Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri iyulun 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə Hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə olunub. Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin birinci yarımilliyində Hindistandan Azərbaycana 47 670 nəfərdən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.
Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Hazırda Delhi-Bakı-Delhi istiqamətində "Azərbaycan Hava Yolları" tərəfindən birbaşa uçuşlar həyata keçirilir.
“Warner Bros” kinostudiyasının istehsal etdiyi “Aquaman 2” filminin büdcəsi artmaqda davam edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Aquaman 2: İtirilmiş krallıq” filmi təkcə 200 milyonluq ilkin büdcə ilə “Warner Bros”un ən bahalı layihələrindən hesab olunur.
Ekran əsərinin büdcə dəyərinin xeyli çox olmasının səbəbi filmdə çəkilən əksər epizodlarda xüsusi bahalı dekor və qrafik effektlərdən istifadə edilməsi olub.
Qeyd edək ki, nümayişlərdən gələn gəlirlərin də xeyli artacağı proqnoz edilir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniya Parlamentinin üzvü, Parlamentdəki Tatar icmasının nümayəndəsi Amet Varol və Rumıniyanın Türk-Müsəlman Tatarlarının Demokratik Birliyinin vitse-prezidenti Arslan Özgün ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə həmçinin Rumıniyanın Azərbaycan səfiri Vasile Soare iştirak edib.
Görüşdə Günay Əfəndiyeva Fondun üzv və müşahidəçi dövlətlərini əhatə edən fəaliyyəti ilə yanaşı, müxtəlif ölkələrdə yaşayan türk kökənli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələrindən bəhs edib. Təşkilatın fərqli mədəniyyətləri və xalqları bir araya gətirən missiyasına diqqət çəkən Fondun prezidenti tatarların sıx məskunlaşdığı Litva və Polşa ilə davam edən uğurlu əməkdaşlıq barədə danışıb. Günay Əfəndiyeva həmçinin, Rumıniyada yaşayan tatarların da qədim mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasının vacibliyinə toxunub.
Rumın nümayəndə heyətinin üzvləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edərək, ölkədə yaşayan tatarlar da daxil olmaqla, bütün milli azlıqların hüquqlarının və mənəvi dəyərlərinin qorunmasına yönəlmiş dövlət sisteminin mövcud olduğu barədə ətraflı məlumat veriblər. Fond ilə bu sahədə təcrübə mübadiləsinin aparılması və gələcəkdə ikitərəfli əməkdaşlığın çərçivəsini anlaşma memorandumunun imzalanması imkanlarından söz açıblar.
Bununla yanaşı, görüşdə iki tərəf arasında tərəfdaşlığın digər istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Amerikalı kinorejissor Ceyms Kameron süni intellekti bəşəriyyət üçün təhlükə adlandırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rejissor yaxın gələcəkdə süni intellektin daha da təkmilləşdirilərək bir çox peşələrə nüfuz etməsinin, həmçinin bütün texnoloji və internet resurslarının bu prinsiplə idarə olunmasının heç də yaxşı nəticələr verməyəcəyini dilə gətirib.
“Şəxsən mənə görə, süni intellektin təkmilləşdirilərək əksər sahələrə nüfuz etdirilməsi qəbul edilməzdir. Bu prosesdə bəşəriyyətin gələcəyi üçün xeyirli nəsə olacağına inanmıram. Ola bilər ki, süni intellekt ssenarilər, hekayələr, romanlar, povestlər, hətta dissertasiyalar yaza bilsin, lakin bunun insan hisslərinə toxuna biləcək nə isə bir yaradıcılıq nümunəsi ərsəyə gətirə biləcəyini düşünmürəm. Mən hələ elə bir adam tanımıram ki, süni intellektdən ssenari yazmağı istəsin. İnsanı tam olaraq əvəz etmək hələ ki, mümkünsüzdür”, - deyə “Oskar” mükafatçısı C.Kameron qeyd edib.
Rejissorun sözlərinə görə, 10 və ya 20 il ərzində süni intellekt ən yaxşı ssenariyə görə “Oskar” mükafatı qazanarsa, biz buna görə ciddi narahat olmalıyıq: “Bizim ən böyük narahatçılığımız süni intellektin yaxın gələcəkdə fəlakətli nüvə soyqırımına səbəb ola bilməsidir. Məncə, süni intellekti həyatımızın bir hissəsinə çevirmək və ondan silah kimi istifadə etmək gələcək üçün ən böyük təhlükədir".
Bu gün Bakıdakı Rus Evində (RİMM) “Nargiz Art Studio”-nı təqdim edən gənc rəssamların və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının “Gənc istedadların sərgiləri” layihəsinin iştirakçılarının əsərləri nümayiş olunan xeyriyyə sərgisi açılacaq.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Tədbirin gedişində toplanmış vəsait “Good World Animal Rescue & Protection” (GWARP) beynəlxalq qeyri-hökumət təşkilatına göndəriləcək.
Sərginin təşkilatçıları qismində Bakıdakı Rus Evi, “Nine Senses Art Space”, GWARP və “Nargiz Art Studio” çıxış edirlər.
Bakıda Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir və bu gündən hər iki yol sahəsində müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.
Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha bir neçə yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.
Qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin Qaçaq Nəbi küçəsində təmir işləri aparılır.
Bu barədə Reporta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, küçənin uzunluğu 520 metr, eni isə ortalama 6 metrdir. Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yol əsasının salınması işləri aparılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə Reporta AZAL-dan bildirilib.
Məlumata görə, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə reyslər çərşənbə və şənbə günləri, Bakı-Dammam-Bakı marşrutu üzrə reyslər isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Hazırda AZAL Səudiyyə Ərəbistanının Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.
Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytından, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının təşkilatçıları açılış və bağlanış mərasimlərində, filmlərin nümayişinin təşkilində, tamaşaçıları istiqamətləndirməkdə hər hansı mümkün dəstəyi təmin edəcək könüllülər axtarışına başlayıb.
AZƏRTAC xəbər verir ki, seçiləcək könüllülər sentyabrın 26-dan oktyabrın 1-dək keçirilməsi planlaşdırılan festival günlərində iştirak edəcəklər. Bununla onlar film dünyasına səyahət, bəzi yerli və beynəlxalq film ekspertləri ilə real görüş, həmçinin festival həyatından dəyərli təcrübə qazanacaqlar.
Qeyd olunan linkə https://cutt.ly/hwo0jpC1 daxil olmaqla qeydiyyatdan keçmək olar. Müraciətlər avqustun 20-dək qəbul olunur.
"Bakcell" MMC-nin təqdim etdiyi rouminq paketləri tək bir ölkədə deyil, eyni vaxtda 30-dan çox ölkənin mobil operatorlarında keçərlidir.
Siz müxtəlif ölkələrə səyahət edən zaman, hər ölkə üçün rouminq paketi almayacaqsınız. Mövcud rouminq paketinizdəki dəqiqə, meqabayt və SMS-ləri müxtəlif ölkələrdə əlavə ödəniş etmədən istifadə edə biləcəksiniz.
Bu fürsət, "Bakcell" abunəçilərinə sərfəli qiymətlərlə rouminq imkanlarından istifadə etməyə və səyahət zamanı unudulmaz anları sürətlə paylaşmağa kömək edir. Rouminq paketləri haqqında daha ətraflı burada: https://www.bakcell.com/roaming.
Xatırladaq ki, ölkədə “Bakcell ilə ən sürətli ol” şüarı altında genişmiqyaslı kampaniya həyata keçirən "Bakcell" “NEQSOL Holding”in tərkibinə daxildir.