Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirilib

    "Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

  • Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib

    Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib.

    Report xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə görüşündən sonra özünün tviter hesabında yazıb.

    Nazir bildirib ki, Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə həmçinin enerji sahəsində çoxtərəfli və ikitərəfli əlaqələr barədə əməkdaşlıq da müzakirə edilib.

    P. Şahbazov vurğulayıb ki, energetikanın müxtəlif istiqamətləri üzrə əlaqələri gücləndirmək üçün potensial böyükdür.

  • Azərbaycan Türkiyə ilə nəqliyyat və turizm əməkdaşlığını müzakirə edib

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla nəqliyyat, turizm, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahələrində əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.

    Report xəbər verir ki, bunu azərbaycanlı nazir tviter hesabında bildirib.

    Onun sözlərinə görə, müzakirələr Türkiyəyə işgüzar səfər çərçivəsində baş tutub, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, Preferensial Ticarət Sazişinin icrasının ticarət əlaqələrin gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

  • Hollivud ulduzlarının etirazları davam edir

    Məşhur Hollivud aktyorları Nyu-Yorkun Tayms-skver meydanında aksiya keçiriblər.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Kinematoqrafçılar Gildiyası Hollivud ulduzlarını Tayms-skver meydanına toplayaraq kino və televiziya studiyalarını kəskin etiraz atəşinə tutub.

    “Ədalətli müqavilə naminə şəhəri silkələyin” adlı toplaşmada bir neçə yüz insanın qarşısında iki saat ərzində həmkarlar ittifaqı nümayəndələri və tanınmış aktyorlar, o cümlədən Brayan Krenston, Kristin Baranski, Uendel Pirs, Kristian Sleyter, Stiven Lanq, Mişel Herd, Cil Hennesi, Stiv Buşemi və başqaları çıxış ediblər. Etiraz aksiyası bir neçə saat davam edib.

  • Ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək

    Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək. Sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunacaq.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 3-4-də isə Bakı şəhərində davam edəcək.

    Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq.

    Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

    Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak etmək istəyən şəxslər avqustun 25-dək Mədəniyyət Nazirliyinin saytında (www.culture.gov.az) qeydiyyatdan keçə bilərlər.

  • Kinematoqrafçılar vahid ad altında birləşmək məqsədilə bəyanat yayıblar

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təsisçiləri, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyəti ilə birgə vahid ad altında birləşmək məqsədilə bəyanat yayıblar.

    ARKİ-dən AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin qarşısında yeni ideoloji hədəflər müəyyən etmişdir. Azərbaycan kinematoqrafçıları da reallığın çağırışı olan bu hədəflərə doğru irəliləyən mütərəqqi cəmiyyətimizin tərkib hissəsidir.

    Vətən müharibəmizdə əldə etdiyimiz şanlı Qələbə bizlərə birlik nümunəsi oldu. Həm 1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının, həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətinin təməl prinsipi də həmrəyliyə xidmət etməkdir. Məhz buna görə də ARKİ-nin təsisçiləri və AKİ-nin idarə heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik.

    Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbul edilmiş qərardır. Hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq və digər həmkarlarımızı da yeni və mütərəqqi idarəetmə modeli ilə fəaliyyət göstərmək təşəbbüsümüzə qoşulmağa çağırırıq”.

  • Azərbaycanın turizm kurort məkanlarından biri - Lerik

    Azərbaycan regionda faydalı iqtisadi-coğrafi yerləşmə sayəsində turizmin inkişafı üçün faydalı yerdir.

    AZƏRTAC xəbər verir ki, ölkədə çoxlu turizm məkanları var. Azərbaycanı çox vaxt Şərqlə Qərbi birləşdirən qapı adlandırırlar.

    Vaxtilə Böyük İpək Yolunun bir hissəsi olan Azərbaycan qədim mədəniyyətə malikdir. Ölkə ərazisində 6000-dən çox tarixi memarlıq abidəsi var. Onların əksəriyyəti Böyük İpək Yolu boyunca yerləşir.

    Ölkədə turizm üçün əlverişli şəraitə malik kurort bölgələrindən olan Lerik gözəl təbiəti və təmiz havası ilə göz oxşayır. Şəhər Talış silsilə dağlarının əhatəsində yerləşir. Buranın Bülüdül və Zərinqala bulaqları çox məşhurdur. Bu bölgə misilsiz təbiəti ilə yanaşı, özünəməxsus mədəniyyəti və tarixi ilə də məşhurdur. Rayonda çoxlu tarixi abidələr var. Xanəgah kəndində Xoca Seyyid türbəsi (XIV əsr), Lüləkəran kənd məscidi (XIX əsr), Mistan kəndində dəniz səviyyəsindən 2438 m hündürlükdə Qızyurdu yüksəkliyi, Monidigah kəndində Baba İsa türbəsi və şəlalə, Kekonu kəndi ərazisində Pir Yusif türbəsi, həmçinin Cəngəmiran kəndi məscidi (XII - XIV əsrlər) və s. bu kimi tarixi abidələri misal çəkmək olar.

    Qeyd edək ki, Bakıdan 305 kilometr məsafədə yerləşən Lerik şəhərində turistlərin yüksək səviyyədə yerləşdirilməsi və istirahəti üçün müasir mehmanxanalar, həmçinin kotteclər fəaliyyət göstərir.

  • Mikayıl Müşfiqin şeirləri İspaniya və Almaniya ədəbiyyat portallarında

    İspaniyanın populyar “Alquibla”, Almaniyanın “Spruechetante” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirlərinin yayımına başlayıb.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri – alman filoloqu Kerstin Kraps və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

    Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Spruechetante” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Xuan Gil Albert, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Haruki Murakami, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fonten, Carlz Dikkens, Tomas Braun kimi dünya yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

  • Bu gün görkəmli bəstəkar Şəfiqə Axundovanın anım günüdür

    Bu gün Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anım günüdür.

    AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkarın vəfatından 10 il ötməsinə baxmayaraq, onun yaratdığı bənzərsiz sənət nümunələri hər zaman böyük maraqla qarşılanır.

    1924-cü ildə Şəki şəhərində dünyaya göz açan Şəfiqə Axundova A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

    İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını alan Şəfiqə Axundova ustadından bəhrələndiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Ş.Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirib. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edib. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlib və əsərə uğur qazandırıb.

    Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və digər şairlərin əsərlərinə mahnılar bəstələyib.

    Şəfiqə Axundovanın əsərləri Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs və bir çox istedadlı ifaçılar tərəfindən sevilə-sevilə oxunub, bu gün də ifa edilir.

    Xalq artisti Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

  • 80-ci Venesiya Film Festivalında nümayiş olunacaq filmlərin adları açıqlanıb

    İtaliyada bu il 80-ci dəfə keçiriləcək Beynəlxalq Venesiya Film Festivalında nümayiş olunacaq filmlər bəlli olub.

    AZƏRTAC xəbər verir ki, müxtəlif kateqoriyalarda nümayiş ediləcək filmlərin adlarını festivalın bədii rəhbəri Alberto Barbera açıqlayıb.

    A.Barbera bildirib ki, avqustun 30-dan sentyabrın 9-dək keçiriləcək festivalın açılış filmi Edoardo De Angelisin "Komandanta" filmi olacaq ki, bu film də əsas müsabiqə kateqoriyasına daxil edilib.

    Həmçinin rejissor Nikolay Arselin "Bastarden", Luc Bessonun "Dogman", Bertran Bonellonun "La Bete", Stefan Brizenin "Hors-Saison", Pietro Castellittonun "Enea", Bredley Cooper "Maestro" ", Sofia Coppolanın "Priscilla", Saverio Costanzo Finalmente L'Alba, Edoardo De Angelisin "Komandanta", Corcio Dirittinin "Lubo", Ava DuVerneyin "Mənşəyi", David Finçerin "Qatil", Mişel Frankonun "Yaddaş", Matteo Qarronun "İo Kapitano", Yorgos Lanthimosun "Poor Things", Pablo Larrainin "El Conde", Michale Mannın "Ferrari", Stefano Sollimanın "Adagio", Malgorzata Szumowska və Michal Englert tərəfindən ekranlaşdırılan "Kobieta Z... (Woman Of)" və Fien Troch'un “Holly” filmləri festivalın baş mükafatı “Qızıl Aslan” uğrunda mübarizə aparacaq.

    Festivalın “Üfüqlər” (Orizzonti) kateqoriyasında nümayiş etdiriləcək 17 ekran əsəri arasında 2 türk rejissorunun filmi də yer alır.

    Rejissorlar Selman Nacarın “Tərəddüd xətti” və Nehir Tunanın “Yurd” filmi “Üfüqlər” kateqoriyasında Venesiyada kinosevərlərə ilk dəfə təqdim olunacaq.

    Sentyabrın 9-da isə festivalın mükafatlandırma mərasimi ilə olacaq.