Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə Məlikovanın sədrliyi ilə Elmi Bərpa Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda “Qrafika, rəngkarlıq və Tətbiqi incəsənət” şöbəsinin işi müzakirə edilib.
Gündəliyə əsasən, Azərbaycan Milli İncəsənət Muzeyi, Şəki şəhəri M.F.Axundzadənin e-muzeyi, Bərdə Tarix-Diyarşünaslıq Muzeyi və Bərdə Rəsm Qalereyasından mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib.
Sonra C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası, Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Quba Tarix-Diyarşünaslıq Muzeyindən bərpa məqsədilə mərkəzə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
İyulun 28-i, saat 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Qəbələ Mədəniyyət Mərkəzində Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Reporta Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbul üçün (012) 510 93 33 və 055 465 23 68 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Qəbələ Ərazi İdarəsinə (telefon: 055 453 78 67, elektron ünvan: dedkr.9sayli@emlak.gov.az) 26 iyul saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçmək lazımdır.
Prezident İlham Əliyev "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli, “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli, “Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 3 aprel 2009-cu il tarixli, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli, “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” 26 oktyabr 2011-ci il tarixli, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 31 avqust 2015-ci il tarixli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 21 may 2016-cı il tarixli, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 sentyabr 2016-cı il tarixli fərmanlarında və “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2016-cı il tarixli sərəncamında dəyişiklik edib.
Report xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra adıçəkilən nazirliklər fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı lisenziyaların və yaxud icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək funksiyasını “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə uyğun icra edəcəklər.
Aralarında Marqaret Etvud və Syüzen Kollinzin də olduğu 8 mindən çox yazıçı onların əsərlərinin süni intellekt modellərinin öyrənilməsində istifadə olunmasının əleyhinə çıxıblar.
AZƏRTAC “Hypebeast”a istinadla xəbər verir ki, müəlliflər öz kitablarının süni intellektin təkmilləşməsində istifadəsinə görə mükafat tələb edirlər. Onlar, həmçinin bəzi texnologiyaların bu əsərlərin müəllif üslubunun surətini çıxarmasına şərait yaratması ilə də razı deyillər.
Yazıçıların məktubu “OpenAI”nin rəhbəri Sem Altmana, “Alphabet”in başçısı Sundar Piçaiyə, “Meta”nın təsisçisi Mark Zukerberqə və digər texnologiya kompaniyalarının rəhbərlərinə ünvanlanıb. Müəlliflərin bu məktubunda deyilir: “Böyük dil modellərində yaradılmış generativ süni intellekt texnologiyaları öz mövcudluğunu bizə borcludur”. Onlar müəllif hüquqlarını qorumağı və yazıçıların əsərlərindən istifadə üçün təzminat ödəməyi tələb ediblər. Belə ki, onların fikrincə, bu kitablar olmadan “süni intellekt bəsit və son dərəcə məhdud olardı”.
Məktubun sonunda qeyd olunub: “Bizim mətnlərin sizin sistemlərə daxil edilməsi nəticəsində generativ süni intellekt bazarı aşağı səviyyəli, maşınların yazdığı kitablar, hekayələr və jurnalistika ilə doldurula bilər ki, bu da bizlərin peşəsinə ziyan vuracaq”.
Xətai Sənət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun Şah İsmayıl Xətainin doğum gününə həsr olunmuş “Xətai əfsanəsi” adlı sərgi açılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində eyniadlı pannonun təqdimatı da keçirilib.
Sərgidə Şah İsmayıl Xətainin panosu və rəssamın yaradıcılığının müxtəlif dövrələrə aid 20-dək əsər təqdim olunub.
Sərginin açılışından öncə çıxışçılar rəssamın yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun ictimai və rəssamlıq fəaliyyətini xüsusi qeyd ediblər.
İyulun 22-dək açıq qalacaq sərgini hər kəs ziyarət edə bilər.
Opera ifaçılığı sənətinə qəlbən bağlanan, bu yolda fədakarlıq göstərərək musiqi xəzinəmizə töhfələr verən görkəmli sənətkarlarımızdan biri də Xalq artisti Ağababa Bünyadzadədir.
AZƏRTAC xəbər verir ki, bu gün istedadlı opera ifaçısı Ağababa Bünyadzadənin anadan olmasının 108-ci ildönümü tamam olur.
Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirir və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnir. Ancaq bu sənətin dalınca getmir. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılır. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edir.
Ağababa Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Məktəbində təhsil alır. 1940-cı ildə vətənə dönür. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alır. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayır. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edir. Bir müddət sonra teatrın solistləri arasında öz yerini tutur.
Ağababa Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya oxuyub. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.
Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Nofəl, “Koroğlu”da Həsən xan və Alı, R.Qlierin “Şahsənəm”ində Xan, F.Qalevinin “Kardinal qızı”nda Rudjiero və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. Həmçinin Şahvələd (“Aşıq Qərib” – Z.Hacıbəyov), Hökmdar (“Nizami” – Ə.Bədəlbəyli), Yavər (“Azad” – C.Cahangirov), Atakişi (“Sevil” – F.Əmirov), Ağalar bəy (“Nərgiz” – M.Maqomayev), Şeyx Nəsrullah (“Ölülər” – V.Adıgözəlov), Şapur (“Xosrov və Şirin” - Niyazi), Mərdan (“Vətən” – Q.Qarayev və C.Hacıyev), Fiqaro (“Sevilya bərbəri” – C.Rossini) və s. partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.
A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və operada yaratdığı Aslan şah obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.
A.Bünyadzadə Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində dahi bəstəkar haqqında xatirələrində deyir: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də vardım. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm. Əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İfamı İ.Hidayətzadə dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.
A.Bünyadzadə respublikanın hüdudlarından kənarda – Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tiflis və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.
Rusiya Bankı rok musiqiçi, “Kino” qrupunun yaradıcısı Viktor Tsoya həsr olunmuş xatirə sikkəsini dövriyyəyə buraxıb.
AZƏRTAC Rusiya Bankının mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 rubl nominalında “Tvorçestvo Viktora Tsoya” sikkəsi 925 əyar gümüşdən hazırlanıb. Bununla yanaşı, 39 millimetr diametrli dairəvi sikkə 5 min ədəd sayla “pruf” keyfiyyətindədir.
Tsoyun portretinin relyef təsviri sikkənin arxa tərəfində yerləşir. Musiqiçi gitara və simvolik alov fonunda mikrofonla təsvir edilib. Sikkənin üzərində “Viktor Tsoy” yazısı, artistin anadan olduğu və vəfat etdiyi illər: “1962” və “1990” yazılıb.
Viktor Tsoy – sovet rok-musiqiçisi, müğənni, gitara ifaçısı və mahnıların müəllifi, “Kino” rok qrupunun yaradıcısı və solistidir. Bundan başqa, Tsoy yenidənqurma dövrünün məşhur “Assa” və “İynə” filmlərində oynayaraq, kinoda ifa etdiyi rollar sayəsində də məşhurlaşıb.
Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin mədəniyyətə və mədəni irsə qayğısını rəhbər tutaraq, Azərbaycanın qədim tarixi, həmçinin zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur.
Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir.
Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı iyulun 20-dən sentyabrın 4-dək onlayn şəkildə təqdim edə bilərlər.
Qeyd edək ki, müsabiqə qaliblərinin adları sentyabrın 20-də elan olunacaq.
Rejissor Kristofer Nolan “Oppenheimer” filmini rekord müddətdə lentə alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Oppenheimer” filmində çəkilən aktyor Killian Mörfi deyib. Onun sözlərinə görə, K.Nolanın filmi inanılmaz dərəcədə sıx qrafiklə çəkilib: “Ekran əsərini inanılmaz sürətlə çəkdik. Bunu 57 gündə bacardıq. Müqayisə üçün qeyd edək ki, Kristofer Nolanın İkinci Dünya müharibəsindən bəhs edən “Dunkirk” filmi 68 günə, digər casus trilleri olan “Tenet” isə 96 günə çəkilib”.
“Oppenheimer” filminin əksər səhnələrində Killian Mörfi diqqət mərkəzindədir, bu da o deməkdir ki, sıx çəkiliş cədvəli aktyor üçün daha gərgin keçib.
“Çəkiliş prosesi gərgin keçsə də, bu əziyyətə dəyərdi. Çünki 20 ildən artıq müddətdə əməkdaşlıq etdiyim sənətini sevən rejissorla davamlı işləmək hər bir çətinliyi üstələyir”, - deyə aktyor qeyd edib.
İyulun 19-da Dövlət Turizm Agentliyi tərəfindən turizm bələdçiləri üçün Turizm Reyestrindən (https://data.tourism.gov.az/) istifadə ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkə üzrə vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemində qeydiyyat, təsnifat və qiymətləndirmə mərhələlərindən keçmə prosedurları izah edilib, sistemdən istifadə ilə əlaqəli iştirakçıları maraqlandıran məqamlarla bağlı müzakirələr aparılıb.
İştirakçılara “Turizm haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblər ətraflı izah edilib, suallar cavablandırılıb.
Dövlət Turizm Agentliyi tərəfindən turizm sənaye nümayəndələri (turizm şirkətləri, yerləşmə vasitələri, turizm bələdçiləri) üçün bu növ silsilə maarifləndirmə tədbirlərinin cari ilin avqust ayının sonunadək davam etdirilməsi planlaşdırılır.
Maarifləndirmə tədbirlərinə qatılmaq istəyən turizm sənayesi nümayəndələri info@tourism.gov.az elektron poçt ünvanına “Turizm İnformasiya Sistemi” başlığı altında elektron müraciətlərini ünvanlaya bilərlər.
“Turizm haqqında” Qanunun 8.1, 8.2, 13.2-ci maddələrinə əsasən turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməli, müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalı və həmin məlumatları Turizm Reyestrinə daxil etməlidirlər.
Həmçinin “Turizm haqqında” Qanunun 9.1. və 13.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməli və ulduz kateqoriyasının müəyyən edildiyi tarixdən etibarən 15 gün müddətində məlumatları Turizm Reyestrinə daxil etməlidir.
Qeyd edək ki, iyulun 14-də turizm agentlikləri ilə keçirilən analoji görüşdə də Turizm Reyestrinin fəaliyyət prinsip və mexanizmləri təqdim olunub, Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmçinin həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırılıb.