Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın iştirakı ilə Malayziyada "Qlobal Müsəlman Biznes Forumu" keçiriləcək

    Bu ilin noyabrın 28-30-u tarixlərində Azərbaycanın iştirakı ilə Malayziyada "Qlobal Müsəlman Biznes Forumu 2023" (GMBF) keçiriləcək.

    Bunu Reporta açıqlamasında İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Tədbirlərin Təşkili Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Aya Mahrous deyib.

    O bildirib ki, forum islam maliyyəsi, "yaşıl" texnologiya və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə ən yaxşı və innovativ təcrübələri araşdırmaq üçün əlverişli platformadır.

    "Forumun mövzusu "İslam iqtisadiyyatlarında innovasiyalar və transformasiya"dır. Forumda İslam dünyasının liderlərinin çıxışları, plenar iclaslar, seminarlar gözlənilir", - A. Mahrous əlavə edib.

  • Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsi elan edib

    Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsi elan edib.

    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil olunur.

    İyulun 17-də Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müsabiqəyə həsr olunan təqdimat tədbiri keçirilib.

    Bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin istehsal etdiyi film layihələri iştirak edə bilər. Müsabiqəyə bir neçə hüquqi şəxsin birgə qatılması da mümkündür.

    Müsabiqəyə təqdim edilmiş film layihələrində 5 əsas müəllifdən (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator (təsvir rejissoru), quruluşçu rəssam, bəstəkar) azı üçü Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər olmalıdır.

    Müsabiqənin ümumi fondu 5 milyon 500 min manat təşkil edir və layihələr dörd istiqamət üzrə qəbul olunacaq: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.

    Dövlət sifarişi ilə istehsal olunacaq film (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 2 milyon manat nəzərdə tutulub. Kommersiya filmləri (tammetrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 milyon 250 min manat, müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 milyon 250 min manat ayrılacaq. Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və

    animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 milyon manat nəzərdə tutulub.

    Müsabiqənin 1-ci mərhələsi cari ilin 18 iyul – 15 sentyabr tarixlərini əhatə edir və bu mərhələdə ARKA tərəfindən layihələrin qəbulu həyata keçirilir. 2-ci mərhələdə (1 sentyabr – 15 oktyabr) Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək. Müsabiqənin 3-cü mərhələsində (21-22 oktyabr) Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) olacaq. Pitçinq mərhələsini uğurla başa vurmuş layihələr qalib hesab ediləcək və həmin layihələri təqdim etmiş iştirakçılarla müqavilə bağlanacaq.

    Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı ARKA-nın rəsmi saytında (https://arka.culture.az) məlumat əldə etmək olar.

  • Məşhur amerikalı müğənnidən yeni rekord

    Amerikalı müğənni Taylor Sviftin eyni anda dörd albomu Billboard 200 top onluğuna daxil olub.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, T.Svift bu formada rekorda imza atan yeganə qadın ifaçıdır. Billboard siyahısında onun “Speak Now”, “Midnights”, “Lover” və “Folklore” albomları yer alıb.

    Qeyd edək ki, ABŞ Billboard 200 top onluğunun siyahısına həftənin ən populyar albomları daxil edilir. 2016-cı ildə amerikalı müğənni və gitaraçı Prince Rogers Nelsonun beş albomu eyni anda ilk onluqda qərarlaşa bilib, lakin bu, musiqiçinin ölümündən sonra təyin olunub.

  • Xalq artisti Mirzə Babayevin xatirəsi yad olunub

    Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, unudulmaz müğənni Mirzə Babayevin (1913-2003) anadan olmasının 110-cu ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri II Fəxri xiyabana gələrək, onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstləri qoyublar.

    AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Mirzə Babayevin istedadı ilə xalqımızın məhəbbətini qazanan böyük sənətkarlardan olduğunu qeyd edib.

    Vurğulanıb ki, o, Azərbaycan estrada musiqisinin inkişafına mühüm töhfələr verib, səsi və ifaçılıq məharəti ilə özünəməxsus üslubunu yaradıb, musiqimizi xarici ölkələrdə də layiqincə təmsil edib. Mirzə Babayev cismən bizimlə olmasa da, onun yaradıcılığı əbədi yaşayacaq.

    Teatr və kino aktyoru, Xalq artisti Rafiq Əzimov bildirib ki, Mirzə Babayev ömrünün yarıdan çoxunu musiqi sənətinə həsr edib. O hərtərəfli sənətkar idi. İstedadlı aktyor kimi milli kino tariximizə də adını yazdırıb, “Dərviş Parisi partladır”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm!” və digər ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.

    Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq artisti, müğənni Gülyanaq Məmmədova görkəmli sənətkarla bağlı xatirələrini danışıb, onun bənzərsiz yaradıcılığından söz açıblar.

    Sənətkarın yaxın qohumu, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, nəvələri Ülvi Seyidzadə və Emin Babayev çıxış edərək, Mirzə Babayevin xatirəsinə göstərilən yüksək ehtirama görə Mədəniyyət Nazirliyinə və mərasim iştirakçılarına təşəkkürlərini bildiriblər.

    Xatırladaq ki, Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində anadan olub. İlk ali təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Memarlıq fakültəsində alıb. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət

    Konservatoriyasına (indiki BMA) – professor Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

    Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrinin, Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Konsert Birliyinin solisti olub. Teleradionun “Qızıl fond”unda onun ifasında səslənmiş çoxlu sayda mahnı var.

    Mirzə Babayev musiqi sənətimizə verdiyi töhfələrə görə "Əməkdar artist", "Xalq artisti" fəxri adlarına layiq görülüb. "Şöhrət" ordeni ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü olub. 2003-cü il yanvarın 13-də vəfat edib.

  • "Yadplanetli" ən yaxşı ailə filmi adına layiq görülüb

    Stiven Spilberqin rejissorluğu ilə çəkilmiş "Yadplanetli" elmi-fantastik filmi ailəvi izləmə üçün ən yaxşı ekran əsəri kimi seçilib.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu məlumat “Cinema” kanalında təqdim olunan ailə nümayişi üçün seçilmiş filmlərin ümumi siyahısında yer alıb.

    "Yadplanetli" ekran əsərində əsas rolları Henri Tomas, Di Uolles və Dryu Berrimor canlandırıblar. Süjetə görə, yadplanetlilərin tədqiqat qrupunun üzvlərindən biri təsadüfən Yerdə qalır. Əsas personaj Elliot qardaş və bacısı ilə birlikdə onun evə qayıtmasına kömək etməyə çalışırlar.

    1982-ci ildə təqdim olunan "Yadplanetli" filmi Corc Lukasın “Ulduz döyüşləri” filminin rekordunu üstələyərək gəlir baxımından ön pillədə qərarlaşa bilib. Film “Ən yaxşı orijinal musiqi” və “Ən yaxşı vizual effektlər” nominasiyası daxil olmaqla dörd “Oskar”, iki “Qızıl qlobus” və beş “Saturn” mükafatına layiq görülüb.

    Bu siyahı üzrə ilk üçlükdə olan növbəti iki film isə Kris Kolambusun “Harri Potter” ekran əsərinin birinci hissəsi və Riçard Donnerin "Avam" komediyasıdır.

    Qeyd edək ki “Cinema” kanalında mütəmadi olaraq təqdim olunan ailə nümayişi üçün seçilmiş filmlərin ümumi siyahısı tərtib edilərkən tamaşaçıların reytinqləri, həmçinin əsas yerli və dünya nəşrlərinin, eləcə də kino tənqidçilərinin fikirləri nəzərə alınır.

  • Xalça Muzeyi on gün fəaliyyət göstərməyəcək

    Azərbaycan Milli Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar bağlı olacaq.

    Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.

    Qeyd edilib ki, avqustun 1-dən etibarən muzeyin qapıları ziyarətçilər üçün yenidən açılacaq.

  • Növbəti Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb

    “Qızıl Nar” uğrunda sən də yarış!

    Noyabrın 10-dan 15-dək paytaxtımızda XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

    Festivalın Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər.

    Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək https://filmfreeway.com/bakuisff  platforması üzərindən göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı (www.filmfestival.az) vasitəsilə sentyabrın 20-dək göndərə bilər.

    Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

    “Cinemobil”ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq. Belə ki, “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.

    Festivala göndərilən bütün filmlər Seçim Komissiyasının ixtiyarına veriləcək. Peşəkar mütəxəssislərdən ibarət olan həmin heyət festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək. Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq.

    Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir. Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

  • Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafına xarici investorları cəlb etmək istəyir

    Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı üçün MDB ölkələri, Türkiyə, İsrail və Rusiyadan olan investorlarla danışıqlar aparır.

    Report xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

    "Bizim turizmlə bağlı təşviq mexanizimlərimiz var. İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla turizmə investisiyaların yatırılması ilə bağlı həm yerli, həm xarici investorlarla danışıqlar aparırıq. Hələ ki, Şəki şəhərinə bir neçə investor maraq göstərir. Bunlar, müəyyən tarixi abidələrin bərpa edilib, işlənməsi ilə bağlıdır, dövlət və özəl sektorun partnyorluğu sahəsində icra olunan layihələrdir. Hazırda onlar müzakirə edilir", - deyə o qeyd edib.

  • Energetika Nazirliyi enerji resurslarından səmərəli istifadəyə nəzarət edəcək

    Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.

    Report xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna əsasən hazırlanıb, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin (bundan sonra – nəzarət) həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

    Nəzarətin məqsədi Qanunun və müvafiq sahə üzrə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasını, pozuntuların qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını, habelə dövlət başçısının 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməkdən ibarətdir.

    Nəzarəti Energetika Nazirliyi həyata keçirir.

    Nəzarət enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışı və istehlakı üzrə nəzarət istiqamətlərinin şamil edildiyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərinə və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə (idarəçilərinə) münasibətdə həyata keçirilir.

  • Rəngkarlıq Muzeyində “Danışır qadınlar” filmi nümayiş olunacaq

    İyulun 21-də Azərbaycan Rəngkarlığı Miriam Tovsun 2018-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilmiş rejissor Sara Pollinin “Danışır qadınlar” adlı filmi nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, ingilis dilində altyazı ilə təqdim olunacaq ekran əsərinin xronometrajı 104 dəqiqədir.

    Filmin maraqlı süjet xətti var. Bir axşam səkkiz mennonit qadın gizli görüş keçirmək üçün samanlıqda toplaşırlar. Son iki il ərzində ucqar koloniyanın bu qadınları, həmçinin yüzlərlə digər qız narkotiklərlə bihuş edilərək, yerli kişilər tərəfindən seksual təcavüzə məruz qalıblar. Bu kişilər, qadınların günahlarına görə onları cəzalandırmaq üçün gələn cinlər olduğunu söyləyirlər.

    Film 28-ci “Critics' Choice Awards”ın 6 mükafatının, o cümlədən “Ən yaxşı film” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyaların qalibidir, həmçinin 75-ci ABŞ Ssenaristlər Gildiyası və 95-ci Oskar mükafatının “Ən yaxşı film” kateqoriyasının nominantı olub.