Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

    Aprelin 27-dən mayın 3-dək Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək. Festival Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək olmaqdan ibarətdir.

    Yeddi gün ərzində müxtəlif konsert salonlarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

    Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətkarlar yer alacaq.

  • “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı Bakıda Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasını təqdim edib.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

    Nümayişdən sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

  • Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

    Azərbaycan Milli Kitabxanası 23 Aprel-Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi təşkil edib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunub.

    Ənənəvi kitab sərgisində isə, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında milli kökümüzü təbliğ edən ədəbiyyatlar, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda nəşr olunan kitablar Azərbaycan və müxtəlif dillərdə yer alıb.

    Virtual sərgi ilə https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm linki vasitəsilə keçid etmək mümkündür.

    Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

    Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd olunur. Ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət xüsusi diqqət yetirir.

    Ölkənin əsas qanunu olan Konstitusiyada ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub. Həmçinin Azərbaycanda bu sahənin hüquqi bazası da formalaşdırılıb. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Həmçinin UNESCO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub.

    Bu əlamətdar günün məqsəd kitabların geniş əhatə dairəsini, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir.

  • “Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin bağlanış mərasimi olub.

    Gəncə Dövlət Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak ediblər.

    Tədbirdən əvvəl bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.

    Bağlanış mərasimində bədii rəhbər və baş dirijor Xəyal Qəhrəmanovun rəhbərliyi ilə, Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Qaya Nəsibzadə, Əli Məmmədov, Rüstəm Cəfərov, Məhərrəm Qasımov, Samirə Hacıyeva, Musa Bayramov, Azər Verdiyev, Zəminə Nuriyeva, Aysel Həsənova, Bayram Üzeyirov “Küsmərəm” , “Vağzalı çalınır”, “Sərvi Xuramanım”, “İlk xatirələr”, “Bilsəm sən gəlirsən”, “Daimi hərəkət”, “Gözlə məni”, “Bilsin yar”, “Neylərəm”, “Eşq olsun sənətkara” və “Ulduzumsan” mahnılarını ifa ediblər.

    Həmçinin orkestrin ifasında "Azərbaycan rəqsi", “Xəyala dalarkən", “Şalaxo” və “Sözsüz mahnı” dinlənilib.

  • “Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verilib

    “Qlaqolitsa” XI Beynəlxalq müstəqil ədəbi mükafatı “İki dillilər” nominasiyasında ədəbi əsərlərin qəbuluna start verildiyini elan edir.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak etmək üçün xaricdə yaşayan 10-17 yaşında rusdilli uşaqlar və dünyanın istənilən ölkəsində rus dilini öyrənən əcnəbi vətəndaşlar dəvət olunur.

    Müsabiqə işləri istənilən mövzuda hekayələr, şeirlər, nağıllar, novellalar, romanlar, povestlər formatında qəbul edilir. Gənc müəlliflərin əsərləri məşhur yazıçılar, tərcüməçilər və jurnalistlər tərəfindən qiymətləndirilir.

    Müsabiqənin nəticələrinə görə finalçılar 2024-cü ilin noyabr ayına Kazan şəhərinə ədəbi tədbirə vəsiqə, qaliblər isə planşet, kiçik kitabxana dəsti və əsas mükafatı – “Kristal bayquş” heykəlciyini əldə edəcəklər.

    İşlər sentyabrın 16-dək qəbul olunur.

    İştirak etmək üçün https://www.glagolitsa-rt.ru/  sayta müraciət etmək olar.

  • Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək

    Aprelin 23-də Bakı Müasir Musiqi Cəmiyyəti Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Xalq artisti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş “Homage a FQ” adlı konsert təşkil edəcək.

    AZƏRTAC xəbər verir ki, Fərəc Qarayevin 80 illik yubileyi münasibətilə keçirilən konsertdə bəstəkarın “Üç baqatel”, “Nağıllar nağılı və yaxud dünənki sabah”, “Cənab səfir Yafaya vasil oldu”, “Xütbə, Muğam və Surə” əsərləri ifa olunacaq.

    Konsertdə musiqişünas Sara Timurova çıxış edəcək və proqram BCMS Ensemble, Fəridə Məmmədova (soprano), Rəna Fəhradova (piano), Sahib Paşazadənin (tar) ifasında, Orxan Həşimovun dirijorluğu ilə təqdim olunacaq.

    Fərəc Qarayev həm bəstəkarlıq, həm də pedaqoji fəaliyyəti ilə musiqi tariximizdə yeni yol açmış şəxsiyyətdir. O, 1966-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) atası, professor Qara Qarayevin sinfi üzrə bitirdikdən sonra elə orada dərs deməyə başlayıb, 1999-cu ildən isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru olub. O, öz fəaliyyətində sadəcə bəstəkarlıqla kifayətlənməyib, həm Moskvada, həm də Bakıda müxtəlif müasir musiqi layihələrinin təşəbbüskarı, rəhbəri olub. Fərəc Qarayev yaradıcılığında XX əsrin bir çox bəstəkarlıq anlayışları, həmçinin neoklassisizm, serializm, puantilizm, sonorostika və s. kimi çağdaş təmayüllər xarakterikdir.

  • Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlanıb

    Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum olub.

    ANAİB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək Azərbaycan Naşirlərinin I Forumu aprelin 26-da AMEA-da təşkil ediləcək.

    Forumun açılış mərasimində ANAİB-in İdarə Heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər.

    Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.

    5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.

    Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı da keçiriləcək.

  • Mikayıl Azaflının şeirləri yeni kitabda

    XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq olmaqla yanaşı, həm də şair kimi məşhur olan, aşıq şeirinin müxtəlif şəkillərində gözəl poetik nümunələr yaradan Mikayıl Azaflının şeirləri yenidən çapa hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...” adlı bu kitabda ustad aşıq Mikayıl Azaflının bu il tamam olan 100 illik yubileyi münasibətilə saz-söz ictimaiyyətinə ərməğan olaraq onun 100 şeiri təqdim olunur.

    Burada ustadın yaradıcılığından seçmə şeirlər - əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alıb. Sözügedən poetik örnəkləri müşayiət edə biləcək saz havaları, o cümlədən də ustadın özünün bəstələdiyi havalar şeirlərin sonunda göstərilib.

    Kitabı nəşrə hazırlayanlar Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçi və redaktoru, “Ön söz”ün müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

  • Zümrüd Dadaşzadə: Fərəc Qarayev Azərbaycan musiqi mədəniyyətində müstəsna rola malikdir

    Bu yaxınlarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Fərəc Qarayevə həsr olunmuş konsert böyük uğurla keçdi. Musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Azərbaycan musiqi mədəniyyətinin bu görkəmli nümayəndəsi haqqında danışır.

    2023-cü ilin dekabrında bəstəkar Fərəc Qarayevin 80 yaşı tamam oldu. Bu münasibətlə sentyabr ayından başlayaraq Moskvanın müxtəlif musiqi məkanlarında silsilə konsertlər təşkil olunub. Həmin silsilədən sonuncu - ən böyük və məzmunca zəngin konsert dekabrın 15-də Fərəc Qarayevin uzun illər dərs dediyi Moskva Konservatoriyasının Raxmaninov zalında baş tutub. Həmin gün Fərəc Qarayevin müasir musiqi aləmindəki rolunu müəyyən etmək məqsədi daşıyan “Əsrin əvvəlində: postsovet məkanının yeni musiqisi” mövzusunda əlamətdar konfrans keçirilib.

    Aprel ayında ustadın yubileyi şərəfinə onun doğma şəhəri Bakıda “Homage a FQ” adlı minifestival keçirilir. Həmin tədbirlər zamanı bayram əhvali-ruhiyyəsi yaradan bu silsilə konsertlər üçün gözəl buklet də nəşr olundu.

    Aprelin 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert oldu! Mübaliğəsiz desək, tədbir musiqi həyatımızda hadisəyə çevrildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimovun təklif etdiyi yubiley konsertinin yeni konsepsiyası təqdim olunub: günün qəhrəmanının musiqisi digər müəlliflərin əsərləri ilə müşayiət edilib. Fərəc Qarayev bu ideyaya məmnuniyyətlə cavab verdi və müəllif gecəsi üzrə öz variantını təklif etdi. Proqrama İsmayıl Hacıbəyovun, Malerin, Ravelin və təbii ki, ustadın özünün əsərləri daxil idi. Bütün opusları xatirə ideyası birləşdirdi və kədər, qüssə, həsrət kimi müxtəlif duyğu çalarları ilə zəngin oldu.

    Konsertin quruluşunun qızıl hissəsində Fərəc Qarayevin “Memorial” əsəri – Alban Berqin xatirəsinə “Xatirədə...” simli kvarteti üçün onun süitası əsasında hazırlanmış yeni kompozisiyası yer aldı. Orkestrin və xorun güclü imkanlarına müraciət edən bəstəkar altı hissənin hər birinin adında öz əksini tapmış bu opusun konsepsiyasını əhəmiyyətli dərəcədə yenidən düşünüb: “Preambula”, “Replika”, “Dəlilərin karnavalı”, “Ölülər”. Məktublar. Sfinks”, “İllüziyaların sonsuz böhranı”, “Memorial”. Şumanın "Karnaval" fortepiano silsiləsi ilə paralellər bu qəbildəndir. Beşinci hissənin adı Çingiz Hüseynovun “Fətəli fəthi” romanının birinci hissəsindən götürülüb. Finalda Fərəc Qarayev Maler, Şonberq, Vebern və Berqin əsərlərindən sitatlara müraciət edir ki, bu da bəstəkarın düşündüklərinə inanılmaz dərəcədə zəngin çalar və dərinlik əlavə edir.

    Elə buradaca qeyd edim ki, Fərəc Qarayev öz dərin yaddaşından lazım olan musiqi ifadəsini, motivi, akkordu asanlıqla çıxarıb əsərlərinə elə üzvi şəkildə daxil edə bilir ki, əlavə tonlar, gözlənilməz məna çalarları sanki bir sitat kimi aşıb-daşır və yaranan imic əldə edir.

    Fərəc Qarayev yeni opusunu əlamətdar epiqrafla – “Xatirəniz qarşısında baş əyirəm, amma nəslinizi lənətləyirəm”, – müəllifin niyyətini açıqlayır. Bu, rəssamın müasir dünyanın “yanlış şərh olunan tolerantlıq, bəzi hadisələrin qiymətləndirilməsində ikili standartlar, ikiüzlülük, məkrlilik...” kimi hadisələrinə etirazıdır.

    Ona görə də mən konsert proqramını Fərəc Qarayevin bəstəsi adlandırardım. Dramatik xətti ustalıqla quran bəstəkar qarşımızda bütöv bir panorama açdı; burada həm faciəli, həm parlaq obrazlar, həm də narahatedici fikirlər üçün yer var idi.

    Təbii ki, bu gecənin uğurunu daha çox ifaçılar - gənc, istedadlı dirijor Orxan Həşimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor Gülbacı İmanova), möhtəşəm solistlər - pianoçu Eldəniz Ələkbərzadə, soprano Fəridə Məmmədova və kontrtenor İlham Nəzərov təmin etdilər. Məşqlərdə iştirak etmək imkanım oldu və hamının - bəstəkarın, dirijorun, orkestrin, xorun, solistlərin konsertə hazırlıq zamanı fədakarlığı və məsuliyyət hissi məni müsbət mənada təəccübləndirdi. Konsertdə ilham, sevgi və gözəllik ab-havası hökm sürürdü.

    Fərəc Qarayevin yaradıcılığı musiqişünaslıq tədqiqatlarının mərkəzində dayanır. Bəstəkar haqqında üslub, estetika, musiqi dili xüsusiyyətlərindən bəhs edən çoxlu əsərlər yazılıb. Bayaq qeyd etdiyim Moskva konfransı Fərəc Qarayevin yaradıcılığının ən müxtəlif tərəflərini işıqlandırmaqla yanaşı, onun müasir musiqi mədəniyyətinə mühüm töhfə vermiş parlaq yaradıcılardan biri kimi mövqeyini əsaslandırdı. Bəstəkarın yeni Müasir Musiqi Assosiasiyasında (ACM-2) fəaliyyəti və ədəbi yaradıcılığı da diqqətdən yayınmayıb.

    Əsas tədqiqat Marianna Vısotskayanın “Fərəc Qarayev: məntiqlə paradoks arasında” kitabı olub. Bu ad artıq bəstəkarın musiqi təfəkkürünün mahiyyətini əks etdirir. Bir tərəfdən Fərəc Qarayev böyük ustad kimi öz yaradıcılığında bəstəkar sənətinin ciddi qaydalarına əsaslanır. Digər tərəfdən, bu sərt çərçivələr daxilində musiqi sərbəst nəfəs alır və musiqi təfəkkürünün inkişafı çox vaxt gözlənilməz kənarlaşmaları və qəfil dəyişmələri ilə insanı təəccübləndirir. Diqqətlə düşünülmüş müəllif konsepsiyası ilə sıx qarşılıqlı əlaqədə bu iki qütbün ortaq məxrəcə gətirilməsi bəstəkar yaradıcılığının özəyini müəyyən edir.

    Fərəc Qarayevin Azərbaycan musiqi mədəniyyətindəki mövqeyinin müstəsnalığını onun müasir musiqi sahəsində həyata keçirdiyi bir çox mühüm layihələr müəyyən edir. Fərəc Qarayev bizi, həmyerlilərini ən yeni musiqilərlə tanış etməyə, səslənən dünya haqqında təsəvvürlərimizi genişləndirməyə cəhd göstərdi! Onun Bakıda təşkil etdiyi Qara Qarayev adına beynəlxalq müasir musiqi festivallarını xüsusilə qeyd etmək istərdim. 1980-ci illərin ikinci yarısında üç dəfə (2011-ci ildən daha üç buraxılışla) keçirilən bu festivallar bizim musiqi mənzərəmizi xeyli dəyişdi. Şəxsən özüm haqqında deyə bilərəm ki, festivallarda dinlədiyim əsərlər məni bir növ müasir musiqinin “əsirinə” çevirdi. Burada Fərəc Qarayevin 1995-ci ildə yaradılmış “Yeni musiqi” cəmiyyətinin prezidenti kimi həmkarları ilə birlikdə həyata keçirdiyi müxtəlif layihələri, “Zamanla üz-üzə” silsilə konsertlərini, o cümlədən 1980-1994-cü illərdə bədii rəhbəri olduğu “BaKaRa” ansamblının fəaliyyətini qeyd etmək lazımdır.

    Hazırda böyük nüfuza malik olan Fərəc Qarayev Moskva Dövlət Çaykovski Konservatoriyasında müəllimlik karyerasını uğurla davam etdirir. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq kafedrasının professoru kimi əla bəstəkarlar yetişdirib. Elmir Mirzəyevin, Aliyə Məmmədovanın, Əli Əlizadənin, Zaur Fərhadovun adlarını çəkəcəyəm. Son dərəcə tələbkar, qeyri-peşəkarlığa, pis zövqə qarşı amansız olan Fərəc müəllim öz tələbələrini sənətin ən yüksək meyarlarına riayət etməklə yetişdirir. “İncəsənəti iki canavarın - ustad olmayan rəssam və rəssam olmayan ustadın” (Anatol Frans) təhdid etdiyinə əmin olan Fərəc Qara oğlu əvvəlki kimi yaşayır, çətin yolda qarşısına yüksək məqsədlər qoyur və bizi buna əməl etməyə təşviq edir.

    Fərəc Qarayev bir vətəndaş kimi mövqeyini 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsi zamanı aydın şəkildə nümayiş etdirdi. O, Azərbaycan tarixinin həmin taleyüklü mərhələsində ölkəmizi ləkələmək məqsədi daşıyan informasiya müharibəsinə biganə qalmayıb, videomüraciətləri, açıq məktubları və yazıları ilə bəzi böhtan xarakterli fikirləri təkzib edib, Azərbaycan həqiqətlərini çatdırmağa çalışıb.

    Fərəc Qarayevin 80 yaşı tamam olub. İnanmaq çətindir. Fərəc Qara oğlu əvvəlki kimi enerjili və çevikdir, ruhu gəncdir və onun kifayət qədər cəsarəti var. O, musiqidən, müasir yaradıcılığın problemlərindən həyəcanla danışır. Əsərləri dünyanın ən böyük festivallarında görkəmli musiqiçilərin ifasında səslənən bəstəkar, buna baxmayaraq, şübhələrlə yaşayır, “bütün musiqilər artıq yazılıb” deyə əzablı suallar verir. Buna baxmayaraq, o, həqiqətən vicdanlı, barışmaz sənətkar kimi seçdiyi yaradıcılıq yolundan heç vaxt dönmür. O, yüksək vəzifələrə can atmır, yüksəlişlər və mükafatlar haqqında düşünmür, sadəcə, öz missiyasını ardıcıl və layiqincə yerinə yetirir. Beləliklə, o, son müsahibələrinin birində deyir ki, həmkarları ilə birgə təbiətinə, istedadına və bəstəkarlıq qabiliyyətlərinə uyğun olaraq tanınma və ya populyarlıq gözləmədən musiqi bəstələyib.

    Saysız-hesabsız yubiley təbriklərində səslənən leytmotiv kimi əsas ideyanı belə ifadə etmək olar: Azərbaycan musiqi mədəniyyətində Fərəc Qara oğlunun müstəsna rolu var. Onun yaratdığı yüksək musiqi dünyası və həyata keçirdiyi irimiqyaslı sənət layihələri müasir musiqi tariximizin ən mühüm hadisələri sırasında yer alır.

    İstərdim ki, ustadın çoxsaylı həmkarlarının, tələbələrinin yekdil fikrini ifadə edərək, sevimli müəllimimiz, Azərbaycanın Xalq artisti Fərəc Qara oğluna müraciətlə deyim: Hörmətli Fərəc Qara oğlu, Sizin kimi böyük, mötəbər ustad bizim hamımıza lazımdır. Sənətinizə, peşənizə münasibətiniz yüksək örnəkdir. Yaratdığınız, bizə heyrətamiz emosiyalar bəxş edən səslər dünyasına görə minnətdarıq. Sağlam olun, çox yaşayın, lütf, gözəllik, hikmət və dərinliklə dolu nadir, heyrətamiz musiqinizi yaratmağa davam edin.

  • “Utancaq qız” növbəti dəfə səhnədə

    Aprelin 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

    Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Şövqi Hüseynovdur.

    Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən səhnə əsərində zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.