Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Naxçıvanpoçt” yerli nazirliyin tabeliyinə verilib

    “Naxçıvanpoçt” publik hüquqi şəxsi Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyinə verilib.

    Reportun yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın Ali Məclis sədrinin I müavini Azər Zeynalov sərəncam imzalayıb.

  • “Azəriqaz" rəhbərliyi Xırdalanda vətəndaş qəbulu keçirəcək

    Avqustun 7-də, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək.

    Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Abşeron və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək.

    Müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər.

  • Biləsuvarın Əliabad kəndinə içməli su xətti çəkilir

    Biləsuvar rayonunun Əliabad kəndinə içməli su xətti çəkilir.

    Reportun Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq işlərə başlanılıb.

    Belə ki, kəndi içməli su ilə təmin edən “Modul” sudurulducu qurğuya verilən su Cənubi Muğan kanalından ayrılır və Biləsuvar şəhər Mərkəzi Su anbarına qoşulur.

    Artıq təmir-tikinti briqadası tərəfindən 1200 metr məsafədə olan qazıntı işləri başa çatdırılıb, hazırda d-63 mm-lik boruların montaj və quraşdırılması işləri aparılır.

    Yaxın günlərdə işlər başa çatdırılacaq və Əliabad kəndinə xidmət göstərən 17 ədəd bulağa 24 saat duruldulmuş içməli su veriləcək.

  • Azərbaycan və Türkiyə Mədənçilik İşçi Qrupu yaradacaq

    Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün rəstiq etdiyi  "Mədənçilik sahəsində əməkdaşlıq haqqında" sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaq.

    Report xəbər verir ki, İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq.

    Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər. Tərəflər nümayəndə və köməkçinin təyin edilməsi barədə diplomatik kanallarla bir-birinə məlumat verəcək. İşçi Qrupunun iclaslarını və protokol işləri ilə bağlı xərcləri iclasın keçirildiyi, ev sahibi ölkə qarşılayacaq. Nəqliyyat və qalma kimi nümayəndə heyətlərinin işləri ilə əlaqədar digər xərcləri isə tərəflər özləri ödəyəcək.

  • Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

    Avqustun 11-də Şəkidə Heyder Əliyev Parkında Aqrar İnnovasiya Festivalı keçiriləcək.

    Report Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində innovativ texnologiya və avadanlıqların nümayişi ilə yanaşı, toxum sərgi-satış yarmarkası keçiriləcək.

    Bildirilir ki, aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirə biləcəklər.

    Məlumata görə, aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində innovasiya festivalları keçirilir. İndiyənədək belə festivallar Gəncə, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunub.

  • Qarabağda maliyyə infrastrukturunun qurulması ilə bağlı komissiya yaradılıb

    "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi işğaldan azad edilmiş ərazilərdə maliyyə əlçatanlığının təmin edilməsi, maliyyə infrastrukturunun qurulması üçün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birlikdə komissiya yaradıb.

    Report xəbər verir ki, bunu ABA-nın prezidenti Zakir Nuriyev bildirib.

    "Komissiya mütəmadi olaraq cari vəziyyəti müzakirə edir. Bu sahədə yol xəritəsi hazırlanıb və buna uyğun olaraq həm maliyyə infrastrukturunun qurulması, həm də bankların burda aktiv fəaliyyəti üzrə addımlar atılır", - o qeyd edib.

  • “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş

    Avqustun 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə gənclərin görüşü təşkil ediləcək.

    “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək, muğam sənətinin təbliği və inkişafı istiqamətində gördükləri işlərdən söhbət açacaqlar.

    Tədbir müddətində, həmçinin “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişafı perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim olunacaq.

    Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

    Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir.

     

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edib.

    Report ADY-ə istinadən xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də qatar Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

    Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

  • Azərbaycanda kənd təsərrüfatına aid yeni dövlət standartı qəbul edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 939:2023 - “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması.Termin və təriflər” dövlət standartını qəbul edib.

    Bu barədə Reporta AZSTAND-dan bildirilib.

    Məlumata görə, bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.

    Yeni dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsinin standartlaşdırılması üzrə” Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

  • Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib

    Mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda Özbəkistanın mədəniyyət günlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimizin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilmiş, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb.

    Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.