Pakistan və Azərbaycan arasında bir il müddətinə çevik şərtlərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalanıb.
Reportun Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, “Pakistan LNG Limited” (PLL) şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Lahorda imzalanmış müqaviləyə Baş nazir Şahbaz Şərif şahidlik edib.
Bu münasibətlə çıxış edən Baş nazir bu müqavilənin müddətinin bir il olduğunu və daha bir il uzadıla biləcəyini bildirib.
Onun sözlərinə görə, sazişə uyğun olaraq, Azərbaycan hər ay bir partiya LNG təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. O, Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiyalarının olmayacağını bildirib.
Ş. Şərif sazişi Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində mühüm mərhələ adlandırıb. O, bu sazişdə mühüm rol oynadığına görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Sazişə uyğun olaraq, LNG yük həcmi 3,2 milyon MMBtu +/- 5 % təşkil edəcək və ödəniş PLL fakturasının alındığı gündən 30 gün ərzində həyata keçiriləcək.
Qeyd edək ki, bu gün SOCAR Aralıq dənizi hövzəsi, Asiya və digər regionlar daxil olmaqla çox geniş coğrafiyada LNG alışını və satışını həyata keçirir. LNG üçüncü şəxslərdən alınır. Okeanlara birbaşa çıxış olmadığı üçün bu məhsul Azərbaycandan ixrac edilmir.
İqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artdığını görürük və böyük potensial xüsusilə göz qabağındadır.
Report xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.
Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarının olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş Assambleyası oktyabrın 26-da Bakıda keçiriləcək.
Report xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun yarım illik hesabatına həsr edilmiş tədbirdə bildirib.
Onun sözlərinə görə, ABADA bu assosiasiyanın üzvüdür.
Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş Assambleyasının bu ilin iyunun 9-da Gürcüstanın Batumi şəhərində 41-ci iclası keçirilib. Gürcüstan və Türkiyə orqanlarının vahid pəncərə tətbiqi kimi müasir gömrük asanlaşdırma prosedurlarını tətbiq etmə zərurəti, Türkiyə və Gürcüstan limanları arasında Ro-Pax xidmətlərini inkişaf etdirilməsi müzakirə edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunu yenidən qurur.
İyulun 26-da, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq.
Bu barədə Reporta Nazirlikdən məlumat verilib.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün portal müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 585 reys həyata keçirilib, 23894 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
"Eos Qrup” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb.
"Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək" - deyə M.Cabbarov qeyd edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə ilə olacaq.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək görüşdə əsrin çempionları Ulu Öndər Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək.
Tədbir müddətində həmçinin “Sağlam milli yumorun inkişafında Heydər Əliyev amili” və “Teatral satiranın günümüzdə əhəmiyyəti və cəmiyyətdə nüfuzu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində gənc müğənnilərin ifasında populyar musiqi nümunələri təqdim olunacaq.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Layihə çərçivəsində indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib. Tədbirlərin il ərzində davam etməsi planlaşdırılır.
Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/sxy47 link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Kristofer Nolanın "Oppenheimer" filmi gözlənildiyindən daha yaxşı nəticə göstərərək bioqrafik filmlər arasında rekorda imza atıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsəri yerli nümayişlərdən 80,5 milyon dollar qazanc gətirib. Baxmayaraq ki, filmin 50 milyon dollara yaxın gəlir əldə edəcəyi gözlənilirdi. Bu nəticələr davam etməkdədir.
Nümayişlərin dünya miqyasına gəlincə isə, "Oppenheimer" 174 milyon dollar gəlir əldə edərək bioqrafik filmlər arasında yeni rekorda imza atıb. Bu göstəriciyə qədər 2018-ci ildə 124 milyon dollarla başlayan “Bohemian Rhapsody” musiqili dramının nailiyyəti ən yaxşı nəticə hesab olunurdu.
Qeyd edək ki, “Oppenheimer” filmi ən azı 55 ölkədə uğurlu debütünə görə Kristofer Nolanın ən böyük layihəsinə çevrilə bilib.
Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Nicat Aslanovun caz kvarteti bu gün Qusar rayon Mədəniyyət Mərkəzində “Milli ruhun caz melodiyaları” adlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, qastrol səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.
Şamaxı şəhərində, Abqora restoranının ərazisində “CinemaPlus” və “Meysəri” şərablarının birgə layihəsi çərçivəsində “Open Air Cinema” fəaliyyət göstərir.
Report xəbər verir ki, hər həftənin sonu 5, 6 və 7-ci günlər və bayram günlərində qonaqlar açıq havada yeni filmləri izləyə bilərlər.
Film və seanslar haqqında məlumatı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin saytı və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün (+994 55) 756-66-55 nömrəsi ilə əlaqə saxlayın.