Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Əməkdar artist Afaq Abbasova İtaliyada 69-cu Puççini Festivalında çıxış edib

    Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyada 69-cu Puççini Festivalında çıxış edib.

    Festival italiyalı məşhur opera bəstəkarı Cakomo Puççininin xatirəsinə onun doğulduğu Torre del Laqoda keçirilir.

    Əməkdar artist A.Abbasova AZƏRTAC-a müsahibəsində Puççini Festivalında iştirak edən ilk azərbaycanlı ifaçı olmaqdan qürur duyduğunu deyib. Bildirib ki, Toskanada dahi C.Puççininin əsərləri ilə tamaşaçı qarşısına çıxmaq, dünyanın ən məşhur opera ifaçıları və dirijoru ilə eyni səhnəni bölüşmək həm qürurverici hadisə, həm də böyük məsuliyyət tələb edən iş idi.

    “Bu, həddən artıq böyük professionallıq tələb edirdi. Çox şadam ki, bu məsuliyyətli işin öhdəsindən gəldim və tamaşaçı alqışı bunun ən əsas göstəricisidir. Heydər Əliyev Fonduna, eləcə də mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə A.Abbasova vurğulayıb.

    Qeyd edək ki, Afaq Abbasova uzun müddətdir İtaliyadakı məşqlərdə iştirak edir. O, daha əvvəl də İtaliyada müxtəlif səhnələrdə və tamaşalarda çıxış edib.

  • Milli Dram Teatrının tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

    Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalı təntənəli bağlanış mərasimi ilə başa çatıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edib və məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə festivalda uğurla çıxış edib.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa festivalın beynəlxalq münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib və münsiflərin qərarı ilə “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb.

    Festivala Azərbaycan və Gürcüstanla yanaşı, İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistan teatrları da qatılıb.

    Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.

    Milli Teatrın yeni səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak ediblər.

    Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

    Səhnə əsəri müharibədən qayıdan, çiynində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.

    Tamaşanın qəhrəmanı Beri yaralanmağına, müharibədə çəkdiyi bütün əzablara baxmayaraq, təbiətlə ahəngdə yaşayır, yaradana qayıdış yolunu tapır.

    Yaşatmaq missiyalı insan müharibələrin vurduğu yaraları belə sağaltmaq istəyir. İnsan yaşadığı cəmiyyətdə və yer kürəsində özündən sonra iz qoyub getməli, canlı və canlıların yaşamasına xidmət etməlidir. Bu missiya ilə hətta yaralı əsgər belə çiynindəki küknarın yaşaması uğrunda savaş aparır. Bir canlını, təbiətin bir parçasını yaşatmaq istəyir.

  • Mədəniyyət naziri Lənkəranda vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baxış keçirilib. Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

    Mədəniyyət Mərkəzində keçirilən qəbulda əsasən Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.

    Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

    Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

    Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

  • Qüdsdə arılar imperator Adrianın heykəlini yaradır

    Qüdsdə dünyanın ən nadir və qeyri-adi heykəli yaradılır. Onun heykəltaraşları arılardır. İsrail Muzeyinin bu xüsusi layihəsi Roma imperatoru Adrianın bürünc heykəlinin rekonstruksiyasını nəzərdə tutur.

    AZƏRTAC “Vesti İzrail” saytına istinadla xəbər verir ki, qeyri-adi büst Qüdsdəki İsrail Muzeyində imperatorun bürünc büstü ilə yanaşı nümayiş etdiriləcək. Bu heykəl möcüzə nəticəsində antik dövrlərdən günümüzə gəlib çatıb. Onu 1975-ci ildə Beyt-Şean vadisində aşkar ediblər.

    Bu günlərdə arılar heykəlin yeni variantının üzərində işləyir. On minlərlə arı İsrail Muzeyinin bağında xüsusi yaradılmış pətəklərdə əmək sərf edirlər.

    Unikal layihə 1800 il əvvəl bürünc heykəlin ərsəyə gəlməsi üzrə metoda uyğundur. Bu, özəl tökmə əməliyyatı “İtirilmiş bal mumu” adlanır. Elə antik dövrdə də heykəlin bürüncdən tökülməsi zamanı bal mumundan istifadə ediblər. Heykəltaraşlar indi də bu texniki metoddan istifadə edirlər.

    Layihəni reallaşdırmaq üçün arıları “memarlıq” bal pətəyinə yönəldir və bu mürəkkəb texniki prosesi skaner və üçölçülü printerin köməyi ilə həyata keçirirlər. Bir neçə ayda sonra mum modeli muzeyin qalereyasında imperator Adrianın bürünc büstü ilə yanaşı qoyulacaq.

    Sözügedən layihə dizayn və memarlıq üzrə kurator Rami Trif və ellinistik, Roma və Bizans dövrləri üzrə baş kurator David Mevirax ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Prosesdə slovakiyalı dizayner və rəssam, arılarla iş metodunu işləyib hazırlamış Rafi Nir də iştirak edir. O, muzeyi arı yeşikləri ilə təchiz edib və onlara qulluq göstərir.

  • Hollivud aktyorları tətilə başlayıblar

    Hollivud aktyorları bu gün böyük studiyalar və yayım şirkətləri ilə ödənişlərin artırılması ilə bağlı razılığa gəlmədən tətilə başlayıblar.

    AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Kino Aktyorları Federasiyasının danışıqlar komitəsinin rəhbəri Dunkan Krabtri- İreland məlumat verib.

    Onun sözlərinə görə, mövcud yayım modeli aktyorların filmlərin təkrar nümayişindən qazanc əldə etmələrini çətinləşdirir və yüksək inflyasiya onların dolanışıqlarını təmin etmək imkanlarını zəiflədir.

    Etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir.

  • Bakıda Vladimir Mayakovskiyə həsr olunmuş musiqili-poetik gecə keçiriləcək

    İyulun 22-də Bakıdakı Rus evinin Poeziya Klubu çərçivəsində böyük rus şairi Vladimir Mayakovskinin anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili-poetik gecə keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə klubun gənc iştirakçıları məşhur şairin şeirlərini oxuyacaqlar.

    Proqram çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Ləman Cəfərovanın ifasında müxtəlif musiqi əsərləri səsləndiriləcək.

    Giriş pulsuzdur.

  • Hesablama Palatası Azərbaycan İnvestisiya Holdinqi ilə memorandum imzalayıb

    Bu gün Hesablama Palatası ilə Azərbaycan İnvestisiya Holdinqi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

    Report bu barədə Palataya istinadən xəbər verir.

    Məlumata görə, memorandum çərçivəsində tərəflər kənar dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin daha da artırılması üçün təhlillərin aparılması və təkliflərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə razılıq əldə ediblər.

    Sənəd tərəflərin fəaliyyətlərində qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin, həmçinin öz səlahiyyətləri daxilində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəkləmək məqsədi daşıyır.

  • Bu gün Şuşada Vaqif Poeziya Günləri başlayır

    Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

    Report xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyunun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

    Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

    Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

  • Mədəniyyət naziri Lənkəranda Dairəvi qalaya baxış keçirib

    Mədəniyyət naziri Adil Kərimli Lənkəran şəhərindəki Dairəvi qalaya (Zindan qala) baxış keçirib.

    Bu barədə Reporta Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, nazir qalada aparılan təmir-bərpa işləri ilə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.

    Qeyd edək ki, qalanın dam örtüyünün çökməsi ilə əlaqədar abidə qəzalı vəziyyətə düşüb. Qala sonuncu dəfə 2008-ci ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış problem tikiliyə ciddi ziyan vurub.

    Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin bərpası istiqamətində işlərə başlanılıb. Qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, eyni zamanda abidənin mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Abidəni təbii aşınmadan qorumaq üçün müvəqqəti dam örtüyü quraşdırılmışdır.

    Xatırladaq ki, XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgə rus qoşunları tərəfindən işğal olunduqdan sonra tikili həbsxana kimi istifadə edilib. Abidənin hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.

    Qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.

  • Əməkdar incəsənət xadimi Teyyub Axundovun şəxsi arxiv fondu yaradılıb

    Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, təsvir rejissoru Teyyub Axundovun şəxsi arxiv fondu yaradılıb.

    AZƏRTAC xəbər verir ki, fonda görkəmli sənətkarın fotosənədləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib.

    Xatırladaq ki, Teyyub Axundov “Görüş” (1955), “Mahnı belə yaranır” (1957), “Onu bağışlamaq olarmı?” (1959), “Mollanın sərgüzəşti” (1960), “Romeo mənim qonşumdur” (1963), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967), “Şərikli çörək” (1969), “Qatır Məmməd” (1974), “Tütək səsi” (1975), “Birisigün, gecəyarısı…” (1981) və başqa bədii filmlərin təsvir rejissoru olub.