Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, uzunluğu 401 metr, eni 9 metr təşkil edən sözügedən küçənin təmiri çərçivəsində küçəyə 921 p/m bordür düzülüb, 666 kvadratmetr sahədə piyada səkiləri bərpa olunub, frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Aparılan təmir işləri 3 930 kvadratmetrə yaxın sahəni əhatə edib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
Sonda küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunub.
"Kapital Bank" ASC loqotipini dəyişdi.
Yeni loqo müasir dizayn standartlarına uyğun olaraq hazırlanıb.
Dəyişikliyin bankın bütün fəaliyyət sahələrində (filial və bankomat şəbəkəsi, rəqəmsal platformalar və s.) mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulur.
Yeni loqotip artıq bankın rəsmi saytında yerləşdirilib. "Kapital Bank"ın yeni loqosunu yükləmək üçün https://kbl.az/kbald linkinə keçid alın.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
Report quruma istinadən xəbər verir ki, müsabiqənin qalibi “Sumqayıt Texnologiyalar Parkı” MMC-dir.
Şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə əsasən, dövlət büdcəsinə 5 milyon manat köçürməyə, yaxın 2 il ərzində müəssisəyə 9,1 milyon manat investisiya qoymağa dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi, 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.
Bu gün “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə Reporta qurumdan bildirilib.
Məlumata görə, müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.
Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.
Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.
Bakıda Özbəkistan mədəniyyəti günləri çərçivəsində avqustun 2-də Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan və Azərbaycanın mədəniyyət nazirləri iştirak ediblər.
Əvvəlcə qonaqlar "Özbək ədəbiyyatı guşəsi” ilə tanış olublar.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq, onları kitabxanada görməkdən məmnun olduğunu söyləyib.
Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətindən və həyata keçirilən tədbirlərdən danışıb. O, kitabxananın fondunda mövcud olan özbək ədəbiyyatı və özbək ədəbiyyatına dair Milli Kitabxanada yaradılan daimi guşə haqqında nümayəndə heyətinə məlumat verib.
Tədbir çərçivəsində Milli Kitabxanada özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşri də təqdim olunub.
Qeyd edək ki, avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günləri keçirilir. Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda, teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Bu kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə avqustun 2-dən 9-dək ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi təşkil olunacaq.
Kino Günü münasibətilə, həmçinin kinoteatrlarda da Azərbaycan filmlərinin retrospektiv baxışı təşkil ediləcək. Aksiya çərçivəsində milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş sərbəst olacaq.
“Bakuqan” animasiya serialının növbəti mövsümünün ilk nümayişi “Netflix” platformasında olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, animasiya serialının səkkizinci mövsümü ümumən sentyabrın 1-dən etibarən yayımlanacaq.
“Bakuqan”ın yeni mövsüm premyerasının ABŞ, Kanada, Avstraliya, Yaxın Şərq və Şimali Avropa ölkələrində olacağı gözlənilir. İlk olaraq serial “Netflix” videoyayım platformasına veriləcək.
Avqustun 4-də YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “Müqəssir zövq” qrup sərgisi çərçivəsində “Poetikon” adlı tədbir təşkil olunacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, maraqlı təcrübə vəd edən tədbirdə, müstəqil şairlərin ən ifadəli və düşündürücü şeirləri səslənəcək.
Tədbir zamanı tamaşaçılar da şeirlər haqqında öz fikirlərini və şərhlərini bölüşə biləcək, müəlliflərlə əsərlərin mahiyyətinə dair müzakirə aparacaqlar.
Tədbirdə hər kəsin iştirak edə bilmək imkanı var.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Kino Gününün 125 illiyi münasibətilə videomaterial, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, hazırlanan materiallarda Azərbaycan kino sənətinin keçdiyi böyük inkişaf yolu, müxtəlif illərdə çəkilən kino filmlər haqqında məlumat verilir.
Videomaterialda bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan kinosunun inkişafı sahəsində imzalanan Sərəncam və Dövlət Proqramı da öz əksini tapıb.
Təqdimedilən materiallarda, eyni zamanda, müxtəlif illərdə yerli və beynəlxalq kino festivallarında iştirak etmiş Azərbaycan filmləri haqqında məlumat verilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən “Heydər Əliyev və kinematoqraf”, “Kino və həyat”, “Səhnə fədailəri”, “Üçüncü dalğanın meridianlarında” kimi 20-dən çox kitabın biblioqrafik təsviri verilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 23 avqust tarixində saat 10:00-da Tovuz rayonu Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi 3) Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar avqustun 16-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.