Xalq artisti Həqiqət Rzayevanın anım günüdür
Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olan Xalq artisti Həqiqət Rzayevanın vəfatından 54 il ötür. Hər il bu təqvimdə xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.
Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident Sərəncamında “Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş” bir sənətkar kimi xarakterizə olunub.
Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları, ilk növbədə, yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşıb. Əsl adı Süsən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.
Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllimə olmağı arzulayırdı, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss ediblər.
1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb. Beləliklə, o öz sənət yolunu müəyyənləşdirib və Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.
Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı, haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümidlər ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişib.
Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, ən başlıcası isə “Xalq artisti” fəxri adına layiq görülüb.
Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq” sitatı yaddaşlara həkk olunub.
Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olub. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.
İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış edib, öz şaqraq səsi ilə əsgərləri qələbəyə ruhlandırıb. Onun yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib. Yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoyub.
Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.
Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 125-ci ildönümünü qeyd edir.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.
Bu il 125-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.
Diqqətə çatdıraq ki, hər il 2 Avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu il də əlamətdar gün münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunub.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.
AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun vəfatından 43 il ötür.
Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.
Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar ozamankı teatrsevərlərin yaxşı xatirindədir.
Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.
İçərişəhər ərazisində II Milli Qurama Festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala yürüş ilə start verilib.
Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
Festivalın açılışında unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilən Milli Qurama Festivalının müxtəlif tədbirlərlə davam edəcəyi vurğulanıb.
Qeyd olunub ki, II Milli Qurama Festivalı İçərişəhərdən başlayaraq Bakı və bölgələri əhatə edəcək. Festival proqramına “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə qurama sənətkarları ilə yanaşı, həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi daxildir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə 9 yaşından 29 yaşınadək olan yeniyetmə və gənc rəssamların əsərləri nümayiş olunub.
Sərgidə çıxış edənlər ölkə rəhbərliyinin gənclərə və idmana olan qayğısından bəhs edərək belə tematik sərgilərin yeniyetmə və gənclər arasında idmanın təbliği və təşviqi, həmçinin gəncliyin formalaşmasında müsbət rol oynadığını qeyd ediblər.
Sərgidə gənc rəssamların yaradıcı təfəkkürünü əks etdirən müxtəlif idman növləri, idmançıların simaları, idman alətləri və idman geyim nümunələri mövzusunda 160-a yaxın əsər nümayış olunub. Sərgidə əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.
Bu gün görkəmli bəstəkarın doğum günüdür
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Vasif Adıgözəlovun yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. Vasif Adıgözəlov Azərbaycan musiqi tarixində öz yeri, öz dəst-xəti olan bəstəkarlardandır. Yaratdığı ölməz sənət inciləri ilə mənsub olduğu xalqın mədəniyyət tarixinə bənzərsiz töhfələr verən sənətkarın sənət dünyası əbədiyaşardır, bənzərsizdir...
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 88-ci ildönümü tamam olur.
Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.
Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.
Qeyd edək ki, görkəmli bəstəkarın 80 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.
Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq. Bax, əsl sənətkarın da gücü və istedadı ondadır ki, onun yaratdıqları hər zaman əbədiyaşar olaraq qalır.
“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilmiş 17 eskalatorun qəbul-sınaq prosesində iştirak ediblər.
Bu barədə Reporta qurumdan bildirilib.
Məlumata görə, bu məqsədlə nümayəndə heyəti Almaniyanın Hamburq şəhərinə ezam edilib və istehsal olunmuş eskalatorları qəbul etməzdən əvvəl onların işi ilə tanış olub. Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb.
“B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulan “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan 2-si əvvəlki sifariş dövründən Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb.
Quraşdırma proseslərinin ardıcıllığına, tələblərinə uyğun olaraq, eskalatorlar Bakıya gətirilərək təyinatı üzrə quraşdırıldıqdan sonra yerində təkrar sınaq keçiriləcək. Bu zaman bütün əsas komponent və qovşaqlar - ferma, baş intiqal, baş val, dartı stansiyası, dartı zənciri və s. yenidən yoxlanacaq.
Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub.
Nümayəndə heyəti səfər çərçivəsində Bakı metropolitenində quraşdırılmış eskalatorlara qulluq, texniki xidmət, təmir və s. ətrafında müzakirələr apararaq qarşılıqlı təcrübə mübadiləsi və işbirliyini müzakirə edib.
Bu ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - “Buta Airways” vahid brend altında birləşəcək.
Bu barədə Reporta AZAL-dan bildirilib.
Məlumata görə, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.
“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.
Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərimizə yenilənmiş menyu təqdim olunacaq.
İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 27-də təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir:
“Hörmətli festival iştirakçıları!
Xanımlar və cənablar!
Sizi – XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib.
Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən ölkəmizdə son illər keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələrini bir araya toplayır. Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə baş tutmuş ənənəvi Beynəlxalq Muğam Festivalı kimi möhtəşəm tədbirlər bunun bariz nümunəsidir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramları mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün geniş imkanlar açır.
Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran belə layihələr bizim üçün çox dəyərlidir. Bu baxımdan, 2009-cu ildən etibarən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı da əvəzedilməz rola malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir. Biz bu festivalı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk. Əminəm ki, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı qonaqlarımızın yaddaşında və Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır.
Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.
Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd edib. Xalq artisti çıxışında builki festivalın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirib.
Fərhad Bədəlbəyli deyib: “Festivalda iştirak etməkdən məmnunam. Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya minnətdaram ki, belə bir mötəbər tədbirin təşkilinə dəstək nümayiş etdirir. Bu diqqət və dəstəyi festivalın bütün iştirakçıları hər gün hiss edirlər. Bu illər ərzində bu festivalda böyük ifaçılar çıxış ediblər. İnanıram ki, bundan sonra da bu musiqi bayramında bir-birindən istedadlı gənc ifaçılar çıxış edəcəklər. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir, həm də ölkəmizdə “Heydər Əliyev İli”dir. Məhz bu səbəbdən də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Çünki Heydər Əliyev və musiqi, bu mövzuda saatlarla danışmaq olar. Festival iki proqramı - “Yeni adlar” və “Gənclərə dəstək” proqramını əhatə edir. Mədəniyyət böyük bir silahdır. Gəlin, bundan da istifadə edək”.
Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.
Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.
Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.
Noyabrın 5-də əslən azərbaycanlı olan Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Report xəbər verir ki, Azərbaycanın "Fəxri mədəniyyət işçisi", tanınmış həmyerlimiz yeni "Həyat davam edir" yubiley mono-tamaşasını təqdim edəcək.
Qeyd edək ki, yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.
Biletləri İticket.az saytından onlayn və şəhərin kassalarından əldə etmək olar.