Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • YARAT Qısa Filmlər Festivalı üçün film qəbulu keçirir

    Bu il təşkil olunacaq YARAT Qısa Filmlər Festivalı (YARAT Shorts) çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün filmlərin qəbulu keçirilir.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir.

    Layihənin bütün missiyası YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçiriləcək. Bu il nümayiş olunacaq filmlər “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir.

    İştirak etmək istəyənlər filmlərini avqustun 20-dək e-poçtla info@yarat.az ünvanına təqdim etməlidirlər.

    Seçilmiş filmlər sentyabrın ilk həftəsində nümayiş olunacaq.

    Festivalda iştirak hüququ qazanmaq üçün filmlər ilkin seçim tələblərinə də cavab verməlidir.

    Festivala Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya video layihəsi ilə müraciət etmək mümkündür. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.

    Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur.

    Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.

  • "Barbi" filmi qısa zamanda rekord gəlir əldə edib

    Rejissor Qreta Qerviqin çəkdiyi "Barbi" filmi qısa zaman ərzində rekord məbləğdə gəlir əldə edib.

    AZƏRTAC xəbər verir ki, ekran əsəri 155 milyon dollar gəlir qazanıb. Nəticədə film kino tarixində qadın rejissorun çəkdiyi ən çox gəlir gətirən layihə olub.

    Məlumata görə, 2019-cu ildə rejissorlar Anna Boden və Rayan Flekin çəkdiyi “Kapitan Marvel” filmi 153 milyon dollar qazancla indiyədək bu kateqoriyada lider hesab edilib. Rekord daha əvvəl 2017-ci ildə 103 milyon dollar gəliri olan Pati Cenkinsin "Möcüzə qadın" adlı ekran əsərinə məxsus idi.

    “Barbi”nin ilkin büdcəsi marketinq xərcləri nəzərə alınmadan 145 milyon dollar təşkil edib. “Warner Bros.” kinostudiyası marketinq xərclərinin məbləği barədə məlumat açıqlamır, lakin təxminlərə görə bu məbləğ əlavə olaraq 150 milyon dollara çata bilər. Ekran əsəri “Warner Bros.” kinostudiyasının Barbi kuklalarını istehsal edən ABŞ oyuncaq istehsalçısı “Mattel” şirkəti ilə əməkdaşlığın nəticəsidir.

    Qeyd edək ki, rejissor Q.Qerviq 2017-ci ildə çəkdiyi “Ledy bird” və 2019-cu ildə lentə aldığı “Kiçik qadınlar” adlı ekran əsərləri ilə rejissor kimi tanınıb. Hər iki film xeyli sayda “Oskar” mükafatına layiq görülüb.

     

     

  • Bakıdan İran sərhədinədək inşa edilən yeni magistral yolun tikintisi yekunlaşır

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir.

    Report xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

    Bildirilib ki, layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–cü kilometrlik hissəsindən başlayaraq 3,05 km-lik hissəsini əhatə edir.

    I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26,5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3,75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3,75 metr təşkil edir.

    Məlumata görə, inşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılıb.

    Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 metr dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çaydaşı tökülərək kipləşdirilib.

    Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton suötürücü qurğuların, mal-qara üçün uzunluğu – 44,7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edən tunel tipli yolötürücüsünün tikintisi aparılıb.

    Ardıcıllığa uyğun olaraq avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst laylarının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb.

    Sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizqi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq.

    Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir.

    Sözügedən 3 aşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilr.

    Yeni körpünün uzunluğu 97,5 metr, eni isə 30,6 metr təşkil edir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq yaradılıb, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib.

    Qeyd edək ki, İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir.

    Məlumatda deyilir ki, "İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir, AAYDA qeyd edir.

  • Bakının daha bir küçəsində sürət həddi endirilib

    Bakının Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

    Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

    Qurum hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələrini xahiş edir.

    Xatırladaq ki, beş gün öncə paytaxtın Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

  • Azərbaycanda elektron siqaretlərlə bağlı dövlət standartı qəbul ediləcək

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən elektron siqaretlərlə bağlı dövlət standartının qəbul olunması istiqamətində iş aparılır.

    Bu barədə Reporta Dövlət Xidmətindən bildirilib.

    Məlumata görə, standart layihəsi hazırda dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

  • "Azərişıq" Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırıb

    Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyaları fəaliyyət göstərir.

    Report xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayında gördüyü işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

    Onun sözlərinə görə, gələcəkdə "Azərışıq" özü də elektromobillərdən istifadə etməyi planlaşdırır: "Xüsusilə "Yaşıl enerji zonasında - yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq asandır. Gələcəkdə bu ərazilərdə elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq".

  • “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” yenidən başlayır

    "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə "Gender Hub Azerbaijan" sosial platforması “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı”na yenidən başlayır.

    3 ay davam edəcək olan multidisiplinar festivalın əsas məqsədi həssas qrupu - valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

    Müsbət geri dönüşlərə əsaslanaraq 3-cü dəfə həyata keçiriləcək “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” Azərbaycanın istənilən bölgəsindən 14-40 yaş arası 80 qadın sahibkarın fəaliyyətini dəstəkləməyi hədəfləyir.

    2022-ci ilin dekabr ayında həyata keçirilmiş "Woman Bazaar"dan icmal görüntünü buradan (https://www.instagram.com/p/CmvR7xTL1I1/) keçid edərək izləyə bilərsiniz. “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” əvvəl keçirilmiş festivallardan fərqli olaraq 3 ayı- avqust, sentyabr, oktyabr əhatə edəcək və seçilmiş qadın sahibkarlar bu aylar ərzində ardıcıl olaraq “Təlim”, “Festival günləri”, “Mentorluq” mərhələlərində iştirak etmə şansı əldə edəcəklər.

    Alıcı qismində qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs (sadə vətəndaşlar, Dayanıqlı İnkişaf Məqsədlərini hədəf alan icma, sosial platforma və təşkilat nümayəndələri və s.) festivalda iştiraka dəvətlidir. Festivalda iştirak ödənişsizdir.

  • Mağazadan alınan kiçik güldanın qiymətli əsər olduğu aşkarlanıb

    İngiltərədə əntiq əşyalar satılan mağazadan cəmi 3 dollara alınan əl ölçülü güldanın hərracda 11,800 dollara satılacağı gözlənilir.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Canterbury Hərrac Qalereyası”nın məlumatına görə, 10 santimetrlik əsəri İngiltərənin cənub-şərqindəki Surrey qraflığında bir cütlük əldə edib. Onlar təkcə bu kiçik əşyanın üzərində həkk edilmiş naxışların əhəmiyyətli ola biləcəyindən şübhələnirdilər, lakin güldanın nə qədər dəyərli ola biləcəyini bilmirdilər.

    “Tərəfdaşımla mən ətrafa nəzər salmaq üçün əntiq əşyalar satılan mağazaya girdik. Mən həmişə kitablara baş çəkirəm, o, isə incəsənət və əntiq əşyalar axtarışında olub. O, mütəxəssis deyil, lakin belə məsələlərdə əla zövqə malikdir. Mağazada güldanı mənə göstərdi və mən bir az laqeydlik göstərərək digər əşyalara da baxmağı məsləhət gördüm”, - deyə əşyanı əldə edənlərdən biri qeyd edib.

    Mütəxəssislər güldanın 1845-1927-ci illər arasında yaşamış mərhum yaponiyalı keramikaçı və rəssam Namikava Yasuyukinin əsəri olduğunu müəyyən ediblər. O, Yaponiyanın ən məşhur rəssamlarından biri olub.

    “N.Yasuyukiyə məxsus xeyli sayda gözəl işlər bir neçə kolleksiyada saxlanılır və bu əsərlərə maraq çoxdur. O, XIX əsrin sonu və XX əsrin əvvəllərində Yaponiyada yaşayıb yaratmış ən məşhur rəssamlardan biri olub. Təqdim olunan bu balaca güldan da mükəmməl səviyyədə cilalanmış, şüşəyə bənzər səthi ilə unikaldır. 2019-cu ilin aprelində “Canterbury Hərrac Qalereyası”nda eyni rəssamın hazırladığı daha böyük bir güldan yüksək məbləğə satılıb”, - deyə “Canterbury Hərrac Qalereyası”nın rəhbəri, mütəxəssis Kliona Kilroy vurğulayıb.

    Qeyd edək ki, güldan iyulun 29-30-da keçiriləcək iki günlük hərracda satış üçün təqdim olunacaq. Onu satan cütlük güldanı aldıqları əntiq mağazasına da ianə verməyi planlaşdırır.

  • Neyroşəbəkə Corc Martinin “Taxt-tac oyunları”nın ardını generasiya edib

    Neyroşəbəkə Corc Martinin “Buzun nəğməsi” adlı kitablar silsiləsinin ardını generasiya edib. Bu əsər əsasında məşhur “Taxt-tac oyunları” serialı lentə alınıb.

    AZƏRTAC IGN portalına istinadla xəbər verir ki, proqramçı Liam Sueyn bu məsələdə süni intellektin köməyindən istifadə etmək qərarına gəlib. O, əvvəlcə “ChatGPT” çat-botuna mətnin qaralamasını hazırlamağı təklif edib. Sonra proqramçı bütün detalları təsvir etməklə, həmin mətni tam şəkildə genişləndirməyi xahiş edib. Bunun ardından isə proseduru 45 dəfə təkrarlayıb.

    Nəticədə süni intellekt iki kitab “yazıb”: “Qış küləyi” və “Bahar xəyalları”. Görülmüş işə yekun vuran proqramçı qeyd edib ki, çat-botun işinin yekunları onun gözlədiyindən də yüksək səviyyədə olub. Belə ki, neyroşəbəkə Con Konninqtonla bağlı maraqlı süjet “fikirləşə” bilib. O, gözlənilmədən xəyanətkar olub və Deyenarisə qarşı çıxıb.

    Bununla yanaşı, Sueyn qeyd edib ki, süni intellekt bu əsərin müəllifi olan Corc Martinin bədii ustalıq səviyyəsinə yaxınlaşa bilməyib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Moldova arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən təşkilatın xarici dövlətlərlə əlaqələrin qurulmasına mühüm önəm verməsindən söz açılıb.

    Təşkilat tərəfindən Türk və digər dünya xalqları arasında mədəni mübadilələrin intensivləşdirilməsi məqsədilə həyata keçirilmiş layihələrə diqqət çəkilib. Fondun əsas prioritetləri sırasında müxtəlif ölkələrdə məskunlaşmış türk etnik kökənli xalqların irsinin mühafizəsi qeyd olunub. Eyni zamanda təşkilatın Moldova Respublikası ərazisindəki Qaqauziya Muxtar Bölgəsində yaşayan türk mənşəli qaqauz xalqının mədəni-mənəvi dəyərlərinin yaşadılması yönündə əməkdaşlığa hər zaman açıq olduğu vurğulanıb.

    Görüşdə Fond ilə Moldova Respublikası arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcək birgə əməkdaşlığa dair müzakirələr aparılıb.