Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • BP: “ACE Xəzərdə sahildən idarə ediləcək ilk dəniz platforması olacaq”

    Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platforması Xəzərdə sahildən idarə ediləcək ilk dəniz platforması olacaq.

    Reportun AÇG layihəsinin operatoru “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qari Counz ACE platformasının üst modullarının dənizə yola salınması zamanı bildirib.

    Onun sözlərinə görə, bu gün BP ACE platformasının son hissəsini dənizə yola salıb: “İnanırıq ki, bu platforma sistem və proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradacaq ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir. Operator olaraq biz çox məmnunuq ki, belə bir mürəkkəb layihənin quruda aparılması planlaşdırılan bütün tikinti işlərini və istismar sınaqlarını uğurla başa çatdırdıq”.

    Q. Counz bütün bu işlərdə əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib: “Möhtəşəm icra göstəricilərinə və əldə etdiyimiz nailiyyətlərə görə platformanın hazırlanmasında iştirak edən podratçılarımıza, tikinti, istismar sınaqları, əməliyyatlar, texniki təhlükəsizlik və mühəndis qruplarımıza və bütün işçi qüvvəsinə xüsusilə təşəkkür edirəm”.

    O qeyd edib ki, üst modulların növbəti günlər ərzində təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağını planlaşdırılır: “Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanmasına bizə bir neçə ay lazım olacaq.“

    Qeyd edək ki, bu gün “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb. Obyektin dənizdə quraşdırılması və işə-salınması üçün tələb olunan işləri minimuma endirmək məqsədilə yola salınmazdan əvvəl üst modulların əsas istismar sınaqları və yoxlamaları quruda həyata keçirilib.

    Xatırladaq ki, aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdu. Həmin vaxtdan bəri işçi heyəti quruda aparılması planlaşdırılan əsas istismar sınaqlarını və yoxlamaları uğurla başa çatdırıb. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.

  • Türkiyənin sevilən müğənnisi Tarkan Bakıda konsert verəcək

    Noyabrın 25-də “Baku Crystal Hall” səhnəsində türk pop musiqisinin ən məşhur və sevilən sənətçilərindən biri, möhtəşəm ifaları, eləcə də hərarətli səhnə performansı ilə bir çox ölkələrdə milyonlarla insanın qəlbini fəth etmiş, həmçinin yüzlərlə yerli, beynəlxalq mükafatlara layiq görülmüş Tarkan konsert proqramı ilə çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, meqastar enerji dolu möhtəşəm atmosfer yaratmaq üçün öz repertuarında olan unudulmaz mahnıları ilə yenidən pərəstişkarları qarşısına çıxacaq.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hazırlanıb

    Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə "Advisian" məsləhətçi şirkəti "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlayıb.

    Bu barədə Reporta Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) məlumat verilib.

    Bazar araşdırmasının nəticələrində, yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olduğu qeyd olunub, eləcə də regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqına) ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif edilib.

    Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr (enerji və sənaye), hidrogen istehsalının maya dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.

    Sənəddə bildirilir ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına (quruda və dənizdə) və təbii qaz ehtiyatlarına malik olduğunu nəzərə alaraq aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli mövqeyə malikdir. Bazar Araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.

  • Azərbaycan Kinematoqrafçılar İttifaqı “DokuBaku” film festivalına maliyyə ayırıb

    Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir.

    AKİ-dən AZƏRTAC-a verilən məlumata görə, ittifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.

    VII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olan builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmalarla bölüşməkdir.

    Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarvin: Ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.

    Azərbaycan Kinematoqrafçılar İttifaqı artıq bir neçə ildir ki, “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının rəsmi tərəfdaşıdır. İttifaq ənənəvi olaraq festival ilə əməkdaşlıq edir və bu ənənəni davam etdirmək niyyətindədir.

    Qeyd edək ki, “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunub. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru), həmçinin çexiyalı rejissor və prodüser Veronika Yanatkovadır (proqram tərtibçisi).

  • YARAT Qısa Filmlər Festivalına film qəbulunu davam etdirir

    YARAT bu ilə keçiriləcək Qısa Filmlər Festivalı (YARAT Shorts) çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün ekran əsəri qəbulunu davam etdirir.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir.

    Layihənin bütün missiyası YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçiriləcək. Bu il nümayiş olunacaq filmlər “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir.

    İştirak etmək istəyənlər filmlərini avqustun 20-dək e-poçtla info@yarat.az ünvanına təqdim etməlidirlər.

    Seçilmiş filmlər sentyabrın ilk həftəsində nümayiş olunacaq.

    Festivalda iştirak hüququ qazanmaq üçün filmlər ilkin seçim tələblərinə də cavab verməlidir.

    Festivala Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya videolayihəsi ilə müraciət etmək mümkündür. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.

    Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur.

    Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.

  • Taylor Svift qastrolda iştirak edən sürücülərinə böyük məbləğdə pul verib

    Bu günlərdə qastrol səfərinə çıxan məşhur müğənni Taylor Svift bu səfərdə əziyyəti olan bütün sürücülərə yüksək məbləğdə bonus verməsi ilə diqqət cəlb edib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müğənni həmin qastrol səfərində çalışan TIR sürücülərinin hər birinə 100 min dollar bonus verib.

    “Bu insanların da bizim layihədə əziyyətləri çoxdur. Onlar həyatlarını yolda keçirirlər, gündüzlər yatır və gecə boyu işləyirlər. Həftələrlə, aylarla ailələrini, balaca uşaqlarını tərk edirlər. Bu isə ağır iş qrafiki deməkdir. Bunu nəzərə alaraq onları bir az sevindirmək istədim. Fikrimcə, bu hədiyyə onların həyatını dəyişə bilən bir rəqəm olacaq”, - deyə müğənni jurnalistlərə açıqlamasında qeyd edib.

  • Braziliyalı rəssam Eduardo Kats məşhur əsərini kosmosa göndərəcək

    Braziliyalı rəssam Eduardo Kats 1986-cı ildən bu günə qədər çalışdığı "Aqora" (Ágora) adlı əsərini kosmosa göndərmək niyyətində olduğunu elan edib. O, "Ulduz yolu" elmi-fantastik serialının yaradıcısı Cin Roddenberri və ABŞ prezidentləri Corc Vaşinqton, Con Kennedi və Duayt D. Eyzenhauerin DNT-sinin qalıqları ilə birlikdə Aya göndəriləcək.

    AZƏRTAC “artınvestment” saytına istinadla xəbər verir ki, hologramların yaradılması texnikaları ilə uzun müddət eksperiment aparan Kats özü öz əsərlərini "holopoem" adlandırır. Bu halda, əsər "toplanma yeri" mənasını verən qədim yunan sözündən əmələ gələn portuqal dilindəki Ágora sözünün işıq görüntüsüdür. Sətirüstü işarə olmadan bu söz portuqal dilində "indi" deməkdir. Kats bu sözü tam olaraq çoxmənalı olduğuna görə seçib.

    Sənət obyektinin özü iki hissədən ibarətdir: bir tərəfi 1,5 santimetr olan, məlumatların kodlaşdırıldığı mikroskopik şüşə kvadrat və işıqlandırılma vasitəsilə yaradılan təsvir.

    Lazerin işığı şüşədən 45 dərəcə bucaq altında düşəndə, Ágora sözü yaşıl rənglə proyeksiya olunur.

  • Bu gün Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür

    Bu gün Azərbaycanın tanınmış, görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasından 108 il ötən unudulmaz səhnə ustası Məmmədrza Şeyxzamanov Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır.

    1915-ci il avqustun 4-də Gəncədə anadan olan sənətkar 2 yaşında ikən atasını itirib. Ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olub. Repressiya illərinin ən ağır sınaqlarından keçən ailə həmin dövrün çətinliklərinə məruz qalıb. M.Şeyxzamanov ibtidai təhsil aldığı müddətdə şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənib.

    Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz toxumlarını səpməkdə idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olub. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olub. Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyib. Çalışdığı dövrdə “Vaqif”, “Fərhad və Şirin”, “Yaşar”, “İki qardaş” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb və sevilib. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edib ki, obrazın xarakterini aça bilib. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi olub. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət idi.

    M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxıb. Bununla da kino yolunda ilk uğurlu çıxışı olub. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə böyük sənətkar Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır” musiqili komediya filmində Şirin kişi rolunda çıxış edib. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asan olub və hamıya xoş təsir bağışlayıb.

    1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rejissor Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik M.Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən olub.

    Qeyd edək ki, Xalq artisti Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat edib.

  • Uşaqlar üçün yeni nağıl kitabı nəşr olunub

    Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adlanan yeni nağıl kitabı çapdan çıxıb. Nəşrin redaktoru yazıçı və tərcüməçi Əyyub Qiyas, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssamı isə müəllif özüdür.

    Bu barədə AZƏRTAC-a müəllif özü məlumat verib.

    Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan sözügedən kitab “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarətdir. Əsər uşaq bağçasına gedən beş yaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən və əyləncəli hadisələrdən bəhs edir.

    Müəllifin süjetlərə uyğun çəkdiyi rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə köməklik edir.

  • Animasiya peşəkarları və həvəskarları ilə görüş keçiriləcək

    Mədəniyyət Nazirliyi, Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə avqustun 5-də animasiya kinosu sahəsində çalışan peşəkarlar və həvəskarlarla görüş keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, görüş animasiya kinosu sahəsində çalışan şəxslər arasında şəbəkələşmə, animasiya kinosunun mövcud vəziyyəti – dövlət, özəl və ictimai sektorlar arasında potensial əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi və Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti və layihələri barədə məlumatlandırma məqsədilə təşkil olunacaq.

    Görüşdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə iştirak edəcəklər.