv yumruq kimi bir olaraq işləməlidir. Ümid edirik ki, bütün tərəflər tezliklə danışıqlar otağına qayıdacaq, yaradıcı insanlara ədalətli yanaşma bərpa olunacaq və bu tətillər də öz həll yolunu tapacaq”.

  • Azərbaycan 3 ölkədə keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək

    Azərbaycan Dövlət Turizm Agentliyi noyabrın 15-17-də Özbəkistanın Daşkənd şəhərində və Çinin Pekin şəhərində, noyabrın 20-22-də isə Qətərin Doha şəhərində keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək.

    Report Agentliyə istinadən xəbər verir ki, artıq sərgilərdə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.

    Qeyd edək ki, sərgilərdə müxtəlif ölkələrdən təchizatçılar, turoperatorları, mehmanxanaçılar və səyahət agentləri də daxil olmaqla sektorun aparıcı üzvləri ilə tanış olub, əməkdaşlıq etmək imkanı olacaq. Bundan başqa, seminarlar və panellər vasitəsilə turizm sənayesindəki ən son tendensiyalar, innovasiyalar və inkişaf meylləri ilə bağlı geniş məlumat əldə edə biləcəksiniz. Turizm sektorundakı mühüm problemlərlə bağlı müzakirələr və forumlar təşkil olunacaq.

  • İlham Əliyev Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib

    Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.

    Report xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

    Bildirilib ki, bu avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

    Uzunluğu 19 kilometr olan Qarapapaq–Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

    Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

    Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

    Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaqlar quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

    Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olunub.

    Qeyd edilib ki, Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərəhli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb.

    Uzunluğu 5 kilometr olan yol dördüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometrdir. Bu yolun hərəkət hissəsinin orta eni 5,8 metrdir.

    Yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara və digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradacaq.

  • Məşhur rəssam Con Konsteblin rəsm əsəri hərraca çıxarılacaq

    XVI əsr ingilis rəssamı Con Konsteblin natürmortu hərraca çıxarılacaq.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda rəsmin sahibləri hərrac evini seçirlər.

    Rəsm əsəri təsadüfən Qlazqo yaxınlığındakı Craufurdland qəsrindəki qonaq qanadında aşkar edilmişdir. Hazırda qəsr ingilis aristokratı Saymon Krafurd və həyat yoldaşı Editiyə məxsusdur. Ekspertlər rəsm əsərini 2,5 milyon dollar dəyərində qiymətləndiriblər.

    Rəsm artıq 10 il əvvəl ekspertizadan keçirilmiş və saxta hesab edilmişdir. Təkrar ekspertiza rəsm əsərini Britaniyanın ən məşhur peyzaj rəssamlarından biri olan Con Konsteblin əvvəllər məlum olmayan əsəri kimi tanıyıb.