Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 saylı şəhərdaxili müntəzəm avtobus marşrutlarını, eləcə də “Ceyranbatan qəsəbəsi-“Xocəsən” metrostansiyası-Ceyranbatan qəsəbəsi” və “Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” marşrut xətlərini müsabiqəyə çıxararaq qalibləri müəyyən edib.
Bu barədə Reporta AYNA-dan bildirilib.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.
Müsabiqənin qalibi olan 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədləri “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları təqdim edib.
“Bakı KOB evi”ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.
AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır.
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 28 il ötür
O, koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 28 il ötür. O, 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı...
Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.
Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.
"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
İyulun 26-sı Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, Nadir Əbdürrəhmanovun anım günüdür.
AZƏRTAC xəbər verir ki, görkəmli rəssamın vəfatından 15 il ötməsinə baxmayaraq, onun yaratdığı bənzərsiz sənət nümunələri hər zaman böyük maraqla qarşılanır.
Xalq rəssamı N.Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə o, Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən N.Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıdıb. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xəti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynayıb. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib.
Azərbaycan torpağının əsrarəngiz gözəllikləri və müasirlərin qurub yaratmaq əzmi sənətkarın yaradıcılığının başlıca ilham qaynağı olub. Rəssamın xalqımızın tarixi keçmişini rənglərin dili ilə dolğun əks etdirən tabloları Vətənə məhəbbət və milli qürur hissi aşılayır. N.Əbdürrəhmanovun kompozisiya yığcamlığı ilə seçilən və öz emosional təsir gücü ilə yadda qalan əsərləri gənc nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Xalq rəssamının Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanıdılmasında xidmətləri də təqdirəlayiqdir. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında müvəffəqiyyətlə nümayiş etdirilərək, sənətsevərlərin rəğbətini qazana bilib.
Onun, həmçinin xarici ölkələrə yaradıcılıq səfərlərinin məhsulu kimi meydana çıxan silsilə rəsmləri Azərbaycan incəsənətinə şöhrət gətirib.
Xalq rəssamı Nadir Əbdürrəhmanov 2008-ci il iyulun 26-da ömrünün 83-cü ilində vəfat edib.
Naxçıvan MR Turizm Departamentin elektron informasiya resursu "ntourism.gov.az" domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Bu barədə Reporta Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Qurum muxtar respublikadakı dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olmuşdu. “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin rəhbəri Xalq artisti, AKİ-nin sədri Rasim Balayevdir.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin çəkilişlərinə artıq start verilib.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətti prodüseri isə İsmayıl Qasımovdur.
Film ingilis və erməni dillərində də yayımlanacaq. Sənədli filmlə yanaşı, layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların da (erməni və ingilis dillərində) hazırlanması nəzərdə tutulur.
Xətai Sənət Mərkəzi naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə mərkəzdə “Etüd əsərlər guşəsi” yaradıb.
Bu barədə AZƏRTAC-a mərkəzin direktoru Zahid Əvəzov məlumat verib.
“Mərkəz Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə müəyyən dövrlərdə etüd yönlü müxtəlif tədbirlər həyata keçirib. Bu gün mərkəz keçirilən tədbirlərdə və ayrı-ayrı zamanlarda rəssamlardan əldə edilən etüd əsərlərdən ibarət bir kolleksiyaya sahibdir. Bu əsərlərin bir hissəsi guşəmizdə sərgilənir. Bir sənət ocağı olaraq guşəni həmişə yeniləmək və daha fərqli ekspozisiya yaratmağı qarşımıza məqsəd qoymuşuq. Hər bir rəssam özünün etüd əsərini təklif edə bilər və hər kəs bu əsərdən bəyəndiyini əldə edə bilər. Etüd əsərlər guşəsi və etüd əsərlər haqda yenilikləri Xətai Sənət Mərkəzinin media hesabları üzərindən izləmək mümkün olacaq”, - deyə Z.Əvəzov söyləyib.
Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Bu qala- daşlı qala” adlı kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycanın elm və mədəniyyət tarixinə çoxlu məşhur simalar bəxş etmiş Şuşa şəhərinin bünövrəsinin qoyulduğu, qala divarlarının tikilməyə başladığı XVII əsrin ortalarından başlamış müasir dövrə qədərki şəhərin tarixi, küçə və məhəllələri, sosial obyektləri və ona şöhrət gətirən ayrı-ayrı istedadlı ziyalıları və sənət adamlarından bəhs olunur.
İndiyədək 20-dən çox kitabın müəllifi olan Vasif Quliyev Bakı, Moskva və Tbilisin arxivlərində apardığı axtarışlar nəticəsində əldə etdiyi çoxlu maraqlı mənbə və məlumatlar əsasında Qarabağ tarixi ilə əlaqədar çoxlu maraqlı faktlar üzə çıxarıb. Həmin məlumatların bir hissəsi kitabda öz əksini tapıb.
“Bu qala- daşlı qala” kitabının redaktoru və “Ön söz”ünün müəllifi Mehman Cavadoğludur.
Bu ilin son altı ayı ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və onun filiallarını 9 mindən turist ziyarət edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib.
“Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil-muzeyi, Qara Qarayevin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyini və Xalq Çalğı Alətlərinin daimi sərgisini 9000-dən çox yerli və xarici turistlər ziyarət edib. Onların 300-dən çoxu xarici turist olub. Bunlar ABŞ, Fransa, Yaponiya, Çin, İsrail, Türkiyə, Pakistan, BƏƏ, Rusiya, Belarus, Qazaxıstan və başqa ölkələrdən gələn turistlərdir. Gələn xarici qonaqların içində daha çox Türkiyə, Pakistan, BƏƏ, Rusiyadan gələn turistlər üstünlük təşkil edib”, -deyə Alla Bayramova söyləyib.
Son altı ayda Azərbaycan İstiqlal Muzeyini 6336 nəfər qonaq ziyarət edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq muzeyin direktoru Sədi Mirseyibli bildirib.
Onun sözlərinə görə, ziyarətçilərdən 2724 nəfəri məktəbli, 366 nəfəri xarici turist, 1696 yerli vətəndaşlar olub.
“Eyni zamanda 15 nəfər şəhid ailəsinin üzvləri, 204 nəfər hərbi qulluqçu, 1076 nəfər ali təhsilli şəxs və 4 nəfər isə fəxri qonaq muzeyi ziyarət edib.
Muzeyimizi ziyarət edən xarici turistlər arasında Böyük Britaniya, Pakistan, ərəb ölkələrindən olan turistlər üstünlük təşkil ediblər”, -deyə S.Mirseyibli söyləyib.
İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq.
AZƏRTAC xəbər verir ki, avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.