Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 27-də başlanan və yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.
Avqustun 2-də keçirilən yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı” instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim edilib. Ansamblın heyətinə Əməkdar artist Ələkbər Ələkbərov (tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov (saz, ud), Bəhram Mahmudov (qoşa nağara, perkussiya), Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev (nağara), Səlim Məmmədov (bas gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.
Konsertdə Xalq artisti Ənvər Sadıqovun, Əməkdar artist Emil Əfrasiyabın və “Qaytağı” instrumental ansamblının təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu qız” kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Astor Pyatsollanın “Adios Nonino”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, V.Cosma – “Oyuncaq” kinofilminin musiqisi əsasında popurri, “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı”, Tofiq Quliyevin “Naxçıvani”, xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Nüfuzu ildən-ilə artmaqda olan bu festival Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir.
Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə ediblər. Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90, tanınmış pianoçu Bella Davidoviçin 95, görkəmli alman bəstəkarı İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd edilib. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.
“Pixar” studiyasının ərsəyə gətirdiyi “Elementary” animasiya filminin gəlirləri 400 milyon dolları üstələyib.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, tammetrajlı cizgi filmi əldə etdiyi gəlirlə Kristofer Nolanın “Tenet” filmini geridə qoyub.
Qeyd edək ki, çəkilişlərə 29,6 milyon dollar ilkin büdcə ilə başlayan animasiya filminin bu uğuru bir çox film ekspertləri üçün gözlənilməz olub.
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi və Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda videoçarxın nümayişi ilə başlayıb.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək, Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıb, bütün kino işçilərini peşə bayramları təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb.
Nazir deyib ki, builki Azərbaycan Kinosu Günü ölkəmizdə keçirilən Özbəkistan mədəniyyət günləri ilə də əlamətdardır. Ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Xalq artisti Ozodbek Nazarbekovun da tədbirin qonaqları arasında olduğunu vurğulanıb.
Səhnəyə çıxan nazir Ozodbek Nazarbekov qonaqları salamlayıb və əlamətdar gün münasibətilə ölkəmizin kino ictimaiyyətini təbrik edib.
Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan işlərdən məmnunluqlarını bildirərək, kino xadimlərinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Kinosu Günü ilə əlaqədar bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.
“Avanqard” kamera orkestrinin təqdimatında Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə tədbirə yekun vurulub.
Rusiya və keçmiş SSRİ-nin məşhur aktrisası İrina Miroşniçenko 81 yaşında vəfat edib.
Report xəbər verir ki, bu barədə Moskva Bədaye Teatrının Məktəb-Studiyasının rektoru İqor Zolotovitski bildirib.
Qeyd edək ki, İ.Miroşniçenko 1942-ci il iyulun 24-də Rusiyanın Barnaul şəhərində anadan olub. 1963-cü ildə Gerogi Daneliyanın məəşhur “Moskvanı gəzirəm” filmi ilə kino sahəsində debüt edib. Bundan başqa sovet dövürünün “Vanya dayı”, “Kreml kursantları” və başqa filmlərə çəkilib.
O, 50 il Moskva Bədaye Teatrında çalışıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-30-cu kilometrlik hissəsində hər iki istiqamətdə olmaqla yolçizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirir.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.
Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edib.
Qırmızı dəniz əyalətinin qubernatoru, general-mayor Əmr Hənəfi suyun altında ilk muzeyin yaradılması planlarını açıqlayıb. Muzey turistlərə Xurqadada diving və snorkeling üçün üç alternativ yer təklif edəcək və Qırmızı dənizin ətraf mühiti və Qoruqlar Nazirliyi ilə əməkdaşlığa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, o, həmçinin özündə iki məqsədi birləşdirəcək - turistəlrin təhlükəsizliyini təmin edərək, onları əyləndirmək və Qırmızı dənizin təbii mərcan riflərini qoruyub saxlamaq.
“Qırmızı dəniz əyaləti sahillərinin yaxınlığında yerləşən muzey yeni mərcan riflərinin yaradılması, eləcə də tarixin cazibəsini və təbiətin gözəlliyini birləşdirən unudulmaz təəssüratlar üçün nəzərdə tutulub”, - deyə kurort əyalətinin başçısı bildirib.
Xüsusilə bu məqsədlə suyun altına yerləşdirilən nəqliyyat vasitələri turistləri cəlb edən yeni görməli yerlər olacaq. Misir məmurları vəd edirlər ki, muzeydə turistlər gizlədilmiş xəzinə və dəniz canlılarını aşkar edə bilərlər. Muzeyin açılışı artıq gələn cümə axşamına planlaşdırılıb.
Avqustun 2-də məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 39 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin mənzil-muzeyinin rəhbərliyi və əməkdaşları, tanınmış musiqiçilər, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər.
Muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verilib.
Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.
Qeyd edilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.
Bildirilib ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.
Sonra hər dəfə olduğu kimi, bu dəfə də muzeydə “Açıq qapı” günü təşkil olunub.
Həmçinin muzeyin Musiqi Həvəskarları Klubunun üzvləri Maestro Niyazinin xatirəsini yad etmək üçün muzeyi ziyarət ediblər.
Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub.
Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nı təsdiq edb.
Report xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Energetika Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bir çox televiziya tamaşalarında uğurlu, özünəməxsus obrazlar yaradan, eyni zamanda, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bir-birindən maraqlı obraz və tamaşalar qalereyası ərsəyə gətirən Əməkdar artist Ələkbər Hüseynov yaradıcılığı ilə ürəklərə yol taparaq, böyük tamaşaçı sevgisi qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz aktyor, öz duzlu-məzəli çıxışları ilə uşaqların qəlbinə yol tapan Ələkbər Hüseynovun vəfatından 16 il ötür.
1961-ci il iyulun 7-də Bakıda anadan olan Əməkdar artist Ə.Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.
Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını alıb. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Əməkdar artist Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də uzunsürən xəstəlikdən vəfat edib.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə yaddaş kitabçası hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabçada “Azərbaycan Əlifbası və Azərbaycan Dili” günü haqqında qısa məlumat və kitabxana fondunda Azərbaycan dili ilə bağlı mövcud olan 42 adda kitab və 119 adda dövrü mətbuat materiallarının biblioqrafik siyahısı yer alıb.