Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza sığorta sahəsində tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
SİMA rəqəmsal imza artıq “Atəşgah Sığorta” ASC ilə inteqrasiya prosesini yekunlaşdırıb.
İndi ipoteka krediti ilə bağlı müraciət edən şəxslərin əmlakını və həyatını sığortalamaq üçün bank tərəfindən “Atəşgah Sığorta”ya müraciət olunan zaman şirkət vətəndaşa SMS vasitəsilə link göndərəcək. Müştəri həmin linkə daxil olaraq SİMA yeni nəsil rəqəmsal imza ilə sənədləri anında imzalayacaq.
Müqaviləni elektron qaydada imzalamaq üçün SİMA tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir.
SİMA ilə inteqrasiyadan əvvəl vətəndaşlar bu prosesləri kağız daşıyıcılarda əllə doldurmaqla həyata keçirirdi. İndi isə “Atəşgah Sığorta” SİMA yeni nəsil rəqəmsal imza ilə bu xidməti elektronlaşdırıb. Artıq sənədin SİMA vasitəsilə imzalanması vətəndaşların vaxtına, tərəfdaşların isə xərcinə qənaət etmələrinə xidmət edəcək.
SİMA ilə “Atəşgah Sığorta”nın digər xidmətlər üzrə inteqrasiya prosesi davam etdirilir. Növbəti mərhələdə digər sığorta müraciətlərinin də SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur.
SİMA yeni nəsil rəqəmsal imza ilə maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Sentyabrın 18-də keçirilməsi planlaşdırılan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Televiziya Akademiyası məlumat yayıb.
Məlumata görə, ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi mükafatlandırma mərasimi aktyor və ssenaristlərin tətili səbəbi ilə gözlənilən tarixdə keçirilməyəcək.
Qeyd olunub ki, mükafatlandırma mərasiminin gələn ilin yanvar ayında təşkil olunacağı gözlənilir. Daha dəqiq vaxt isə tətilin gedişatından asılı olacaq.
Xatırladaq ki, 2001-ci ildə Amerikada baş vermiş 11 sentyabr hadisələri, həmçinin ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaması səbəbilə ilk dəfə olaraq tədbirin keçirilməsi təxirə salınmışdı.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə görüşərək onunla əməkdaşlıq əlaqələrini müzakirə edib.
Report xəbər verir ki, bunu nazir özünün tviter hesabında bildirib.
"K.Limitovski ilə görüşdə ölkəmizdə nəqliyyat, o cümlədən aviasiya, dəniz nəqliyyatı və dəmir yolu üzrə həyata keçirilən layihələrin icrasında potensial əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.
Məşhur amerikalı ssenarist Bo Qoldman 90 yaşında vəfat edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “Qadın ətri” filminin ssenari müəllifi, “Oskar” mükafatı laureatı B.Qoldman Kaliforniyadakı evində dünyasını dəyişib.
Xatırladaq ki, ssenarist “Qu quşu yuvasının üzərindən uçarkən”, həmçinin “Melvin və Hovard” filmlərinin ssenarisinə görə “Oskar” mükafatına layiq görülüb. Onun eyni zamanda məşhur layihələri arasında "Tanış olun, Co Blek", "Qadın ətri", "City hall", "Paradine işi" kimi ekran əsərlərini misal çəkmək olar.
Məşhur amerikalı reper Tupak Şakurun üzüyü hərracda rekord məbləğə satılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 1996-cı ildə reperin xüsusi sifarişi ilə hazırlanan tac formalı üzük yeni sahibinə bir milyon dollara başa gəlib.
Üzüklə bərabər, T.Şakurun imzası olan altı məktub və “Trapped” sinqlının orijinal demo lenti daxil olmaqla, reperə məxsus digər şəxsi əşyalar da hərraca çıxarılıb.
Xatırladaq ki, dünyaşöhrətli reper T.Şakur 1996-cı ildə ABŞ-ın Las-Veqas şəhərində silahlı atışma nəticəsində 25 yaşında dünyasını dəyişib. Qısa müddətli karyerasına baxmayaraq, Tupak 75 milyon albom satışı ilə hip-hopun ən reytinqli reperinə çevrilib. O, həmçinin Şərq və Qərb reperləri arasında hip-hopun simvolu hesab olunur.
Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.
AZƏRTAC xəbər verir ki, Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır.
Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.
Biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 31 il ötür. Əvvəlcə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır.
Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə
Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.
Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.
Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.
Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Bakının Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində, şəhər istiqamətində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri bu gün də davam edəcək.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, işlər bu axşam saat 22:00-dan səhər saat 05:00-a qədər aparılacaq. Həmin zaman kəsiyində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Bu il noyabrın 16-da Zəngilanda, 17-də isə Bakıda “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə Reporta Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan bildirilib.
Məlumata görə, tədbir institutun, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransda Zəngəzur dəhlizinin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, texniki-iqtisadi və maliyyə təminatı məsələləri, onun dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaq.
Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası daşımaçılıq üzrə ekspertlər konfransda iştiraka dəvət edilirlər.
Konfrans əyani formada keçiriləcək. Məruzə və müzakirələrin İnternet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.
Oktyabrın 6-da Heydər Əliyev Sarayında Rusiyanın ictimai xadimi, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək.
Report xəbər verir ki, “Heydər Camalın həyat yolu” mövzusuna həsr olunan tədbir saat 20:00-da başlayacaq.
Görüşə biletləri şəhərin bütün kassalarından, Gənclik və 28 MALL ticarət mərkəzlərindən, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindəki kassalardan almaq olar.
Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim M.Şevçenko hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib. O, 44 günlük Vətən müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq Azərbaycan xalqının rəğbətini qazanıb.