Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dövlət Xidməti: Tarixi abidəyə edilən müdaxilənin qarşısı alınıb

    Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 3467 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.

    Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

    Bu barədə AZƏRTAC-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

    “Bir daha qeyd edirik ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”, -deyə məlumatda qeyd olunur.

  • Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

    Bu gün təcrübəli pedaqoq, tarixçi-müəllim, tədqiqatçı, şair-jurnalist Təranə Cəbiyevanın doğum günüdür.

    Təranə Kommuna qızı Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb.

    Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyası ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da çiçəklənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və Təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.

    Bir-birinin ardınca “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülüb. Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “XXI Əsrin Ziyalısı” Fəxri mükafatı ilə təltif olunub. Dövri mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvdür.

    AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Təranə Cəbiyeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Təranə Cəbiyevanın müəllifi olduğu kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Terane_Cebiyeva/index.htm istifadə edə bilərlər.

  • Altıncı ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli olub

    Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

    Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev AZƏRTAC-a bildirib ki, festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

    Onun sözlərinə görə, filmlər beynəlxalq və uşaq münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək, qaliblər 6-cı ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətinin üzvləri yaxın zamanda açıqlanacaq.

    Bildirilib ki, festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

    Qaliblərə - beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” kateqoriyası üzrə (1000 ABŞ dolları), beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (500 ABŞ dolları), yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (500 ABŞ dolları), yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (300 ABŞ dolları), eləcə də tamaşaçı rəğbəti və tərəfdaşların xüsusi mükafatları təqdim olunacaq.

    Qeyd edək ki, ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

  • Milli Kitabxana “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlayıb

    Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Milli Mətbuatının inkişafına dair rəsmi sənədlər, görkəmli şəxslərin milli mətbuatımız haqqında fikirləri, fotolar, mətbuat və jurnalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.

    22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

    Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir.

    Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.

  • Daşaltıda kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək

    Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək.

    AZƏRTAC xəbər verir ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.

    Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

  • Həftəsonu Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

    Kənd Təsərrüfatı Nazirliyi iyulun 22-23-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirəcək.

    Report nazirliyə istinadən xəbər verir ki, yarmarka Bakının Nərimanov rayonunda - Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) keçiriləcək.

    Yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

    Yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

    Satışa çıxarılan məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

    Fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınacaq.

  • AZAL və “Air Astana” Bakı-Almatı marşrutu üzrə birgə uçuşlar рəyata keçirəcək

    Azərbaycan və Qazaxıstanın milli aviadaşıyıcıları Bakı-Almatı-Bakı marşrutu üzrə kod-şerinq formatında tərəfdaşlıq haqqında kommersiya sazişi imzalayıb.

    Bu barədə Reporta "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

    AZAL və “Air Astana” arasında bağlanan müqavilə Bakı və Almatı arasında səyahət edən sərnişinlərə hər iki aviaşirkətin təklif etdiyi müxtəlif reyslər arasından seçim etmək imkanı verəcək. Bu, səyahət planlamasında rahatlıq və çevikliyi təmin edəcək.

    Kod-şerinq müqaviləsi çərçivəsində aviaşirkətlər həftədə 5 dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə birgə uçuşlar həyata keçirəcək.

    "Əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında aviasiya kommunikasiyalarının inkişafında mühüm addımdır və iki ölkənin turizm və biznes potensialının inkişafına kömək edəcək", - məlumatda deyilir.

    Kod-şerinq təcrübəsi mülki aviasiyada geniş istifadə olunur və aviaşirkətlər arasında müqavilələrə əsaslanır. Bu əməkdaşlıq çərçivəsində aviaşirkətlərdən biri qeyd edilmiş istiqamətlərə uçuşlar yerinə yetirir, digər aviaşirkət isə öz kodu ilə bu reyslərə aviabiletlərin satışını həyata keçirir.

    Bu tərəfdaşlıq iki ölkə arasında turizm axınının inkişafına kömək edəcək, həmçinin səyahət seçimini və rahatlığını genişləndirərək sərnişinlərə hər iki aviaşirkətin xidmətlərindən istifadə etmək imkanı verəcək.

  • Musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir

    Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Beynəlxalq Muğam Mərkəzinin solistləri iyulun 22-də Cəbrayıl rayon Mədəniyyət Evində "Muğamat var olan yerdə" adlı konsertlə çıxış edəcəklər.

    Qeyd edək ki, qastrol səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.

  • “Dəmir yumruq” baleti nümayiş olunub

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri İlahə Qismət “Dəmir yumruq” baletini yazıb. 44 günlük Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsəri olan birpərdəli balet BMA-nın Opera studiyasında təqdim edildi.

    AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Bəstəkar İlahə Qismət qeyd edib ki, səhnə əsərinin libretto müəllifi Əməkdar artist Yuri Lobaçev, baletmeysterləri Y.Lobaçev və Əməkdar artist Ceyhun Qubadovdur. O, bəstəkarlıq yolunda ona dəstək olan müəllimi, SSRİ Xalq artisti Arif Məlikovu dərin ehtiramla yad edərək baletin ideya müəllifi Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və BMA Bəstəkarlıq kafedrasının müdiri Əməkdar incəsənət xadimi Aydın Əzimova minnətdarlığını bildirdi.

    O da diqqətə çatdırıldı ki, baletin nümayişi “Şuşa fatehlərinin Zəfər yolu” layihəsi çərçivəsində gerçəkləşir. Tamaşa ilk olaraq Vətən müharibəsi iştirakçıları və onların ailələri, eləcə də qazilər və hərbçilər üçün təqdim olunur. “Mədəni Əlaqələrin İnkişafına Dəstək”, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” ictimai birliklərinin birgə layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirilmiş müsabiqədə qalib olub.

    Baletdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin timsalında I Qarabağ müharibəsindən başlayaraq Şuşa zəfərinə doğru gedən keşməkeşli yol tərənnüm edilir. I Qarabağ müharibəsi zamanı hələ balaca uşaq ikən gözü qarşısında mənfur düşmənlər tərəfindən atasının amansızlıqla qətlə yetirilməsi onun kiçik qəlbində dərin travmatik iz qoyur. Daxili aləmində toplanmış qisas istəyi və Vətən həsrəti ilə böyüyərək gənclik illərinə çatan baş qəhrəman artıq zamanın dolduğunu, Ali Baş Komandanın “İrəli!” komandası ilə Vətən torpaqlarının qurtuluşunun başlandığını eşidir. Xalqının və ailəsinin intiqamını almaq üçün Vətən müharibəsini bir şans kimi dəyərləndirən gənc qəhrəman sevdiyi xanımla vidalaşaraq igid dostları ilə müharibəyə yollanır. Qüdrətli Azərbaycan Ordusu müharibədə davamlı zəfərlər qazanır və igid döyüşçü bayrağımızı Şuşa zirvəsində dalğalandırır, “Dəmir yumruğ”unu göyə qaldırır.

    Balet tamaşasının xronometrajı 44 dəqiqədir. Bu da Vətən müharibəsinin davam etdiyi zamanı simvolizə edir.

  • “AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən olan “DNS Sense” ilə əməkdaşlığa başlayıb.

    Əməkdaşlıq çərçivəsində “DNS Sense”ə məxsus və “AzInTelecom”un sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən rəqəmsal məhsulların Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Bu məhsullar aktiv təhlükəsizliyi təmin edən bulud əsaslı DNS layer mühafizəsini həyata keçirir. Eyni zamanda fişinq, DNS saxtakarlığı, DNS tunelləmə, DNS əsaslı bot fəaliyyətlər və homoqlif domen adlarına qarşı güclü və effektiv birinci müdafiə təbəqəsi kimi xidmət edir.

    Xidmət onu əldə edən korporasiyanın ümumi şəbəkə trafikini bir ekrandan izləməyə, idarə etməyə və hesabat verməyə imkan verir. Bundan əlavə, yoluxmuş cihazı aşkar etmək üçün qabaqcıl DNS analizini həyata keçirir. Həmçinin şəbəkənin ölçüsündən asılı olmayaraq, zərərli internet trafiki barədə məlumat verir. Bu da öz növbəsində şəbəkənin təhlükəsizlik siyasətini sərtləşdirmək imkanı yaradır.

    Ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”un müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.